Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-180/2025 21.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı, onun nümayəndə və vəkili Vəkil2 Cavabdeh, onun nümayəndə və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24600 manat pulun və ödənilmiş 164 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanıdır. O da, Cavabdeh 2007-ci il tarixdən 2013-cü il tarixinədək yavəri vəzifəsində işləmişdir. Sonradan 2013-cü ildə Cavabdeh barəsində cinayət işi başlanılmış və o həmin vəzifədən uzaqlaşdırılmışdır. Cavabdeh işdən kənarlaşsa da, onların əlaqələri kəsilməmişdir. O həmişə cavabdehə maddi və mənəvi dəstək olub, ona köməklik göstərmişdir. 2020-ci ildə Cavabdeh ona müraciət edərək, ona təcili 15000 manat pul lazım olduğunu və ona həmin məbləğdə borc pul verməyini xahiş etdi. O da, cavabdehə o qədər pulunun olmadığını, həmin vaxt 11200 manat borc pul verə biləcəyini bildirdi və həmin pulu bank vasitəsi ilə cavabehə göndərdi. Cavabdeh isə borcunu iki müddətə qaytaracağına söz verdi. Lakin bu günkü tarixədək Cavabdeh verdiyi sözə əməl etmədi. Bundan başqa, cavabdeh Gəncə şəhərində oğlu X3 ev inşa etdirirdi və həmin evin inşasına tikintisinə rəhbərliyi ona tapşırmışdı və ona işinin qarşılığında 10000 manat pul verəcəyini bildirmişdi. Belə ki, o, evin inşa edilməsi üçün ustalar gətirib, ustaların işinə nəzarət edirdi və inşaat üçün materialları alıb, ustalara verirdi. Evin təmirinə və ustalara verilən pulu özü verib, sonradan cavabdehdən həmin pulları alırdı. Lakin Cavabdeh evin təmir xərcindən onun ustalara verdiyi pulu, materiala verdiyi pulu və ona evin inşası üçün söz verdiyi 10000 manat pulu bu günkü tarixədək ödəməmişdir. Belə ki, kombi ustasının zəhmət haqqısı olaraq 1000 manat, elektrik ustasının zəhmət haqqısı olaraq 200 manat, elektrik materiallarına 800 manat, divar üzdüyü materiallarına 500 manat və divar üzlüyünü vuran ustanın zəhmət haqısı olaraq 400 manat, aqlay daşının vurulması üçün ustanın zəhmət haqqısı olaraq 500 manat pulu öz şəxsi vəsaitindən versə də, cavabdeh bu günkü tarixədək həmin pulları ödəməmişdir. Həmçinin evin tikintisinə rəhbərlik etməyinə görə 10000 manat verməli idi. Dəfələrlə cavabdehdən ona borc olaraq verdiyi 11200 manat pulun, evin inşasına çəkdiyi 3400 manat (təmir üçün ustalara və materiallara verdiyi ümumilikdə) pulun və evin inşasına görə ona verilməli 10000 manat pulun verilməsini tələb etsə də, lakin Cavabdeh ona olan borcunu ödəməkdən imtina etmişdir. O, cavabdehə inanıb onun evinin inşası üçün materialların alınmasını və ustaların pulunun verilməsini öz vəsaiti hesabına etmişdir. Çünkü cavabdeh ona evin təmir-tikintisi başa çatdıqdan sonra həm ustalara, həm materiallara, həm də evin tikintisinə rəhbərlik etdiyi üçün olan pulları qaytaracağına söz vermişdir. Cavabdehə pulun ödənilməsi barədə xx.xx.2024-cü il tarixdə məktub ünvanlanmış (məktub xx.xx.2024-cü il tarixdə alınmış), lakin cavabdeh tərəfindən bu günkü tarixədək məktuba heç bir cavab (münasibət) bildirilməmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 23.941 (iyirmi üç min doqquz yüz qırx bir) manat pulun, maddi zərər olaraq 2500 manat vəkil xidmət haqqının, 171 manat dövlət rüsumunun alınıb ona verilməsinə, ilk iddia tələbinin rədd olunmasına, qarşılıqlı iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsinin xahiş etmişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı onun keçmiş iş yoldaşı olub. Cavabdeh uzun müddət onun yavəri olub və onların şəxsi münasibətləri yaranıb. Bir neçə il bundan əvvəl cavabdeh ona təklif etdi ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi əldə etsinlər və həmin torpaq sahəsində istilikxana qursunlar, meyvə ağacları əksinlər və s. O və ailə üzvləri cavabdehin bu təklifini qəbul etdilər. Onun həyat yoldaşı X1 və cavabdehin adına Şəmkir rayonunun ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi əldə etdilər. Həmin torpaq sahəsi həm cavabdeh İddiaçı, həm də onun arvadı İradə Sultanovanın və qeyrilərinin paylı mülkiyyətindədir. İddiaçı təklifi ilə onlar həmin torpaq sahəsinin bir hissəsində istilikxana qurdular, bir hissəsində meyvə ağacları əkdilər və bir hissəsində yonca bitkisi əkdilər. Eyni zamanda həmin torpaq sahəsinin üzərində su anbarı, ofis binası, qazanxana və məhsulların saxlanması, qablaşdırılması üçün iri bir naves inşa etdiklər. Torpaq sahəsi ilə bağlı arvadı İradə Sultanovanın, cavabdeh İddiaçı və qeyrilərinin mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb. Bütün xərclər onlar tərəfindən ödənildi və 2019-cu ildə istilikxana məhsul verməyə başladı. İddiaçı və mütəxəsislərin deməsinə görə istilikxana hər il 130 ton məhsul verəcəkdi. Orta hesabla hər il çəkilmiş maya dəyəri çıxıldıqdan sonra orta hesabla istilikxanadan, yonca sahəsindən və meyvə bağından onlara 25.000-30.000 manat qazanc veriləcəkdir. Lakin bu günə kimi həmin iş birliyindən onlara cavabdeh tərəfindən heç bir qazanc verilmədi. Əksinə cavabdeh onları aldatdı. Bu səbəbdən arvadı X4 tərəfindən Şəmkir rayon Məhkəməsində Seymur Ahyevə qarşı “paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi tələbinə dair” və “maddi ziyan tələbinə dair” iddia qaldırılıb. Hazırda hər iki iddia tələbi Şəmkir rayon Məhkəməsinin icraatındadır. İddia tələbi ilə bağlı araşdırma davam edir. İddia tələbinin təmini tədbiri olaraq İddiaçı məxsus olan əmlakların üzərnə həbs qoyulub. Bu səbəbdən də İddiaçı ona və ailə üzvülərinə qarşı qərəzçiliyi yaranıb. Hesab edir ki, hazırkı iddianı da qərəzli şəkildə ona qarşı qaldırıb. Cavabdehdən heç vaxt borca pul almamışdır. Buna heç ehtiyac da olmayıb. Əksinə o, cavabdehə məxsus olan bank kartına ümumilikdə 23.941 (iyirmi üç min doqquz yüz qırx bir) manat pul göndərmişdir. Cavabdeh həmin pulları ona qaytaracağına söz versə də, bu günə kimi həmin pulları geri qaytarmamışdır. İddiaçı onun ünvanına göndərmiş olduğu 11.200 manat pul əslində onların iş birliyində xərclənmiş maya dəyərinin bir hissəsidir. Belə ki, həmin ərəfə pandemiya vaxtı olduğu üçün İddiaçı həmin pulu poçt vasitəsi ilə onun ünvanına göndərib. Əgər doğurdan da o ondan borc pul almışdırsa, nə üçün o, bu vaxta kimi məhkəməyə müraciət edib, pulunu ondan tələb etməyib? Hesab edir ki, İddiaçı onun arvadı İradə Sultanovanın məhkəməyə müraciətindən aylar sonra hazırkı iddianı qaldırmaqla, ondan və onun ailə üzvlərindən qisas almaq, onun şərəfinə, işgüzar nüfuzuna xələl gətirmək istəmişdir. O, Dəniz Donanmasında Azərbaycanın ilk və yeganə admiralıdır və hazırda təqaüddədir. Hesab edir ki, İddiaçı ona qarşı qərəzli şəkildə hazırkı iddianı qaldırıb. İddiaçı iddiası əsassızdır. Hesab edir ki, İddiaçı hazırkı iddiası ilə bağlı o, məhkəmədə təmsil olunmaq və müdafiə olunmaq üçün vəkil xidmətindən istifadə etmək məcburiyyətində qalmışdır. Vəkil xidmət haqqı və dövlət rüsumu ödəməli olmuşdur. Bununla da, maddi ziyan çəkmişdir. İstəyir ki, məhkəmə həm ilk iddia tələbini rədd etsin, həm də onun qarşılıqlı iddia tələbini təmin etsin, İddiaçı 23.941 manat pulun, 2500 manat vəkil xidmət haqqının və 171 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qərar qəbul etsin. Bununla da İddiaçı ona vurmuş olduğu maddi ziyanı tam şəkildə ödəsin. xx.xx.2024-cü il tarixdə Cavabdeh qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 19.941 (on doqquz min doqquz yüz qırx bir) manat pulun, 2500 manat vəkil xidmət haqqının, 171 manat dövlət rüsumunun alınıb ona verilməsinə, ilk iddia tələbinin rədd olunmasına, qarşılıqlı iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsinin xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı qarşılıqlı iddianı qəbul etməyərək onun təmin edilməməsini, iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etmiş və iddia tələbinin məzmununa uyğun izahat verərək, eləcə də bildirmişdir ki, Cavabdehla münasibətləri çox yaxşı olmuşdur, ona görə də, o ondan borcunu istəməmişdir. Cavabdeh oğluna tiktirdiyi evin tikintisi ilə o məşğul olmuşdur. Həmin ev 2010-2013-cü illərdə tikilib, 2023-2024-cü illərdə evdə kosmetik işlər görülüb. Ustaları o, Şəmkirdən gətirmişdi. Cavabdeh evin tikintisi ilə bağlı pulları hissə-hissə göndərirdi, sonra kəsildi. Ustaların pullarını kartla göndərirdi və işə əlavə olunmuş qəbzlər də həmin göndərilən pulların qəbzləridir. Evin kosmetik işlərinin başa çatdırılmaması pulun kəsilməsinə görə oldu. Cavabdeh ona borca pul verməyib. O, Cavabdeh və onun arvadı İradə Sulatanova ilə birlikdə istixana becərmişlər. Sonradan aralarında 2024-cü ilin əvvəllərində narazılıq olmuşdur. Buna görə də, Cavabdeh arvadı İradə Sultanova ona qarşı əmlakın naturada bölünməsi və pul tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. Hazırda həmin iddia tələbi məhkəmənin icraatındadır. Ona qarşı qanunsuz tələblər irəli sürdüklərinə görə o da, bu iddianı qaldırdı. Cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsinə əlavə olunmuş qəbzlərlə bağlı bildirir ki, həmin pullar cavabdeh tərəfindən ona borc məqsədi ilə deyil, gördüyü işin müqabilində, yəni evin təmirinə görə qalan borcu olmuşdur. O isə, Cavabdeh və onun oğlu X2 bank kartlarına müxtəlif vaxtlarda 2023 və 2024-cü illərdə pul göndərmişdir. Lakin həmin pulları o nə Cavabdeh, nə də ki, onun oğlu Əşrəf Sultanovdan tələb etmir. Çünki həmin göndərilmiş pullar istixananın becərilməsi və əldə olunmuş gəlir olmuşdur. Onun həqiqətən cavabdehə borcu olsa idi, Cavabdeh arvadı İradə Sulatanova ona qarşı iddia tələbi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərkən hazırkı iddia tələbi ilə də müraciət edərdi. Bunları qeyd etməkdə məqsədi ondan ibarətdir ki, Cavabdeh hazırkı iddia tələbi ilə məqsədli şəkildə, yəni ona olan borcundan yayınmaq və ondan qisas almaqdır. Qeyd edir ki, Cavabdeh və onun oğlu X3 məxsus bank kartlarına 2023-cü il və 2024-cü ildə ayrı-ayrı vaxtlarda pullar göndərmişdir. Bununla bağlı, yəni ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Cavabdeh məxsus 416973******3930 nömrəli "xxxx" ASC-yə aid bank kartına və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X5 məxsus 416973******3904 və 416973******1758 nömrəli "xxxx" ASC-yə aid bank kartlarına 2023-cü və 2024-cü illərdə mədaxil olmuş məbləğlər barədə məlumat "xxxx" ASC-dən götürülmüşdür. Onun Cavabdeh və onun ailə üzvlərinə cavabdehin iddia tələbində göstərdiyindən artıq pul göndərməyi həmin məlumtalarda öz təsdiqini tapmışdır. O, istilikxana ilə bağlı 2023-2024-cü ilin aprel ayı daxil olmaqla pul göndərmiş,karta da pul köçürtmüşdür. O, cavabdehə Gəncədə hoteldə pul vermişdir. Bu ona borc verdiyi puldur. Qeyd edir ki, o, cavabdeh kimi yalan və əsassız iddia tələbi ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddianı qəbul etməyərək onun təmin edilməməsini, iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək onun təmin edilməməsini, qarşılıqlı iddia tələbini müdafiə satıb edərək, onun təmin olunmasını xahiş etmiş, eləcə də bildirmişdir ki, iddiaçı onun yanında işləyib, sonra onu ailəsinə çox yaxın bilib. İddiaçı daim ondan və ailə üzvlərindən borc pul istəyib və onlar da veriblər. Sonra birlikdə istilikxana qurublar. O, istilikxananı Bakıdakı evini 250000 manata satıb həmin pulla qurmuşdur. İddiaçının ona hoteldə borc verdiyi kimi göstərdiyi pul, istilikxanaya qoyduğu 250000 manat pulun maya dəyəridir. Seymur istilikxanadan əldə olunan qazancı ondan gizlədib, həmişə də deyirdi ki, qazanc yoxdur. Onun və oğlunun kartına göndərilən pullar istilikxanaya qoyulan pulun maya dəyəridir. Seymur daim onu aldadıb. Halal pula haram qatdığına görə ondan ayrılmalı oldu. İstilikxanadan böyük gəlir əldə edib, lakin ona deyib ki, heç bir gəlir yoxdur. Sonra kənd adamları ona dedilər ki, Seymur onu aldadlır. Evin tikintisi 2010-cu ildə başlayıb, 2013-cü ildə bitib. Sonra 2013-2023-cü illərdə evin içinin kosmetik işləri görülüb. O, ustalara da, Seymura da kifayət qədər pul ödəmişdir. Seymur malları daim ucuz alıb, ondan 2-3 qat artıq pul istəyirdi. Evdə 3 usta işləyib, ondan 6 fəhlənin pulunu alıb. Seymur iddia tələbində göstərir ki, guya ona söz verib ki, onun evinin tikintisinə rəhbərlik etsin və bunun müqabilində ona 10 000 manat verəcəkdir. Onlar arasında belə bir sözləşmə qətiyyən olmayıb, belə ki, o nə üçün Seymura həmin məbləğdə pul vəd etməlidir? Bu tələb tamamilə uydurma bir tələbdir. Digər tərəfdən, Seymurun dediyinə görə həmin borc 2010-2013-cü ildə yaranıb, ona görə də, iddia tələbinə iddia müddəti tətbiq edilməlidir. Seymura onun şəxsi məsələləri üçün dəfələrlə hissə-hissə borc verib, indi həmin 19941 manat məbləğində borcu ondan istəyir. Məhkəmə iclasında cavabdehin nümayəndə və vəkili Vəkil1 iddianı qəbul etməyərək onun təmin edilməməsini, qarşılıqlı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində göstərmişdir ki, o, Seymuru kəndçisi kimi tanıyır, Seymur onu Gəncəyə 2012 və 2013-cü illər arasında evin damını vurmaq üçün aparmışdı. Həmin vaxt ev tikilib başa çatmışdı. O, usta yanında fəhlə kimi işləyib, evin damını vurublar, bir də qapıdakı navesi. Materialı və pulu onlara Seymur verib. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində göstərmişdir ki, o, Seymuru kəndçisi kimi tanıyır, təxminən 2012-ci ildə o, Gəncədə tikilmiş evin suvaq işini görmək üçün usta yanında fəhlə kimi işləyib. O vaxt bilib ki, evin sahibinin Şahin adlı şəxs olduğunu demişdilər. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərmişdir ki, o, Cavabdeh həyat yoldaşıdır. Seymuru 25 ildən çoxdur ki, tanıyır. Əlində böyüyən insandır, onu bala deyib çağırırdı. Lakin aralarında olan münasibət Seymurun onlara qarşı qeyrisəmimi, yalan davranışları, onlardan etdiyi oğurluqları, hədsiz xoşagəlməz hərəkətləri nəticəsində pozulmuşdur. Yəni çörək verdikləri insan, verdikləri çörəyə tüpürdü. Seymur məhkəməyə düşmüşdü, boşanırdı, onun Şahinə yaxınlaşmağa hünəri olmadığına görə dəfələrlə ona yaxınlaşdı ki, “banka borcum var, işsiz qalmışam, imkanım yoxdur, İradə xanım xahiş edirəm, imkanınız varsa, mənə kömək eləyin”. Dəfələrlə ondan xahiş edib və o da, ona köməklik göstərib, pul verib. Necə ola bilər ki, onların Seymura borcu olsun. Onların ustalara vermək üçün göndərdikləri pullarda da kəsib, ustalara tam vermirdi. Seymurun öz doğma dayısı bunu onlara dəfələrlə demişdi. Gəncədəki ev onun oğlu üçün tikilirdi. Olub ki, onlar tanıyıb etibar etdikləri insan kimi pul verib Seymurdan xahiş ediblər ki, mal-material alıb ustalara versin. Ustalar Seymurdan narazı çıxıb gedirdilər, çünki onları incidirdi. Seymur özü də onlardan xahiş edib ki, burda o, bu işi görə bilər. Lakin evin tikintisindən sonra ona 10000 manat pul verilməsinə dair hər hansı söz və ya vəd verilməyib. İstixanadan onlara heç bir gəlir göndərməyib. Məhkəmə işə baxb, tərəflərin izahatlarını, şahid ifadələrini dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi və qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Məhkəmə iddia və qarşılıqlı iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında zərərin ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Bu baxımdan, hazırkı mülki iş üzrə araşdırma predmetini tərəflərin qarşılıqlı olaraq yuxarıda adı çəkilən əsaslar üzrə iddia tələblərində gösərilən məbləğ həddində öhdəlik daşıyıb-daşımaması halının müəyyən edilməsi təşkil edir. Məhkəmə bildirir ki, mülki prosessual hüquq üçün səciyyəvi olan formal həqiqət prinsipinə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Məhkəmə, formal həqiqət prinsipini və cavabdeh tərəfindən iddia tələblərinin qəbul edilməyərək bütünlüklə mübahisələndirildiyini nəzərə alaraq hesab edir ki, mübahisələndirilən xüsusatlara, yəni cavabdehin iddiaçı qarşısında öhdəlik münasibətləri çərçivəsində məsuliyyət daşımasının müəyyən edilməsinə sübutetmə yükü aspektindən yanaşılmalıdır. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, tərəflər qarşılıqlı surətdə bir-birlərinə borclu olduqlarını sübuta yetirə bilməmişlər. Halbuki mülkiprosessual qanunvericiliyə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Məhkəmə, iddia və qarşılıqlı iddia tələbləri üzrə tərəflərin söykəndiyi faktiki halların təsdiqi üçün irəli sürdükləri dəlillərə və qeyd etdikləri xüsusatlara sübutlar, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verməyi zəruri hesab edir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-nin müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Bu baxımdan, məhkəmə ilk növbədə bildirir ki, yuxarıda da göstərildiyi kimi, iddiaçı və qarşılıqlı iddiaçı öz iddia tələblərinin faktiki əsası kimi göstərdikləri halları, o cümlədən qeyd etdikləri borcu təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişlər. Həqiqətin müəyyən olunması vəzifəsi ayrı-ayrı hüquq sahələrində müxtəlif cür öz əksini tapmışdır. Belə ki, cinayət və ya inzibati xəta haqqında işlər üzrə icraatda məhz obyektiv həqiqətin müəyyən edilməsi tələb olunsa da, mülki prosesdə formal həqiqət prinsipi əsas götürülmüşdür. Bu prinsipə görə, hakim yalnız tərəflərin mübahisələndirdikləri hallarla bağlı məhkəməyə təqdim etdiyi faktiki halları və sübutları nəzərə almalıdır. Beləliklə, iş üzrə müəyyən olunmuş hallara qiymət verərək, məhkəmə hesab edir ki, iddia və qarşılıqlı iddia tələbləri üzrə hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia və qarşılıqlı iddia tələbləri əsaslı sayıla və təmin edilə bilməz. İddiaçı tərəfindən iddia müddəti ötürüldüyü üçün iddia müddətinin tətbiq edilməsi ilə bağlı cavabdehin ərizəsi ilə əlaqədar məhkəmə bildirir ki, iddia müddətinin tətbiqinə əsaslar yoxdur, iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etdiyi dövrə keçməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia və qarşılıqlı iddia tələbləri təmin olunmadığı üçün tərəflərin ödədikləri dövlət rüsumu onların özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası və Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-180/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-180/2025
21.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver