Məhkəmə qərarları › İş №e-2(009)-1596/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1596/2025

26.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1596/2025 26.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi C.N.Səmədovun, Cavabdeh iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət göstərmişdir ki, Cavabdeh İddiaçı MMC-də sürücü vəzifəsinə işə qəbul olunmuş və onunla Cəmiyyət arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi və o cümlədən tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Həmin əmək müqaviləsinə əsasən cavabdeh avtobus sürücüsü vəzifəsinə qəbul edilmiş və xx.xx.2025-ci il tarixədək öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilənədək İddiaçı MMC-də çalışmışdır. Cavabdeh əmək müqaviləsi üzrə xidməti vəzifəsini yerinə yetirən zaman müvafiq vəzifə təlimatları üzrə öhdəlikləri bir neçə dəfə pozmuş və o cümlədən inzibati xətalara yol verərək yol-nəqliyyat hadisələri törətmiş, nəticədə isə Cəmiyyətin əmlakına maddi ziyan vurmuşdur. Belə ki, cavabdeh xx.xx.2024-cü il tarixdə 3 nömrəli marşrut xətti üzrə “BMC PROCİTY AVTOBUS” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusla xidmətdə olan zaman avtobusun hava yastıqları texniki nasazlıq səbəbindən boşaldığından xidməti vəzifəsini dayandırmış və nasazlıq barədə dispetçerə və təmir mərkəzinə məlumat vermişdir. Təmir mərkəzindən avtobusa baxış keçirmək və yerində təmir etmək üçün gələn mobil servis xidməti mövcud olan nasazlığı aradan qaldıra bilmədiyindən sürücüyə avtobusun sürülərək DEPO-ya aparılmasının vacib olduğunu bildirmişdir. Buna etirazını bildirən cavabdeh avtobusu S.S.Axundov küçəsi ilə hərəkət etdirərək avtobuslara hərəkət etmək üçün müəyyən edilmiş yolla yox, məhz qadağan olunmuş yolla “Elite” TM-i istiqamətinə yönəlmiş və orada olan dəmiryolu rəlslərinin keçərkən avtobusun alt hissəsini vuraraq yağ karterini zədələmişdir. Qeyd edilir ki, sürücü öz izahatında ona avtobusu sürərək qaraja aparması göstərişinə “bu halda avtobusun altı yerə dəyəcək” bildirməsi iradı səsli müşahidə kamerasında öz əksini tapmamışdır. Müşahidə kamerasından olan görüntülərə müəyyən olunur ki, avtobus zədə aldıqdan sonra qısa bir məsafə qət edir və sürücü avtobusda yaranmış zədə ilə bağlı kənar şəxsin bildirdiyindən sonra avtobusu saxlayır və yenidən dispetçer və izləmə mərkəzinə məlumat verərək növbəsinin bitməsini və digər sürücüyə təhvil verməsini gözləyir. Sürücü növbəni təhvil verib getdikdən bir müddətdən sonra avtobus servis mərkəzi tərəfindən qoşqu ilə nəqliyyyat parkına evakuasiya edilmişdir. Baş vermiş hadisə nəticəsində avtobus yararsız hala düşmüş və təmir olunması üçün 5 gün müddətində xidmətdən kənar edilmiş, xəttə buraxılmamışdır. Servis Mərkəzi tərəfindən verilən xx.xx.2024-cü il tarixli 010928 nömrəli Zərər Aktına əsasən hadisənin baş verdiyi vaxt cavabdehin idarə etdiyi “BMC PROCİTY AVTOBUS” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusa 5858,70 manat məbləğində maddi ziyan dəymişdir. Göstərilənləri nəzərə alaraq İddiaçı MMC-nin əmlakına (avtobusa) dəymiş 5858,70 manat ziyan məbləğinin, 78,59 manat dövlət rüsumunun və buna görə xidmət haqqı kimi ödənilmiş 40 qəpik, ümumilikdə 5937,69 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, hava yastığının boşalması halında həqiqətən avtobusun alt hissəsi yer sətinə yaxınlaşır. Lakin avtobusun hərəkət etməsi tam məhdudlaşmır. Belə olan halda sürücüyə düz üfiqi yolla yavaş sürətlə avtobusu qaraja gətirməsi təklif olunur. Mövcud vəziyyətdə isə Cavabdeh avtobusu düz yolla deyil, dəmir yolu keçidi olan yolla qaraja qayıtmaq istəmiş, hadisənin baş verməsi də sürücünün qadağan olunmuş dəmir yol xəttindən keçməsi olmuş, nəticədə MMC-yə ziyan dəymişdir. Ziyan məbləği realdır, həmin məbləğ avtobusun texniki cəhətdən saz vəziyyətə gətirilməsi üçün servisə ödənilmişdir. Nümayəndə həmçinin göstərmişdir ki, artıq 2 aydır Cavabdeh sürücü kimi təkrar onlarda işə götürülmüşdür, məhkəmə tərəfindən iddia təmin olunacağı təqdirdə əmək haqqından hissə-hissə tutulacaq. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, o, İddiaçı MMC-də sürücü işləyir, onun sürdüyü avtobusun hava yastıqları boşalmış, avtobus yer sətinə yaxınlaşmış o, dispetçerə müraciət etmişdir. Dispetçer bildirmişdir ki, servisdən gələcəklər. Servisdən kimsə gəlib baxmış və bildirmişdir ki, maşın qaraja getməlidir. O, bildirmişdir ki, belə halda sürə bilməz, onu məcbur etmişlər, o, da sürüb getmiş, yolda yağ karteri zədələnmiş və yağ axmışdır. O, qaraja həmişə getdiyi yolla getmişdir. Məbləğlə də razı deyil. Onun hadisənin baş verməsində heç bir günahı olmamışdır. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə “İşəgötürən” qismində İddiaçı MMC ilə “İşçi” qismində Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-də avtobus sürücüsü vəzifəsinə işə qəbul edilmişdir. İş üzrə Tam maddi məsuliyyət haqqında müqaviləsinə əsasən sürücü Cavabdeh ona etibar edilən maddi dəyərlilərə və habelə edilmiş işlərə qayğı ilə yanaşmağı və eyni zamanda heç bir halda maddi dəyərlərə ziyan gətirməməyi öhdəsinə götürmüşdür. İş üzrə «BMC AZ» servis mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli zərər aktının surətinə əsasən «BMC Procity» markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusun təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün 4.965 manat, 18% ƏDV 893,70 manat, cəmi 5.858,70 manat vəsait hesablanmışdır. İş üzrə "xxxx" MMC tərəfindən verilmiş MXİŞ-nin avtobus sürücüsü Cavabdeh haqqında xx.xx.2024-cü il tarixli xidməti məlumatdan görünür ki, Cavabdeh xx.xx.1987-ci il tarixdə anadan olmuşdur. xx.xx.2023-cü il tarixdə İddiaçı MMC-nin Marşrut xətlərinin idarəolunması şöbəsində avtobus sürücüsü vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixdə xidmət zamanı sərnişin xanıma istehza ilə “düşün də” demiş və xx.xx.2023-cü il tarixdə “Xəbərdarlıq” almışdır. xx.xx.2023cü il tarixdə xidmət zamanı yol-nəqliyyat hadisəsi törətmiş və xx.xx.2023-cü il tarixdə 405,51 manat ümumi ziyan məbləğindən 100 manat cərimə məbləğinin əmək haqqından tutulması barəsində əmr verilmişdir. xx.xx.2023-cü il tarixdə xidmət zamanı avtobusu zədələmiş və xx.xx.2024-cü il tarixdə 46,02 manat ümumi ziyan məbləğindən 20 manat cərimə məbləğinin əmək haqqından tutulması barəsində əmr verilmişdir. xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi törədərək avtobusu zədələmiş və xx.xx.2024-cü il tarixdə 95,58 manat ümumi ziyan məbləğindən 36 manat cərimə məbləğinin əmək haqqından tutulması barəsində əmr verilmişdir. Xidmət zamanı avtobusu zədələmiş və xx.xx.2024-cü il tarixdə 78,59 manat ümumi ziyan məbləğindən 36 manat cərimə məbləğinin əmək haqqından tutulması barəsində əmr verilmişdir. xx.xx.2024-cü il tarixdə xidmətə gecikmiş, xx.xx.2024-cü il tarixdə “Xəbərdarlıq” almışdır. xx.xx.2024-cü il tarixdə xidmətə gecikmiş, xx.xx.2024-cü il tarixdə “Xəbərdarlıq” almışdır. xx.xx.2024-cü il tarixdə 1-ci növbə xidmətə gecikmiş, xx.xx.2024-cü il tarixində “Töhmət” almışdır. İş üzrə "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xidməti məlumatdan görünür ki, "xxxx" MMC-nin Təmir Mərkəzindən daxil olan xidməti məlumata əsasən xx.xx.2024-cü il tarixdə mexanik Əmiraslanov Elçin “BMC-Procity” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusa baxış keçirən zaman avtobusun karter hissəsinin zədələndiyini aşkarlanmışdır. Aşkarlanan zədə barəsində 033588 No-li yoxlama aktı tərtib edilmiş, sürücü Yusubov Telman həmin aktı imzalamışdır. Daxil olan məlumat əsasında aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə 3 saylı marşrut xəttində **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusla sürücü Cavabdeh xidmətdə olduğu zaman avtobusun hava yastıqları buraxmışdır. Sürücü bu barədə dispetçerə və "xxxx" MMC-nin Servis xidmətinə məlumat vermişdir. Servis xidməti gəlmiş avtobusu yerində təmir edə bilmədiyindən depoya getməsini bildirmişdir. Sürücü izahatında ona avtobusu depoya aparmasını dispetçerin və "xxxx" MMC-nin Servis xidməti bildirdikdə avtobusun altının dəyəcəyini bildirdiyini qeyd etmişdir. Lakin avtobusun müşahidə kameralarında bu hal müşahidə olunmamışdır. Dispetçer ona saat 14:03:01 radələrində “avtobusu dəyişib bura gələcəksiniz?” dedikdə nalayiq ifadə işlədərək sonda “sizin kimi dispetçerlərdən çoxdur” deyərək saat 14:05:08 radələrində hərəkətə başladığı videogörüntüdə müşahidə olunmuşdur. Hərəkət zamanı sürücünün saat 14:06:10-dan karter dəyənə kimidə telefonla da məşğul olması videogörüntüdə müşahidə olunmuşdur. Saat 14:07:26 radələrində dəmir yol xəttini keçərkən avtobusun karter hissəsini vuraraq zədələmişdir. Saat 14:08:01 radələrində bir nəfər yaxınlaşaraq avtobusdan nəyinsə axdığını bildirdikdə “cəhənnəmə axsın qaraja gedirəm” deyərək hərəkətinə davam edib saat 14:08:46 radələrində avtobusu saxlaması videogörüntüdə müşahidə olunmuşdur. Bundan sonra servis xidmətinə və izləmə mərkəzinə məlumat verərək növbəsini saat 16.30 radələrində dəyişərək çıxıb getmişdir. Sonradan avtobus qoşqu ilə depoya gətirilmişdir. Sürücü izahatında özünü təqsirli bilməmişdir. O avtobusun karter hissəsinin zədələnməsində "xxxx" MMC-nin Servis xidmətini və xətt dispetçerinin ona məcbur edərək avtobusu depoya gətirməsini bildirmişdir. Aidiyyatı şöbədən alınmış elektron cavab məktubunda sürücünün Servis xidmətinin rəyinə əsasən avtobusun depoya göndərildiyi bildirilmişdir. Depoya gedərkən “Elit” Ticarət Mərkəzinin yaxınlığındakı “Dəmir yol keçidi” yolu ilə hərəkət etməsi barədə izləmə mərkəzi əməkdaşları tərəfindən sürücüyə heç bir təlimat verilmədiyi bildirilmişdir. Xətt dispetçeri X1 YNH-nin araşdırılması, təhlili və sığorta şöbəsinə dəvət olunaraq izahatı alınmışdır. Natiq Cəfərov izahatında sürücünün ona yaxınlaşaraq avtobusda nasazlıq olduğundan servis xidmətinin çatdırıldığını, servis çağırdıqdan sonra isə öz işi ilə məşğul olduğunu bildirmişdir. Servis xidməti gəldikdən sona sürücünün ona yaxınlaşaraq avtobusu servis xidmətinin depoya aparmasını bildirdiyini dedikdə, xətt dispetçerinin izləmə mərkəzinə məlumat verdikdən sonra onun avtobusu idarə edərək depoya aparmasını bildirmişdir. Xətt dispetçeri əlavə olaraq izahatında bildirmişdir ki, rəhbərliyin tapşırığına əsasən uzun müddətdir ki, xətt avtobusları Elit Ticarət Mərkəzinin yaxınlığındakı dəmir yol keçidindən hərəkət etmirlər. Bu barədə bütün sürücülər məlumatlıdırlar. Sürücü Cavabdeh da bu barədə bildiyini xətt dispetçeri izahatında qeyd etmişdir. Sürücüyə hansı yolla depoya avtobusu aparması barədə onun tapşırıq vermədiyini bildirmişdir. Videogörüntüdə də onu heç kimin məcbur etmədiyi, sürücüyə dispetçer nə isə dedikdə “sənin kimi dispetçerlərdən çoxdur” deyərək hərəkətə başlaması müşahidə olunmuşdur.Sürücü qeyri-səmimilik göstərərək izahatında özünü təqsirli bilməmişdir. Sürücü ilə bağlanmış tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən sürücü baş vermiş hadisəyə görə məsuliyyət daşıyır. İzləmə mərkəzindən alınmış elektron məktubda sürücünün dəmir yol xəttindən keçdikdə surəti 5-10 km/saat olduğu bildirilmişdir. "xxxx" MMC-nin MŞ tərəfindən verilmiş 010928 No-li zərər aktına əsasən **-JU-*** dövlət qeydiyyatı nişanlı avtobusa 5.858,70 manat məbləğində zərər dəyməsi müəyyən edilmişdir. Hadisəyə səbəb hava yastıqlarının buraxması və sürücünün həmin vəziyyətdə avtobusu idarə edərək qadağan olunmuş dəmir yol xəttindən keçməsi olmuşdur. İş üzrə xxxxxxx0004X0 saylı, xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli, 13-18/3-2-248 saylı əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xx.xx.2025-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC-də sürücü vəzifəsinə işə götürülmüşdür. Eyni zamanda əmək müqaviləsinə əlavə olaraq tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh 3 nömrəli marşrut üzrə “BMC Procity” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusda xidmətdə olan zaman avtobusun hava yastıqları texniki nasazlıq səbəbindən boşaldığından xidməti vəzifəsini dayandırmış, nasazlıq barədə dispetçerə və təmir mərkəzinə məlumat vermişdir, təmir mərkəzindən gələn mobil servis xidməti mövcud olan nasazlığı aradan qaldıra bilmədiyindən sürücüyə avtobusun sürülərək depoya aparılmasının vacib olduğunu bildirmişdir. Buna etirazını bildirən cavabdeh avtobusu S.S.Axundov küçəsi ilə hərəkət etdirərək avtobuslara hərəkət etmək üçün müəyyən edilmiş yolla yox, qadağan olunmuş yolla “Elite” TM-i istiqamətinə yönəlmiş və orada olan dəmiryolu rəlslərinin keçərkən avtobusun alt hissəsini vuraraq yağ karterini zədələmişdir. Baş vermiş hadisə nəticəsində İddiaçı MMC-yə məxsus “BMC Procity” markalı, **- JU-*** dövlət qeydiyyat nişanlı avtobusa 5.858,70 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, cavabdehlə əmək münasibətlərinə xx.xx.2025-ci il tarixdən xitam verilmiş, cavabdeh cəmiyyət qarşısında yaranmış 5.858,70 manat borcu ödəməmişdir. Bu səbəbdən iddiaçı həmin pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb qanunvericiliyin aşağıda göstərilən tələblərinə əsasən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd edilən Məcəllənin 1096-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin maddənin 2-ci bəndinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Məhkəmə qeyd edir ki, əmək-hüquq normaları ilə nəzərdə tutulan maddi məsuliyyət hüquqi məsuliyyətin müstəqil növlərindən biridir. Hüquqi məsuliyyətin bir növü olan maddi məsuliyyət əmək müqaviləsinin bir tərəfinin (işçinin və ya işəgötürənin) digər tərəfə əmək vəzifələrini yerinə yetirilməsi zamanı təqsirli, hüquqazidd hərəkətləri nəticəsində vurduğu ziyanı ödəmək vəzifəsini nəzərdə tutur. Əmək sahəsində işəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyəti üzrə münasibətlər əmək münasibətləri ilə sıx bağlı olduğuna görə əmək qanunvericiliyinə tənzimlənir. Əmək müqaviləsinin tərəfi kimi işəgötürənin və işçinin əmək müqaviləsi üzrə hüquq və vəzifələri Əmək Məcəlləsinin 9-12-ci maddələrində təsbit olunmuşdur. İşəgötürənin və işçinin qarşılıqlı hüquq və vəzifələrinin realizəsi məsuliyyət tədbirləri ilə təmin edilir. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işçi öhdəliklərini yerinə yetirərkən vurduğu ziyana görə əmək qanunvericiliyində və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada maddi məsuliyyət daşıyır. İşin faktiki halları ilə müəyyən edilir ki, cavabdehin idarə etdiyi avtobusun hava yastıqları texniki nasazlıq səbəbindən boşaldığından xidməti vəzifəsini dayandırmış, məlumat əsasında təmir mərkəzindən gələn mobil servis xidməti mövcud olan nasazlığı aradan qaldıra bilmədiyindən sürücüyə avtobusun sürülərək depoya aparılmasının vacib olduğunu bildirmiş, həmin vəziyyətdə avtobusun düz və üfiqi yolla hərəkətinə heç bir məhdudiyyət olmamış, lakin cavabdeh avtobusu hərəkət etmək üçün müəyyən edilmiş üfiqi yolla yox, qadağan olunmuş yolla “Elite” TM-i istiqamətinə yönəlmiş və orada olan dəmiryolu rəlslərinin keçərkən avtobusun alt hissəsini vuraraq yağ karterini zədələmişdir. Sürücü avtobusda baş vermiş texniki nasazlığı nəzərə almadan onu düzgün olmayan marşrutla depoya aparmaq istəmişdir. Bu isə işəgötürənə maddi ziyan vurulması ilə nəticələnmişdir. Məhkəmə cavabdehin baş vermiş hadisədə təqsirkar olmaması barədə dəlillərini əsaslı hesab etmir. Belə ki, yuxarıda qeyd edildiyi kimi avtobusda baş vermiş texniki nasazlıq avtobusun üfiqi yolla hərəkətində hər hansı bir məhdudiyyət yaratmamışdır. Cavabdehin avtobusun düzgün olmayan yolla və qadağan olunmuş dəmir yol xəttindən keçməklə idarə etməsi ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək qeyd edir ki, cavabdehin törətdiyi mülki hüquq pozuntusu nəticəsində iddiaçı maddi ziyan vurulduğundan, o hazırki iddia ilə cavabdehə qarşı məhkəmədə iddia qaldırmaqda tam haqlı olmuşdur. Məhkəmə iddiaçı ilə cavabdeh arasında tam maddi məsuliyyət haqqında müqavilənin bağlanılmasını, vurulan ziyanla bağlı cavabdehin iddiaçı qarşısında öhdəliyinin olmasını, cavabdeh tərəfindən həmin ziyanın ödənilməməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunduğundan, cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 78,59 manat və xidmət haqqı kimi ödənilmiş 0,40 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə vurulmuş ziyanın əvəzi kimi 5.858,70 manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 78,59 manat və xidmət haqqı kimi ödənilmiş 0,40 manat, cəmi 5.937,69 (beş min doqquz yüz otuz yeddi manat, altmış doqquz qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar