Məhkəmə qərarları › İş №e-2(009)-1729/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1729/2023

15.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1729/2023 15.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, bank ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 328916-1 saylı “Kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi bağlanılmış və illik 21,90% hesablanması şərti ilə 60 ay müddətində 7000 manat məbləğində kredit borcunun qaytarılmasını cavabdeh öz üzərinə götürmüşdür. Lakin borclu şəxs Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2023-cü il tarixdən icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 5.713,70 manat məbləğində əsas borc, 157,72 manat məbləğində faiz borcu, 66,05 manat məbləğində cərimə borcu, ümumilikdə 5.937,47 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. Həmçinin tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit “Kredit alan” tərəfindən icra edildikdən sonra Bank tərəfindən “Kredit alan”ın müvafiq cari hesabına köçürmə yolu ilə verilir. Kredit uçotu “Kredit alan”ın müvafiq ssuda hesabında ararılır (bənd 2.12-ci). “Kredit alan” müqavilə üzrə ayrılmış kredit vəsaitlərinin “Cari hesabı”ndan “Kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verir (bənd 3.8). Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə bank tərəfindən dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Göstərilənləri nəzərə alaraq İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 328916-1-25202 saylı “Kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi”nə əsasən xx.xx.2023-cü il tarixə banka borclu olduğu 5.713,70 manat məbləğində əsas borc, 157,72 manat məbləğində faiz borcu, 66,95 manat məbləğində cərimə borcu, ümumilikdə 5.937,47 manat pul məbləğini və məhkəməyə müraciət etmək üçün ödənilmiş 79,37 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, o, krediti mənzili təmir etmək üçün götürmüşdür, üç aydır borcu ödəyə bilmir, çünki onun "xxxx" ASC-də də krediti var, aldığı əmək haqqından hər ay kredit banka borc ödənilir. "xxxx" ASC kartından tutmalar aparır. Ailə vəziyyəti də imkan vermir ki, İddiaçı ASC-yə olan borcu ödəyə bilsin. "xxxx" ASC-yə olan borcu bağlanmaq üzrədir, tam bağlanıldıqdan sonra hazırkı banka da ödənişləri edəcək. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 328916-1-25202 saylı kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 60 ay müddətinə, illik faiz dərəcəsi 21,90% ödənilməsi şərti ilə 7000 manat məbləğində kredit verilmişdir. İş üzrə İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 5713,70 manat əsas, 157,72 manat faiz, 66,05 manat cərimə, cəmi 5937,47 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 11 avqust 2021-ci il tarixli, 328916-1-25202 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 60 ay müddətinə, illik 21,90% olmaqla 7000 manat məbləğində kredit verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh M.Məhərərmov kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və onun banka 5.713,70 manat əsas, 157,72 manat faiz, 66,05 manat cərimə, cəmi 5.937,47 manat borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank yaranmış borcun cavabdehdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, cavabdeh M.Məhərəmov bağlanılmış kredit müqaviləsi üzrə kredit vəsaiti almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə borc məbləğini və müəyyən edilmiş faizləri qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısıdır. Lakin Cavabdeh kredit vəsaitini ödəməli olmasına aid vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi təmin edilməli və cavabdehdən 5.713,70 manat əsas, 157,72 manat faiz, 66,05 manat cərimə borcu tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən 79,37 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli 328916-1-25202 saylı kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi üzrə xx.xx.2023cü il tarixə yaranmış 5.713,70 manat əsas borc, 157,72 manat faiz borcu, 66,05 manat cərimə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 79,37 manat, cəmi 6016,84 (altı min on altı manat, səksən dörd qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar