Məhkəmə qərarları › İş №e-2(009)-1956/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1956/2024

26.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1956/2024 26.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 144.84 manat məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 275.24 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə Bakı şəhərinin müxtəlif rayonlarında kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Qeyd edirlər ki, Səbail rayonu ərazisində bir müddətdir ki, bəzi vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan və ya bağlanmış müqavilə münasibətlərinə xitam verdikdən sonra qanunsuz olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə “Ədalət- A” hüquq firması arasında “hüquqi xidmətlərin göstərilməsi” barədə müqavilə imzalanmışdır. Daşınmaz Əmlkaın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 26 saylı evin 80 nömrəli mənzilinin mülkiyyətçisi xx.xx.2014-cü ildən cavabdehdir. Tərəflərindən iddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli arayışdan müəyyən olur yuxarıda qeyd edilən mənzil xx.xx.2013-cü il tarixdə KATV1 kabel televiziyası şəbəkəsinə qoşulmuş, xx.xx.2014-cü ildə sonuncu dəfə ödəniş etmiş və xx.xx.2014-cü ildə 53.70 manat borcla şəbəkədən ayrılmışdır. Bundan sonra birinci dəfə xx.xx.2015-ci il tarixdə “Ədalət-A” hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə binaya baxış keçirilən zaman sözügedən mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 2523 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Daha sonra ikinci dəfə xx.xx.2016-cı il tarixdə “Ədalət-A” hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə binaya baxış keçirilən zaman sözügedən mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı təkrar aşkar edilmiş, bu barədə 5792 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə göründüyü kimi adıçəkilən ünvana tərəflərindən iki dəfə akt tərtib edilmiş və tərtib edilmiş aktlardan görünür ki, cavabdehə məxsus olmuş mənzilində “K@TV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulmalar icra edilmiş və həmin qoşulmalar nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Eyni zamanda qeyd edirlər ki, baxış keçirilən zaman tərtib edilmiş aktlarda qeyd edilənlər video qeydə alınmışdır. Həmçinin qeyd edirlər ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Qanunsuz qoşulma faktı vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, cavabdehə məxsus mənzildə bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Cavabdehə məxsus olmuş mənzilin şəbəkədən ayrıldığı xx.xx.2014-cü il tarixdən qanunsuz qoşulma barədə ikinci aktın tərtib olunduğu xx.xx.2016-cı il tarixə qədər olan müddət 461 gün təşkil edir. 461 günün 243 günü hər gün üçün 30 qəpik, 218 günü isə bir gün üçün 33 qəpik olmaqla ümumilikdə 144.84 manatdır. Həmçinin iddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında bağlanmış müqavilə əsasında 100 manat pul ödəmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Daha əvvəlki məhkəmə baxış iclasında iştirak etmiş cavabdeh iddiaya etiraz edərək izahatında bildirmişdir ki, iddiada qeyd edilən və video görüntüdə görsənən xətt onun mənzilinə deyil, qonşusunun mənzilinə qoşulmuşdur. Qeyd edilənləri nəzərə alıb ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, tərəfləri dinləyib, iş materiallarını və sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 17 fevral 2015-ci il tarixli, 2523 N saylı aktdan görünür ki, ünvan 1 ünvanının sakini tərəfindən «KATV1» kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğunu aşkar etmişlər. İş materiallarında olan 04 aprel 2016-cı il tarixli, 5792 N saylı aktdan görünür ki, ünvan 1 ünvanının sakini tərəfindən «KATV1» kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğunu aşkar etmişlər. İş materiallarında olan İddiaçı MMC-nin 20 may 2024-cü il tarixli arayışından görünür ki, İddiaçı MMC ilə ünvan 1 ünvanında yaşayan X2 arasında bağlanmış “KATV1” kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2013-cü il tarixində bu ünvan “KATV1” Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, xx.xx.2014-cü il tarixinədək isə son ödəməsini etmiş, xx.xx.2014-cü il tarixində 53 manat 70 qəpik borc ilə şəbəkədən ayrılmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən “Ədalət-A” hüquq firmasının hesabına 100 (yüz) manat pul ödəmişdir. Əsaslandırıcı hissə: İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh ünvan 1-in sahibidir. Belə ki, İddiaçı MMC ilə ünvan 1 ünvanında X2 arasında bağlanmış müqavilə əsasında qeyd edilən mənzil xx.xx.2013-cü il tarixdə KATV1 kabel televiziyası şəbəkəsinə qoşulmuş, xx.xx.2014-cü ildə sonuncu dəfə ödəniş etmiş və xx.xx.2014-cü ildə 53.70 manat borcla şəbəkədən ayrılmışdır. Bundan sonra birinci dəfə xx.xx.2015-ci il tarixdə “Ədalət-A” hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə binaya baxış keçirilən zaman sözügedən mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 2523 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Daha sonra ikinci dəfə xx.xx.2016-cı il tarixdə “Ədalət-A” hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə binaya baxış keçirilən zaman sözügedən mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı təkrar aşkar edilmiş, bu barədə 5792 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Mənzil “KATV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulmuş və həmin qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Məhkəmə iclasında iş materiallarına əlavə edilmiş (disk) video görüntüyə baxış keçirilmiş və blokdan keçən xəttin iddiaçının mənzilinə (balkonuna) qoşulması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci bəndinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) aüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyn normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) trəıicəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 227 saylı qərarı ilə təsdiq olunmuş “Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə Qaydaları”nın 6.3-cü maddəsinə əsasən dəymiş ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlməməyi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.3-cü maddəsinə əsasən telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Cavabdeh tərəf göstərilən xəttin onun mənzilinə deyil, qonşunun mənzilinə qoşulmasını göstərsə də, bununla bağlı heç bir tutarlı sübut məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə iddiaçının iddia tələbini əsaslandırdığı dəlilləri əsaslı hesab edir və iddianın təmin edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh «KATV1» əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin xeyrinə kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində vurulmuş 144,84 (bir yüz qırx dörd manat səksən dörd qəpik) manat zərər, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 (bir yüz) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 (qırx) qəpik məbləğində bank xidməti haqqının əvəzi, ümumilikdə 275,24 (iki yüz yetmiş beş manat iyirmi dörd qəpik) manat məbləğində pul tutulması tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh «KATV1» əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin xeyrinə 144,84 (bir yüz qırx dörd manat səksən dörd qəpik) manat zərərin əvəzi, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 (bir yüz) manat, 30 (otuz) manat dövlət rüsumunun əvəzi və 0,40 (qırx) qəpik məbləğində bank xidməti haqqının əvəzi, ümumilikdə 275,24 (iki yüz yetmiş beş manat iyirmi dörd qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar