Məhkəmə qərarları › İş №e-2(009)-1651/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1651/2024

25.07.2024 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1651/2024 25.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, Kreditor Borclu alimentin tutulması tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor məhkəməyə ərizə ilə müraciət edərək Borclu birgə nikahdan doğulmuş olan 18 yanvar 2008-ci il təvəllüdlü X1 və 25 dekabr 2009-cu il təvəllüdlü X2 adlı uşaqların onun yanında və himayəsində saxlanılması üçün cavabdehin qazancın (başqa gəlirlərin) üçdə bir hissəsinin cavabdehdən tutularaq ona uşaqların saxlanması üçün aliment kimi ödənilməsinə və habelə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadığından, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olduğundan, qazancın (gəlirin) bir hissəsini həmin valideyn xarici valyuta ilə aldığından maaşının həm də hər uşağa 235 manat olmaqla , iki uşağa birlikdə 470 manat kimi təyin olunmasına və tutulan alimentin oba ödənilməsinə dair məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizəni yoxlayaraq hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 275-ci maddəsinə əsasən, müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.4-cü maddəsinə əsasən, tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə məhkəmə əmri verilə bilər. Ərizənin məzmunundan görünür ki, iddiaçı birgə nikahdan doğulmuş uşaqların saxlanması üçün alimentin tutulmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 101.1-ci maddəsinə əsasən məhkəmənin aliment tutulması barədə çıxardığı qətnamə qanuni qüvvəyə minənədək (uşaqlar üçün aliment tutularkən məhkəmənin aliment tutulması barədə qətnaməsi çıxarılanadək) məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada alimentin müvəqqəti tutulmasını qət edə bilər. Azərbaycan Respublikası MPM-nin 157.1 və 157.2-ci maddələrinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.3 və 157.4-cü maddələrinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. İddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Göründüyü kimi Kreditor müvəqqəti alimentin tutulması ilə bağlı müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etməli olduğu halda elektron kabinet vasitəsilə məhkəmə əmri haqqında ərizə ilə müraciət etmişdir. Halbuki hazırki ərizə müvəqqəti təminat tədbiri barədə ərizə qaydasında verilməli idi. Odur ki, Kreditor Borclu alimentin tutulması tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 108, 152, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Kreditor Borclu alimentin tutulması tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar