Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1691/2023 08.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi R.N.Əzimovun, Cavabdeh (Sultanovanın) iştirakları ilə, İddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin cavabdeh Osmanova (Sultanova) Leyla Nəsir qızına qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan QSC "xxxx" KB cavabdeh Osmanova (Sultanova) Leyla Nəsir qızına qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, QSC "xxxx" KB ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə kredit verilməsi haqqında 1xx/xx/1080/10/1 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən bank tərəfindən cavabdehə 82 ay müddətinə 998,9 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 998,9 ABŞ dolları məbləğində əsas borc, 1201,37 ABŞ dolları müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 150,92 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 2351,19 ABŞ dolları məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədilə bank tərəfindən cavabdehə yazılı xəbərdarlıq edilmişdir, lakin bundan sonra da kredit müqaviləsi üzrə öhdəliklər onun tərəfindən lazımınca icra edilməmişdir.Göstərilənləri nəzərə alaraq iddiaçı QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli 1xx/xx/1080/10/1 saylı kredit müqaviləsi üzrə cavabdehdən banka 998,9 ABŞ dolları məbləğində əsas borc, 1201,37 ABŞ dolları müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 150,92 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 2351,19 ABŞ dolları məbləğində pulun, 30 manat dövlət rüsumunun ləğv prosesində olan QSC "xxxx" KB-nın xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək göstərmişdir ki, tərəflər arasında xx.xx.2006-cı il tarixli 1xx/xx/1080/10/1 (KX1077) saylı kredit müqaviləsi bağlanılmış, həmin kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh 12 ay müddətinə illik 24% dərəcəsi ilə 1000 ABŞ dolları məbləğində kredit verilmiş, xx.xx.2007-ci il tarixli kredit müqaviləsinə əlavə Sazişə əsasən kreditin ödənilməli olduğu son tarix xx.xx.2009-cu il müəyyən edilmişdir. Həmin müqavilə üzrə cavabdehin banka 998,9 ABŞ dolları əsas, müqavilə müddəti bitənədək 1201,37 ABŞ dolları hesablanmış və tələb olunan faiz, 732,62 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz, cəmi 2932,89 ABŞ dolları məbləğində və 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının etibarnamə əsasında nümayəndəsi X1 dəqiqləşdirilmiş iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, müqavilə müddəti 2009-cu ildə bitsə də, məhkəməyə 2019-cu ildə müraciət edilmiş, müddətin ötürülməsi iş həcminin çoxluğu ilə əlaqədar olmuşdur. Məhkəmə iclasında izahatı alınmış cavabdeh Osmanova (Sultanova) Leyla Nəsir qızı iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, 1000 ABŞ dolları kredit götürmüş, 2009-cu ilədək ödənişləri etmiş, həmin ödənişləri təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir, lakin bankın hesabdan çıxarışında yalnız onun 2008-ci ilədək apardığı ödənişlər əks olunmuşdur. Digər tərəfdən iddiaçı müddəti də ötürmüşdür, müddətin bitməsi və iddianın əsassız olması səbəbi ilə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş üzrə QSC "xxxx" KB ilə digər tərəfdən Cavabdeh arasında bağlanmış xx.xx.2006-cı il tarixli KX 1077 saylı kredit müqaviləsinə əsasən aylıq faiz dərəcəsi 24% olmaqla 12 ay müddətinə 1.000 ABŞ dolları məbləğində kredit xətti verilmişdir. İş üzrə xx.xx.2007-ci il tarixli kredit müqaviləsinə əlavə Sazişə əsasən kreditin ödənilməli olduğu son tarix xx.xx.2009-cu il müəyyən edilmişdir. İş üzrə ləğv prosesində olan QSC "xxxx" KB tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2006-cı il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 998,9 ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 1201,37 ABŞ dolları faiz, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış 0 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün illik 5%lə hesablanan 732,62 ABŞ dolları borc, cəmi 2932,89 ABŞ dolları borcu var. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/3265 saylı rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 1xx/xx/1080/10/1 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh iddiaçı "xxxx" QSC-yə müqavilənin bitmə tarixinə, yəni xx.xx.2016-cı il tarixə olan borcu 1.933,85 ABŞ dolları məbləğdə müəyyən edilir, o cümlədən əsas borc üzrə 773,33 ABŞ dolları, faiz borcu üzrə 1160,52 ABŞ dolları. Qeyd: iş materiallarından göründüyü kimi, Cavabdeh ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 1xx/xx/1080/10/1 No-li kredit müqaviləsi üzə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də tədqiqatla Cavabdeh cərimə hesablanmır. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2006-cı il tarixli KX 1077 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 12 ay müddətinə, illik 24% dərəcəsi olmaqla 1.000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, həmin müqavilənin son tarixi xx.xx.2009cut il tarixi müəyyən edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, bank cavabdehdən kredit müqaviləsi üzrə yaranmış 2932,89 ABŞ dolları tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə yazılı ərizə verilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsi üzrə münasibətlər xx.xx.2006-cı il tarixdə yaranmışdır və cavabdeh tərəfindən borc müqaviləsi üzrə müəyyən qədər ödəniş həyata keçirsə də, iddiaçı borc müqaviləsi üzrə öhdəliklərin icrasını həyata keçirilməsi ilə əlaqədar yalnız xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iddiaçı tərəfindən borc müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətinin ötürülməsini və cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizənin verilməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüququqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.(maddə 375.2). Qeyd edilən Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. E.Həkimovun şikayəti üzrə AR Konstitusiya Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli qərarında göstərmişdir ki. iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddəti ilə bağlı müddəalar Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərində nəzərdə tutulmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi, analoji hüquqi mövqedən çıxış edərək, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə kredit müqaviləsinin müddətinin xx.xx.2009-cu il tarixdə bitməsini və həmin müqavilə üzrə yaranmış borcun tutulması ilə bağlı iddianın xx.xx.2019-cu il tarixdə məhkəməyə verilməsini nəzərə alaraq qeyd edir ki, iddiaçı qanunda nəzərdə tutulmuş 3 illik müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Beləliklə məhkəmə iddiaçı tərəfindən kredit müqavilə üzrə pozulmuş hüquqlarının bərpası ilə bağlı 3 illik iddia müddəti bitdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etməsini və bununla da qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətinin ötürülməsini və həmin müddətinin ötürülməsinin üzrlü hesab edilməsi ilə bağlı iddiaçı tərəfindən hər hansı bir sübutun məhkəməyə təqdim edilə bilməməsini, eyni zamanda iddiaçının nümayəndəsinin məhkəmə iclasında iddia müddətinin ötürülməsi ilə bağlı gətirdiyi dəlillərin – iş həcminin çoxluğu ilə bağlı - üzürlü hal kimi qəbul edilə bilməməsi nəzərə alaraq hesab edir ki, iddia tələbi iddia müddətinin ötürülməsi ilə əlaqədar rədd olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunmadığından, iş üzrə keçirilmiş ekspertiza xərci və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin cavabdeh Osmanova (Sultanova) Leyla Nəsir qızına qarşı QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2006-cı il tarixli 1xx/xx/1080/10/1 (KX 1077) saylı kredit müqaviləsi üzrə cavabdehdən banka 998,9 ABŞ dolları məbləğində əsas borc, 1201,37 ABŞ dolları müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 732,62 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 2932,89 ABŞ dolları məbləğində pulun, 30 manat dövlət rüsumunun ləğv prosesində olan QSC "xxxx" KB-nın xeyrinə tutulması barədə iddia tələbi iddia müddətinin ötürülməsi ilə əlaqədar əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərci iddiaçıya aid edilsin. Ləğv prosesində olan QSC "xxxx" KB-dan dövlət nəfinə keçirilmiş ekspertiza xərci - 100 (yüz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1691/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1691/2023
08.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver