Məhkəmə qərarları › İş №e-2(009)-1848/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1848/2024

17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1848/2024 17.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat üzrə mülki işə 17 sentyabr 2024-cü il tarixdə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC - Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas kredit borcu üzrə 2338,28 manat,faiz borcu üzrə 197,29 manat olmaqla, cəmi 2535,57 manat borcun və iddiaçı tərəfindən ödənilmiş 45,36 AZN dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğu üçün hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin maddənin tələblərinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən qeyd olunan mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh Azərpoçt vasitəsi ilə məktub göndərilmiş, lakin cavabdeh iddiaya qarşı etirazını məhkəməyə göndərməmişdir İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən borcluya 83 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 2338,28 manat məbləğində kredit ayrılmışdır. Cavabdeh yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərini pozmuş, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli «Kredit Müqaviləsi"nin surətindən görünür ki, Bank Borc alana 2338,28 manat məbləğində kredit verməyi, Kredit alan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə Banka illik 18 faiz ödəməyi öhdəsinə götürür. Kredit 83 ay müddətinə verilmişdir. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, hazırda cavabdehin İddiaçı ASC qarşısında xx.xx.2024-cü il tarixli «Kredit Müqaviləsi" üzrə əsas borc üzrə 2338,28 manat, faiz borcu üzrə 197,29 manat borcu yaranmışdır. Beləliklə müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada Kredit Müqaviləsi bağlanılmış, həmin Müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 421.2, 428.4, 442-ci, 445, 449.4, 462.3-cü maddələrinə müvafıq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Tərəflərdən birinin tələbi ilə Müqavilə yalnız digər tərəf Müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya Müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin Müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, Müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İşin faktiki hallarına qiymət verib və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmamış, bununla da cavabdeh Kredit Müqaviləsindən irəli gələn öhdəlikləri tam yerinə yetirməmişdir. Ona görə də, iddia təmin edilərək kredit müqaviləsi üzrə əsas və faiz borc məbləğləri cavabdehdən ümumi qaydada tutulmalıdır. Eyni zamanda hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi təmin olduğu halda isə, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 45,36 manat dövlət rüsumu əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2, 284.5.3-cü və 238-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Kredit müqaviləsi”nə əsasən yaranmış 2338,28 manat məbləğində əsas borc, 197,29 manat məbləğində faiz borcu olmaqla cəmi 2535,57 manat məbləğində pul vəsaiti və 45,36 manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar