Məhkəmə qərarları › İş №e-2(009)-1591/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1591/2025

12.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1591/2025 12.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavаbdеh Cavabdeh iddiаçı İddiaçı Açıq Səhmdаr Cəmiyyətinin хеyrinə xx.xx.2024-cü il tarixli BF-2215-2024 saylı kredit müqaviləsi üzrə 7087,26 (yeddi min səksən yeddi manat 26 qəpik) manat əsas, 521,52 (beş yüz iyirmi bir manat 52 qəpik) manat faiz, 234,21 (iki yüz otuz dörd manat 21 qəpik) manat cərimə borcu, 8,85 (səkkiz manat 85 qəpik) manat gecikdirilmiş vaxt üçün illik 5% həddində hesablanmış gecikdirilmiş faiz borcu olmaqla, cəmi 7851,84 (yeddi min səkkiz yüz əlli bir manat 84 qəpik) manat borcun və 98,52 (doxsan səkkiz manat 52 qəpik) manat məhkəmə xərcinin (dövlət rüsumunun) tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: İddiaçı ASC (bundan sonra “iddiaçı” adlandırılacaq) ilə Cavabdeh (bundan sonra “cavabdeh” adlandırılacaq) arasında imzalanmış xx.xx.2024-cü il tarixli BF-2215-2024 saylı kredit müqaviləsinə əsasən “bank” tərəfindən cavabdehə şəxsi ehtiyac məqsədi ilə illik 18 % hesablanmaqla, 59 ay müddətinə qaytarılmaq şərti ilə 8000 (səkkiz min) manat məbləğində kredit vəsaiti ayrılmışdır. xx.xx.2024-cü il tarixli BF-2215-2024 saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən cavabdehin kredit müqaviləsi üzrə aylıq ödənişi 205,28 (iki yüz beş manat 28 qəpik) manat təşkil edir. Cavabdeh tərəfindən ona ayrılmış kredit vəsaitləri təyinatı üzrə istifadə edilsə də, kredit müqavilələri üzrə öhdəliklərinin ödəniş qrafikində nəzərə tutulmuş qaydada icra edilməsi həyata keçirilməmiş, nəticədə tərəflər arasında imzalanmış kredit müqaviləsinin şərtləri “cavabdeh” tərəfindən birtərəfli qaydada pozulmuşdur. Belə ki, tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli BF-2215-2024 saylı kredit müqavilələrinin 5.1.6-cı bəndinə əsasən “bank” “borcalan” tərəfindən 60 gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödəmədikdə, habelə annutitet ödənişlər 12 (on iki) ay ərzində 3 (üç) dəfədən çox gecikdirildikdə müqaviləyə birətərfli qaydada xitam vermək və verdiyi kreditin bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını, habelə müqavilədə müəyyən edilmiş dəbbə pulunu tələb etmək hüququna malikdir. Öhdəliklərin lazımı qaydada icra olunmaması səbəbindən “bank” tərəfindən cavabdehə xəbərdarlıq göndərilmiş, kredit müqaviləsi üzrə borcunun dərhal ödəməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi onun diqqətinə çatdırılmışdır. Lakin xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliklər lazımı qaydada icra edilməmiş olaraq qalmışdır. xx.xx.2025-ci il tarixinə hesablanmaqla xx.xx.2024-cü il tarixli BF-2215-2024 saylı kredit müqaviləsi üzrə cavabdehin “bank” qarşısında ümumilikdə 7842,99 (yeddi min səkkiz yüz qırx iki manat 99 qəpik) manat məbləğində icra edilməmiş öhdəliyi mövcuddur. Həmin məbləğdən 7087,26 (yeddi min səksən yeddi manat 26 qəpik) manat əsas borcu, 521,52 (beş yüz iyirmi bir manat 52 qəpik) manat faiz borcunu, 234,21 (iki yüz otuz dörd manat 21 qəpik) manat cərimə borcunu ehtiva edir. Əlavə olaraq xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixi də daxil olmaqla qalıq əsas borc məbləğinə hesablanmış 8,85 (səkkiz manat 85 qəpik) manat gecikdirilmiş vaxt üçün illik 5% həddində hesablanmış gecikdirilmiş vaxt üçün faiz borcu mövcuddur. Qeyd edilir ki, faiz və cərimə borcu pretenziya məktubunda göstərilən tarixə hesablanmış faiz və cərimə borcunu ehtiva etməkdə, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində vəsait isə pretenziya məktubunun göndərilməsindən iddia ərizəsinin tərtib edildiyi tarixə kimi olan dövrü əhatə etməkdədir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh maddi vəziyyəti ilə bağlı borcu ödəyə bilmədiyini, borcun hissə-hissə qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsindən görünür ki, bank kredit alana 59 ay müddətinə, illik 18 faiz olmaqla 8000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 7087,26 AZN əsas, 521,52 AZN faiz, 234,21 AZN cərimə, cəmi 7842,99 AZN borcu yaranmışdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, cavabdeh banka olan borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşdur. Əsaslandırıcı hissə: İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsindən görünür ki, bank kredit alana 59 ay müddətinə, illik 18 faiz olmaqla 8000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 7087,26 AZN əsas, 521,52 AZN faiz, 234,21 AZN cərimə, cəmi 7842,99 AZN borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746.1-ci maddəsinə əsasən, istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh İddiaçı ASC ilə kredit müqaviləsi bağlayaraq, üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən Bank qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda bankın məhkəmə qaydasında Cavabdeh əsas, faiz və cərimə borcunun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında qəbul edilən hüquqi mövqeyə əsasən, “1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. 3. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. 4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. 5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.” Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 7087,26 (yeddi min səksən yeddi manat iyirmi altı qəpik) manat əsas, 521,52 (beş yüz iyirmi bir manat əlli iki qəpik) manat faiz, 234,21 (iki yüz otuz dörd manat iyirmi bir qəpik) manat cərimə, 8,85 (səkkiz manat səksən beş qəpik) manat gecikdirilmiş vaxt üçün illik 5% məbləği həddində hesablanmış faiz borcu və dövlət rüsumu olaraq ödənilmiş 98,52 (doxsan səkkiz manat əlli iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 7087,26 (yeddi min səksən yeddi manat iyirmi altı qəpik) manat əsas, 521,52 (beş yüz iyirmi bir manat əlli iki qəpik) manat faiz, 234,21 (iki yüz otuz dörd manat iyirmi bir qəpik) manat cərimə, 8,85 (səkkiz manat səksən beş qəpik) manat gecikdirilmiş vaxt üçün illik 5% məbləği həddində hesablanmış faiz borcu və dövlət rüsumu olaraq ödənilmiş 98,52 (doxsan səkkiz manat əlli iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar