Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1682/2022 16.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ASC ilə X4 Sumbat oğlu arasında xx.xx.2015-ci il tarixli 100810-224618/1 nömrəli kredit müqaviləsi imzalanmışdır. Bağlanmış kredit müqaviləsinin şərtlərinə görə İddiaçı ASC tərəfindən Həsənov İlham Sumbat oğluna illik 30 faiz dərəcəsi ilə 36 ay müddətinə 13000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə X4 Sumbat oğlu arasında xx.xx.2015-ci il tarixli, 100810-224618/2 nömrəli kredit müqaviləsi imzalanmışdır. Bağlanmış kredit müqaviləsinin şərtlərinə görə İddiaçı ASC tərəfindən Həsənov İlham Sumbat oğluna illik 20 faiz dərəcəsi ilə 36 ay müddətinə 7000 ABŞ dolları məbləğində kredit verilmişdir. Borclunun öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63,7 kv.m.-dən ibarət fərdi yaşayış evi xx.xx.2015ci il tarixli, 100810-224618/1 nömrəli ipoteka müqaviləsinə əsasən banka ipoteka qoyulmuşdur. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin müqavilə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində dövlət qeydiyyatına alınmışdır. İddiaçı ASC ilə X4 Sumbat oğlu arasında kredit müqavilələr bağlandıqdan sonra, bank müqavilə ilə üzərinə götürdüyü öhdəliklər tam icra edərək müqavilələrdə nəzərdə tutulmuş məbləği ayrılmışdır. X4 Sumbat oğlu xx.xx.2017-ci il tarixdə vəfat etmiş və həmin tarixdən başlayaraq kredit müqaviləsinin şərtləri pozulmuş, kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin ödənilməsi gecikdirilmişdir. Kredit müqavilələri üzrə öhdəliklərin icra edilməməsi nəticəsində banka olan borc xx.xx.2022-ci il tarixə aşağıdakılardan ibarətdir: - xx.xx.2015-ci il tarixli, 100810-224618/1 nömrəli kredit müqaviləsi üzrə - kredit müqaviləsi üzrə əsas borcu məbləği – 2472,34 manat, kredit müqaviləsindən istifadəyə görə yaranmış faiz borcunun məbləği – 438,81 manat, cəmi 2911,15 manat; - xx.xx.2015-ci il tarixli, 100810-224618/2 nömrəli kredit müqaviləsi üzrə - kredit müqaviləsi üzrə əsas borcu məbləği – 1210,09 ABŞ dolları, kredit müqaviləsindən istifadəyə görə yaranmış faiz borcunun məbləği – 143,49 ABŞ dolları, cəmi 1353,58 ABŞ dolları. Bank tərəfindən “İpoteka haqqında” AR Qanununun 36.1-ci maddəsinin tələblərinə uyğun olaraq ipoteka predmetinə tutma yönəldilməsi barədə xx.xx.2021-ci il tarixli, 001/007/4173/2021 nömrəli Bildiriş ipotekaqoyana xx.xx.2021-ci il tarixdə sifarişli poçt göndərişi ilə göndərilmişdir. Poçt göndərişi vasitəsilə göndərilmiş həmin bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, yəni xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.Göstərilənləri nəzərə alaraq İddiaçı ASC-yə ipotekaya qoyulmuş Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63,7 kv.m.-dən ibarət fərdi yaşayış evinə tutma yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, ipoteka predmetinin açıq hərracda satılması, satışdan əldə edilən puldan İddiaçı ASC-yə xx.xx.2015-ci il tarixli 100810- 224618/1 nömrəli kredit müqaviləsi üzrə 2472,34 manat məbləğində əsas kredit borcunun, faiz borcu 438,81 manat olmaqla, cəmi 2911,15 manat, xx.xx.2015-ci il tarixli 100810-224618/2 nömrəli kredit müqaviləsi üzrə 1210,09 ABŞ dolları məbləğində əsas kredit borcunun, faiz borcu 143,49 ABŞ dolları olmaqla, cəmi 1353,58 ABŞ dolları məbləğində kredit borcunun və ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, cəmi 40 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 72,13 manat dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti hərracda satıldıqdan sonra bir ay müddətində Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63,7 kv.m.-dən ibarət fərdi yaşayış evindən çıxarılması və həmin evin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının etibarnamə əsasında nümayəndəsi Nümayəndə iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, kredit götürən şəxs vəfat etdiyi üçün və notariat orqanında vərəsəlik işi açılmadığı üçün hazırki tələblə məhkəməyə müraciət olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş üzrə «Bank» qismində İddiaçı ASC-nin ilə digər tərəfdən «Borcalan» qismində Həsənov İlham Sumbat oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100810-224618/1 No-li kredit müqaviləsinin surətinə əsasən bank tərəfindən İlham Həsənova 36 ay müddətinə, illik 30%-lə, 13.000 manat məbləğində kredit verilmişdir. İş üzrə «Bank» qismində İddiaçı ASC-nin ilə digər tərəfdən «Borcalan» qismində Həsənov İlham Sumbat oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100810-224618/2 No-li kredit müqaviləsinin surətinə əsasən bank tərəfindən İlham Həsənova 36 ay müddətinə, illik 20%-lə, 7.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş üzrə “Bank” qismində İddiaçı ASC ilə “İpoteka qoyan” qismində Cavabdeh və “Borc alan” qismində Həsənov İlham Sumbat oğlu arasında bağlanılmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Bankla «Borcalan» arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100810- 224618/1 və 100810-224618/2 saylı kredit müqavilələrinin təminatı kimi Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63,7 kv.m. ibarət olan fərdi yaşayın evi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 3.2-ci bəndinə əsasən ipoteka predmetinin likvid dəyəri 40000 manat müəyyən edilmişdir. İş üzrə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Həsənov İlham Sumbat oğlu ilə X2 arasında xx.xx.2005-ci il tarixdə nikah bağlanılmış, bu barədə akt qeydləri kitabında 64 №-li akt qeydi icra edilmiş, nikahdan sonra ərə Həsənov, arvada Həsənova soyadı verilmişdir. İş üzrə Həsənov İlham Sumbat oğlu tərəfindən notarial qaydada yazılmış xx.xx.2015-ci il tarixli ərizənin surətindən görünür ki, o, arvadı Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən yaşayış evinin (hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, seriya RX No0574625, reyestr nömrəsi: **********28-10301, daşınmaz əmlakın dövlət reyestrində 204 nömrəli vərəqində qeydiyyata alınmışdır) ipoteka müqaviləsinə əsasən İddiaçı ASC-nin xeyrinə ipotekaya qoyulmasına razıdır. İpotekaya qoyulmuş əmlaka gələcəkdə tutma yönəldildikdə və ya həmin əmlak satıldıqda onu qeyd-şərtsiz tərk etməyi (boşaltmağı) və yuxarıda göstərilən ünvandan qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. İş üzrə Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti Başçısının Mərdəkan qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh məxsus olan Mərdəkan qəsəbəsi, Kolxoz küçəsi, ev 54 ünvanında qeydiyyatda olanlar haqqında Xəzər RPİ-nin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsindən bildiriş daxil olmamışdır. Hal-hazırda Mərdəkan qəsəbə nümayəndəliyinin təsərrüfat kitabına əsasən həmin ünvanda qeydiyyatda heç kim yoxdur. İş üzrə 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Həsənov İlham Sumbat oğlu xx.xx.2017-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 1413 No ilə qeyd edilmişdir. Ölümün səbəbi: ağ ciyər ürək çatmamazlığıdır. İş üzrə İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2021-ci tarixdə ünvanlanmış bildirişin surətindən görünür ki, Həsənov İlham Sumbat oğlu kredit müqavilələrinə əsasən öhdəlik icra edilmədiyi təqdirdə tutmanın öhdəliyin icrasının təminatı kimi Banka ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63,7 kv.m. olan fərdi yaşayış evinə yönəldilməsi barədə Bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş üzrə İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair məktubun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63,7 kv.m. olan fərdi yaşayış evinə tutmanın yönəldilməsini xahiş etmişdir. İş üzrə İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Həsənov İlham Sumbat oğlunun xx.xx.2015-ci il tarixli, 100810-224618/1 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə əsas borcu 2472,34 manat, 438,81 manat faiz borcu, cəmi 2911,15 manat borcu var. İş üzrə İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Həsənov İlham Sumbat oğlunun xx.xx.2015-ci il tarixli, 100810-224618/2 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə əsas borcu 1210,09 ABŞ dolları, 143,49 ABŞ dolları faiz borcu, cəmi 1353,58 ABŞ dolları borcu var. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Həsənov İlham Sumbat oğlu arasında bağlanılmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən İlham Həsənova 36 ay müddətinə, illik 30% dərəcəsi ilə 13.000 manat məbləğində kredit verilmişdir. Həmçinin bank ilə İlham Həsənov arasında bağlanılmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən İlham Həsənova 36 ay müddətinə, illik 20% dərəcəsi ilə 7.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqavilələrinin təminatı kimi Bank, borcalan və ipotekaqoyan X1 arasında xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən Cavabdeh mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63,7 kv.m. olan fərdi yaşayış evini bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Həsənov İlham Sumbat oğlu xx.xx.2017-ci il tarixdə vəfat etmiş və iddiaçı kredit müqavilələri üzrə yaranmış borcun tutulması barədə tələb irəli sürmədən ipoteka predmetinin satılması və borcun ipoteka predmetinin satışından əldə olunan pul vəsaitinə yönəldilməsi barədə tələb irəli sürmüşdür. Məhkəmə ilk növbədə qeyd edir ki, Mülki Məcəllənin 269.1 və 269.5-ci maddələrinə müvafiq olaraq, ipoteka əsas öhdəliyin icrasının təminatı üsuludur və bu səbəbdən ipoteka müqaviləsinə hər hansı mülki hüquq müqaviləsi, o cümlədən kredit müqaviləsi ilə birlikdə baxılmalıdır. “İpoteka haqqında” Qanunun 1.0.7 və 1.0.8-ci maddələrinə əsasən, ipoteka müqaviləsi - əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqddir. Əsas öhdəlik - əsas müqavilədən yaranan və icrası ipoteka ilə tam və ya qismən təmin edilən borc və digər öhdəliklərdir. İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır (“İpoteka haqqında” Qanunun 10.1-ci maddəsi). Məhkəmə eyni zamanda qeyd edir ki, öhdəliklərin icrasının Mülki Məcəllənin 460.1-ci maddəsində sadalanan təmin edilməsi üsullarının hər hansı biri ilə təmin olunması həmçinin borclu (və ya borclunun öhdəliklərini təmin edən hər hansı başqa şəxs) ilə kreditor arasında öhdəlik münasibətləri yaradır. Lakin bu öhdəliklər xüsusi növ öhdəliklərdir. Onların özəlliyi təmin olunan öhdəliyə (əsas öhdəliyə) münasibətdə (qarantiya istisna olmaqla) əlavə (aksessor) xarakter daşımasından ibarətdir. Belə öhdəliklərin əsas öhdəliyə münasibətdə əlavə öhdəlik olmaq xüsusiyyəti mülki və digər qanunvericilikdə əks olunan bir çox hallarda özünü büruzə verir. Yuxarıda qeyd edildiyi kimi, MM-in 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Bu baxımdan, ipoteka əlavə (aksessor) öhdəlik kimi onunla təmin edilmiş öhdəliklərin yerinə yetirilmədiyi və ya yerinə yetirilməsinin gecikdirildiyi hallarda əmlakdan real məhrum olma təhlükəsi yaratdığından, borclunu əsas öhdəliyin vaxtında icrasına sövq edir. Mülki qanunvericiliyə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (MM-in 317.1-ci maddəsi). İpoteka müqaviləsinə görə bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. Beləliklə, ipotekanın (girovun) məqsədi əsas öhdəliyin icrasının ipoteka (girov) predmeti hesabına təmin edilməsindən ibarətdir. Məhdud əşya hüququ olaraq ipoteka bu hüquq sahibinə (ipoteka saxlayana) borclu öhdəliyini icra etmədikdə və ya layiqincə icra etmədikdə ipoteka predmeti olan əşyanı satdıraraq əldə olunmuş vəsait hesabına tələbini təmin etmə imkanını verir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq qeyd edir ki, kredit müqavilələri üzrə yaranmış borcun tutulması barədə iddiaçı tərəfindən tələb irəli sürülmədən ipoteka predmetinə tutmanın yönəldilməsi və onun satılması barədə qaldırılan tələb əsaslı hesab edilə bilməz. İddiaçı kredit müqavilələri üzrə tərəf olan kredit götürən şəxsin ölməsini əsas tutaraq yaranmış borcun tutulmasına dair tələb irəli sürməmişdir. Halbuki, qanunvericilik və o cümlədən Konstitusiya Məhkəməsi Plenum Qərarlarında yaranmış öhdəliyə görə belə hallarda cavabdeh daşıyan şəxsin müəyyən edilməsi və ona qarşı tələb irəli sürülməsini müəyyən etmişdir. Belə ki, AR Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəllənin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, AR Mülki Məcəllənin 470, 472, eləcə də 1146 ,1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ipoteka qoyan Cavabdeh kredit götürən şəxs mərhum Həsənov İlham Sumbat oğlunun həyat yoldaşı olmuşdur və ipoteka predmeti onların birgə nikahda olduqları vaxta əldə edilmişdir. Digər tərəfdən, yuxarıda göstərilənlərə əsasən iddiaçı kredit götürən şəxsin ölümündən sonra onun öhdəliklərinə cavab verməli olan şəxslərin müəyyən edilməsinə dair hər hansı tədbir görmədən və borcun tutulmasına dair tələb irəli sürmədən hazırki tələblə məhkəməyə müraciət etmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, kredit müqavilələri üzrə yaranmış borcun tutulması barədə tələb irəli sürülmədiyindən, yaranmış borcun ipoteka predmetinin satışından əldə olunan pul vəsaitinə yönəldilməsi, ipoteka predmetinin satıldıqdan sonra həmin evin boşaldılması ilə bağlı irəli sürülən tələb əsaslı hesab edilə bilməz və bu səbəbdən qaldırılan iddia təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia rədd olunduğundan məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Bu səbəbdən iddia tələbi ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, cəmi 40 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 72,13 manat dövlət rüsumunun cavabdehdən tutulması hissəsində də təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə…. QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı İddiaçı ASC-yə ipotekaya qoyulmuş Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63,7 kv.m.-dən ibarət fərdi yaşayış evinə tutma yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, ipoteka predmetinin açıq hərracda satılması, satışdan əldə edilən puldan İddiaçı ASC-yə xx.xx.2015-ci il tarixli 100810-224618/1 nömrəli kredit müqaviləsi üzrə 2472,34 manat məbləğində əsas kredit borcunun, faiz borcu 438,81 manat olmaqla, cəmi 2911,15 manat, xx.xx.2015-ci il tarixli 100810-224618/2 nömrəli kredit müqaviləsi üzrə 1210,09 ABŞ dolları məbləğində əsas kredit borcunun, faiz borcu 143,49 ABŞ dolları olmaqla, cəmi 1353,58 ABŞ dolları məbləğində kredit borcunun və ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, cəmi 40 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 72,13 manat dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti hərracda satıldıqdan sonra bir ay müddətində Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63,7 kv.m-dən ibarət fərdi yaşayış evindən çıxarılması və həmin evin boşaldılması barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1682/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1682/2022
16.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver