Məhkəmə qərarları › İş №e-2(009)-1884/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1884/2024

25.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1884/2024 25.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 ağa oğlunun vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 450.94 manat əsas, 302.86 manat faiz borcu olmaqla, cəmi 753.8 manat kredit borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0.4 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: "xxxx" ASC ilə X1 ağa oğlu arasında xx.xx.2020-ci il tarixli BPM**********42 nömrəli tam kart çərçivə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X1 ağa oğluna illik 24 %-lə, 36 ay müddətinə 1000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış tam kart çərçivə müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Əldə olunan məlumata əsasən, X1 ağa oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Notariat ofisi tərəfindən verilmiş şəhadətnamədən görünür ki, X1 ağa oğlunun mirası qəbul etmiş vərəsəsi Cavabdeh notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən vərəsəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 2V-135 reyestr nömrəli xx.xx.2022-ci il tarixli şəhadətnaməyə əsasən miras əmlak – 3573.09 AZN pul məbləğindən ibarətdir. Təqdim edilmiş maliyyə arayışına əsasən, X1 ağa oğlunun xx.xx.2024-cü ilədək banka ödənilməmiş 450.94 manat əsas, 302.86 manat faiz borcu olmaqla, cəmi 753.8 manat borcu qalmışdır. Cavabdeh mərhum X1 ağa oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmədən baxış iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - "xxxx" ASC-nin Şərifzadə filialı ilə X1 ağa oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********42 nömrəli tam kart çərçivə müqaviləsindən görünür ki, bank tərəfindən X1 ağa oğluna 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 1000 manat məbləğində kredit verilmişdir. - 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisi tərəfindən xx.xx.2022-ci il tarixli 2V- 135 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1 ağa oğlunun vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan arvadı Cavabdehdır və o, miras əmlakdan tam 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak “Azneft” İstehsalat Birliyi 1 saylı Nəqliyyat İdarəsinin xx.xx.2022-ci il tarixli 1125/CM- 11/184 saylı məktubuna əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1 ağa oğlunun son haqqhesabı, orta aylıq əmək haqqının 3 misli müavinəti 3573 manat 09 qəpik ödənilməmiş pul vəsaitindən ibarətdir. - "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X1 ağa oğlunun xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 450.94 manat əsas və 302.86 manat faiz borcu olmaqla, cəmi 753.8 manat məbləğində kredit borcu vardır. - "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, kredit müqaviləsi üzrə yaranmış öhdəliyin 5 (beş) gün müddətində tam yerinə yetirilməsi xahiş edilmiş, əks halda borcun qaytarılması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. Əsaslandırıcı hissə: İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" ASC-nin Şərifzadə filialı ilə X1 ağa oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********42 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən, bank tərəfindən X1 ağa oğluna 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 1000 manat məbləğində kredit verilmişdir. Lakin, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş və bu səbəbdən borcalan X1 ağa oğlunun banka kredit borcu yaranmışıdr. Həmçinin müəyyən edilmişdir ki, iş üzrə borcalan X1 ağa oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmiş və iş üzrə Cavabdeh onun vərəsəsi kimi tanınmışdır. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) - 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. - 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, eləcə də tərəflər arasında bağlanmış müqavilənin şərtlərini nəzərə alaraq məhkəmə hesab edir ki, X1 ağa oğlu iddiaçı "xxxx" ASC ilə bağladığı müqaviləyə əsasən üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni vəfat etdiyi vaxtdan sonra müqavilə şərtlərinə əsasən ödənişlər vaxtında aparılmamış öhdəliyin icrası gecikdirilmişdir və bu səbəbdən Bank qarşısında hazırda borclunun vərəsəsi məsuliyyətcavabdehlik daşıyır. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizin ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 450.94 (dörd yüz əlli manat doxsan dörd qəpik) manat əsas borc və 302.86 (üç yüz iki manat səksən altı qəpik) manat faiz borcu olmaqla, cəmi 753.80 (yeddi yüz əlli üç manat səksən qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 450.94 (dörd yüz əlli manat doxsan dörd qəpik) manat əsas borc və 302.86 (üç yüz iki manat səksən altı qəpik) manat faiz borcu olmaqla, cəmi 753.80 (yeddi yüz əlli üç manat səksən qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar