Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1610/2025 30.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Sığorta Şirkəti ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" X3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Sığorta Şirkəti ASC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" X7 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Sığorta Şirkəti ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" X4 vurulmuş 1006 (bir min altı) manat məbləğində maddi ziyanın müştərək qaydada cavabdehlər Cavabdeh1 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən və Cavabdeh2 tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: Cavabdeh2 idarə etdiyi **-BF-*** dövlət qeydiyyat nişanlı “Vaz 21074” markalı avtomobil ilə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu,Zabrat- Maştağa yolunda yol nəqliyyat hadisəsi törətmiş və nəticədə Bakı Şəhər İşığı” X4 məxsus 1 ədəd işıq dirəyini çırağı ilə birlikdə sıradan çıxararaq müəssisəyə 1006.00 (bir min altı) manat məbləğində maddi ziyan vurmuşdur. Yol nəqliyyat hadisəsi ilə bağlı Sabunçu rayon DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* saylı İnzibati xəta haqqında protokola və TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli şəxs **-BF-*** dövlət qeydiyyat nişanlı “Vaz 21074” markalı avtomobilin sürüçüsü Cavabdeh2 tanınmışdır. Hadisə zamanı **-BF-*** dövlət qeydiyyat nişanlı “Vaz 21074” markalı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası, Cavabdeh1 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində sığortalanmışdır. Qeyd edirik ki, hadisə nəticəsində zərər dəymiş işıq dirəyi dövlət mülkiyyətidir, istismarı və texniki xidmətinin təşkili məqsədi ilə əvəzsiz olaraq "xxxx" X3 balansına verilmişdir. Aşağıda göstərilənlərə əsasən, iddiamızı qanuni və əsaslı sayaraq hesab edirik ki, müəssisəmizə vurulmuş 1006.00 (bir min altı) manat məbləğində maddi ziyan müştərək qaydada cavabdehlər Cavabdeh1 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən və Cavabdeh2 tutularaq "xxxx" X4 ödənilməlidir. Tərəfimizdən cavabdehlərə maddi ziyanın ödənilməsi üçün müraciət olunmuş lakin onlar üzərlərinə düşən öhdəliyi yerinə yetirməmişlər. Belə ki, sığorta ödənişinin ödənilməsi üçün Cavabdeh1 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə20 iyul 2023-cü il tarixli xəbərdarlıq məktu ilə rəsmi qaydada müraciət edilmişdir. Etirazın dəlilləri: aşağıdakılara əsasən hesab edirik ki, iddiaçının "xxxx" Sığorta Şirkətinə qarşı "sığorta ödənişinin verilməsinə dair" iddiası əsassız olduğu üçün təmin edilə bilməz. İddia ərizəsində qeyd edilir ki, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "Atəşgah” Sığorta Şirkətində sığorta olunan "VAZ 21074" markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin törətdiyi hadisə nəticəsində iddiaçıya məxsus işıq dirəyinə ziyan dəymişdir. 1.Yol-nəqliyyat hadisəsində zərərçəkən qismində müəyyən edilən iştirakçılara və zərər vurulan əmlaka dəyən zərər səlahiyyətli dövlət orqanı tərəfindən tərtib edilmiş arayışda (forma4) qeyd olunanlara əsasən müəyyən edilir və ödənilir. AR Mülki Məcəlləsinin 933.1.1, 933.1.2-ci maddəsinə əsasən, sığorta ödənişi dövlət orqanının hadisə ilə bağlı təqdim etdiyi sənəd və sığorta tələbi əsasında həyata keçirilir. Belə ki, sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərdən-sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış (forma 4) təqdim edilməlidir. "İcbari sığortalar haqqında" Qanunun 17.1.4-ci maddəsinə əsasən, Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlər siyahısında "sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış" göstərilmişdir. İddia ərizəsində Bakı Şəhər İşığı” EŞM-ə məxsus işıq dirəyinə zərər dəydiyi qeyd olunsa da, iş üzrə səlahiyyətli dövlət orqanı tərəfindən tərtib olunan arayış (forma4) mövcud olmadığına görə, iddiaçıya sığorta ödənişi verilə bilməz. Qeyd edilənlər onu təsdiq edir ki, həmin hadisə nəticəsində iddiaçıya məxsus işıq dirəyinə zərər dəyməmişdir. AR MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 2. Hadisədən sonra sığortaçı tərəfindən işıq dirəyinə dəymiş zərər qiymətləndirilmiş və hesabata əsasən müəyyən olunmuşdur ki, əmlakın təmir-bərpa xərcləri 200 manat təşkil edir. Lakin yuxarıda qeyd olunan səbəblərə görə sığorta ödənişinin verilməsi mümkün olmamışdır. AR Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Qeyd edilənlərdən məlum olur ki, cavabdeh "xxxx" Sığorta Şirkətinin sığorta hadisəsi nəticəsində dəymiş zərəri qiymətləndirmək hüququ qanunvericiliklə təsbit edilmişdir. Sığortaçı zərəri qiymətləndirmiş amma səlahiyyətli dövlət orqanının arayışı təqdim olunmadığına görə sığorta ödənişini həyata keçirə bilməmişdir. İddiaçı tərəfindən təqdim olunan "smetada" qeyd edilən məbləğ, sığorta şirkətinin iştirakı və razılığı olmadan, birtərəfli qaydada tərtib olunmuşdur. Zərərin təhlili və qüsurların müəyyən edilməsi "xxxx" Sığorta Şirkəti tərəfindən həyata keçirilməmiş, bu barədə qarşı tərəflə hər hansı razılaşdırılmış akt və ya ekspert rəyi də mövcud olmamışdır. İddiaçı tərəfindən təqdim olunmuş və iddia edilən zərəri 1006 manat məbləğində müəyyən edən "smeta" hüquqi baxımdan sübut kimi qəbul edilə bilməz. Bu, aşağıdakı səbəblərə əsaslanır: Aktı tərtib edən şəxslər mütəxəssis deyildirlər: Qüsur aktı hər hansı sığorta mütəxəssisi, texniki ekspert və ya müstəqil qiymətləndirici tərəfindən deyil, iddiaçı tərəfindən tərtib edilmiş və imzalanmışdır. Bu şəxslər əmlakın texniki xüsusiyyətlərini peşəkar qiymətləndirmək səlahiyyətinə malik deyildirlər. Akt hüquqi əhəmiyyət daşımır: Bildiyimiz kimi, qiymətləndirmə fəaliyyəti yalnız lisenziyalı, ixtisaslı ekspertlər və mütəxəssislər təqdim edə bilər. Təqdim edilən sənəddə belə bir status yoxdur. Sığorta şirkətinin iştirakı olmadan tərtib olunub: Qiymətləndirmə yalnız sığorta şirkətinin iştirakı və razılığı ilə aparıldıqda hüquqi nəticə doğura bilər. Təqdim edilən sənəd birtərəfli gaydada, birbaşa işdə maraqlı şəxs tərəfindən öz əmlakı barəsində hazırlanıb və sığortaçı ilə razılaşdırılmayıb. Sığorta şirkətinin müəyyən etdiyi məbləğ və iddiaçının tələb etdiyi məbləğ arasında əhəmiyyətli rəqəm fərqləri mövcuddur. Hesab edirik ki, hazırkı iddia ilə iddiaçı cavabdehdən əmlaka dəyən real zərər miqdarından artıq zərərin ödənilməsini tələb edir ki, bu da yolverilməzdir. İddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Sığorta Şirkəti ASC-nin nümayəndəsi X6 etirazı müdafiə edərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, forma 4 arayışı tərtib edildiyi halda səlahiyyətli orqan tərəfindən elektron sistemə daxil edilir və bununla bağlı əlavə olaraq sorğu edilməsinə ehtiyac qalmır. Hazırki işdə forma 4 arayışı təqdim edilmədiyinə görə hadisəni tam təfərrüatı ilə müəyyən etmək mümkün olmamışdır. Buna görə də iddiaya etiraz edirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinin ona aid hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - 09 sentyabr 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - 09 sentyabr 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. - İş materiallarında olan smetadan görünür ki, “Vaz 2107 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurulmuş dirəyin bərpasına sərf olunan xərclərin dəyəri 1006 manatdır. - Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 16 oktyabr 2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə Vaz 21074 markalı 33BF860 dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi Sabunçu RPİ DYPŞ-nin əməkdaşları tərəfindən qeydə alınmış və hadisədə günahkar olan sürücü Cavabdeh2 barəsində İXM-nin 327.1-ci maddəsinə əsasən İXP4176219 saylı inzibati protokol tərtib edilmişdir, lakin Azərbaycan Respublikası DİN-nin xx.xx.2015-ci il tarixli Q36-001-15 nömrəli qərarı ilə təsdiq edilmiş «Daxili İşlər Nazirliyi sistemində istifadə olunan sənədlərin saxlanma yeri və müddətləri haqqında» siyahının 8.17-ci bəndinin tələbinə əsasən icrası başa çatdırıldığı üçün baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı toplanmış material yandırılma yolu ilə məhv edildiyindən həmin hadisə barəsində toplanmış sənədləri sizə təqdim etmək mümkün deyil. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 idarə etdiyi **-BF- *** dövlət qeydiyyat nişanlı “Vaz 21074” markalı avtomobil ilə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Maştağa yolunda yol nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X4 məxsus 1 ədəd işıq dirəyini çırağı ilə birlikdə sıradan çıxararaq müəssisəyə 1006 (bir min altı) manat məbləğində maddi ziyan vurmuşdur. Yol nəqliyyat hadisəsi ilə bağlı qəbul edilmiş, Bakı şəhər DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* saylı inzibati xəta haqqında protokol və xx.xx.2021-ci il tarixli, TP-4588991 saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli şəxs “Vaz 21074” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 tanınmışdır. Hadisə zamanı **-BF-*** dövlət qeydiyyat nişanlı “Vaz 21074” markalı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası, Cavabdeh1 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində sığortalanmışdır. İddiaçı tərəf sığortalanmış avtomobilə baxış keçirildikdən sonra vurulmuş zərərin məbləğinin 1006 manat olmasını iddia edir, cavabdeh tərəfin təqdim etdiyi hesabatda dəymiş zərərin məbləği 200 AZN manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya məxsus olan əmlaka hadisə nəticəsində zərər vurulması, zərərin “Vaz 21074” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 tərəfindən vurulması və hadisə zamanı **-BF-*** dövlət qeydiyyat nişanlı “Vaz 21074” markalı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığorta ilə Cavabdeh1 ASC sığortalanması işin mübahisəsiz hallarıdır. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı sığorta ödənişinin ödənilməsini iddia edir, cavabdeh tərəf isə tələb olunan sənədlərdən hadisəni təsvir edən forma 4 arayışının olmamasını əsas gətirərək, həmçinin tələb edilən sığorta ödənişinin yüksək məbləğ olduğuna istinad edərək iddiaya etiraz edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. (922.2) -926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən, icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. - 15.2-ci maddəsinə əsasən, zərər dəymiş əmlakın təmiri və ya bərpası texniki və digər səbəblərdən mümkün olmadıqda, yaxud səmərəsiz olduqda, o, məhv olmuş hesab edilir. Əmlaka dəyən zərərin məbləği zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclərdən, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyərindən; zərəri azaltmaq məqsədi ilə binaların, qurğuların, avadanlığın sökülməsi və başqa yerə köçürülməsi ilə bağlı xərclərdən; zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclərdən; sığorta hadisəsi zamanı zərəri azaltmaq məqsədi ilə görülən tədbirlər nəticəsində əmələ gələn digər zərərlərdən ibarətdir. (Qanun 15.3) - 17.1. İcbari sığorta ödənişi bu maddədə nəzərdə tutulmuş digər sənədlərlə yanaşı, (17.1.4) bu Qanunun Xüsusi bölməsində ayrı qayda nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış (o cümlədən elektron formada) əsasında həyata keçirilir. - 17.4. Sığortaçı bu Qanunun 17.1.4-cü maddəsində nəzərdə tutulmuş arayışı almaq üçün səlahiyyətli orqana dərhal sorğu verməlidir. Səlahiyyətli orqan bu sorğuya əsasən sığorta hadisəsi ilə əlaqədar tələb olunan, yayılması “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmayan istənilən məlumatı sorğunun daxil olduğu tarixdən etibarən 10 gün müddətində təqdim etməlidirlər. Göründüyü kimi qanunvericilikdə, sığorta hadisəsi baş verdiyi halda dəymiş zərərin kompensasiya edilməsi üçün sığortaçı tərəfindən sığorta ödənişinin verilməsi müəyyən edilmişdir. Həmçinin, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 17.4-cü maddəsinin tələbindən görünür ki, sığortaçı bu Qanunun 17.1.4-cü maddəsində nəzərdə tutulmuş arayışı almaq üçün səlahiyyətli orqana dərhal sorğu verməlidir. Səlahiyyətli orqan bu sorğuya əsasən sığorta hadisəsi ilə əlaqədar tələb olunan, yayılması “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmayan istənilən məlumatı sorğunun daxil olduğu tarixdən etibarən 10 gün müddətində təqdim etməlidirlər. Cavabdeh tərəf forma 4 arayışının təqdim edilməməsini əsas gətirərək iddiaya etiraz etsə də, məhkəmə etirazın bununla bağlı dəlillərini əsassız hesab edir. Belə ki, cavabdeh Qanunun tələbinə əsasən həmin arayışı almaq üçün səlahiyyətli orqana dərhal sorğu verməli olduğu halda, belə bir sorğu ilə müraciət etməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Bu mövqeyini isə arayışın səlahiyyətli orqan tərəfindən elektron sistemə daxil edilməsi, əlavə olaraq sorğu göndərilməsinə zərurət olmaması ilə əsaslandırmışdır. Məhkəmə onu da qeyd edir ki, Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 16 oktyabr 2025-ci il tarixli məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə Vaz 21074 markalı 33BF860 dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi Sabunçu RPİ DYPŞ-nin əməkdaşları tərəfindən qeydə alınmış və hadisədə günahkar olan sürücü Cavabdeh2 barəsində İXM-nin 327.1-ci maddəsinə əsasən İXP4176219 saylı inzibati protokol tərtib edilmişdir, lakin Azərbaycan Respublikası DİN-nin xx.xx.2015-ci il tarixli Q36-001-15 nömrəli qərarı ilə təsdiq edilmiş «Daxili İşlər Nazirliyi sistemində istifadə olunan sənədlərin saxlanma yeri və müddətləri haqqında» siyahının 8.17-ci bəndinin tələbinə əsasən icrası başa çatdırıldığı üçün baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı toplanmış material yandırılma yolu ilə məhv edildiyindən həmin hadisə barəsində toplanmış sənədləri sizə təqdim etmək mümkün deyil. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İş materiallarında olan smetadan görünür ki, “Vaz 21074” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurulmuş dirəyin bərpasına sərf olunan xərclərin dəyəri 1006 manatdır. Göstərilənlərə əsasən və qanunvericiliyin tələblərini də nəzərə alaraq məhkəmə hesab edir ki, 1006 (bir min altı) manat məbləğində sığorta ödənişi Cavabdeh1 Sığorta Şirkəti ASC-dən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə, iddianın “ödənişin Cavabdeh2 da tutulması”-hissəsini əsaslı hesab etmir. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Cavabdeh2 sürücüsü olduğu **-BF-*** dövlət qeydiyyat nişanlı “Vaz 21074” markalı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığorta ilə Cavabdeh1 ASC sığortalanmış və hazırki qətnamə ilə sığorta ödənişinin sığorta şirkətindən tutulması qənaətinə gəlinmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 1006 (bir min altı) manat məbləğində pul vəsaiti Cavabdeh1 Sığorta Şirkəti ASC-dən tutularaq iddiaçı "xxxx" X4 ödənilməli, 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh1 Sığorta Şirkəti ASC-dən tutularaq dövlət büdcəsinə köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1006 (bir min altı) manat məbləğində pul vəsaiti Cavabdeh1 Sığorta Şirkəti ASC-dən tutularaq iddiaçı "xxxx" X4 ödənilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh1 Sığorta Şirkəti ASC-dən tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1610/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1610/2025
30.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver