Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1629/2024 15.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “icarə müqaviləsinə xitam verilməsi, ödənilməmiş icarə haqqının ödənilməsi və qeyri-yaşayış sahəsinin boşaldılıb təhvil verilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “icarə müqaviləsinə xitam verilməsi, ödənilməmiş icarə haqqının ödənilməsi və qeyri-yaşayış sahəsinin boşaldılıb təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə (VÖEN: **********) ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2021-ci ildə imzalanmış 3M-337 reyestr №-li icarə müqaviləsinə xitam verilməsi, qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi, ödənilməmiş 180.000 AZN icarə haqqı, icarə haqqının gecikdirilməsi üçün hesablanmış 311.000 AZN cərimə, müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirmədiyi üçün müqavilənin ləğv edildiyi üçün 30.000 AZN cərimə olmaqla ümumilikdə 521.000 AZN-nin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən xx.xx.2019-cu ildə verilmiş **********779-06301 reyestr, ********** qeydiyyat №-li Hüquqların Dövlət qeydiyyatı yanında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. İddiaçı ilə cavabdeh arasında qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixində icarə müqaviləsi imzalanmışdır. Cavabdeh tərəfindən qeyri-yaşayış sahəsinin açıq terası konstruksiya ilə qapadılmışdır. Bununla da qeyriyaşayış sahəsinin konstruksiyasında və vizual görüntüsündə dəyişiklik edərək müqavilə şərtlərini pozmuşdur. Həmçinin qeyri-yaşayış sahəsinin qarşısında qeyri-qanuni olaraq yüngül konstruksiyadan özbaşına artırmalar aparılmışdır. Həmin artırmalar müvafiq qurumların göstərişi əsasında sökülmüşdür. Daha sonra cavabdeh tərəfindən yenə də qanunsuz özbaşına artırmalar aparılmış və yenidən sökülmüşdür. Bu barədə sosial şəbəkələrdə çoxlu xəbər və məlumatlar paylaşılmışdır. Cavabdehin qanunsuz əməlləri nəticəsində qeyri-yaşayış sahəsi barəsində cəmiyyətdə mənfi fikir formalaşmışdır. İcarə müqaviləsinin 6.1.3-cü maddəsinə əsasən icarəçinin hərəkəti (hərəkətsizliyi) nəticəsinda icarə obyektinə zərər olduqda və bu zərər icarəçi tərəfindən icarəyə verənin müəyyən etdiyi müddətdə aradan qaldırılmadıqda icarə müqaviləsinə xitam verilə bilər. Bundan əlavə olaraq icarə müqaviləsinin 3.1-ci maddəsinə əsasən aylıq icarə haqqı bütün tətbiq oluna bilən vergilər xaric (əmlak vergisi, torpaq vergisi və s.) eləcə də kommunal xidmət haqqları xaric (su, kanalizasiya, qaz, işıq, internet və s. ödənişləri) 15.000 AZN müəyyən edilmişdir. Cavabdeh tərəfindən 1 illik icarə haqqı yəni ümumilikdə 180.000 AZN icarə haqqı verilməmişdir. İcarə müqaviləsinin 5.3-cü maddəsinə əsasən icarəçi razılaşdırılmış icarə haqqını vaxtında ödəmədikdə gecikdirilmiş hər gün üçün verilməmiş məbləğin 1 faizi miqdarında cərimə ödəyəcəkdir. Cavabdeh tərəfindən 1 ildən çox icarə haqqını ödəmədiyi üçün 311 AZN cərimə borcu vardır. Həmçinin icarə müqaviləsinin 6.4-cü maddəsinə əsasən müqavilənin 6.1.1-6.1.3-cü bəndindən nəzərdə tutulmuş qaydada xitam verildikdə, icarəçi ödənilməmiş icarə haqqını, vurulmuş zərərdən əlavə olaraq 2 (aylıq) icarə haqqı mislində məbləği cərimə olaraq icarə verilməsinə xitam verildikdən sonra 10 gündən gec olmayaraq, icarəyə verənə ödəməlidir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil2 cavabdeh şirkətlə iddiaçı arasında barışıq üçün müzakirələr aparıldığını, tələb edilən icarə haqqını məbləğini tam olaraq cavabdeh tərəfin hazırda ödəyə biləcəyini, lakin cərimə məbləğinin şişirdilmiş məbləğ olduğunu bildirərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - X1 görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 256.60 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir. - İddiaçı ilə "xxxx" MMC-nin adından X2 arasında Bakı şəhəri 12 saylı Notariat Ofisində bağlanmış 09 fevral 2022-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən (İddiaçı) mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsində yerləşən ümumi sahəsi 256.60 kvadrat metr olan qeyri-yaşayış sahəsini 10 (on) il müddətinə icarəçinin ("xxxx" MMC-nin) istifadəsinə verməyi, icarəçi isə bunun qarşılığında Müqavilə ilə müəyyən edilmiş icarə haqqını və depozit ödəməyi öhdəsinə götürmüşdür. - Həmin müqavilənin 3.1-ci bəndinə əsasən aylıq icarə haqqı bütün tətbiq oluna bilən vergilər xaric (əmlak vergisi, torpaq vergisi və s.) eləcə də kommunal xidmət haqqları xaric (su, kanalizasiya, qaz, işıq, internet və s. ödənişləri) 15000.00 (on beş min) AZN təyin edilir. - Həmin müqavilənin 5.3-cü bəndinə əsasən icarəçi razılaşdırılmış icarə haqqını vaxtında ödəmədikdə gecikdirilmiş hər gün üçün ödənilməmiş məbləğin 1 (bir) faizi miqdarında cərimə ödəyəcəkdir. Cərimənin ödənilməsi icarəçini müqavilə üzrə öhdəliklərinin icrasından azad etmir. - Həmin müqavilənin 6.4-cü bəndinə əsasən müqaviləyə 6.1.1-6.1.3-cü bənddə nəzərdə tutulmuş qaydada xitam verildikdə, icarəçi ödənilməmiş icarə haqqını, vurulmuş zərərdən əlavə olaraq 2 (iki) aylıq icarə haqqı mislində məbləği cərimə olaraq icarə müqaviləsinə xitam verildikdən 10 (on) gündən gec olmayaraq icarəyə verən ödəməlidir. Əsaslandırıcı hissə: İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, 09 fevral 2022-ci il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsində yerləşən ümumi sahəsi 256.60 kvadrat metr olan qeyri-yaşayış sahəsi 10 il müddətinə İddiaçı tərəfindən "xxxx" MMC-yə icarəyə verilmişdir. Həmin icarə müqaviləsinə əsasən cavabdeh "xxxx" MMC-nin 180.000 manat icarə haqqı borcu yaranmışdır. Bundan başqa, qeyri-yaşayış sahədə və vizual görüntüsündə icarəçi dəyişiklik etmişdir. İcarə haqqı məbləği cavabdeh tərəfindən məhkəmə araşdırması zamanı mübahisələndirilməmiş, əksinə icarə haqqının tam olaraq iddiaçıya ödənilə biləcəyi bildirilmişdir. İşin materiallarından görünür ki, "xxxx" MMC tərəfindən icarə müqaviləsi üzrə öhdəliklərin icrasının mütəmadi olaraq yerinə yetirilməməsi və icarə haqlarının müqavilə ilə müəyyən edilmiş müddətlərdə ödənilməməsinə görə iddiaçı icarə müqaviləsinin şərtlərinə əsasən etiraf edilmiş "xxxx" MMC-nin 1 il üzrə icarə haqqından 180000 manat borcu, cəmi 341000 də cərimə daxil olmaqla 521000 manatın cavabdehdən tutulmasını iddia etmişdir. Cavabdehin nümayəndəsi və vəkili izahatında şirkətin yaranmış borcdan imtina etmədiyini və həmin borcu tam həcmdə ödəməyə hazır olduqlarını, lakin cərimə məbləğinin şişirdilməsini bildirmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. - 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 6.1 və 6.1.2-ci bəndinə əsasən icarəçi ardıcıl olaraq 1 ay ərzində icarə haqqını tam ödəmədikdə müqavilə ləğv edilə bilər. İddia tələbində iddiaçı icarə müqaviləsinə xitam verilməsini xahiş edir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, “Nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir. Göründüyü kimi, müqavilənin ləğv edilməsi xitam anlayışı ilə əhatə olduğu halda, müqavilənin xitam edilməsi heç də hər zaman onun ləğv edilməsi anlamına gəlmir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları adlanan 421-ci maddəsi yalnız müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) hallarını nəzərdə tutmur. Belə ki, Mülki Məcəllənin 421.1-ci maddəsi ləğvetmə ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur. Məcəllənin 423.1-ci maddəsi isə məhz bu məqsədlə bağlanan müqavilənin (razılaşmanın) formasına aid məsələni tənzimləyir. Həmin maddəyə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Vurğulanmalıdır ki, göstərilən maddədə “müqavilənin ləğv edilməsi haqqında razılaşma” ifadəsindən istifadə olunsa da, burada məhz tərəflərin qarşılıqlı razılaşması yolu ilə müqavilə münasibətlərinə xitam verilməsi nəzərdə tutulmuşdur. Halbuki, yuxarıda qeyd edildiyi kimi, “ləğv etmə” dedikdə əqdə əsaslanan münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, tərəflərdən birinin birtərəfli iradə ifadəsi ilə aradan qaldırması imkanı başa düşülür. Müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: - digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (məsələn, Mülki Məcəllənin 719.7-ci maddəsində müəyyən edildiyi kimi); - Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda (məsələn, Mülki Məcəllənin 786.1-ci maddəsində göstərilən hal). Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.” Göründüyü kimi “Ləğvetmə” xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir. Məhkəmə icarə haqqının ödənilmədiyi vaxtı və müqavilənin şərtlərini, eləcə də Plenum Qərarında göstərilən mövqeni nəzərə alaraq hesab edir ki, cavabdeh müqavilə şərtlərini pozduğuna görə İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 09 fevral 2022-ci il tarixli icarə müqaviləsi ləğv edilməklə müqaviləyə xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh tərəf ilə bağlanmış icarə müqaviləsinə xitam verildiyindən "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 256.60 kv.m olan qeyriyaşayış sahəsində qalmasına heç bir hüquqi əsas olmadığı üçün qeyri-yaşayış sahəsi onun tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməlidir. Məhkəmə, işin araşdırılmış hallarını və cavabdeh tərəfin şirkətin yaranmış icarə haqqı borcunun ödənilməsindən imtina etməməsinə dair izahatını nəzərə alaraq, sadalanan mülki qanunvericilik normalarının tələbləri əsasında bu nəticəyə gəlir ki, cavabdeh tərəf iddiaçı qarşısında müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün icarə haqqı olan 180.000 (bir yüz səksən min) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia ərizəsinin “ümumilikdə 341.000 manat məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, icarə müqaviləsindən irəli gələn 180.000 manat borcunun müəyyən olunduğunu nəzərə alaraq, icarəçinin ödənişi gecikdirməsinə görə hesablanmış 311000 manat və müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirmədiyindən müqavilənin ləğv edilməsinə görə hesablanmış cəmi 30.000 manat cərimə (dəbbə) məbləğini tənasübsüz hesab edir və həmin dəbbə pulunun azaldılaraq müvafiq olaraq 2500 və 500 manat məbləğində, ümumilikdə isə 3000 (üç min) manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Məhkəmə, müqavilənin 5.3 və 6.4-cü bəndlərini nəzərə alaraq, 3000 manat cərimənin cavabdehdən iddiaçının xeyrinə tutulmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 09 fevral 2022-ci il tarixli icarə müqaviləsinə ləğv edilməklə xitam verilməli, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 256.60 kv.m olan qeyri-yaşayış sahəsi cavabdeh "xxxx" MMC tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməli, cavabdeh "xxxx" MMC-dən 180.000 (bir yüz səksən min) manat məbləğində icarə haqqı, həmçinin 3000 (üç min) manat cərimə və ödənilmiş dövlət rüsumunun 473 (dörd yüz yetmiş üç) manat hissəsi tutularaq İddiaçı verilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 09 fevral 2022-ci il tarixli icarə müqaviləsinə xitam verilsin. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 256.60 kv.m olan qeyri-yaşayış sahəsi cavabdeh "xxxx" MMC tərəfindən boşaldılaraq İddiaçı təhvil verilsin. Cavabdeh "xxxx" MMC-dən 180.000 (bir yüz səksən min) manat məbləğində icarə haqqı, həmçinin 3000 (üç min) manat cərimə və ödənilmiş dövlət rüsumunun 473 (dörd yüz yetmiş üç) manat hissəsi tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1629/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1629/2024
15.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver