Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1745/2024 17.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququnun tanınması və iki uşağıyla birlikdə həmin evə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: o, cavabdeh ilə xx.xx.2005-ci il tarixdə evlənmişdir. Onların birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X7 doğulmuşlar. O, cavabdehlə ümumi təsərrüfat aparmışdır. O, cavabdehlə evləndikdən sonra ünvan 1 ünvana köçürülmüş və ona məxsus olan cehiz əşyaları həmin evə yerləşdirilmişdir. O, evə köçdükdən sonra ümumi gəlirləri hesabına evdə əlavə bir otaq və yardımçı sahələr tikilmişdir. Əvvəllər münasibətləri yaxşı olsa da, cavabdeh içkiyə qurşanmış, evə, ailəyə baxmamışdır. O, bir neçə dəfə ayrılmaq istəsə də, uşaqlara görə ailəni dağıtmamışdır. Buna baxmayaraq, cavabdeh öz pis vərdişlərindən əl çəkməmiş, ailədə dava-dalaş salır, uşaqların gözü qarşısında onun qadınlıq ləyaqətini alçaldır, döyür, söyürdü. Artıq belə şəraitdə yaşamaq mümkün olmadığından o, nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh bundan sonra onunla daha da pis rəftar edərək 20 aprel 2023-cü ildə onu iki uşaqla evdən qovmuşdur. O, həmin gündən iki uşağıyla kirayələrdə yaşayır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə onların nikahı pozulmuşdur. Cavabdehin təhqir və işgəncələrindən keçirdiyi ağır sarsıntılar nəticəsində o, onkoloji xəstəlik tapmış və hazırda onkoloji xəstə kimi qeydiyyata alınmışdır. Hazırda bu sağalmaz xəstəlikdən əzab çəkir. Maddi imkansızlıq, müalicə xərclərinin bahalığı, kirayə və kommunal xərclərinin ödənişi xəstəliyinin müalicə olunmağına imkan vermir. Qeyd etdiyi kimi ünvan 1 ünvanda evdə əlavə otaq və yardımçı sahələr onların birgə əldə etdikləri vəsaitlərlə tikilmişdir. Lakin, o, evdə yaşamaq, mənzildən istifadə etmək hüquqlarından əsassız və qanunsuz olaraq məhrum edilmişdir. Ona görə də o, mənzildən (evdən) istifadə hüququnun tanınması və mənzilə köçürmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək, heç vaxt içki aludəçisi olmadığını, sürücü işlədiyini, ailəsinə həmişə hörmətlə davrandığını, iddia ərizəsində göstərilənlərin həqiqətə uyğun olmadığını, nikahın pozulduğunu bildirmiş və iddiaya etiraz edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 004164 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, 9-cu Buxta döngəsi, 7 saylı evin 35.0 yaşayış sahəsindən ibarət 2 otaqlı 7 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə 17.0 m2 payda Cavabdeh 1 otaq, 18.0 m2 payda X5 adına xx.xx.1999-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 sentyabr 2023cü il tarixli, 2(009)-1743/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhər Səbail rayon VVADQ şöbəsində 25 fevral 2005-ci il tarixdə bağlanmış və 52 №li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. X4 görünür ki, tərəflərin birgə nikahından xx.xx.2006-cı il tarixdə X6 anadan olmuşdur. X4 görünür ki, tərəflərin birgə nikahından xx.xx.2010-cu il tarixdə X7 anadan olmuşdur. Əsaslandırıcı hissə: Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Cavabdeh ilə 25 fevral 2005-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2006-cı il tarixdə X6 və xx.xx.2010-cu il tarixdə X7 adlı uşaqları anadan olmuşdur. Ailə qurduqları vaxtdan İddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçmüş və ailəsi ilə birlikdə həmin mənzildə yaşamışlar. Uşaqları da həmin ünvanda yerləşən evdə doğulub yaşamışlar. Həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 sentyabr 2023cü il tarixli, 2(009)-1743/2023 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında Bakı şəhər Səbail rayon VVADQ şöbəsində 25 fevral 2005-ci il tarixdə bağlanmış və 52 №li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. İddiaçı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini tərk edərək uşaqları ilə birlikdə kirayədə yaşayır. Qətnamədən görünür ki, tərəflər uşaqların ananın yanında qalmasına dair barışıq sazişi bağlamışlar. Hazırda iddiaçı mövcud mübahisəli vəziyyəti və daimi yaşamağa başqa yeri olmadığını əsas gətirərək ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması və iki uşağıyla birlikdə həmin evə köçürülmələrini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh ilə 25 fevral 2005-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurması, həmin vaxtdan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçməsi və ailəsi ilə birlikdə orada yaşaması, tərəflərin birgə nikahından xx.xx.2006-cı il tarixdə X6 və xx.xx.2010-cu il tarixdə X7 adlı uşaqlarının həmin ünvanda yerləşən evdə doğulub yaşamaları, 25 sentyabr 2023-cü il tarixli qətnamə ilə İddiaçı ilə Cavabdeh arasında Bakı şəhər Səbail rayon VVADQ şöbəsində 25 fevral 2005-ci il tarixdə bağlanmış və 52 №li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, eləcə də ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin Cavabdeh mülkiyyətində olması işin mübahisəsiz halıdır. Belə ki, qeyd edilən xüsusatlar məhkəmə araşdırması zamanı digər sübutlarla yanaşı məhkəmə iclasında iştirak edən tərəflərin izahatları ilə də öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarına əsasən, “yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.” Məhkəmə, İddiaçı ilə Cavabdeh 25 fevral 2005-ci il tarixdə rəsmi nikaha daxil olmalarını və iddiaçının mübahisəli evə həmin vaxt köçməsini nəzərə alaraq hesab edir ki, tərəflər arasında yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə iddia tələbinə münasibət bildirərək aşağıdakıları qeyd edir: «Ü.Rəhimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 17 fevral 2009-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 dekabr 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Maddədə həmin şəxslərin dairəsi konkret müəyyənləşdirilmişdir - mülkiyyətçinin əri, arvadı, valideynləri, uşaqları. Bu maddədə həmçinin nəzərdə tutulmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək hüququna malikdir. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Konstitusiya Məhkəməsinin Plenumu MM-in 228.5-ci maddəsinə dair 27 may 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri tərəfindən öz ər və ya arvadının həmin sahəyə köçürülməsi üçün mülkiyyətçinin razılığı tələb olunur. MM-in 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəasına gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu izah etmişdir ki, bu müddəa MM-in 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, “yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Bu məqsədlərə nail olmaq üçün yaşayış sahəsinin mülkiyyətçisi və onun ailə üzvləri arasında həmin yaşayış sahəsinə dair qarşılıqlı hüquq və vəzifələrin həcmini müəyyən edən hüquqi əsasları, o cümlədən ailə üzvlərinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarını müəyyən etmək vacibdir. Yaşayış sahəsindən istifadə etmək hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu). İstifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228-ci maddəsinin məzmununa görə, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3cü maddəsi). Həmçinin, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış məhdud əşya hüquqları bağlı olduqları daşınmaz əşyaya olan mülkiyyət hüququnun özgəninkiləşdirilməsi halında xitam olmadıqları kimi (Mülki Məcəllənin 158.3-cü maddəsi), istənilən üçüncü şəxslərə qarşı da irəli sürülə bilərlər (Mülki Məcəllənin 158.4-cü maddəsi). Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin mənasından da göründüyü kimi yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Başqa sözlə, hazırkı işdə iddiaçı mənzilin mülkiyyətçisi olan cavabdehin (2005-ci ildən arvadıdır) ailə üzvü olmaqla, yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdir, və onun yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Tərəflər arasında hüquq münasibətləri iddiaçının cavabdeh ilə 2005-ci ildə nikaha daxil olduqdan sonra mübahisəli mənzilə köçməsiilə yarandığından məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzilə Mülki Məcəllənin müddəaları baxımından istifadə hüququ yaranmışdır. Belə olan halda isə iddiaçının həmin mənzilə cavabdehin iradəsinə zidd köçürülməsi mülkiyyətçi kimi cavabdehin hüquqlarını pozulması kimi qiymətləndirilə bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə iddiaçının dəlilləri ilə razılaşır və “istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddiasının əsaslı olması nəticəsinə gəlir. Məhkəmə iddiaçının “iddiaçının uşaqları xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X1 dair” dəlilləri ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırda xx.xx.2006-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatmışdır, xx.xx.2010-cu il təvəllüdlü X7 isə tərəflərin bağladığı barışıq sazişinə əsasən ananın himayəsində olmaqla onunla birlikdə yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. (27.2) Məhkəmə, qanunvericiliyin tələbini və xx.xx.2010-cu il təvəllüdlü X3 faktiki olaraq anası İddiaçı himayəsində olmasını, hazırki qətnamə ilə İddiaçı mübahisəli mənzilə istifadə hüququ tanınmaqla köçürülməsi tələbinə dair iddiasının əsaslı olması nəticəsinə gəlindiyini nəzərə alaraq hesab edir ki, xx.xx.2010-cu il təvəllüdlü X3 da iddiaçı ilə birlikdə köçürülməsi məqsədə müvafiqdir. Məhkəmə xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatdığını nəzərə alaraq hesab edir ki, iddiaçının onunla bağlı iddia qaldırmaq üçün subyektiv hüququ olmamışdır. Buna görə də iddia həmin hissədə əsassızdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Cavabdeh mülkiyyətində olan hissədə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə istifadə hüququ tanınmaqla uşağı X7 ilə birlikdə köçürülməli, ödənilmiş dövlət rüsumunun 50 (əlli) manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Cavabdeh mülkiyyətində olan hissədə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə istifadə hüququ tanınmaqla uşağı X7 ilə birlikdə köçürülsün. Ödənilmiş dövlət rüsumunun 50 (əlli) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1745/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1745/2024
17.10.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver