Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1762/2024 25.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X5 Rüstəmlinin sədrliyi, Mələk Bəxtiyar qızı Hüseynovanın katibliyi İddiaçının nümayəndəsi X3 və Cavabdeh iştirakları ilə, İddiaçı BOKT ASC-nin - Cavabdeh qarşı «borc» tələbi barədə iddiası üzrə mülki işə 25 sentyabr 2024-cü il tarixdə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC - Cavabdeh qarşı «borc» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ümumilikdə 3572,69 manat pulun və 56 manat dövlət rüsumuna görə ödənilmiş pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, 27 Oktyabr 2023-cü il tarixində "xxxx" BOKT ASC (bundan sonra iddiaçı adlanacaq) vəCavabdeh (bundan sonra cavabdeh adlanacaq) arasında 01991-23 nömrəli kredit müqaviləsi bağlanmışdır. 27 Oktyabr 2023-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik faiz dərəcəsi 36% olmaqla 3000 (üç min) AZN məbləğində kredit ayrılmışdır. Tərəflər arasında bağlanılmış müqaviləyə əsasən kreditin əsas məbləği və ona hesablanan faizlər 12 ay müddətində kredit müqaviləsinə 1 saylı əlavədə nəzərdə tutulmuş qrafik üzrə iddiaçıya ödənilməli idi. Kreditin təminatı kimi qızıl zinət əşyalarının girov qoyulması barədə xx.xx.2023-cü il tarixli 01991-23/G nömrəli girov müqaviləsi bağlanmışdır. Girov müqaviləsinin 1 saylı əlavəsində qızıl zinət əşyalarının çeşidləri, əyarı və çəkisi göstərilmişdir. Cavabdehlə müqavilə bağlandıqdan sonra iddiaçı müqavilə üzrə öhdəliklərini tam şəkildə vaxtında icra edərək müqavilədə nəzərdə tutulmuş məbləği ayırmışdır, lakin cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 28 noyabr 2023-cü il tarixində 252 (iki yüz əlli iki manat) manat olmaqla, cəmi 306 (üç yüz altı) manat məbləğində ödəniş etmişdir. xx.xx.2023-cü il tarixindən başlayaraq kredit müqaviləsinin şərtlərini qərəzli şəkildə pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini davamlı olaraq gecikdirmişdir. Gecikmələr səbəbi ilə 305,59 (üç yüz beş manat 59 qəpik) AZN cərimə hesablanmışdır. Cavabdehə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq öhdəliyini icra etməmiş, bu günə qədər olan borclarını ödəməmişdir. Cavabdehə borcun əsas məbləğinin, ona hesablanmış faizlərin və cərimələrin ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə bildiriş göndərilmişdir. Cavabdeh şəxsən bildirişlə tanış edilmişdir. "xxxx" ASC-nin 10 avqust 2023-cü il tarilxi 094 saylı əmrinə əsasən baş ofisdə Kredit Departamentinə “kredit üzrə baş mütəxəssis” vəzifəsində işləmiş X2 19 dekabr 2023-cü il tarixdə ərizə ilə ASC-yə müraciət edərək işdən azad olunmasını xahiş etmiş və xx.xx.2023-cü il tarixli 157 saylı əmrlə ərizəsinə əsasən tutuduğu kredir üzrə baş mütəxəssis vəzifəsindən azad edilmişdir. "xxxx" ASC-nin dekabr ayı üzrə ödənilmiş məbləğlərinin yoxlanıması zamanı X1 “kreditlərin verilməsinə dair Qayda”lara zidd olaraq müştərilərin ona qanunsuz olaraq kredit borcunun ödənilməsi üçün verdikləri pul məbləğlərinin müxtəlif yollarla ələ keçirib mənimsəməsi faktı aşkar edilmiş, 25 yanvar 2024-cü il tarixli uyğunsuzluq aktı tərtib edilmişdir. 25 yanvar 2024-cü il tarixli uyğunsuzluq aktına, “Kreditlərin verilməsinə dair Qayda”ların pozulmasına və İdarə Heyətinin 25 yanvar 2024-cü il tarixli protokoluna əsasən 25 yanvar 2024-cü il tarixli 008 saylıƏmr tərtib edilmişdir. Kredit Departamentinin kredit üzrə baş mütəxəssisi Elvin Biyabani barəsində araşdırma aparılarkən o, vəzifəsindən sui-istifadə edərək, 01 dekabr 2023-cü il tarixdən 20 dekabr 2023-cü il tarixədək İddiaçı BOKT ASC-nə ziyan vurub qanunsuz olaraq ələ keçirib mənimsəmiş, kredit ödənişləri üzrə aparılan əməliyyat sistemində "xxxx" MMC-nin 25019 saylı terminal hesabından müştərilər tərəfindən kredit borcları üzrə məbləğlərin ödənildiyini qeyd etmiş lakin, həmin tarixlərdə İddiaçı BOKT ASC-nin hesabında qeyd edilən ödənişlərin olmadığı aşkar edilmişdir. Bellə ki, iddiaçı ilə cavabdeh arasında 1900 manat kreditin verilməsinə dair bağlanmış FN/00742-23 nömrəli xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 140 manat ödənişin xx.xx.2023-cü il tarixdə, 25019 saylı hesabdan iddiaçının hesabına ödənilmədiyi müəyyən edilmişdir. Sonradan 25019 saylı terminal hesabından müştərilərin kredit borclarına yönəltdiyi məbləğlərin həmin müştərilərin kreditləri üzrə qalıq borclarının bərpa edilərək səhvlərə düzəliş edilməsi, adları qeyd edilmiş müştərilərin əməliyyatlarının geri qaytarılması barədə 25 yanvar 2024-cü il tarixli 008 saylıƏmr tərtib edilmişdir. Bundan sonra E.Biyabani barəsində Xaçmaz rayon Polis İdarəsinə və Prokuroluq orqanlarına şikayətlə müraciət edilmişdir. Hal hazırda istintaq hərəkətləri davam etdirilir və təhqiqat işi Bakı şəhəri Nəsimi rayon Prokurorluğunda araşdırılır. Hazırki iddia üzrə cavabdeh uyğunsuzluq aktında adı qeyd edilən şəxslərdən olduğu üçün sistem üzrə cavabdehin adına borc məbləği qeyd olunur. Belə ki, E.Biyabani sistem üzrə ilk kredit üzrə borcun ödənildiyini qeyd etdiyi üçün girov cavabdehə qaytarılmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, iddiaçı şirkətlə artıq 7-8 ildir tanışdır. Belə ki, mütəmadi olaraq ona məxsus qızılları girov qoyaraq iddiaçıdan borc alır və sonradan borcu qaytarır. Hazırki müqavilə üzrə də həmişəki kimi borcu qaytarmaq üçün iddiaçı Cəmiyyətə yaxınlaşmış və iddiaçının əməkdaşı olmuş Elvin adlı şəxsə borcun ödənişini tam həyata keçirmiş və qızıllarını girovdan azad edərək götürmüşdür. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan: xx.xx.2023-cü il tarixli tərəflər arasında bağlanmış Kredit Müqaviləsinin surətindən görünür ki, İddiaçı BOKT ASC tərəfindən Cavabdeh illik faiz dərəcəsi 36 faiz olmaqla 3000 manat məbləğində kredit ayrılmışdır. Müqavilə 12 ay müddətə bağlanmışdır İddiaçı BOKT ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli uyğunsuzluq barədə aktda qeyd edilmişdir ki, Kredit Departamentinin baş mütəxəssisi olmuş X2 tərəfindən “Kreditlərin verilməsinə dair Qayda”lara zidd olaraq İddiaçı BOKT ASC-nin 25019 saylı hesabdan Cavabdeh xx.xx.2023-cü il tarixdə 2847 manat kredit borclarına yönəltməmiş, nəticədə X2 öz vəzifə öhdəliklərindən istifadə edərək, vəsaiti mənimsəmişdir. AR Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 426.1-ci maddəsinə əsasən öhdəliklərin icrası yeri, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, tərəflərin iradəsi ilə müəyyənləşdirilir. 439.5-ci maddəsinə əsasən əgər pul öhdəliyinin icra yeri barəsində şübhə varsa, öhdəlik kreditorun olduğu yer üzrə (fiziki şəxsin yaşayış yeri və ya hüquqi şəxsin olduğu yer üzrə) icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iş materiallarında olan sübutları yuxarıda göstərilən maddi hüquq normaları ilə yanaşı qiymətləndirərək qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və cavabdehə məxsus əşyalar müqavilənin təminatı olaraq girov qoyulmuşdur. Borc cavabdeh tərəfindən iddiaçıya tam qaytarılmışdır. İddiaçı ilə əmək müqaviləsi əsasında işləyən işçi cavabdeh tərəfindən ödənilmiş olduğu ödənişi qəbul edib iddiaçıya məxsus qızılları girovdan azad edib onun özünə qaytarmasına baxmayaraq, həmin ödənişi mənimsəmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh borclu qismində kredit müqaviləsi üzrə yaranmış borcunu kreditorun nümayəndəsi vasitəsilə kreditora qaytarmış və bununla da müqavilə üzrə öhdəliyini tam yerinə yetirmişdir. İddiaçı Cəmiyyətdə çalışan əməkdaşın həmin məbləği mənimsəməsi və Cəmiyyətin hesabına köçürməməsi cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi anlamına gələ bilməz. Bu səbəbdən iddiaçı həmin məbləği cavabdehdən tələb etməkdə haqlı deyildir. Məhkəmə həmçinin ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və hazırki iddia təmin olunmadığından məhkəmə xərclərinə aid edilən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-1762/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1762/2024
25.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver