Məhkəmə qərarları › İş №e-2(009)-1595/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1595/2024

04.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1595/2024 04.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1626 manat maddi ziyan, 100 manat məbləğində vəkilin göstərdiyi hüquqi yardım, etibarnamə alınması üçün 17.25 manat notariat qaydasında çəkilmiş xərclər, ödənilmiş 36.26 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: X3 etibarnamə əsasında İddiaçı adından Cavabdeh ilə xx.xx.2024-cü il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən “RAVON NEXİA R3 MİNİK” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Etibarnamə Bakı şəhəri 28 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən xx.xx.2024-cü il tarixdə 4 il müddətinə verilmişdir. Cavabdeh avtomobili götürdüyü qısa müddət ərzində təqsirli hərəkətləri nəticəsində nəqliyyat vasitəsinə zərər vurmuşdur. Belə ki, avtomaşın təmir olunması üçün avtoservisə aparılmış və servis tərəfindən verilən dəymiş zərərin hesablanmasına dair akta əsasən avtomaşının bərpası üçün 1.626 manat tələb olunmuşdur. Cavabdehə bu barədə şifahi məlumat verilsə də cavabdeh qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. Buna görə də iddiaçı həmin vaxt avtomobili avtoservisdə 1.626 manat ödəyərək öz hesabına təmir etdirmişdir. Dəymiş ziyanın ödənilməsi üçün cavabdehin AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış elektron kabinetinə pretenziya göndərilmişdir. Lakin cavabdeh yenə də həmin məbləği ödəməmişdir. Cavabdehdən maddi ziyanın alınması mümkün olmadığından məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehlə iddiaçı arasında bağlanmış 29 may 2024-cü il tarixli icarə müqaviləsinin - 2.1.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsinin qorunub saxlanmasını və təhlükəzliyini təmin etməyə; - 2.1.5-ci bədinə əsasən nəqliyyat vasitəsinin sıradan çıxmış hissələrini (təkər, akkumlyator və s.) rəsmi servisdə öz hesabına yenisi ilə əvəz etməyə; - 2.1.8-ci bəndinə əsasən nəqliyyat vasitəsini hər hansı bir səbəbdən icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrin dəyərini ödəməyə borcludur. İcarə müqaviləsinin 4.12-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini, o cümlədən detallarını məhv edərsə və zədələyərsə (sındırarsa, qırarsa, sökərsə, dəyişərsə və s.) Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə öhdəlik daşıyır. Həmçinin qeyd edilməlidir ki, cavabdehin qanunazidd əməlləri nəticəsində hüquqi xidmət olaraq 100 manat məbləğində vəkilə əlavə xərc çəkilmişdir ki, bu məbləğin də cavabdehdən alınaraq iddiaçıya qaytarılması ədalətlidir. Məhkəməyə iddia ərizəsi verilərkən 36,26 manat dövlət rüsumu ödənilmişdir ki, bu məbləğ cavabdehdən tutulub iddiaçıya verilməlidir. İddiaçı tərəfindən məhkəmədə təmsil edilməsi üçün etibarnamə alınması ilə əlaqədar 17,25 manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, bu məbləğ də cavabdehlərdən tutulmalı və iddiaçıya qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-ə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - 18 fevral 2024-cü il tarixli, 984428 saylı nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, İddiaçı tərəfindən “Ravon Nexia R3” markalı, **-XB- *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh 1 il müddətinə etibarnamə verilmişdir. - 29 may 2024-cü il tarixli, 30 saylı icarə müqaviləsindən görünür ki, İddiaçı tərəfindən “Ravon Nexia R3” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh 4 il müddətinə icarəyə verilmişdir. - İcarə müqaviləsi ilə bağlı təhvil-təslim aktından görünür ki, nəqliyyat vasitəsi təhvil verilərkən ön kapotun burnunda çat, təkərlər 30 %, arxa buferdə kraska atıb, kondisioner işləmir qeyd edilmişdir. - "xxxx" tərəfindən verilmiş 25 iyun 2024-cü il tarixli dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, “Ravon Nexia R3” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin qiyməti 826 manat (kondisioner radiator 150 manat), xidmət 800 manat, yekun məbləğ 1626 manatdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 23 sentyabr 2024-cü il tarixli 9/7400 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı, “Ravon Nexia R3” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 1630,0 manat müəyyən edilir (dəyişilməli hissələrin qiyməti – 830 manat, təmir-bərpa işlərinin qiyməti – 800 manat). Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 18 fevral 2024-cü il tarixdə mülkiyyətində olan “Ravon Nexia R3” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilini bir il müddətinə cavabdehə idarə etmək üçün vermişdir. 29 may 2024-cü il tarixli, 30 saylı icarə müqaviləsinə əsasən, İddiaçı tərəfindən “Ravon Nexia R3” markalı, **- XB-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh 4 il müddətinə icarəyə verilmişdir. Cavabdeh ona müvəqqəti idarə olunması üçün etibar edilmiş avtomobilə zərər vurmuşdur. Cavabdeh avtomobilə vurulmuş zərəri ödəməmişdir. İddiaçı cavabdehin qanunsuz və hüquqazidd əməli nəticəsində ona maddi zərər yetirilməsinə baxmayaraq zərəri ödəmədiyi üçün hazırki iddia tələbi ilə müraciət edərək cavabdehdən ona məxsus “Ravon Nexia R3” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilə yetirilmiş maddi zərərin əvəzinin ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, işin araşdırılmış hallarına əsasən iddiaçının avtomobilinə cavabdehin qanunsuz hərəkəti nəticəsində zərər dəyməsi işin mübahisəsiz halıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (MM-in 21.2-ci maddəsi). Cavabdehlə iddiaçı arasında bağlanmış 29 may 2024-cü il tarixli icarə müqaviləsinin 2.1.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsinin qorunub saxlanmasını və təhlükəzliyini təmin etməyə; - 2.1.5-ci bədinə əsasən nəqliyyat vasitəsinin sıradan çıxmış hissələrini (təkər, akkumlyator və s.) rəsmi servisdə öz hesabına yenisi ilə əvəz etməyə; - 2.1.8-ci bəndinə əsasən nəqliyyat vasitəsini hər hansı bir səbəbdən icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrin dəyərini ödəməyə borcludur. - 4.12-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini, o cümlədən detallarını məhv edərsə və zədələyərsə (sındırarsa, qırarsa, sökərsə, dəyişərsə və s.) Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə öhdəlik daşıyır. Mübahisənin mahiyyəti üzrə düzgün həll olunması məqsədilə iş üzrə təyin edilmiş məhkəmə ekspertizası tədqiqatının nəticəsi üzrə qəbul olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 23 sentyabr 2024-cü il tarixli 9/7400 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı, “Ravon Nexia R3” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1630,0 manat müəyyən edilir (dəyişilməli hissələrin qiyməti – 830 manat, təmirbərpa işlərinin qiyməti – 800 manat). Məhkəmə qeyd edir ki, Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edilən ekspert rəylərini sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, ekspert rəyi ilə razılaşmamaq üçün heç bir əsas yoxdur. Lakin, məhkəmə qeyd etməyi zəruri heab edir ki, dəymiş zərərin hesablanmasına dair aktda kondisioner radiatorunun qiyməti 150 manat hesablanmış, təhvil-təslim aktında isə nəqliyyat vasitəsi təhvil verilərkən kondisionerin işləmədiyi qeyd edilmişdir. Məhkəmə, ekspert rəyini və məhkəmə baxışı zamanı təqdim edilmiş digər sübutları tədqiq edərək, eləcə də iddianın həcmini nəzərə alaraq, iddiaçıya məxsus olan “Ravon Nexia R3” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilə cavabdeh tərəfindən zərər vurulmasını və avtomobil təhvil verilərkən kondisionerin işlək vəziyyətdə olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, vurulmuş zərərin əvəzi olaraq Cavabdeh İddiaçı xeyrinə iddia tələbinin həddi daxilində 1626 manatdan kondisioner radiatorunun dəyəri olan 150 manat çıxılmaqla 1476 manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1476 (bir min dörd yüz yetmiş altı) manat məbləğində pul vəsaiti, 100 (bir yüz) manat vəkil xərci, 17.25 (on yeddi manat iyirmi beş qəpik) manat notariat xərci və ödənilmiş dövlət rüsumunun 34.76 (otuz dörd manat yetmiş altı qəpik) manat hissəsi tutularaq İddiaçı ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın 40 (qırx) manatı Cavabdeh, 10 (on) manatı İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1476 (bir min dörd yüz yetmiş altı) manat məbləğində pul vəsaiti, 100 (bir yüz) manat vəkil xərci, 17.25 (on yeddi manat iyirmi beş qəpik) manat notariat xərci və ödənilmiş dövlət rüsumunun 34.76 (otuz dörd manat yetmiş altı qəpik) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın 40 (qırx) manatı Cavabdeh, 10 (on) manatı İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X2, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar