Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2036/2025 22.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsinə istifadə hüququnun tanınması və s.» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı (Cavabdeh qarşı «yaşayış sahəsinə istifadə hüququnun tanınması və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən 18 kv.m sahəyə malik mənzilin alqı-satqısına dair hərəkətlərin etibarlı əqd hesab edilməsi, İddiaçı ünvan 2 ünvanında yerləşən 18 kv.m sahəyə malik mənzildən sahiblik və istifadə hüququnun tanınması, İddiaçı və azyaşlı övladının (X6-FİN: FJQ9AHC, AA6758646) həmin mənzildən çıxarılmasının cavabdehə qadağan edilməsi, ödənilmiş 100 (yüz) manat dövlət rüsumu və hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş 321 (üç yüz iyirmi bir) manat vəsaitin cavabdehdən tutulması barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı 2021-ci ilin iyul ayından ünvan 3 ünvanında yerləşən evdə ailəsi birlikdə yaşayır. Belə ki, Cavabdeh adlı şəxs 2021-ci ilin iyun ayında ünvan 3 ünvanında yerləşən 18 kv.m sahəyə malik yaşamaq üçün yararsız vəziyyətdə olan yaşayış sahəsini (mənzili) alqı-satqı əsasında İddiaçı faktiki sahibliyinə vermiş və 41 saylı Notariat Ofisində həmin evin kommunal (işıq, qaz, su, telefon) abonent kodlarının iddiaçının adına keçirilməsi üçün notarial təsdiqli ərizələr (o cümlədən valideylərinin ölüm haqqında şəhadətnaməsinin notarial təsdiqli surətini və evin orderinin surətini) vermişdir. S özügedən ərizələr vəkil sorğuları vasitəsilə 41 saylı Notariat Ofisindən əldə edilmişdir. Alqı-satqı zamanı Cavabdeh İddiaçı həmin evdə heç kimin qeydiyyatda olmadığını bildirmişdir. Həmin faktiki alqı-satqının baş verməsi və həmin evin ərizəçinin faktiki sahibliyində olmasının şahidləri mövcuddur və məhkəmədə sözügedən faktlar barədə ifadə verməyə hazırdırlar. Qeyd olunan tarixdən artıq dörd ildir ki, İddiaçı və onun ailəsi ünvan 4 ünvanında yaşayır və həmin ev onun etirazsız və fasiləsiz qanuni sahibliyində olmuşdur. Həmçinin sözügedən mənzildə iddiaçı tərəfindən təmir, tikinti və yaxşılaşdırmaişləri də aparılmışdır (videoyazılar mövcuddur). ARDŞAK-ın və yerli icra hakimiyyətinin səlahiyyətli şəxsləri tərəfindən iddiaçıya qəzalı evin söküləcəyi və ona kompensasiya ödənilməsi üçün evində qeydiyyatda olan D. Nazarovun qeydiyyatdan çıxmalı olduğu və bundan sonra ona kompensasiya ödəniləcəyi qeyd edilmişdir. Cavabdeh həmin ərazidə qəzalı vəziyyətdə olan evlərin dövlət tərəfindən söküləcəyindən və ev sahiblərinə kompensasiya veriləcəyindən xəbər tutduqdan sonra həmin evdə qeydiyyatda olmağından sui-istifadə etməyə başlayaraq həmin evdən qeydiyyatdan çıxmağının qarşılığında iddiaçıdan yüksək məbləğdə pul tələb etmiş və əks halda qeydiyyatdan çıxmamağı ilə onu təhdid etmişdir və iddiaçıda həmin faktla bağlı səs telefon danışıqlarına dair sübutlar mövcuddur. Məsələ ilə bağlı 2025-ci ilin may ayındaSəbail rayon MKTB-nin 149 saylı MKİS-də ərizəçi İddiaçı, Cavabdeh, MKİS-in sahə mühəndisi Ruhulla adlı, ARDŞAK nümayəndəsi kimi tanıdığı Nurəddin adlı şəxslərin iştirakı ilə görüş keçirilmiş və görüşdə Cavabdeh həmin evi 4 il əvvəl ərizəçiyə satdığını, lakin evi satdığı qiymətlə hazırki kompensasiya məbləği arasında fərq olduğu üçün indiki halda qeydiyyatdan çıxmaq istəmədiyini bildirmişdir. Məsələ ilə bağlı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qaynar xəEi ilə işçi qaydada əlaqə saxlanılmış, Komitə tərəfindən məsələ ilə bağlı məlumatlı olduqları bildirilmiş və qeyd olunan ərazidə qəzalı vəziyyətdə olan mənzillərdə söküntü işlərinin aparılması və həmin mənzillərin sakinlərinə kompensasiya ödənilməsi barədə Komitəyə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin tapşırıqları barədə müvafiq dərkənarının daxil olduğu bildirilmiş, lakin həmin dərkənarın işçi qaydada deyil yalnız rəsmi vəkil sorğusuna cavab olaraq təqdim olunmasının mümkün olduğu bildirilmişdir və tərəfimizdən müvafiq sorğu Komitəyə təqdim edilmişdir. ünvan 5 ünvanlanmış vəkil sorğusuna verilmiş cavab məktubuna əsasən sözügedən evin ilkin qeydiyyat sənədlərinin cavabdehin babası, 30 iyun 2000-ci ildə vəfat etmiş X3 adına olduğu qeyd olunmuşdur. Qeyd etmək istəyirik ki, evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat sənədləri mövcud olmadığı üçün cavabdehin həmin evdən qeydiyyatdan çıxarılması mümkün olmamışdır. Təəssüf ki, uzun illərdir ki, ölkəmizdə çıxarışsız (daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış) evlərin qeydiyyatı və hüquqi statusunun müəyyənləşdirilməsi aktual problemlərdən biri olaraq qalır. Bu problemin həlli istiqamətində ölkə rəhbərliyi və aidiyyəti qurumlar tərəfindən mühüm addımlar atılır, mərhələli şəkildə yeni amnistiya xarakterli aktlar qəbul edilir. Bütün bunlara baxmayaraq hələ də qeyrirəsmi göstəricilərə əsasən ölkəmizdə 100 minlərlə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır və Bayıl qəsəbəsinin ərazisi də bu məsələdə istisna deyildir. Bu cür əmlaklar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasalar belə mövcud reallıq bundan ibarətdir ki, bu əmlaklar əsasən fiziki şəxslər arasındatez-tezalqı-satqının, bağışlanmanın, kirayə münasibətlərinin predmetinə çevrilir. İddiaçı faktiki alqı-satqı münasibətləri əsasında həmin evi aldığını və bu faktın şahidlərinin mövcud olmasını, evin kommunal xətlərinin satıcının notarial təsdiqli ərizələri əsasında onun adına keçirildiyini, evin faktiki mülkiyyətçisinin İddiaçı olmasını və ailəsi ilə birlikdə həmin evdə yaşadığını nəzərə aldıqda illərdir ki, fasiləsiz və etirazsız şəkildə onun faktiki sahibliyində olan evin sökülməsinə görə kompensasiya almaq hüququ ona məxsus olmalıdır. Cavabdeh isə nəinki faktiki şəkildə satdığı evdən qeydiyyatdan çıxmaqdan imtinaedir hətta həmin evi özadınarəsmiləşdirərək kompensasiya məbləğini ələ keçirmək niyyətindədir. Təəssüf ki, halhazırda iddiaçının həmin mənzildən istifadə hüququnu ifadə edən sənədlər yalnız notarial qaydada təsdiqlənmiş kommunal abonent kodlarının onun adına keçirilməsi barədə ərizələrdən ibarətdir və iddiaçının mənzildən istifadə hüququnun mövcudluğunun rəsmiləşdirilməsinə zərurət yaranmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi-vəkili iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. O, eyni zamanda bildirmişdir ki, sözügedən mənzil cavabdehin babasına məxsus olmuşdur. İddiaçı ailəsi ilə birlikdə yaşamaq üçün özünə mənzil təmin etmək məqsədilə sözügedən mənzildə yaşamağa icazə verməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh isə həm mənzilin sahibsiz qalıb yararsız hala düşməməsi, həmçinin də iddiaçını tanıdığı üçün iddiaçının həmin mənzildə yaşamasına razı olmuşdur. İddiaçı özü könüllü olaraq bunun müqabilində cavabdehə 8000 manat məbləğində pul vəsaitini ödəməyə hazır olduğunu bildirmiş və ödəmişdir, halbuki cavabdeh ondan bu vəsaiti tələb etməmişdir. Çünki həmin dövrdə sözügedən yaşayış sahəsinin bazar dəyəri həmin məbləğdən qat-qat yüksək olmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 149 sayl MKİSin 24 iyul 2025-ci il tarixli məktubunda qeyd edilir ki, ünvan 6 ünvanı 30 iyun 2000-ci ildə vəfat etmiş X3 adınadır, qeyd edilən ünvanda Cavabdeh qeydiyyatdadır, lakin hal-hazırda yaşamır, İddiaçı, X7 və X6 qeydiyyatsız yaşayırlar. “Elektron notariat” X1 Çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzillə bağlı abonent kodlarının və telefon nömrəsinin İddiaçı adına keçməsi barədə sərəncam verlmsini xahiş etmişdir. 149 saylı MKİS-in 24 iyul 2025-ci il tarixli məktubuna qeyd edilir ki, ünvan 6 ünvanı 30 iyun 2000-ci il tarixdə vəfat etmiş X3 adınadır. Bakı şəhəri 2 saylı Notariat ofisinin 01 may 2025-ci il tarixli məktubunda qeyd edilir ki, X3 xx.xx.2000-ci il tarixdə vəfatı ilə əlaqədar vərəsəsi-qızı X2 ərizəsi əsasında 8V- 536/2012 nömrəli vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Məhkəmə ilk öncə iddia tələbinin “İddiaçı ilə Cavabdeh arasında ünvan 2 ünvanında yerləşən 18 kv.m sahəyə malik mənzilin alqı-satqısına dair hərəkətlərin etibarlı əqd hesab edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə əsassızdır. Belə ki, təqdim olunmuş dəlillərlə sübut olunur ki, Bakı şəhəri, Səbail rayonu, Çernyaxovski (S.Mümtaz) küçəsində yerləşən 34 saylı evin 1 nömrəli mənzili X3 adına olmuşdur. X5 30 iyun 2000-ci il tarixdə vəfat etmiş və onun vəfatından sonra vərəsəsi kimi qızı X4 tanınmışdır. İddiaçı sözügedən mənzili əldə etmək üçün cavabdehə müraciət etmiş və iddiaçı tərəfindən cavabdehə 8000 manat məbləğində pul vəsaiti ödənilməsi müqabilində iddiaçı ailəsi ilə birlikdə sözügedən mənzilə köçərək orada yaşamağa başlamışdır. İddiaçı mənzilin dəyərini cavabdehlə 8000 manat dəyərində razılaşdırdığını və həmin məbləği ödəyərək mənzili əldə etdiyini bildirsə də, işdə olan sübutlardan görünür ki, cavabdehin həmin mənzilə dair heç bir hüququ olmamışdır və hazırda da yoxdur. Belə ki, mənzil cavabdehin mülkiyyətində olmamış, onun babasına məxsus olmuşdur. Babasının vəfatından sonra isə cavabdeh onun vərəsəsi kimi tanınmamışdır. Göründüyü kimi, cavabdehin sözügedən mənzil ilə bağlı sərəncam vermək kimi heç bir səlahiyyəti olmamışdır. Belə olan halda cavabdeh mübahisəli mənzil ilə bağlı alqı-satqı müqaviləsinin bağlanmasının subyekti (satıcı) kimi çıxış etmək hüququna malik olmamışdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, mübahisəli mənzil ilə bağlı iddiaçının iddia etdiyi kimi tərəflər arasında baş tutmuş sövdələşmə (alqı-satqı) etibarsız bir əqd olmaqla heç bir nəticə yaratmır. Cavabdeh iddiaçının 8000 manat pul vəsaitini ona iddiaçının həmin mənzildə yaşamağa icazə verməsi üçün ödədiyini bildirsə də, bu faktı məhkəmə iclasında sübut edə bilməmişdir. Belə ki, cavabdeh həmin mənzilin sahibi olmadığından onun həmin mənzilin istifadəsinə yaxud alqı-satqısına dair öz adından hər hansı vəsait almaq kimi bir hüququ olmamışdır. Bu səbəbdən, iddiaçı ayrıca iddia icraatı çərçivəsində cavabdehə ödəmiş olduğu 8000 manat məbləğində pul vəsaitini cavabdehdən geri tələb etmək üçün məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır. AR Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Məhkəmə iddia tələbinin “İddiaçı mənzilə istifadə hüququnun tanınması” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə əsassızdır. Məhkəmə araşdırılması zamanı mübahisəli evə dair mülkiyyət, istifadə və ya sahiblik hüququ üzrə hər hansı sübut məhkəməyə təqdim edilməmiş və işin halları və iş materialları ilə mübahisəli evin mülkiyyət, istifadə və ya sahiblik hüququ üzrə hər hansı şəxsə məxsus olması müəyyən edilməmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, üzərində istifadə hüquqlarının tanınması iddia edilən ev özbaşına tikili olmaqla, hər hansı müvafiq razılıq və ya icazə alınmadan inşa edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-cı və 180.2-ci maddələrinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya daşınmaz əmlak özbaşına tikili sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Qeyd edilən maddi hüquq normalarından da göründüyü kimi, özbaşına tikilinin aparılması özü-özlüyündə qanunvericiliyin tələblərinə zidd olduğundan, özbaşına tikiliyə iddia edilən hüquqlar şəxsin dövlət tərəfindən tanınan və qorunan hüquqlarına aid edilə bilməz. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı mübahisə predmeti olmuş evə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim etməmiş, bununla belə mübahisə edilən evin özbaşına tikili olması özü-özlüyündə qanunvericiliyə zidd olduğundan, həmin özbaşına tikiliyə iddia edilən hüquqlar şəxsin dövlət tərəfindən tanınan və qorunan hüquqlara aid edilə bilməz. Məhkəmə iddia tələbinin “İddiaçı və azyaşlı övladının (X6-FİN: FJQ9AHC, AA6758646) həmin mənzildən çıxarılmasının cavabdehə qadağan edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə əsaslıdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi sözügedən mənzil cavabdehə məxsus deyildir və cavabdehin həmin mənzil üzərində mülkiyyət ilə bağlı heç bir hüququ yoxdur. Belə olan halda cavabdeh iddiaçının həmin mənzildən çıxarılmasını tələb edə bilməz. Məhkəmə 321 manat hüquqi xidmətə görə ödənilmiş pulun cavabdehdən tutulması hissəsinə aşağıdakıları qeyd edir: AR MPM-nin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardım göstərilməsi üçün Presedent Vəkil Bürosunun hesabına 321 manat məbləğində ödəniş edilmişdir. İddia tələbi qismən təmin edildiyindən həmin məbləğin 170 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı azyaşlı övladı X6 ilə birlikdə həmin mənzildən çıxarılması Cavabdeh qadağan edilsin. Ödənilmiş dövlət rüsumunun 50 manat hissəsi və hüquqi yardım göstərilməsinə görə ödənilən pul vəsaitinin 170 manat hissəsi Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №e-2(009)-2036/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2036/2025
22.10.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver