Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1828/2021 24.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 23.02.2014-cü il tarixli müqavilə və Cavabdeh1 20.09.2016-cı il tarixli zaminlik müqaviləsi üzrə 980 ABŞ dolları əsas, 196 ABŞ dolları cərimə borcu ümumilikdə 1176 ABŞ dolları borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 "xxxx" MMC ilə 23.02.2014-cü il tarixli TOP 11353 saylı nisiyə alğı-satqı müqaviləsinə əsasən, “Kontur sim-sim” markalı konturları almış və nəticədə 2215 ABŞ dolları borcu yaranmışdır. Cavabdeh ilə iddiaçı arasında həmin müqavilə bağlandıqdan sonra cavabdeh sonuncu dəfə 28.05.2021-ci il tarixdə 29 ABŞ dolları ödəniş etmişdir. Ödəmə qrafiki üzrə ödəməli olduğu pul məbləğini ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh1 ilə 23.02.2014-cü il tarixdə bağlanmış TOP 11353 saylı nisyə alğı-satqı müqaviləsinə 20.09.2016-cı il tarixində zamin durmuşdur. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən alıcı ödəniş gecikdirildiyi məcmu borcun 1%-i həcmində satıcının xeyinə faiz ödəyir. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsində qeyd olunanları müdafiə edərək bildirmişdir ki, Cavabdeh2 "xxxx" MMC ilə 23.02.2014-cü il tarixdə nisyə alğı-satqı müqaviləsi bağlamışdır. “Kontur sim-sim” markalı konturları almış və nəticədə 2215 ABŞ dolları borcu yaranmışdır. Cavabdeh sonuncu dəfə 28.05.2021-ci il tarixdə 29 ABŞ dolları ödəniş etmişdir. Ödəmə qrafiki üzrə ödəməli olduğu pul məbləğini ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bu səbəbdən də, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh1 izahat verərək bildirmişdir ki, onunla zaminlik müqaviləsi bağlanan zaman 50 manat ödəməli olduğu deyilmişdi, lakin, müqavilənin müddəti olmamışdır. İmkan olan kimi ödəniş edir. Bu səbəbdən də iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən işə adı çəkilən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış 23.02.2014cü il tarixli, TOP 11353 nömrəli müqavilədən görünür ki, Cavabdeh2 2215 ABŞ dolları məbləğində “Kontur sim-sim” markalı konturları almışdır. İş materiallarında olan Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış 20.09.2016-cı il tarixli, TOP 11353 nömrəli müqavilədən görünür ki, Cavabdeh1 ilə 23.02.2014-cü il tarixdə bağlanmış TOP 11353 saylı nisyə alğı-satqı müqaviləsinə zamin durmuşdur. İş materiallarında olan 16.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 ilə 23.02.2014-cü il tarixli TOP 11353 saylı nisyə alğı-satqı müqaviləsi və Cavabdeh1 ilə 20.09.2016-cı il tarixli, TOP 11353 saylı zaminlik müqaviləsi üzrə ödənilməmiş 980 ABŞ dolları əsas, 196 ABŞ dolları cərimə borcu vardır. İş materiallarında olan 29.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 ilə 23.02.2014-cü il tarixli TOP 11353 saylı nisyə alğı-satqı müqaviləsi və Cavabdeh1 ilə 20.09.2016-cı il tarixli, TOP 11353 saylı zaminlik müqaviləsi üzrə ödənilməmiş 951 ABŞ dolları əsas, 196 ABŞ dolları cərimə borcu vardır. İş materiallarında olan AZE seriyalı, No 0******* şəxsiyyət vəsiqəsindən görünür ki, Cavabdeh2 11.02.1976-cı il tarixində Azərbaycan Respublikası, Şəki rayonu, Orta Zəyzid kəndində anadan olmuşdur və qeydiyyatda olduğu yer Şəki şəhəri, S.Rəhman küçəsi, ev 25/25-dir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında nisyə alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Ödəniş qəbzi (№ **********) və ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, cavabdeh müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 425.1ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən müqavilənin şərtlərinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, müqavilə üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Mülki Məcəllənin 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. İddiaçının cərimə tələbi ilə bağlı məhkəmə bildirir ki, 980 ABŞ dolları manat əsas borca görə 196 ABŞ dolları cərimə (dəbbə pulu), tənasübsüz sürətdə yüksək məbləğdir. Odur ki, tərəfin əmlak mənafeləri nəzərə alınmaqla cavabdehdən 90 ABŞ dolları cərimə tutulmalı, həmin tələb qalan hissədə rədd edilməlidir. Məhkəmə 16.07.2015-ci il tarixli, 355 saylı kredit müqaviləsi üzrə borcun cavabdehlərdən, yəni kredit alandan və zaminlərdən müştərək qaydada tutulması tələbi üzrə qeyd edir ki, həmin hissədə də tələb qismən təmin edilməli, yəni tutulmalı olan borc yalnız kredit müqaviləsi üzrə borc alan X2 tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin yuxarıda göstərilən tələblərinə əsasən zaminlik müqaviləsində onun verilməsi müddəti göstərilməlidir. Tərəflər arasında bağlanılmış zaminlik müqaviləsindən göründüyü kimi belə müddət göstərilməmişdir. Məhkəmə hesab edir ki, zaminlik müqaviləsində kredit müqaviləsi üzrə borcalanın bütün öhdəlikləri tam yerinə yetirilənədək qüvvədə qalmasının göstərilməsi, müqavilənin müddəti kimi şərh edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.12.2014-cü il tarixli Qərarının 1-ci hissəsinin 2-ci bəndinə əsasən hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəflərin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarından göründüyü kimi tərəflər arasında müqavilə bağlanılarkən müqavilənin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfləri kənar yardım olmadan müqavilə üzrə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilsinlər. Hazırki zaminlik müqaviləsinin qüvvədə olma müddəti konkret olaraq göstərilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış zaminlik müqaviləsi müddəti göstərilməyən müqavilə kimi qəbul edilməlidir. Belə olan halda qanunvericilik kredit müqaviləsi üzrə öhdəliyin icra vaxtının çatdığı gündən kreditorun zaminə qarşı bir il müddətində iddia qaldırmaq üçün vaxt müəyyən etmişdir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia qaldırmaq üçün vaxt müəyyən etmişdir. Lakin öhdəliyin icrası vaxtının çatdığı gündən və zaminlik müqaviləsinin bağlandığı gündən, yəni 20.09.2018-ci il tarixdən artıq vaxt keçməsinə baxmayaraq kreditor zaminə qarşı iddia irəli sürmədiyi üçün (kredit müqaviləsi üzrə borcun tutulması barədə iddia ərizəsi 18.06.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur), bank zaminə qarşı iddia qaldırmaqda haqlı olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi zamin Cavabdeh1 qarşı münasibətdə təmin edilməməlidir. İşdə olan ödəniş qəbzindən görünür ki, məhkəməyə müraciət etmək üçün iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən həmin xərcin 20 manatı cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2dan 23.02.2014-cü il tarixli, TOP 11353 saylı nisyə alğı-satqı müqaviləsi üzrə 951 ABŞ dolları əsas, 90 ABŞ dolları cərimə borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 23.02.2014-cü il tarixli, TOP 11353 saylı nisiyə alğı-satqı müqaviləsi üzrə 951 ABŞ dolları əsas, 90 ABŞ dolları cərimə borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №e-2(009)-1828/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1828/2021
24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver