Məhkəmə qərarları › İş №e-2(009)-1655/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1655/2020

05.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1655/2020 05.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf idarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə və "Cavabdeh2" MMC-yə qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf idarəsinə və "Cavabdeh2" MMC-yə qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC-nin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş 40894 (qırx min səkkiz yüz doxsan dörd) manat maddi və 10000 (on min) manat mənəvi ziyanın, cəmi 50894 (əlli min səkkiz yüz doxsan dörd) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2 MMC-dən və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla “xxxx” MMC arasında bağlanmış xx xxx 2008-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri Salyan şossesi ilə Ə.Yaqubov küçəsinin kəsişməsində yerləşən 2 saylı binanın 8 saylı mənzilini o, 43300 manata almış, həmin mənzilin dəyəri tam ödənildikdən sonra, mənzil onun qanuni istifadəsinə və sərəncamına verilmişdir. Həmin mənzil 5-ci mərtəbədən və mansard mərtəbəsindən ibarət olmuşdur. Mənzil ona təmirsiz verilmiş, o, mənzili təhvil aldıqdan sonra təmir etmiş, mansard mərtəbəsinin dam örtüyünü təzələmiş, mənzilin içərisində təmir işləri aparmışdır. O, həmin mənzilə köçmək istərkən, “xxxx” MMC-nin rəhbərliyi ona bildirmişdir ki, binanın fasad və mansard hissəsində əlavə təmir işləri aparılacaqdır. Soruşduqda, isə Cavabdeh2 MMC tərəfindən təmir işləri aparılacağı bildirilmişdir. O, etiraz etmiş və bildirmişdir ki, aldığı mənzilin tavan mansard hissəsinə külli miqdarda pul xərcləmiş, orada əlavə işlər aparılsa, çəkdiyi xərclər batacaq və yaşayış sahəsi yararsız hala düşəcəkdir. Ona bildirmişlər ki, təmirin nəticəsindən narazı qalsa, çəkdiyi xərcləri kompensasiya şəklində ödəyəcəklər. Bundan sonra o, razılaşmış və Cavabdeh2 MMC tərəfindən mənzilin yerləşdiyi binada fasad üzləmə işləri görülməyə başlamışdır. Belə ki, binanın Salyan şossesinə baxan fasad hissəsində yer səthindən başlayaraq dəmir-beton sütunlar quraşdırılmış və binanın mövcud fasad divarının qarşısından, həmin divardan təqribən 1.0-1.20 metr aralı olmaqla, pəncərə boşluqları saxlanılmaqla yeni divarlar hörülmüş və küçə tərəfdən üzlük daşlarla (aqlay plitələr) üzlənmiş, pəncərə boşluqlarına pəncərələr quraşdırılmış, eləcə də, mərtəbəarası boşluqlar betondan düzəldilmişdir. Yeni fasad divarı inşa edilərkən, həmin divar mövcud divardan və dam örtüyündən bir qədər hündür inşa edilmiş və ona məxsus mansardın döşəmə səviyyəsindən 1.80 metr hündürlükdə pəncərə quraşdırılmışdır. Bu işlərin yerinə yetirilməsi nəticəsində onun mənzilinin 5-ci mərtəbə səviyyəsində yerləşən mətbəx və yaşayış otağının mövcud pəncərələrindən həmin otaqlara təbii işığın düşməsi qismən məhdudlaşdırılmış, eyni zamanda yeni fasad divarının binanın mövcud divarından hündür inşa edilməsi və həmin hissədə əlavə olaraq pəncərənin qoyulması nəticəsində mənzilin mansard hissəsindəki otaqlara da təbii işığın düşməşi məhdudlaşdırılmışdır. Cavabdeh "Cavabdeh2" MMC tərəfindən aparılmış tikinti-quraşdırma işləri nəticəsində ona məxsus mənzilin mansard hissəsinin təbii işıqlandırılması qismən məhdudlaşdırıldığından, həmin hissələrdə əlavə olaraq söküntü işləri və müəyyən dəyişikliklər aparılmalıdır. Belə ki, onun tərəfindən düzəldilmiş çardaq və dam örtüyü, eləcə də, binanın yeni quraşdırılmış fasad divarının arxa hissəsində qalan divarlar sökülməli, yeni arakəsmə divarlar hörülməklə çardağın alt səviyyəsi bir qədər (təqribən 1.50 metr) hündürlüyə qaldırılmalı, divarlar suvanmalı, yeni çardaq vurulmaqla, çardaq hissədə izolyasiya işləri aparılmalı və otaqların daxilindən tavana yenidən alçipan təbəqələri vurulmalı, bütün elektrik, santexnik və istilik sistemi yenidən qurulmalıdır. Bütün bu işlərin aparılması üçün isə, yəni çəkiləcək xərclərin müəyyən edilməsi üçün o, qiymətləndirmə şirkəti dəvət etmiş və həmin Şirkət tərəfindən tərtib edilmiş xx xxxxx 2016-cı il tarixli qiymətləndirmə hesabatına əsasən ona məxsus Salyan şossesi ilə Ə.Yaqubov küçəsinin kəsişməsində yerləşən 2 saylı binanın 8 saylı mənzilinin mansard tavan hissəsində dam örtüyünə çəkilmiş xərclərin xx xxxxx 2016cı il tarixinə hesablanmış tikinti-smeta bazar dəyəri 40894 manat təşkil etməsi müəyyən edilmişdir. Bundan sonra ona dəymiş zərərin cavabdeh "Cavabdeh2" MMC-dən alınaraq ona ödənilməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon məhkəməsinə müraciət etmiş, məhkəmə araşdırması zamanı Bakı şəhəri, Bibiheybət yolu ilə Ə.Yaqubov küçəsinin kəsişməsində yerləşən binada Cavabdeh2 MMC tərəfindən fasadların və dam örtüyünün əsaslı təmir işlərinin SOCAR-ın Sosial İnkişaf İdarəsi ilə bağlanılmış xx.xx.2014-cü il tarixli, 27 nömrəli və xx.xx.2015-ci il tarixli, 41 nömrəli Əsaslı Təmir üzrə Podrat Müqavilələri əsasında aparılması müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin sifarişi əsasında digər cavabdeh "Cavabdeh2" MMC ona məxsus mənzilin fasad və dam örtüyündə təmir-tikinti işləri aparmış, onlar öz hərəkətləri ilə ona məxsus mənzili yaşayış üçün yararsz hala gətirmişlər. O, cavabdehlərə qarşı irəli sürdüyü iddia tələbinə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılmış və həmin iş üzrə xx xxx 2017-ci il tarixli 2(009)-2416/2017 saylı qətnamədə mübahisəli mənzilin onun xüsusi mülkiyyətində olmaması əsası ilə iddia tələbi təmin edilməmişdir. Belə ki, həmin qətnamədə müəyyən edilmiş hal kimi göstərilmişdir ki, "hazırkı işdə hətta qeyd edilən şərtlərdən ikisi, yəni cavabdehin qanunla müəyyənləşdirilmiş qaydada əmlak sahibi ilə əvvəlcədən razılaşdırılmayan hərəkəti (mübahisələndirilən əmlakın yerləşdiyi binanın səthində aparılan üzləmə işləri) və əmlaka vurulmuş ziyanla cavabdehin hərəkəti arasında müəyyən səbəbli əlaqə mövcud olsa da belə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hazırkı halda üçüncü şərt mövcud deyil, yəni ziyanın bilavasitə şəxsə və ya onun əmlakına vurulması halı təsdiqini tapmır. Belə ki, iddiaçı hazırkı iddianı irəli sürmək üçün, ziyanın məhz ona məxsus əmlaka dəydiyini sübuta yetirə bilmir. İddiaçı mübahisələndirilən əmlakın razılaşdırılmış dəyərini ödəsə də, onun üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün müvafiq hərəkətləri etməmişdir. Məhkəməyə təqdim olunmuş xx xxx 2008-ci il tarixli 508 nömrəli müqavilədən məlum olur ki, xxxx və podratçı sözügedən binanın tikintisi başa çatdıqdan sonra həmin binada yerləşən 8 nömrəli mənzilə dair alqı-satqı müqaviləsinin bağlanmasını öz öhdələrinə götürürlər. Göründüyü kimi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2(009)-2416/2017 saylı qətnaməsi ilə Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Salyan şossesi ilə Ə.Yaqubov küçəsinin kəsişməsində yerləşən 2 saylı binanın 8 saylı mənzilinə zərərin vurulması artıq müəyyən edilmişdir və qətnamə ilə müəyyən edilmiş halın yenidən sübut edilməsinə heç bir zərurət yoxdur. Hətta məhkəmə həmin qətnamədə xx xxxxx 2016-cı il tarixli qiymətləndirmə hesabatına istinad edərək, ona məxsus Salyan şossesi ilə Ə.Yaqubov küçəsinin kəsişməsində yerləşən 2 saylı binanın 8 saylı mənzilinin mansard tavan hissəsində dam örtüyünə çəkilmiş xərclərin xx xxxxx 2016cı il tarixinə hesablanmış tikinti-smeta bazar dəyəri 40894 manat təşkil etməsini də müəyyən edilmiş hal kimi göstərmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(009)-2416/2017 saylı qətnaməsi ilə maddi zərər tələbinə dair iddia ilə məhkəmədə çıxış etmək üçün onun subyektiv hüququnun olmamasına, yəni mənzilə dair xüsusi mülkiyyət hüququnun olmadığına istinad edildikdən sonra onunla “xxxx” MMC arasında bağlanmış xx xxx 2008-ci il tarixli müqaviləni və həmin müqaviləyə dair verilmiş maliyyə arayışını Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim edərək, mənzili xüsusi mülkiyyət hüququ ilə öz adına qeydə aldırmış, yəni artıq ona məxsus mənzilə vurulmuş zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququ yarandığına görə o, həmin tələblə məhkəməyə müraciət etmişdir. Beləliklə də, yuxarıda qeyd edilənlərdən də görünür ki, bu gün onun mübahisələndirdiyi ona məxsus Salyan şossesi ilə Ə.Yaqubov küçəsinin kəsişməsində yerləşən 2 saylı binanın 8 saylı mənzilinə dəymiş zərərin Cavabdeh2 MMC tərəfindən vurulması Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2(009)-2416/2017 saylı qətnaməsi ilə artıq sübuta yetmişdir. O, Salyan şossesi ilə Ə. Yaqubov küçəsinin kəsişməsində yerləşən 2 saylı binanın 8 saylı mənzilini alaraq həmin evə köçüb, orada yaşamaq istəmiş, məhz cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində artıq 5 ildir ki, öz mənzilindən məhrum olmuş, mənzilə köçüb yaşaya bilməmiş, bu isə onun mənəvi sarsıntı keçirməyinə səbəb olmuşdur. O və ailə üzvləri psixoloji sarsıntılar keçirir, əziyyət çəkir, təzə təmir edilmiş mənzilin belə vəziyyətə salınması onları son dərəcə sarsıdır. Hesab edir ki, ona maddi zərərlə birlikdə mənəvi zərər də dəymişdir və bunların əvəzi olaraq ona kompensasiya ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, 2015-ci ildə ölkəmizdə İ Avropa Oyunları kimi ciddi beynəlxalq idman tədbirinin keçirilməsi ilə əlaqədar, dövlət sifarişi olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Socar) Sosial İnkişaf İdarəsi tərəfindən Bakı şəhəri, Bibiheybət yolu ilə Ə.Yaqubov küçəsinin kəsişməsində yerləşən ərazilərdə idman komplekslərinin tikintisi, abadlıq işlərinin aparılması, yaşıllıq parklarının salınması və s. işlərin ərazinin ümumi görünüşünə, konsepsiyasına uyğun olması üçün ətrafda inşa edilmiş yaşayış və qeyri-yaşayış binalarının fasad və mansard hissəsinin təmirinin aparılması nəzərdə tutulmuş, bu barədə tikinti şirkəti “xxxx” MMC-yə xəbərdarlıq edilmiş, həmin şirkət də öz növbəsində sakinləri, mülkiyyət sahiblərini bildiriş əsasında məlumatlandırmışdır. İddiaçı iddia edir ki, evinə köçmək istəyərkən yaşayacağı binanın fasadının və dam örtüyünün əsaslı təmirinə başlanması ilə əlaqədar gələcəkdə mənzilinə vurula biləcək maddi ziyanla bağlı “xxxx” şirkətinin rəhbərliyinə müraciət etdikdə guya ki, ona bildirmişlər ki, təmirin nəticəsindən narazı qaldığı halda çəkdiyi bütün xərclər kompensasiya şəklində ona ödəniləcəkdir. “xxxx” şirkətinin rəhbərliyi kompensasiya məbləğinin hansı şirkət tərəfindən qarşılanacağı barədə fikir bildirilməsə də, guya ki, İddiaçı deyilən sözlərə inanmış, razılaşmış və binada fasad üzləmə işlərinin görülməsinə etiraz etməmişdir. Halbuki, yaşayış və qeyri-yaşayış binalarının fasad və mansard hissəsinin təmirinə tikinti şirkətləri və yaxud da mülkiyyət sahibləri birbaşa cavabdehlik daşıyır və bütün xərclər də onlar tərəfindən qarşılanmalıdır. Qeyd edir ki, İ Avropa Oyunları beynəlxalq idman tədbirinin keçirilməsi üçün hazırlıq ərəfələrində ərazidə mövcud olmuş bütün yaşayış və qeyri-yaşayış binalarının fasad və mansard hissələrinin ümumi görünüşü uyğun olmadığı, bərbad vəziyyətdə olduğundan dövlətimiz həmin təmir işlərinə tələb olunan bütün xərcləri öz üzərinə götürmüş, təmir işləri tərtib edilmiş smeta-layihə planı əsasında proqram şəklində yerinə yetirilmiş və beynəlxalq idman tədbiri uğurla başa çatdırılmışdır. Bununla əlaqədar “xxxx” olaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi ilə “Podratçı”, "Cavabdeh2" MMC arasında Bibiheybət yolu ilə Ə.Yaqubov küçəsinin kəsişməsində yerləşən binada fasadın və dam örtüyünün əsaslı təmir işlərinin həyata keçirilməsi üçün xx.xx.2014-cü il tarixdə 27 nömrəli və xx.xx.2015-ci il tarixdə 41 nömrəli Əsaslı Təmir üzrə Podrat Müqavilələri bağlanmışdır. Həmin müqavilələrdə göstərilən şərtlər əsasında norma və qaydalara riayət etməklə, əvvəlcədən tərtib edilmiş layihə-smeta sənədlərinə uyğun olaraq, Cavabdeh2 şirkəti təmir işlərini nəzərdə tutulan müddətdə yerinə yetirmiş, işlər başa çatdırıldıqdan sonra akt əsasında xxxxyə təhvil verilmiş və görülən işlərin dəyəri müvafiq qaydada "Cavabdeh2" MMC-yə ödənilmişdir. Yəni ki, ARDNŞ-nin Sosial İnkişaf İdarəsi "xxxx" şirkətinə hansı işlərin görülməsini sifariş etmişdirsə həmin işlər tərtib edilmiş plan əsasında həyata keçirilmiş və dəyəri müvafiq qaydada şirkətə ödənilmişdir. Mülki qanunvericiliyin tələbinə əsasən, eləcə də, razılaşdırılmış və imzalanmış Əsaslı Təmir üzrə Podrat Müqavilələrdə qeyd olunduğu kimi tərəflər müqavilədə göstərilən vəzifələr və öhdəliklər çərçivəsində məsuliyyət daşıyırlar. İddiaçılə cavabdeh “xxxx” MMC arasında heç vaxt hər hansı formada hüquqi münasibət və yaxud da anlaşma mövcud olmadığı üçün şirkətə qarşı iddia tələbi də qanunsuz və əsassızdır. Ehtimal olunur ki, ARDNŞ-nin Sosial İnkişaf İdarəsi ilə “xxxx” şirkəti arasında binalarda fasadlarının və dam örtüyünün əsaslı təmir işlərinin həyata keçirilməsi ilə əlaqədar aralarında yəqin ki, hansısa anlaşma mövcud olmuş və yaxud da müqavilə imzalanmışdır. Elə bu səbəbdən təmir işlərini həyata keçirən podratçı şirkət tərəfindən hər hansı formada qanunsuzluğa yol verilməsi, binaya və yaxud da hər hansı bir mənzilə maddi ziyan vurulması ilə bağlı “xxxx” MMC tərəfindən ARDNŞ-nin Sosial İnkişaf İdarəsinə və yaxud da "Cavabdeh2" MMC-yə heç vaxt hər hansı etiraz və narazılıq bildirilməmiş, şikayət, pretenziya məktubu ilə müraciət edilməmişdir. Eyni zamanda, İddiaçı də həmin sözügedən binada fasadın və dam örtüyünün əsaslı təmir işlərinin həyata keçirildiyi vaxt istifadəsində olan mənzilə guya ki, maddi ziyanın vurulması ilə bağlı nə ARDNŞ-nin Sosial İnkişaf İdarəsinə, nə də ki iş icraçısı olaraq "xxxx" MMC-yə heç vaxt etiraz və narazılığını bildirməmiş, şikayət ərizəsi ilə müraciət etməmişdir. Eləcə də, "xxxx" MMC tərəfindən binada fasadın və dam örtüyünün əsaslı təmir işləri aparılan zaman İddiaçı 8 nömrəli mənzilə dair subyektiv hüquqa malik olmamış, mənzil ona məxsus olmamış, həmin şəxsə qarşı hər hansı mülki hüquq pozuntusuna yol verilməmiş, şəxsiyyətinə və əmlakına hər hansı formada maddi zərər vurulmamışdır. İddiaçı, Bakı şəhəri Səbail rayonu, X4 küçəsi, ev 2/8 ünvanı üzrə mənzilə dair mülkiyyət və sahiblik hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən əldə edilmiş xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış əldə edildikdən sonra əldə etmiş və mənzilə hüququ yaranmışdır. Bütün yuxarıda qeyd olunanları nəzərə alıb hesab edirlər ki, İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsində ona vurulmuş maddi və mənəvi zərərin əvəzi olaraq cəmi, 50.894 manat pul vəsaitinin Cavabdeh2 MMC-dən tələb etməsi absurddur, qanunsuzdur, heç bir əsası olmadığından, eləcə də, mənzilinə guya ki, vurulmuş maddi zərərə görə Cavabdeh2 MMC-nin məsuliyyət daşıması barədə məhkəməyə hər hansı təsdiqedici sənəd təqdim etmədiyi üçün iddia tələbinin Cavabdeh2 MMC-yə aid hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Bundan başqa, qeyd etdikləri kimi İddiaçı analoji iddia tələbi ilə 2016-cı ildə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İşin faktiki hallarından da aydın olur ki, 2016-cı ildə verilmiş iddia tələbi ilə hazırki iddia tələbinin predmeti və iddia ərizəsi üzrə cavabdehlər eynidir. Belə olan halda hesab edir ki, hazırki iddia ərizəsi üzrə icraata xitam verilməlidir. İddiaçı Cavabdeh2 MMC tərəfindən ona maddi və mənəvi zərərin vurulması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən hesab edir ki, iddiaçının Cavabdeh2 MMC-yə qarşı mülki iddia tələbi əsassızdır, heç bir konkret sübuta əsaslanmır, qərəzlidir, yalnız və yalnız əlavə qazanc əldə etmək məqsədi daşıyır, İddiaçı Cavabdeh2 MMC-yə qarşı mülki iddia tələbi qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin nümayəndəsi X2 da iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Bakı şəhəri Salyan şossesi ilə Ə.Yaqubov küçəsinin kəsişməsində yerləşən 2 saylı binanın abadlaşdırma işləri ilə əlaqədar Cavabdeh2 MMC ilə müqavilə bağlanmışdır. Həmin ərazidə abadlaşdırma işləri Sosial İnkişaf İdarəsi tərəfindən aparılmamışdır. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin, eləcə də, cavabdehlərin nümayəndələrinin və vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. İşə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış xx xxx 2008-ci il tarixli, 508 nömrəli müqaviləyə əsasən “xxxx” MMC Bakı şəhəri, Salyan şossesi ilə Ə.Yaqubov küçəsinin kəsişməsində yerləşən 2 saylı binanın 8 saylı mənzilini 43300 manat ödəniş qarşılığında İddiaçı sərəncamına verilməsini öhdəsinə götürmüşdür. - “xxxx” MMC şirkəti tərəfindən İddiaçı verilmiş maliyyə arayışından görünür ki, xx xxx 2008-ci il tarixli, 508 nömrəli müqaviləyə əsasən İddiaçı Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi ilə Ə.Yaqubov küçəsinin kəsişdiyi yerdə yerləşən, beş mərtəbəli 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində yerləşən, mənzilin sahəsi 90 kv.m və mansardın sahəsi 107 kv.m, olan 8 nömrəli mənzilə pay ödənişi 43 300 (qırx üç min üç yüz) manat ödəmiş və “xxxx” MMC-yə heç bir borcu qalmamışdır. - “MBA” Consulting Group tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, MB 09/073 nömrəli qiymətləndirmə rəyindən görünür ki, təqdim edilmiş sənədlər əsasında Salyan şossesi ilə Ə.Yaqubov küçəsinin kəsişməsində yerləşən 2 saylı binanın 8 saylı mənzilinin mansard tavan hissəsində və dam örtüyündə yenidənqurma nəticəsində dəymiş zərərin aradan qaldırılmasında çəkilmiş xərclərin müəyyən edilməsi üçün qiymətləndirilmə işi həyata keçirilmişdir. Qiymətləndirmə zamanı aparılan hesablamalarda mütəxəssislərimiz tərəfindən xüsusi olaraq əldə edilmiş daşınmaz əmlak və tikinti bazarının vəziyyətini xarakterizə edən operativ məlumatlardan, bu tipli əmlakın tikintisində material və əmək qüvvəsi sərfiyyatlan, eləcə də digər etibarlı mənbələrdən alınmış informasiyalardan istifadə olunmuşdur. Bütün göstərilənlər nəzərə alınaraq, apardığımız təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, Salyan şossesi ilə Ə.Yaqubov küçəsinin kəsişməsində yerləşən 2 saylı binanın 8 saylı mənzilinin mansard tavan hissəsində və dam örtüyündə yenidənqurma nəticəsində dəymiş zərərin aradan qaldırılmasında çəkilmiş xərclərin xx xxxxx 2016-cı il tarixinə hesablanmış bazar dəyəri 40894 (qırx min səkkiz yüz doxsan dörd) manat olduğu müəyyən edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********29-05301-093040 reyestr nömrəli Daşınmaz Əmlakın Texniki Pasportundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi ilə Ə.Yaqubov küçəsinin kəsişməsində yerləşən 2 saylı binanın 8 saylı mənzilinin hüquq subyekti “xxxx” MMC-dir. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(009)-2416/2017 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. - Azərbaycan Respublikasının Dövlət Neft şirkəti Sosial İnkişaf İdarəsi ilə “xxxx” MMC arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 41 nömrəli “Əsaslı təmir üzrə Podrat Müqaviləsi”ndən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət yolu ilə Ə.Yaqubov küçəsinin kəsişməsində yerləşən yaşayış kompleksində binaların fasadlarının və dam örtüklərinin əsaslı təmiri, həyətyanı ərazilərinin abadlaşdırılması (2,2A,3,4,5,6 saylı binalar) müvafiq qaydada təhvil verir, xxxx isə müvafiq qaydada təhvil alır və Müqavilənin 2-ci maddəsində nəzərdə tutulan muzdu Podratçıya ödəyir. - “xxxx” MMC-nin direktoru tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı Şəhəri 9 saylı vəkil bürosuna ünvanlanmış xx xxxxxxx 2020-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, “Sizin “xxxx” MMC-yə ünvanlanmış məktubunuza cavab olaraq bildiririk ki, “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış xx xxx 2008-ci il tarixli 508 №-li müqaviləyə əsasən Salyan Şossesi ilə Ə.Yaqubov küçəsinin kəsişdiyi ünvanda beş mərtəbəli 2 saylı yaşayış binasında yerləşən 8 №-li mənzil xx xxxxxxx 2009-cu il tarixdə müqavilədə nəzərdə tutulmuş qaydada, təmirsiz halda İddiaçı təhvil verilmiş və bu barədə tərəflər arasında Təhvil-Təslim Aktı tərtib edilərək imzalanmışdır. Qeyd edilən ünvanda yerləşən 2 saylı yaşayış binası istismara qəbul edilərək dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə Cəmiyyətin adına qeydə alındıqdan sonra tərəflər arasında bağlanmış xx xxx 2008-ci il tarixli 508 №-li müqavilənin 1.3-cü bəndinə əsasən həmin mənzillə əlaqədar İddiaçılə “xxxx” MMC arasında xx xxxx 2020-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi imzalanmış və mənzil onun mülkiyyətinə keçirilmişdir. İmzalanmış müqavilələrdə mənzilin dəyərinin müxtəlif məbləğlərdə göstərilməsi ilə əlaqədar bildirmək istəyirəm ki, bizimlə İddiaçı arasında bağlanmış xx xxx 2008-ci il tarixli 508 №-li müqaviləyə əsasən İddiaçı 2 saylı binada sahəsi 90 m2 mənzil və sahəsi 107 m2 olan mansard tikilməsini sifariş etmiş və həmin müqaviləyə əsasən sifarişin dəyəri 43 300 manat qiymətləndirilmişdir. Lakin həmin mənzil inşa edilib başa çatdırıldıqdan sonra mənzilin ümumi sahəsinin 214,6 m2 olması müəyyən edilmiş və tərəflərin qarşılıqlı razılaşması ilə həmin əlavə 17,6 m2 sahənin dəyəri 15574,2 manat hesablandığından və qeyd edilən mənzilə dair nəzərdə tutulmuş 43 300 manat artıq Cəmiyyətə ödənildiyindən tərəflər arasında imzalanmış xx xxxx 2020-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsində həmin mənzilin dəyəri 15574,2 manat göstərilmişdir. - Satıcı “xxxx” MMC ilə alıcı İddiaçı arasında bağlanmış xx xxxx 2020-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Akademik Ə.Yaqubov küçəsi, 2 saylı evin 8 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə alıcı İddiaçı mülkiyyətinə verilmişdir. - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş elektron Çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsi, 2 saylı evin 8 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, “xxxx” MMC ilə aralarında bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən, Bakı səhəri, Salyan şosesi ilə Ə.Yaqubov küçəsinin kəsişməsində yerləşən 2 saylı binanın 8 saylı mənzili iddiaçı 43.300 manata almış, həmin mənzilin dəyəri tam ödənildikdən sonra, mənzil onun qanuni istifadəsinə və sərəncamına verilmişdir. 2015-ci ildə ölkəmizdə İ Avropa Oyunları kimi ciddi beynəlxalq idman tədbirinin keçirilməsi ilə əlaqədar, dövlət sifarişi olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Socar) Sosial İnkişaf İdarəsi tərəfindən Bakı şəhəri, Bibiheybət yolu ilə Ə.Yaqubov küçəsinin kəsişməsində yerləşən ərazilərdə idman komplekslərinin tikintisi, abadlıq işlərinin aparılması, yaşıllıq parklarının salınması və s. işlərin ərazinin ümumi görünüşünə, konsepsiyasına uyğun olması üçün ətrafda inşa edilmiş yaşayış və qeyriyaşayış binalarının fasad və mansard hissəsinin təmirinin aparılması nəzərdə tutulmuş, bununla əlaqədar cavabdehlər arasında xx xxxx 2015-ci il tarixli 41 №li «Əsaslı Təmir üzrə Podrat Müqaviləsi» bağlanmışdır. Həmin müqavilənin 1.1 bəndinə əsasən Cavabdeh2 MMC (podratçı) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Socar) Sosial İnkişaf İdarəsi (xxxxnin) texniki tapşırığın şərtlərinə uyğun olaraq Bakı şəhəri, Bibiheybət yolu ilə Ə.Yaqubov küçəsinin kəsişməsində yerləşən yaşayış kompleksində binaların fasadlarının və tam örtüklərinin əsaslı təmiri, həyətyanı ərazilərinin abadlaşdırılması (2,2A,3,4,5,6, saylı binalar) (bundan sonra “İŞ”) müvafiq qaydada təhvil verir, xxxx isə müvafiq qaydada təhvil alır və müqavilənin 2-ci maddəsində nəzərdə tutulan muzdu (“Müqavilə Qiyməti”) Podratçıya ödəyir. İşin araşdırılmış halları ilə həmçinin müəyyən edilmişdir ki, Cavabdeh2 MMC tərəfindən iddiaçının sahibliyində olan mənzilin yerləşdiyi binada fasad üzləmə işləri görülməyə başlanmış və yekunlaşdırılmışdır. Yəni, cavabdehlər aralarında bağladıqları müqavilələrdə göstərilən şərtlər əsasında norma və qaydalara riayət etməklə, əvvəlcədən tərtib edilmiş layihə-smeta sənədlərinə uyğun olaraq, Cavabdeh2 şirkəti təmir işlərini nəzərdə tutulan müddətdə yerinə yetirmiş, işlər başa çatdırıldıqdan sonra akt əsasında xxxxyə təhvil verilmiş və görülən işlərin dəyəri müvafiq qaydada "Cavabdeh2" MMC-yə ödənilmişdir. İşin bu halları mübahisəsizdir. Lakin iddiaçı cavabdeh "Cavabdeh2" MMC tərəfindən aparılmış tikinti-quraşdırma işləri nəticəsində ona məxsus mənzilin mansard hissəsinin təbii işıqlandırılması qismən məhdudlaşdırıldığından, həmin hissələrdə əlavə olaraq söküntü işləri və müəyyən dəyişikliklər aparılmalı olmasını iddia edərək yəni çəkiləcək xərclərin müəyyən edilməsi üçün dəvət etdiyi qiymətləndirmə şirkəti tərəfindən tərtib edilmiş xx xxxxx 2016-cı il tarixli qiymətləndirmə hesabatına əsasən ona məxsus Salyan şossesi ilə Ə.Yaqubov küçəsinin kəsişməsində yerləşən 2 saylı binanın 8 saylı mənzilinin mansard tavan hissəsində dam örtüyünə çəkilmiş xərclərin xx xxxxx 2016-cı il tarixinə hesablanmış tikinti-smeta bazar dəyəri 40894 manat təşkil etməsinə istinad etməklə iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddia tələbi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(009)-2416/2017 saylı qətnaməsi ilə iddiaçının hazırki iddianı irəli sürmək üçün müvafiq subyektiv hüququnun olmaması əsası ilə təmin edilməmişdir. Qətnamə ilə müəyyən edilmişdir ki, mülki qanunvericiliyin tələbinə görə mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanla bağlı iddianın həlli üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi, mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. Hazırkı işdə hətta qeyd edilən şərtlərdən ikisi, yəni cavabdehin qanunla müəyyənləşdirilmiş qaydada əmlak sahibi ilə əvvəlcədən razılaşdırılmayan hərəkəti (mübahisələndirilən əmlakın yerləşdiyi binanın səthində aparılan üzləmə işləri) və əmlaka vurulmuş ziyanla cavabdehin hərəkəti arasında müəyyən səbəbli əlaqə mövcud olsa da belə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hazırkı halda üçüncü şərt mövcud deyil, yəni ziyan bilavasitə şəxsə və ya onun əmlakına vurulması halı təsdiqini tapmır. Belə ki, iddiaçı hazırkı iddianı irəli sürmək üçün, ziyanın məhz ona məxsus əmlaka dəydiyini sübuta yetirə bilmir. İddiaçı mübahisələndirilən əmlakın razılaşdırılmış dəyərini ödəsə də, onun üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün müvafiq hərəkətləri etməmişdir. Məhkəməyə təqdim olunmuş xx xxx 2008-ci il tarixli 508 nömrəli müqavilədən məlum olur ki, xxxx və podratçı sözügedən binanın tikintisi başa çatdıqdan sonra həmin binada yerləşən 8 nömrəli mənzilə dair alqı-satqı müqaviləsinin bağlanmasını öz öhdələrinə götürürlər. İşin materiallarından görünür ki, xx.xx.2008-ci il tarixdə yaşayış binasının tikintisi ilə bağlı tikinti şirkəti “podratçı”, “xxxx” MMC ilə “xxxx”, İddiaçı arasında imzalanmış 508 nömrəli ilkin müqavilənin öhdəliklərlə bağlı 2.1.3.-cü bəndində “tikinti işləri başa çatdırıldıqdan və lazım sənədlər tərtib olunduqdan sonra “xxxx” ilə alqı-satqı müqaviləsi bağlayaraq 2 saylı binanın 8№-li mənzilini onun mülkiyyətinə keçirmək” qeyd olunmuşdur. İddiaçının dəlillərinə əsasən hazırda “xxxx” MMC arasında bağlanmış xx xxx 2008-ci il tarixli müqaviləni və həmin müqaviləyə dair verilmiş maliyyə arayışını Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim edərək, mənzili xüsusi mülkiyyət hüququ ilə xx.xx.2020ci il tarixdə adına qeydə alınmış və yəni artıq ona məxsus mənzilə vurulmuş zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququ yarandığına görə o, həmin tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddiaya olan etirazının əsası kimi istinad etdiyi hallar kimi göstərmişdir ki, təmir işlərini həyata keçirən podratçı şirkət tərəfindən hər hansı formada qanunsuzluğa yol verilməsi, binaya və yaxud da hər hansı bir mənzilə maddi ziyan vurulması ilə bağlı “xxxx” MMC tərəfindən ARDNŞ-nin Sosial İnkişaf İdarəsinə və yaxud da "Cavabdeh2" MMC-yə heç vaxt hər hansı etiraz və narazılıq bildirilməmiş, şikayət, pretenziya məktubu ilə müraciət edilməmişdir. Eyni zamanda, İddiaçı də həmin sözügedən binada fasadın və dam örtüyünün əsaslı təmir işlərinin həyata keçirildiyi vaxt istifadəsində olan mənzilə guya ki, maddi ziyanın vurulması ilə bağlı nə ARDNŞ-nin Sosial İnkişaf İdarəsinə, nə də ki iş icraçısı olaraq "xxxx" MMC-yə heç vaxt etiraz və narazılığını bildirməmiş, şikayət ərizəsi ilə müraciət etməmişdir. Eləcə də, "xxxx" MMC tərəfindən binada fasadın və dam örtüyünün əsaslı təmir işləri aparılan zaman İddiaçı 8 nömrəli mənzilə dair subyektiv hüquqa malik olmamış, mənzil ona məxsus olmamış, həmin şəxsə qarşı hər hansı mülki hüquq pozuntusuna yol verilməmiş, şəxsiyyətinə və əmlakına hər hansı formada maddi zərər vurulmamışdır. İddiaçı, Bakı şəhəri Səbail rayonu, X4 küçəsi, ev 2/8 ünvanı üzrə mənzilə dair mülkiyyət və sahiblik hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən əldə edilmiş xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış əldə edildikdən sonra əldə etmiş və mənzilə hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, iddiaçının mənzilinin xüsusi mülkiyyət hüququ ilə xx.xx.2020ci il tarixdə öz adına qeydə alınmasına baxmayaraq, bu hal da özü-özlüyündə iddiaçıya mənzilə vurulmuş zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək üçün suybektiv hüququn yaranmasına əsas vermir. Belə ki, iddiaçı 2017-ci ildə iddia qaldıran vaxt mənzilinin mülkiyyətçisi olmadığı üçün həmin iş üzrə iddia qaldırmağa subyektiv hüququ olmadığından, hazırda 2020-ci ildə həmin mənzilə dair mülkiyyət hüququnu təsdiq edən müvafiq «Çıxarış» alması ilə mülkiyyətçi olmadığı vaxt mənzilinin yerləşdiyi binanın fasadının onun mənzilinə ziyan vurulması ilə bağlı da iddia qaldırmaqda subyektiv hüquqa malik olmamışdır. Məhkəmə iddiaçının hazırda da subyektiv hüquqa malik olmamasına baxmayaraq qeyd etməyi zəruri sayır ki, iddiaçı ərizəsində və izahatlarında ona MMC tərəfindən təmirin nəticəsindən narazı qalacağı təqdirdə, çəkdiyi xərcləri kompensasiya şəklində ödəmələrinə dair təklif edilməsini bildirmələrini göstərsə də, bu təklifin kim tərəfindən edilməsini konkret açıqlamayaraq keçən müddət ərzində aldığı mənzilin tavan mansard hissəsinə külli miqdarda pul xərclədiyi və təmirin nəticəsindən narazı qaldığı halda ona çəkdiyi xərcləri kompensasiya şəklində ödəmələrinə dair təklif edən şəxsə və ya şəxslərə (istər hüquqi, istər fiziki) qarşı iddia qaldırmamasının, mənzilin öz adına xüsusi mülkiyyət hüququ əsasında qeydə aldırmadan mənzilin mülkiyyətçisi olmuş MMC ilə həmin müqavilənin ləğvi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququndan istifadə etməməsinin səbəblərini izah edə bilməmişdir. Göstərilən vəziyyətdə məhkəmə iddiaçının keçən müddət ərzində iddiaçı cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində artıq 5 ildir ki, öz mənzilindən məhrum olması, mənzilə köçüb yaşaya bilməməməsinə dair irəli sürdüyü dəlillərə də tənqidi yanaşır. Məhkəmənin qənaətinə görə onun bu dəlillərlə bağlı belə bir qeyri-səmimi izahat verməsi ilə keçən müddət ərzində mənzilin əvvəlki mülkiyyətçisi ilə özünün bildirdiyinə görə aralarında olan şifahi razılaşmanın (təmirdən narazı qaldığı təqdirdə kompensasiyanın ödənilməsi) pozulması ilə bağlı heç bir tədbir görməməsi, buna hətta cəhd belə etməməsi, eləcə də xx xxxx 2020-ci il tarixdə “xxxx” MMC ilə daşınmaz əmlakın alqı-satqısına dair müqavilə bağlamaqla 2020-ci ildə mənzili öz adına xüsusi mülkiyyət hüququ əsasında qeydə aldırmasına təşəbbüs etməsi kimi hallarla uzlaşmır. Bundan əlavə, işin materiallarından görünür ki, İddiaçılə cavabdehlər “xxxx” MMC və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi arasında heç vaxt hər hansı formada hüquqi münasibət və yaxud da anlaşma mövcud olmamışdır. Abadlıq işlərini aparan Cavabdeh2 MMC-nin isə iddiaçıya hər hansı formada ziyan vurması və yaxud digər cavabdehlə bağladığı müqavilələrdə göstərilən şərtlər əsasında norma və qaydalara riayət etməməklə, əvvəlcədən tərtib edilmiş layihə-smeta sənədlərinə uyğun olmaması kimi halların baş verməsi də öz təsdiqini tapmamışdır. Məhkəmə bu qənaətə gələrkən “xxxx” MMC tərəfindən ona məxsus olan binanın fasad və mansard hissəsində ARDNŞ-nin Sosial İnkişaf İdarəsinə və yaxud da "Cavabdeh2" MMC-yə heç vaxt hər hansı etiraz və narazılıq bildirilməməsi, şikayət, pretenziya məktubu ilə müraciət edilməməsinə dair iş materiallarında heç bir sübütün olmamasını, cavabdehlərin də nümayəndələrinin izahatlarında və iddiaya olan etirazlarında belə bir halların baş verməməsini təsdiq etmələrini nəzərə almışdır. Məhkəmə hesab edir ki, hazırkı işdə yuxarıda qeyd edilən mülki qanunvericiliyin tələbinə görə mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanla bağlı iddianın həlli üçün 3 zəruri şərtin heç biri mövcud deyildir. Səbail Rayon Məhkəməsində baxılmış və xx.xx.2017-ci il tarixli, 2(009)-2416/2017 saylı qətnaməsində cavabdehin qanunla müəyyənləşdirilmiş qaydada əmlak sahibi ilə əvvəlcədən razılaşdırılmayan hərəkəti (mübahisələndirilən əmlakın yerləşdiyi binanın səthində aparılan üzləmə işləri) və əmlaka vurulmuş ziyanla cavabdehin hərəkəti arasında müəyyən səbəbli əlaqənin mövcud olması konkret müəyyən edilməmiş, bu iki şərt, üçüncü şərtə, yəni ziyanın bilavasitə şəxsə və ya onun əmlakına vurulması halının mövcudluğuna qiymət verilməsi baxımından ehtimal kimi (əvvəlki iki şərt mövcud olsa belə) göstərilmişdir. Buna görə də Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(009)-2416/2017 saylı qətnaməsi hazırki iş üzrə preyudisiyal hal kimi qiymətləndirilə bilməz. Belə ki, prosessual qanunvericilik yalnız qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş hər hansı faktların preyudisiallığını mümkün hesab edir. Mülki prosessual qanunvericilikdə məhkəmənin hüquqi mövqeyinin preyudisiallığı, yaxud məhkəmə aktlarının presedent əhəmiyyəti nəzərdə tutulmamışdır. Həmçinin də məhkəmə iddia tələblərinin əsası kimi istinad edilən hallara qiymət verməkdə davam edərək hesab edir ki, iddiaçının Səbail rayon məhkəməsinin xx.xx.2017ci il tarixli qətnaməsində xx xxxxx 2016-cı il tarixli qiymətləndirmə hesabatına istinad edərək, ona məxsus Salyan şossesi ilə Ə.Yaqubov küçəsinin kəsişməsində yerləşən 2 saylı binanın 8 saylı mənzilinin mansard tavan hissəsində dam örtüyünə çəkilmiş xərclərin xx xxxxx 2016-cı il tarixinə hesablanmış tikinti-smeta bazar dəyəri 40894 manat təşkil etməsinin müəyyən edilmiş hal kimi göstərməsinə dair dəlili də əsassızdır. Belə ki, sözügedən qətnamədən görünür ki, xx xxxxx 2016-cı il tarixli qiymətləndirmə hesabatı həmin işin materiallarında olan sənədlərdən biri kimi qeyd edilmiş və qətnamə ilə iddiaçıya məxsus mənzilinin mansard tavan hissəsində dam örtüyünə çəkilmiş xərclərin xx xxxxx 2016-cı il tarixinə hesablanmış tikinti-smeta bazar dəyəri 40894 manat təşkil etməsi ilə bağlı məhkəmə tərəfindən heç bir hal müəyyən edilməmişdir. Göründüyü kimi, qanunvericiliyə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də, delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyyatsızlığı nəticəsində yaranır. Yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin tələbindən də aydın olduğu kimi mülki hüquq pozuntusu törətmiş şəxs hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurduğu zərərəin əvəzini tam həcmdə ödəməlidir. Ümumiyyətlə, zərərin əvəzinin ödənilməsi üçün bir qayda olaraq mülki hüquq pozuntusunun (deliktin) mövcud olması tələb olunur. Lakin məlumdur ki, mülki hüquqda məsuliyyət bir sıra hallarda şəxsin təqsiri olmadığı hallarda da yarana bilər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Həmçinin, Azərbaycan Respublikasının MPM-nin: - 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərin mülki hüquq pozuntusu (delikt) törətməsinə dair sübutları təqdim etməsə də, cavabdehlərin iddianın əsassız olmasına dair istinad etdiyi hallar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olmuşdur. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən mənəvi zərərlə bağlı tələb törəmə tələb olduğundan onun əsaslandırıldığı dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia təmin olunmadığı halda ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə də, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf idarəsinə və "Cavabdeh2" MMC-yə qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlikedən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar