Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1609/2025 28.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi R.Ə.Hüseynovun, Cavabdeh2 Sığorta Şirkəti ASC-nin nümayəndəsi L.T.Abbaszadənin iştirakları ilə İddiaçı "xxxx" X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sığorta Şirkəti ASC-yə qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X7 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sığorta Şirkəti ASC-yə qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh1 idarə etdiyi **-NT-*** dövlət qeydiyyat nişanlı “Ford Fusion minik” markalı avtomobil ilə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X3 məxsus 1 ədəd işıq dirəyini çırağı ilə birlikdə sıradan çıxararaq müəssisəyə 1660 manat məbləğində maddi ziyan vurmuşdur. Yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhər DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* saylı İnzibati xəta haqqında protokola TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli şəxs **-NT-*** dövlət qeydiyyat nişanlı “Ford Fusion minik” markalı avtomobilin sürücüsü Cavabdeh1 tanınmışdır. Hadisə zamanı **-NT-*** dövlət qeydiyyat nişanlı “Ford Fusion minik” markalı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası Cavabdeh2 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində sığortalanmışdır. Hadisə nəticəsində zərər dəymiş işıq dirəyi dövlət mülkiyyətidir, istismarı və texniki xidmətinin təşkili məqsədi ilə əvəzsiz olaraq "xxxx" X2 balansına verilmişdir. Hesab edirlər ki, müəssisəsinə vurulmuş 1660 manat məbləğində maddi ziyan müştərək qaydada cavabdehlər Cavabdeh2 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən və Cavabdeh1 tutularaq "xxxx" X3 ödənilməlidir. Cavabdehlərə maddi ziyanın ödənilməsi üçün müraciət olunmuş, lakin onlar üzərlərinə düşən öhdəliyi yerinə yetirməmişlər. Həmçinin, sığorta ödənişinin ödənilməsi üçün Cavabdeh2 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu ilə rəsmi qaydada müraciət də edilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı "xxxx" X3 vurulmuş 1660 manat məbləğində maddi ziyanın müştərək qaydada cavabdehlər Cavabdeh2 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən və Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X4 iddia tələbini müdafiə edərək onun təmin edilməisni xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, sığorta təşkilatına müraciət olunsa da, onlara cavab verilməmiş, həmçinin forma 4 arayışında nəqliyyat vasitəsinin ”Atəşgah” Sığorta Şirkətində sığorta olmasını qeyd edilmişdir. Ona görə də tələbi hər iki cavabdehə qarşı qaldırılmışdır. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh2 Sığora Şirkəti ASC-nin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək və iddiaya qarşı yazılı etirazı məhkəməyə təqdim edərək izahatında göstərmişdir ki, iddiaçı iddia edir ki, Cavabdeh2 Sığorta Şirkətində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi əsasında sığortalanmış “Ford Fusion minik” markalı, 90NT006 dövlət qeydiyyat nişanlı avtomobilin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus işıq dirəyinə zərər vurulmuşdur. Məhkəmənin diqqətinə çatdırmaq istər ki, hadisə sığorta hadisəsi hesab edilmir. Çünki, sığorta hadisəsi sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddənin məzmunundan da aydın olduğu kimi sığorta hadisəsi sığorta ödənişinin verilməsi üçün əsas olan haldır. Tərəflər arasında bağlanmış müqavilə olmaması ilə təsdiq edilir ki, baş vermiş hadisə sığorta hadisəsi hesab edilmir. Sığorta hadisəsi mövcud olmadığına görə sığortaçının sığorta ödənişi vermək öhdəliyi yoxdur.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Göründüyü kimi hadisənin sığorta hadisəsi kimi tanınması və sığortaçının sığorta ödənişi vermək öhdəliyinin yaranması üçün sığorta müqaviləsi mövcud olmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Lakin cavabdeh sığorta şirkətinin sistemində qeyd olunan tarixdə baş vermiş bu cür hadisə qeydə alınmamışdır, yəni sığorta hadisəsinin baş verməsi barədə cavabdehə hər hansı məlumat təqdim edilməmişdir. Ən vacibi isə odur ki, iddia edilən tarixdə zərər vurduğu bildirilən nəqliyyat vasitəsi cavabdeh şirkətdə icbari sığorta müqaviləsi ilə sığortalanmamışdır. Yəni, hadisənin baş verdiyi xx.xx.2021-ci il tarixində həmin nəqliyyat vasitəsi üzrə sığorta münasibətləri yaranmamış, tərəflər arasında sığorta müqaviləsi bağlanmamışdır. Bu isə o deməkdir ki, cavabdeh sığorta şirkətinin hər hansı öhdəliyi mövcud deyildir. Cavabdeh sığorta şirkəti qanun və könüllü müqavilə ilə təsbit olunmuş öhdəliklər çərçivəsində sığorta ödənişi edə bilər. Tərəflər, yəni zərərvuran və sığortaçı arasında bağlanmış sığorta müqaviləsi olmadığı halda, cavabdehin zərərin əvəzini üçüncü şəxsə ödəməsi ilə bağlı hər hansı maddi öhdəliyindən danışmaq mümkün deyildir. Nəticə etibarilə, iddia əsassız və hüquqi cəhətdən əsaslandırılmamış olduğundan təmin edilməməli, iş üzrə cavabdeh tərəfə qarşı hər hansı öhdəlik müəyyən olunmamalıdır. Məhkəmədən iddianın onlara münasibətdə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş üzrə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ford Fusion” markalı, 90NT006 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi X1 adına qeydiyyata alınmışdır. İş üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “X5 və İşıqlandırması” MMC-nin direktoru H.Nağıyev, direktor müavini H.Məmmədov, baş mühasib R.Məmmədəlizadə, aparıcı mühəndisi F.Dadaşov, digər tərəfdəe "xxxx" EŞM-nin baş mühəndisi M.Babayev, Yasamal TİR-nin rəisi Y.Əsədov, baş mühasib F.Əliyev və Texniki İstismar Xidmətinin rəisi K.Zeynalov tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Yasamal rayonu, “Şəfayət Mehdiyev” küçəsinin 650 p/m hissəsində inşa edilmiş işıqlandırma sistemi (22 ədəd H9MT işıq dirəyi (2 konsol), 44 ədəd 250 Vt projektor və s. cəmi 48.977,98 manat) əvəzsiz olaraq "xxxx" EŞM-nin balansına təhvil verilmişdir. İş üzrə "xxxx" X7 tərəfindən Cavabdeh2 Sığorta Şirkəti ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsindəki işıq dirəkləri "xxxx" EŞM-nin balansındadır. xx.xx.2021-ci il tarixdə Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində naməlum sürücünün idarə etdiyi “Ford” markalı **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə işıq dirəyi vurularaq sıradan çıxarılmış və müəssisəyə 1660 manat maddi ziyan dəymişdir. Nəzərinə çatdırmaq istəyirlər ki, zərər vuran şəxsin avtomaşını sığorta şirkətində icbari sığortalıdır. Müəssisəyə dəymiş maddi ziyanı bank hesabına köçıürməsini xahiş etmişlər. İş üzrə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 03.30-da yol-nəqliyyat hadisəsinin baş verməsində X1 mülkiyyətində olan “Ford Fusion” markalı, 90NT006 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1 (təqsirli olan şəxs qismində) "xxxx" EŞM-nin (zərərçəkən qismində) balansında olan əmlaka (işıq dirəyinə) ziyan dəyməsini müəyyən edilmişdir. İş üzrə Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokola və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh1 xx.xx.2021-ci il tarixdə saat 03.30 radələrində “Ford Fusion” markalı, 90NT006 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərək Bakı şəhər İcra Hakimiyyətinin "xxxx" EŞM-nə maddi zərər yetirmişdir. Hadisə nəticəsində Cavabdeh1 AR İXM-nın 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. İş üzrə "xxxx" EŞM-nin TİŞ-nin rəisi Anar Sultanov tərəfindən verilmiş smetasının surətindən görünür ki, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində naməlum sürücünün idarə etdiyi “Ford” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurulmuş dirəyin bərpasına sərf olunan xərcləri: 1 ədəd H-9 m işıq dirəyi – 973 manat, 2 ədəd 250 vt projektor – 687 manat, cəmi 1660 manat təşkil etmişdir. Bakı şəhər İcra Hakimiyyətinin "xxxx" X7 tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, "xxxx" ASC-də sığortalı olan “Ford Fusion” minik markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobili, xx.xx.2021-ci il tarixdə Cavabdeh1 idarə edən zaman idarə etməni itirərək Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X3 məxsus işıq dirəyi zərərə uğrayaraq sıradan çıxmışdır. Hadisə nəticəsində müəssisəyə 1660 manat məbləğində maddi ziyan dəymişdir. Yol nəqliyyat hadisəsi ilə bağlı qəbul edilmiş, Bakı şəhər DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* saylı inzibati xəta haqqında protokol və xx.xx.2021-ci il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli şəxs “Ford Fusion” minik markalı, **-NT-***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 tanınmışdır. Qeyd edilən nəqliyyat vasitəsinin sahibliyinin mülki məsuliyyətinin icbari sığortasının "xxxx" ASC-də sığortalandığını nəzərə alaraq və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsini rəhbər tutaraq Sığorta ödənişinin ödənilməsi məqsədi ilə tərəflərdən Cəmiyyətə 2021-ci il tarixdə müraciət məktubu göndərilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə əsasən Sığorta ödənişinin verilməsi və ya ödənişdən imtina edilməsi müddəti bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Lakin sənədlərin sığortaçıya təqdim edildiyi tarixdən 2 il 4 ay vaxt keçməsinə baxmayaraq qeyd edilən hadisə üzrə müəssisəyə hər hansı bir məlumat verilməmiş və sığorta ödənişi ödənilməmişdir. Qeyd olunanlardan göründüyü kimi "xxxx" X7 dəymiş zərəri tələb etmək hüququna malikdir. Bu səbəbdən də mübahisənin məhkəmədən kənar yolla həll olunması üçün vurulmuş maddi ziyana görə 1660 manat məbləğində pul vəsaitinin 5 gün müddətində "xxxx" X2 bank hesabına köçürülməsini xahiş edilmişdir. Əks halda qeyd olunan vəsaitin və hər gecikmiş gün üçün hesablanmış dəbbə pulunun tutulması üçün aidiyyəti məhkəmə orqanına müraciət ödəyəcəklərini bildirmişlər. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh1 “Ford Fusion” minik markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X2 balansında olan işıq dirəyinə ziyan dəymişdir. Həmin hadisə nəticəsində Cavabdeh1 AR İXM-nın 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Cavabdeh1 idarə etdiyi **-NT-*** dövlət qeydiyyat nişanlı “Ford Fusion minik” markalı avtomobil ilə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə iddiaçıya məxsus 1 ədəd işıq dirəyini çırağı ilə birlikdə sıradan çıxararaq müəssisəyə 1660 manat məbləğində maddi ziyan vurmuşdur. Hadisə zamanı **-NT-*** dövlət qeydiyyat nişanlı “Ford Fusion minik” markalı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası Cavabdeh2 Sığorta Şirkəti ASC-də sığortalanmışdır. Hadisə nəticəsində zərər dəymiş işıq dirəyi dövlət mülkiyyətidir, istismarı və texniki xidmətinin təşkili məqsədi ilə əvəzsiz olaraq "xxxx" X2 balansına verilmişdir. Müəssisəsinə vurulmuş 1660 manat məbləğində maddi ziyan müştərək qaydada cavabdehlərdən tutularaq "xxxx" EŞM-nə ödənilməlidir. Bu səbəbdən iddiaçı "xxxx" X3 vurulmuş 1660 manat məbləğində maddi ziyanın müştərək qaydada cavabdehlər Cavabdeh2 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən və Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə hazırkı tələb üzrə Cavabdeh2 Sığorta Şirkəti ASC-nin cavabdehlik daşıması ilə bağlı iddiaçının dəlillərinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir (maddə 14.2.1) . Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə qeyd edir ki, müqavilə mülki hüquq və vəzifələrin yaranmasının hüquqi əsaslarından biridir. Əqd – mülki hüquq subyektinin mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönələn iradə ifadəsidir. Müqavilə əqdin əsas forması kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Göründüyü kimi, mülki hüquqların və vəzifələrin yaranmasında aparıcı rol oynayan müqavilələr və əqdlər mülki hüququn subyektlərinin iradəsinə əsaslanır. Yəni müqavilə mülki hüquq subyektlərinin iradəsinə əsaslanan hərəkətlərdən əmələ gəlir ki, bu hərəkətlər hüquqa uyğun olmalı və hüquqa zidd olmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Qanunun tələblərindən aydın olduğu kimi sığorta ödənişi vermək öhdəliyinin yaranması üçün tərəflər arasında sığorta müqaviləsi bağlanılmalıdır. Müqavilə öhdəliklərin əmələ gəlməsi əsasları arasında aparıcı yer tutur. Müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Mülki Məcəllədə müqavilə azadlığı prinsipi təsbit edilsə də, tərəflərin bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ normalara uyğun gəlməlidir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, hadisənin baş verdiyi xx.xx.2021-ci il tarixdə hadisəni törədən “Ford Fusion” minik markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh2 Sığorta Şirkəti ASC tərəfindən sığorta müqaviləsi bağlanılmamışdır. Hadisənin baş verdiyi xx.xx.2021-ci il tarixdə həmin avtomobil üzrə sığorta şirkəti ilə sığorta münasibətləri yaranmamışdır. Məhkəmə hesab edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı sığorta şirkətinin hər hansı öhdəliyi mövcud olmadığından, iddia tələbi Cavabdeh2 Sığorta Şirkəti ASC-yə qarşı olan hissədə təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokolla təsdiq edilmişdir ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli hesab olunaraq inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusu törətmiş Cavabdeh1 baş vermiş hadisədə təqsirli olması iş materiallarında olan sübutlarla tam təsdiq olunduğundan, iddiaçı hazırki tələblə ona qarşı iddia qaldırmaqda tam haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-ci maddəsinə (Mülki Hüquq pozuntuları (deliktlər) anlayışı) əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən Məcəllənin 1097-ci maddəsinə (mülki hüquq pozuntuları üçün məsüliyyətin əsasları) əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işguzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Qeyd edilən Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi yuxarıda göstərilən mülki qanunvericiliyin, həm də Konstitusiya Məhkəməsinin qərarında zərər vuranın üzərinə vurulmuş real ziyanın ödənilməsi öhdəliyi qoyula bilər. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında baş vermiş hadisə nəticəsində işıq dirəyinin yararsız vəziyyətə düşməsi səbəbilə dəymiş ziyanın 1660 manat olması müəyyən edildiyindən, həmin ziyanın ödənilməsinə məsul olan şəxs isə yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli olan nəqliyyat vasitəsini idarə edən Cavabdeh1 olduğundan, iddia tələbi Cavabdeh1 münasibətdə əsaslı hesab edilməli və təmin edilməlidir. AR MPM-nin 119.2-ci madəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” AR Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə qeyd edir ki, iddiaçı qaldırılan tələblə bağlı məhkəməyə müraciət etmək üçün dövlət rüsumunun ödəməkdən azad olduğu üçün və iddia tələbi Cavabdeh1 aid olan hissədə təmin olunduğu üçün, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 36,60 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 vurulmuş maddi ziyanın əvəzi kimi "xxxx" X2 xeyrinə 1660 (bir min altı yüz altmış) manat məbləğində pul tutulsun. Cavabdeh1 dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 36,60 (otuz altı manat, altmış qəpik) manat məbləğində pul tutulsun. İddia tələbi Cavabdeh2 Sığorta Şirkəti ASC-yə münasibətdə əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1609/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1609/2025
28.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver