Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2003/2025 23.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5800 (beş min səkkiz yüz) manat pulun və iş üzrə ödənilmiş 78 (yetmiş səkkiz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: Cavabdeh ilə İddiaçı iş yoldaşı olmuş və aralarında yaxşı münasibətlər mövcud olmuşdur. 2023-cü ilin sentyabr ayında cavabdeh şəxsi məsələlərlə bağlı olaraq 6000 (altı min) manat məbləğində pula ehtiyacı olduğunu, bu məbləği qısa müddətdə geri qaytaracağını bildirərək iddiaçıdan kömək istəmişdir. İddiaçı isə münasibətləri yaxşı olduğundan və iş yoldaşını çətin vəziyyətdən çıxarmaq məqsədilə, Bakı şəhəri 46 saylı notariat ofisinin bankda açılan depozit hesabı vasitəsi ilə cavabdehə 5800 (beş min səkkiz yüz) manat pul vermiş və tərəflər arasında xx.xx.2023-cü il tarixli borc müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə əsasən, cavabdeh xx.xx.2023-cü il tarixədək borc məbləğini tam şəkildə geri qaytarmalı idi. Lakin müqavilə bağlandığı gündən etibarən cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. İddiaçı borcun qaytarılmasını tələb etdikdə, cavabdeh müxtəlif bəhanələr gətirmişdir. Artıq uzun müddət - təxminən iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, 5800 manat məbləğ hələ də qaytarılmamışdır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılması və iddia tələblərinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə baxış iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş 26 sentyabr 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 5800 manat məbləğində pul borc verir, borc alan borcu xx.xx.2023 tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürür. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında 26 sentyabr 2023-cü il tarixdə kredit müqaviləsinə əsasən 5800 manat məbləğində borcun xx.xx.2023cü il tarixədək qaytarılmasını öz öhdəsinə götürmüş, lakin hazıradək borcu qaytarmamışdır. Hazırda iddiaçı ödənilməli borc məbləğinin ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Məhkəmə qeyd edir ki, tərəflər arasında borc müqaviləsi bağlanmaqla Cavabdeh iddiaçıdan borc aldığı 5800 manat məbləğində pulu xx.xx.2023-cü il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürməsi, lakin öhdəliyini lazımı qaydada icra etməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Qeyd olunan maddi hüquq normalarına və işin hallarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh yerinə yetirməli olduğu öhdəliyi icra etmədiyi üçün, yəni onun tərəfindən imzalanmış müqaviləyə əsasən qaytarmalı olduğu borcu vaxtında qaytarmadığı üçün İddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır və 5800 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5800 (beş min səkkiz yüz) manat məbləğində pul vəsaiti və 78 (yetmiş səkkiz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5800 (beş min səkkiz yüz) manat məbləğində pul vəsaiti və 78 (yetmiş səkkiz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-2003/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2003/2025
23.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver