Məhkəmə qərarları › İş №e-2(009)-163/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-163/2022

08.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-163/2022 08.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Maraqlı şəxs iştirakları ilə, İddiaçı Cavabdeh2 qarşı (Maraqlı şəxs və Cavabdeh1 MTK maraqlı şəxs kimi göstərilməklə) “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı 01.11.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, Cavabdeh1 MTK-ya qarşı (Maraqlı şəxs qeyd edilməklə) ünvan 1 ünvanda yerləşən binanın 1-ci girişi 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 196.1 kv.m olan 4 otaqlı mənzilə payçı olaraq qəbul olunmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 29.11.2021-ci il tarixdə dəqiqləşmə ərizəsi verərək Cavabdeh2 ödədiyi 90000 manat beh məbləğinə 2 qat, yəni 180000 manat, ödədiyi 60.000 manat və dəymiş zərərə görə 16000 manat, cəmi 256000 manat pulun Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 07.09.2019-cu il tarixdə payçı Maraqlı şəxs şəxsiyyət vəsiqəsi seriya № AZE ********* olan ünvan 2 ünvanda yerləşən binanın 1-ci girişi 16-ci mərtəbəsində yerləşən ümumi sahəsi 196.1 kv.m olan 4 otaqlı mənzilin pulunu ödədikdən sonra Cavabdeh1 MTK-nin direktoru X7 ilə alğı-satqı müqaviləsi bağlanmışdır. 07 sentyabr 2019-cu il tarixdə Maraqlı şəxs maliyyə arayışı da vermişdir. Tam mənzilin pay haqqı 196100 (yüz doxsan altı min yüz) manat Cavabdeh1nə ödəmişdir. Cavabdeh1nə Maraqlı şəxs heç bir borcu olmadığı qeyd olunmuşdur. 02 oktyabrda ünvan 2 ünvanda yerləşən binanın 1-ci girişinin 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 196.1 kv.m olan 4 otaqlı mənzilə və Bakı şəhəri Memar Əcəmi metrosu yaxınlığında olan 149.8 kv.m sahəsi olan 4 otaqlı mənzilə sahib olan dələduzluq cinayəti ilə həbsdədir. Ancaq ünvan 2 ünvanda yerləşən binanın 1-ci girişinin 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 196.1 kv.m olan 4 otaqlı mənzili bəyəndikləri üçün 90.000 (doxsan min) manat NEW EUROPE ********** №-li olan şirkətin adından xüsusi ilə təhlükəli resediv olan Cavabdeh2 ilə beh müqaviləsi bağlamışlar. Bir neçə gündən sonra Cavabdeh2 Cavabdeh1nə ödəyəcəyini bildirərək 60000 (altmış min) manat da tələb edib onu da almışdır. Cavabdeh2 13 mart 2021-ci ildə Bakı şəhəri Nizami rayonu Böyük Şor qəsəbəsi 23 ünvanında yerləşən 6 saylı cəza çəkmə müəssəsinə çağıraraq həmin tarixdə etibarnaməni aşağıdakı məzmunda heç bir basqı olmadan vermişdir. 1977-ci il təvəllüdlü Cavabdeh2 şəxsiyyət vəsiqəsi seriya AA ******* olan şəxs bu etibarnaməni verir ondan ötəri ki, 9 mart 2021-ci il tarixdə 18 saylı notariat ofisi tərəfindən onun adına verilmiş 7E-4639 reyestr nömrəli etibarnamə üzrə səlahiyyətlərindən istifadə edərək həmin etibarnamədə göstərilmiş MARS-A MTK-ya məxsus olan Bakı şəhərində yerləşən 196 kv.m olan 4 otaqlı mənzili özəlləşdirməyi, Bakı şəhəri İcra hakimiyyətində, Səbail rayonu İcra hakimiyyətindən vergi orqanlarında və digər aidiyyəti orqanlarda onu təmsil etməyi sənədləri toplamağı, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti idarələrinə təqdim edib, çıxarış almağı, sərancam verməyi 1 saylı formada arayış almağı o, cümlədən gələcəkdə əmlakı satmağı, bağışlamağı İpotekaya qoymağı dəyişməyi bu işlə bağlı bank əməliyyatları aparmağı müqavilə bağlamağı, pulu almağı və tapşırığın yerinə yetirilməsi ilə bağlı bütün hüququ hərəkətlərin icrasını 1977-ci il təvəllüdlü X2 şəxsiyyət vəsiqəsi AZE № 09769626 olan şəxsə etibar edir. Yuxarıda verilmiş etibarnamə onu göstərir ki, könüllü olaraq ondan aldığı 150000 (yüz əlli min) manata görə Bakı şəhəri Badamdar qəsəbəsi A.Abbaszadə küçəsində yerləşən 17 saylı binanın birinci girişində 16-cı mərtəbəsində yerləşən 196.1 kv.m ümumi sahəsi olan 4 otaqlı mənzili kürəkəni və əmisi oğlu X2 ona görə etibar etmişdir ki, çünki o özü-özünə verilmiş etibarnamə ilə adına keçirə bilməzdi. Cavabdeh2, Cavabdeh1 MTK-nın direktoru X7 və Maraqlı şəxs əlbir olaraq ona məxsus olan mənzili mənimsəməyə çalışıblar. Hesab edir ki, Bakı şəhəri Badamdar qəsəbəsi A.Abbaszadə küçəsində yerləşən 17 saylı binanın birinci girişində 16-cı mərtəbəsində yerləşən 196.1 kv.m ümumi sahəsi olan 4 otaqlı mənzil məhkəmə yolu ilə pulunu ödəyərək almış şəxsə qaytarılması zəruridir. Cavabdeh2 vəkili və nümayəndəsi məhkəməyə iddia ərizəsində dəqiqləşdirmə apararaq iddia yazmışdır ki, Bakı şəhəri Badamdar qəsəbəsi A.Abbaszadə küçəsində yerləşən 17 saylı binanın birinci girişində 16-cı mərtəbəsində yerləşən 196.1 kv.m ümumi sahəsi olan 4 otaqlı mənzilin hərracdan sataraq pulunu ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, 02 oktyabr 2019-cu ildə beh olaraq aldığı 90000 (doxsan min) manat və daha sonra aldığı 60.000 (altmış min) manat iş materialları ilə sübut olunur. Məhkəmənin 17 yanvar 2022-ci il tarixli iclasında Cavabdeh1 cavabdeh sırasından çıxarılaraq maraqlı şəxs kimi cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X6 iddia ərizəsinə uyğun izahat verərək, beh olaraq ödənilmiş 90000 manatın iki mislinin, əlavə ödənilmiş 60000 manatın və məhkəməyə müraciət etmək üçün çəkilən xərclərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahat verərək bildirmişdir ki, Ramil adlı şəxs onun obyektini, yəni restoranını almaq istəyirdi. Danışıb, ona deyib ki, onun adına iki dənə ev verəcək və 300000 də pul verəcək. Vaxtı gəlib çatdıqda düzdür, adına ev yazıldı, lakin, heç bir məbləğ ona verilməmişdi. O da əgər pul vermirsə evi qaytaracağını ona demişdir. Daha sonra Ramili çağırıb, bir yerdə Cavabdeh1 MTK-ya getmişlər. Sənədləri təqdim edib, işinin alınmadığını, onsuz evə heç bir pul ödəmədiyini, sadəcə adına rəsmiləşdirildiyini bildirmişdir. Ramil özü imtina ərizəsini yazmışdır, o da qol çəkmişdir. Sənədləri onlara verib çıxıb getmişdir. Onun heç nədən xəbəri yoxdur. Üstündən bir neçə il keçdikdən sonra onun oğlu onunla əlaqə saxlayaraq, onların öz aralarında razılaşdığını bildirmiş, o vaxtı atasının evi onun adına rəsmiləşdirdiyindən etibarnamə verməsi lazım olduğunu ona demişdir. O da etibarnamə vermişdir. Ondan sonra heç nədən xəbəri olmamışdır. Məhkəmə iclasında şahid X4 izahat verərək bildirmişdir ki, İddiaçı məxsus 3-cü mikrorayonda yerləşən evi o satmışdır. Ona müraciət edərək 3 otaqlı mənzilini 4 otaqlı ilə dəyişmək istədiyini demişdir. Euromedin arxasında yerləşən binada 3-cü mərtəbədə 4 otaqlı mənzil tapıb onlara göstərmişlər. Axşam saat 8-də Məkan restoranında görüş təyin etmişlər ki, evin qiyməti barədə razılaşsınlar. 150000 manata razılaşmışlar. Evin sənədi müqavilə ilə idi. Dedilər ki, adınıza da keçiriləcəkdir. Məhkəmə iclasında şahid X5 izahat verərək bildirmişdir ki, İddiaçı onun həm qaynanası, həm də, əmisi qızıdır. Əslində evi o almaq istəmişdir, sadəcə Təranə xanımın adına almaq istəmişdir. Maklerə gəlib demişdir ki, ev almaq istəyir. Sonra makler zəng edib ki, Memar Əcəmi metrosu yaxınlığında, Euromedin arxasındaki binada ev var. O da gedib baxmaq lazım olduğunu demişdir. Gəlib makleri götürüb, getmişdir. Ramilin oğlu gəlib, qapını açıb evi onlara göstərmişdir. Sonradan Məkan restoranında görüşüb qiymət barədə danışıb 150000 manata razılaşmışlar. O qaynanası və yoldaşı ilə gəlib evə baxdıqdan sonra Ramil ona beh verməli olduğunu demişdir. 90000 manat beh vermişdir. İmza çəkib müqavilə bağlamışdır. Pulun qalan hissəsini ödədikdən sonra sənədləşmə işlərini aparacağını demişdir. Bir neçə gün keçdikdən sonra ona zəng edərək pulun qalan hissəsini ondan istəmişdir. Görüşən zaman, sənədləri tələb etdikdə, pula ehtiyacı olduğunu, axşam isə sənədləri verəcəyini demişdir. Sonra nə qədər əlaqə yaratmağa çalışsa da zənglərə cavab verməmişdir. Daha sonra həmin Məkan Restoranına çağırmışdır. O həmin yerə getdikdə, ya sənədləri təqdim etməli olduğunu, ya da onun pulunu qaytarmalı olduğunu ona bildirmişdir. Başqa evin sənədlərini gətizdirib ona təqdim etmişdir. O bu sənədlərin başqa evə aid olduğunu dedikdə, narahat olmamasını, ehtiyac olsa ona etibarnamə verəcəyini demişdir. Sonra yenə bir müddət yubatmışdı. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili X1 izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 02 oktyabr 2019-cu il tarixli beh müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh2 Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən 149.8 kv.m sahəsi olan 4 otaqlı mənzil üçün 90000 manat verməsinə dair “NEW EUROPE” şirkətində beh müqaviləsi bağlanmışdır. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlar əsasında müəyyən olundu ki, tərəflər arasında beh müqaviləsi bağlanılmaqla, İddiaçı Cavabdeh2 90000 manat beh verdiyini cavabdeh öz imzası ilə təsdiq etmiş, cavabdeh müqaviləni icra etmədiyi üçün məsuliyyət daşıyır. Odur ki, Cavabdeh2 Sahil oğlu müqaviləni icra etmədiyi məsuliyyət daşıdığından İddiaçı behin iki mislini, yəni 180.000 manat ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin Məcəllənin 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Həmin Məcəllənin 492.1-ci maddəsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Həmin Məcəllənin 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Məhkəmə 60000 manatın tutulması hissəsində iddianı əsassız hesab edərək, həmin hissədə iddiaçı tərəfindən sübutlar təqdim olunmadığından, iddianın təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə qeyd edir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Zərərin əvəzinin ödənilməsinin mütləqlik xarakteri şəxsiyyət və mülkiyyət toxunulmazlığı haqqında Konstitusiya müddəalarına əsaslanır. Şəxsiyyət və mülkiyyət toxunulmazlığı hüquqlarını pozan hər cür hərəkətin qarşısı qətiyyətlə alınmalı və onun nəticəsində dəymiş zərərin əvəzi mütləq ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir. Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulduğu kimi hüququ pozulmuş şəxsə dəyən zərərin tərkibinə həm onun faktiki itkiləri, həm də əldən çıxmış faydası daxildir. Real zərər adlanan faktiki itkilərə zərər çəkmiş şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnəmsi aiddir. Əldən çıxmış fayda dedikdə şəxsin hüququ pozulmayacağı halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlərdən məhrum olması anlaşılır. Göründüyü kimi qanunvericilik real zərərə görə hər şeydən əvvəl şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcləri aid edir. Məhkəmə eyni zamanda qeyd edir ki, mülki hüquq baxımından ziyan şəxsiyyətin və mülkiyyətin toxunulmazlığı prinsipinin pozulması nəticəsində onların sabitliyini pozur, bütövlüklərnə xələl gətirir, öz təyinatları üzrə yararlılıqlarına maneçilik yaradır, iqtisadisosial və mənəvi dəyərlərini azaldır. Buna görə də mülki hüquq ziyanın iki növünü: əmlak ziyanı və mənəvi ziyanı fərqləndirir. Əmlak ziyanı əmlak itkiləri formasında baş verir. Buraya şəxsin öz əmlakından məhrum olması, onun zədələnməsi, əldə edəcəyi gəlirlərdən məhrum olması və onun üçün digər əlverişsiz əmlak nəticələrinin yaranması və s. daxildir. Yuxarıda göstərildiyi kimi, ziyan naturada bərap edilə bilər, ya da pulla əvəz edilə bilər. Əmlak itkiləri mülki hüquqda zərər adlandırılır. Beləliklə, zərər öz növbəsində ziyanın nəticələrinin pulla dəyərləndirilməsidir. Mülki qanunvericiliyin tənzimlədiyi münasibətlərin əsas hissəsinə əmlak münasibətləri təşkil etdiyindən, mülki-hüquqi məsuliyyətdə əsasən əmlak xarakteri daşıyır. Zərərin əvəzinin ödənilməsi də məhz əmlak xarakterli mülki hüquq sanksiyasıdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən beh müqaviləsi üzrə öhdəliklərin pozulması nəticəsində iddiaçıya maddi ziyan vurulması təsdiq olunduğundan, həmin hissədə tələb qismən əsaslı hesab edilərək 5000 manat məbləğində müəyyən edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 beh məbləğinin əvəzi kimi 180.000 manat, 5000 manat dəymiş ziyan və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 300 manatı tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 546 manat dövlət rüsumunun 300 manatı cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 beh məbləğinin əvəzi kimi 180.000 manat, 5000 manat dəymiş ziyan və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 300 manatı tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar