Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1773/2022 15.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Nikah evində nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X3 anadan olmuşdur. Daha sonra cavabdehlə ailə münasibətləri pozulduğuna görə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1643/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə aralarında olan nikah pozulmuş və övladları X3 onun himayəsinə verilmişdir.Bakı şəhəri Səbail rayon Məhkəməsinin qətnaməsinə əsasən azyaşlı X1 üçün sabit pul məbləği şəklində 170 manat alimentin iddiaçının xeyrinə tutulması da qərara alınmışdır. Həmin qətnamə çıxdıqdan sonra ölkəsində minimum yaşayış məbləği artmış, məhsul və xidmətlərdə kəskin qiymət artımı olmuşdur. Bu isə təbii olaraq uşağın xərcinin də artmasına səbəb olmuşdur. Həmçinin azyaşlı X3 hal-hazırda Bakı Beynəlxalq Təhsil Kompleksinin rus bölməsinin 2C sinifində təhsil alır və onun təhsil alması üçün ödənilən təhsil haqqı 6000 manat təşkil edir. Bundan əlavə azyaşlı X4 “Ağ At” şahmat klubunda qeydiyyatdan keçmişdir və tədris üçün aylıq ödəniş 90 manat təşkil etməkdədir. Cavabdeh isə hal-hazırda "xxxx" MMC-də “proqram təminatı yaradıcısı” vəzifəsində işləməklə 2778 manat məbləğində əmək haqqı almağına baxmayaraq yalnız 170 manat aylıq aliment məbləği ödəməkdədir. Halbuki uşağı saxlamaq və lazımi həyat şəraiti ilə təmin etmək hər iki valideyinin vəzifəsi və borcudur. O, məhkəməyə müraciət etməmişdən əvvəl cavabdehlə aralarında yaranmış mübahisənin qarşılıqlı razılıqla həll edilməsi üçün ilkin mediasiya ilə bağlı 6 saylı Mediasiya Təşkilatına müraciət etmiş və məsələnin mediasiya vasitəsi ilə həll edilməsinə cəhd göstərmişdir. Lakin mediasiyada cavabdeh iştirak etməmiş və xx.xx.2022-ci il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış təqdim olunmuşdur. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışından da göründüyü kimi, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat mediasiyaya dair xərc onun tərəfindən ödənilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş kserosurətindən görünür ki, tərəflərin xx.xx.2014-cü il təvəllüdlü X3 adlı uşağı var. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-1643/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Nikah evində bağlanmış və 2114 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılması, Cavabdeh, xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 30 manat dövlət rüsumunun tutulması, aliment tələbi hissəsində qətnamə dərhal icra edilməsi qət edilmişdir. İş üzrə "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 217 nömrəli arayışından görünür ki, X3 Bakı Beynəlxalq Təhsil Kompleksinin rus bölməsinin 2c sinifdə təhsil alır. Şagirdin illik təhsil haqqı 6000 manat təşkil edir. İş üzrə “Ağ At” Şahmat klubu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X5 2021-ci ilin may ayında şahmat dərslərinə qeydiyyatdan keçmişdir və hal-hazırda mütəmadi olaraq “Ağ At” şahmat klubunda şahmat dərslərində iştirak edir. Tədris aldığı proqram üçün aylıq ödəniş 90 manat təşkil edir. İş üzrə Bakı 6 saylı mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, Cavabdeh qarşı İddiaçı tərəfindən təsvir edildiyi kimi aliment məbləğinin artırılması tələbinə dair ailə mübahisəsi üzrə xx.xx.2022-ci il tarixdə, 15.00:15.30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2012-ci ildə nikah bağlanılmış və onların birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü Raul adlı uşağı anadan olmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah ləğv edilmiş, birgə nikahdan olan uşağın ananın yanında saxlanılmış və cavabdehdən uşağın saxlanılması üçün iddiaçının xeyrinə 170 manat məbləğində aliment tutulmuşdur. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, “Elektron məhkəmə sistemi” vasitəsi ilə cavabdehin əmək münasibətlərində olmasına dair əldə edilmiş çıxarışdan belə məlum olur ki, cavabdeh "xxxx" MMC-də proqram təminatı yaradıcısı vəzifəsində işləyir və əmək haqqısı 2778 manat təşkil edir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, məhkəmə qətnaməsi ilə müəyyən olunan aliment miqdarı, yəni 170 manat uşağın saxlanılması və maddi tələbatlarının ödənilməsi üçün yetərli deyil, uşağın ehtiyaclarını qarşılamır və bu səbəbdən iddiaçı məhkəmədən alimentin miqdarının artırılaraq cavabdehin aylıq qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisənin məhkəmədənkənar qaydada mediator vasitəsi ilə həll edilməsini istəsə də, cavabdeh mediasiya sessiyasına gəlmədiyindən, iddiaçı mübahisənin həll edilməsi ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb aşağıdakı əsaslara görə əsaslı hesab edilməlidir. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşağını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görə valideyndən məhkəmə tərəfindən hər ay qazancın və ya başqa gəlirlərin dörddə bir hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən:
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdehin aylıq əmək haqqısının – 2778 manat - 1/4 hissəsi (694,5 manat) məhkəmə qətnaməsi ilə sabit pul məbləği şəklində tutulması müəyyən edilən alimentin miqdarından (170 manat) kifayət qədər çoxdur. Belə olan halda məhkəmə hesab edir ki, qanunvericiliyin tələbləri baxımından müəyyən edilmiş alimentin qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi həddində müəyyən edilməsi ilə bağlı iddiaçının tələbi əsaslı hesab edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyanın və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarlarını və həmin qərarlarda formalaşan hüquqi mövqeyi, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin miqdarının (170 manat) uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumdan kifayət qədər aşağı olmasını nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1643/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulması qət edilmiş alimentin miqdarı artırılaraq cavabdehdən iddiaçı ilə birgə nikahından olan uşağı yetkinlik yaşına çatmayan Raulun saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, alimentin artırılması ilə bağlı cavabdehdən uşağın saxlanılması üçün tutulmalı olan hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan deyil, hazırki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra başlamalı və həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8- 2/2016 saylı qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, AR MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələrin dərhal icra olunması nəzərdə tutulsa da, hazırki tələb alimentin artırılması ilə bağlıdır. Bu səbəbdən göstərilən qanunun tələbləri alimentin artırılması ilə bağlı tələbə aid edilə bilməz. AR MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad edildiyindən, cavabdehdən bir il ərzində tutulacaq alimentin ümumi məcmusu (ayda ödənilən aliment məbləğinin 694,5 manat olması nəzərə alınmaqla) – 8334 manat nəzərə alınaraq, dövlət rüsumunun əvəzi kimi 103 manat məbləğində dövlət nəfinə pul tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 21 yanvar 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1643/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulması müəyyən edilmiş alimentin miqdarı artırılsın və hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında İddiaçı xeyrinə aliment tutulsun. Alimentin artırılması ilə bağlı Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanılsın və tutma həmin vaxtdan hesablansın. Cavabdeh dövlət nəfinə dövlət rüsmunun əvəzi kimi 103 (yüz üç) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev