Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1900/2024 18.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi, iddiaçı "xxxx" MMC-nin - Cavabdeh qarşı «pul» tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat üzrə mülki işə 18 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri Səbail rayon Məhkəməsinin binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 50,70 manat vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamaı binaların yoxlanılması üçün 100 manat, 30 manat dövlət rüsumu və 40 qəpik məbləğində bank xidməti haqqının, ümumilikdə 181,10 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğu üçün hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin maddənin tələblərinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən qeyd olunan mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh Azərpoçt vasitəsi ilə məktub göndərilmiş, lakin cavabdeh iddiaya qarşı etirazını məhkəməyə göndərməmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Nəsimi rayonu ərazisində bir müddətdir ki, bəzi vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan və ya bağlanmış müqavilə münasibətlərinə xitam verdikdən sonra qanunsuz olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında “hüquqi xidmətlərin göstərilməsi” barədə müqavilə imzalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı, ******* №-li alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh qanunsuz qoşulmanın həyata keçirildiyi ünvan 1-nın mülkiyyətçisi olmuşdur. Tərəfimizdən iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli Arayışdan müəyyən olur yuxarıda qeyd edilən mənzil xx.xx.2008-ci il tarixdə KATV1 kabel televiziyası şəbəkəsinə qoşulmuş, xx.xx.2014-cü ildə sonuncu dəfə ödəniş etmiş və xx.xx.2014-cü ildə 42.30 manat borcla şəbəkədən ayrılmışdır. Həmçinin iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında xx.xx.2015-ci il tarixli, 3767 N saylı akt tərtib olunanadək sonuncu dəfə adıçəkilən binaya xx.xx.2015-ci il tarixdə baxış keçirilmişdir. Qeyd edirik ki, birinci dəfə xx.xx.2014-cü il tarixdə “Ədalət-A” hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə binaya baxış keçirilən zaman sözügedən mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 1486 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Qeyd edilən aktdan görünür ki, mənzil sakini kabel televiziyası xidmətindən müqavilə bağlamadan istifadə etdiyini etiraf etmişdir. Daha sonra ikinci dəfə xx.xx.2015-ci il tarixdə “Ədalət-A” hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə binaya baxış keçirilən zaman sözügedən mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı təkrar aşkar edilmiş, bu barədə 3767 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə göründüyü kimi adıçəkilən ünvana tərəfimizdən aktlar tərtib edilmiş və tərtib edilmiş aktlardan görünür ki, cavabdehə məxsus olmuş mənzilində “K@TV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulmalar icra edilmiş və həmin qoşulmalar nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 7P saylı evin 56 nömrəli mənzilini X1 90.000 manat pul müqabilində altmışdır. 1486 N saylı, 08 sentyabr 2014-cü il tarixli Aktın surətindən görünür ki, həmin aktda Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 7P saylı evin 56 nömrəli mənzilində şəbəkəyə qeyri-qanuni qoşulma faktının aşkar edildiyi qeyd edilmişdir. 22 avqust 2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, xx.xx.2008-ci il tarixində Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 7P saylı evin 56 nömrəli mənzili KATV 1 Kabel Televiziyasının şəbəkəsinə qoşulub. xx.xx.2014-cü il tarixinədək son ödəməsini edib. xx.xx.2014-cü il tarixində 42,30 manat borc ilə şəbəkədən ayrılıb. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi MM-in 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmin ünsürlərdən hər hansı birinin aşkar edilməməsi deliktə söykənən tələbin rədd edilməsi üçün əsasdır. Hazirki işdə iddiaçı cavabdehin hüquqa zidd əməlinə istinad edərək zərərə düşdüyünü iddia etdiyi üçün yuxarıda göstərilən şərtləri sübuta yetirmək yükü iddiaçının üzərinə düşür. Baxılan işdə iddiaçı, ərizəsində göstərdiyi halları – Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 7P saylı binaya 2008-ci ildən xidmət göstərdiyini və həmin binada yerləşən 56 saylı mənzildən kabel şəbəkəsinə qanunsuz qoşulmanı təsdiqləyən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Qeyd edilən hallara dair təqdim edilmiş və iş materiallarında olan Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 7P saylı evin 56 nömrəli mənzilində kabel televiziyası xidmətlərin göstərilməsinə dair arayış, habelə qanunsuz qoşulmanın aşkar edilməsinə dair 1486 N saylı, 08 sentyabr 2014-cü il tarixli Akt iddiaçının özü və ona hüquq xidməti göstərən şirkətin əməkdaşları tərəfindən tərtib olunmuş sənədlərdir. Başqa sözlə, binaya kabel televiziyası xidmətinin göstərilməsini təsdiqləyən aidiyyəti dövlət orqanının məlumatı təqdim olunmamış və ya qanunsuz qoşulmanın aşkar edilməsinə dair aktın tərtib olunmasında mənzil kommunal istismar sahəsinin əməkdaşının, binanın komendantının və ya hal şahidi kimi qonşuların iştirakı təmin edilməmişdir. Yəni, həmin sənədlərdə əks olunmuş məlumatlar qeyd edilən tərəfsiz qurumlar və ya şəxslər tərəfindən təsdiqlənmədiyi üçün onlar mötəbər (həqiqətə uyğun) sübut sayıla bilməz. Belə olan halda, iddiaçının istinad etdiyi sənədlər cavabdehin qeyri-hüquqi əməl törətməsini təsdiqləyən mötəbər sübut kimi qəbul edilmir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi onun əsalarına dair kifayət qədər mötəbər sübutlar təqdim edilmədiyindən təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №e-2(009)-1900/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1900/2024
18.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver