Məhkəmə qərarları › İş №e-2(009)-1594/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1594/2025

21.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1594/2025 21.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 106804-946341/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 19% dərəcəsi ilə 12.700 manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, banka olan borcunu ödəməmişdir. xx.xx.2025-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 12.339,87 manat məbləğində əsas borcu və 1091,05 manat faiz borcu olmaqla, cəmi 13.430,92 manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə yaranmış borc cavabdehlərdən tutulmalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh 12.339,87 manat məbləğində əsas borc və 1091,05 manat faiz borcu olmaqla, cəmi 13.430,92 manat borcun və 130,29 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək işlərin çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alaraq iddia tələbinin təmin edilməsini və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh öz izahatında göstərmişdir ki, banka olan borcunu etiraf edir, "xxxx" ASC-dən də kredit götürmüşdür, kartından akseptsiz qaydada tutma həyata keçirildiyi üçün İddiaçı ASC-yə aylıq ödənişləri edə bilməmişdir. Hazırda o, işləmir, borcu ödəməyə imkanı yoxdur, lakin yaxın zamanlarda işləyəcək və ödənişləri edəcək. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə “Bank” qismində İddiaçı ASC-nin Neftçilər filialı ilə “Borcalan” qismində Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, 106804-946341/1 saylı kredit müqaviləsinə əsasən bank borcalana 48 ay müddətinə qaytarmaq şərti ilə, illik 19% ödəmək şərti ilə 12.700 manat məbləğində kredit vermişdir. İş üzrə İddiaçı ASC tərəfindən borcalan Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlığa əsasən həmin tarixə onun bank qarşısında olan öhdəliyi - əsas borc üzrə 12.339,87 manat, faiz borcu üzrə 633,71 manat, cəmi 12.973,58 manat təşkil etmiş, bank tərəfə xx.xx.02025-ci il tarixədək həmin öhdəliyi icra etməyi, əks təqdirdə müqavilənin ləğv edilib məhkəmədə iddia qaldırılacağı barədə məlumat vermişdir. İş üzrə İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 12.339,87 manat əsas, 1091,05 manat faiz borcu olmaqla, cəmi 13.430,92 manat təşkil edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 48 ay müddətinə, illik 19%-lə 12.700 manat məbləğində kredit verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş və onun banka 12.339,87 manat əsas, 1.091,05 manat faiz borcu, cəmi 13.430,92 manat borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirmədiyindən, bank yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Lakin məhkəmə hesab edir ki, cavabdehdən faiz borcu iddia tələbində qeyd edilən həddə deyil, müqavilənin ləğv edildiyi tarixinə hesablanmış həddə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair“ xx.xx.2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. X1 göstərilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (pul vəsaitindən istifadə haqqını (faizləri)) ödənilməsini tələb edə bilər. Qeyd edilən Konstitusiya Məhkəməsi Plenum Qərarında formalaşan hüquqi mövqeyə görə müqavilənin ləğv edilməsi bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi (ona bildirişin göndərilməsi) ilə həyata keçirilir və müqavilə üzrə pul vəsaitindən istifadə haqqı – faiz, həmin tarixə (müqavilənin birtərəfli qaydada ləğv olunduğu tarix) hesablanmalıdır. Həmin tarixdən sonra bank yalnız zərərin - pul vəsaitindən istifadə haqqının (faizləri gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin) ödənilməsini tələb edə bilər. Məhkəmə Plenum Qərarında formalaşan hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı olan faiz borcu maliyyə arayışında qeyd edilən tarixə xx.xx.2025-ci il tarixə yaranmış borc (1.091,05 manat) deyil, bildirişin göndərildiyi,müqavilənin birtərəfli qaydada ləğv edildiyi tarixə - xx.xx.2025-ci il tarixə yaranmış faiz borcu həddində (633,71 manat) olması nəzərə alınmalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli və cavabdehdən müqavilə üzrə ödənilməmiş qalmış 12.339,87 manat əsas, 633,71 manat faiz borcu olmaqla, cəmi 12.973,58 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün, məhkəmə xərcləri - ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (128,92 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli, 106804-946341/1 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə yaranmış 12.339,87 manat əsas borc, xx.xx.2025-ci il tarixə yaranmış 633,71 manat faiz borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 128,92 manat, cəmi 13.102,5 (on üç min yüz iki manat, əlli qəpik) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar