Məhkəmə qərarları › İş №e-2(009)-209/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-209/2024

15.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-209/2024 15.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Uğur Fatimə Mehmet qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndə və vəkili Vəkil, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin cavabdehlər "xxxx" ASC və Cavabdeh2 qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi cavabdehlər "xxxx" ASC və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 təqsirli hərəkəti nəticəsində DİN-ə məxsus Abşeron rayonu, Saray Qəsəbəsində “Duz gölü” yaxınlığında yerləşən ATŞ-012 nöqtəsinə dəymiş ziyan - 2068,48 (iki min altmış səkkiz manat qırx səkkiz qəpik) manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən tutularaq Daxili işlər Nazirliyinə ödənilməsi barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə, saat 02:30 radələrində, etibarnamə əsasında idarə etdiyi “Kamaz” markalı yük avtomobili ilə Saray qəsəbəsindən yeni Saray yolu ilə Novxanı qəsəbəsi istiqamətində hətəkətdə olan zaman boş sahəyə avtomobilində olan yükü boşaltmaq istədikdə avtomobilin yük yeri DİNin Baş İnformasiya və Komunikasiya idarəsinə məxsus fiber optik kabellərinə maddi zərər vurmuşdur. Cavabdeh2 barəsində yol-hərəkəti qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İşə əlavə olunmuş materiallardan aydın olur ki, Cavabdeh2 təqsirli hərəkəti nəticəsində Abşeron rayonu, Saray qəsəbəsində “Duz gölü” yaxınlığında yerləşən ATŞ-012 nöqtəsi xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsində zərər görmüşdür. "xxxx" MMC tərəfindən video müşahidə nöqtəsinə dəyən maddi zərər yerində tədqiq edilmiş və tərtib edilən akta əsasən maddi zərər aşağıdakı kimi müəyyən edilmişdir: Nöqtənin sökülməsi, yenidən bərpa edilməsi, işçilik və nəqliyyat - 2068,48 azn. Ümilikdə hadisə zamanı video müşahidə nöqtəsinə dəyən maddi zərər məbləği 2068,48 manat təşkil etmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsində Daxili İşlər Nazirliyinin əmlakına zərər vurulması mübahisəsizdir və yol-nəqliyyat hadisəsi zamanı video müşahidə nöqtəsinə ciddi zədələrin vurulması iddia ərizəsinə əlavə edilmiş fotoşəkillərlə də aşkar müəyyən olunur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”na əsasən sığorta ödənişi 5000 manat məbləğində müəyyən edildiyi halda cabadeh "xxxx" ASC tərəfindən pul ödənilməmişdir. Belə olan halda, 2068,48 azn məbləğində maddi zərər cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən tutularaq DİN-nin hesabına köçürülməlidir. Məhkəmə iclasında İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndə və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini qismən 300 manat hissədə, yəni yalnız kabelə dəyən ziyan hissəsində qəbul etdiyini bildirmiş, eləcə də bildirmişdir ki, Cəmiyyətə xx.xx.2022-ci tarixli PSS********** №-li "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə sığorta şəhadətnaməsinə əsasən sığortalanmış “KAMAZ” markalı, 99RC043 nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində, “Duz gölü” yaxınlığında iddiaçıya məxsus fiber optik kabellərlə toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verməsi barədə müraciət daxil olmuşdur. Həmin məlumat alındıqdan dərhal sonra Cəmiyyətin səlahiyyətli nümayəndəsi hadisə yerinə getmiş, hadisənin təfərrüatlarını araşdırmışdır. Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı polis baş leytenantı Nicat Həsənlinin qeyd olunan hadisə ilə bağlı apardığı araşdırma nəticəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında "xxxx" MMC tərəfindən təqdim olunmuş zərər aktına əsasən sözü gedən yolnəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin məbləği 7043,60 (yeddi min qırx üç manat, 60 qəpik) manat qiymətləndirilmişdir. İddiaçıya məxsus əmlaka dəymiş zərərin miqdarı xx.xx.2023-cü il tarixdə Cəmiyyət tərəfindən qiymətləndirilərək 300 (üç yüz) manat məbləğində müəyyənləşdirilmişdir. AR DİN-in Baş İnformasiya-Kommunikasiya idarəsinə qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin məbləğinin Cəmiyyət tərəfindən 300 (üç yüz) manat olaraq qiymətləndirildiyini və bu məbləği ödəməyə hazır olduğunu, zərərin məbləği ilə razılaşmadıqları halda isə qiymətləndirmənin müstəqil ekspert tərəfindən həyata keçirilməsi üçün iddiaçının nümayəndəsinin Cəmiyyətin baş ofisinə yaxınlaşmalı olduğunu bildirən xx.xx.2023-cü il tarixli məktub ünvanlanmışdır. AR DİN-in Baş İnformasiya-Kommunikasiya İdarəsi tərəfindən Cəmiyyətə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda DİN-ə məxsus əmlaka dəymiş zərərin məbləğinin 5969,15 (beş min doqquz yüz altmış doqquz manat, 15 qəpik) manat olduğu və Cəmiyyət tərəfindən dəymiş zərərlə bağlı təklif edilən məbləğlə razılaşılmadığı bildirilmiş, lakin qiymətləndirmənin müstəqil ekspert tərəfindən həyata keçirilməsi ilə bağlı hər hansı bir addım atılmamışdır. Daha sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia ərizəsində xx.xx.2023-cü il tarixində Saray qəsəbəsi, “Duz gölü” yaxınlığında yerləşən DİN-ə məxsus əmlaka yolnəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin məbləğinin "xxxx" MMC tərəfindən 2068,48 (iki min altmış səkkiz manat, 48 qəpik) manat qiymətləndirildiyi qeyd olunmuşdur. "İcbari sığortalar haqqında” Qanunun 16.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dövlət və bələdiyyə əmlakına dəyən zərərin məcburi qiymətləndirilməsi sığortaçı tərəfindən təmin edilməlidir. Göründüyü kimi, sığorta hadisəsindən irəli gələn münasibətlər mülki hüquq münasibətləri olmaqla, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”ndan irəli gələn məsələlər sahəvi qanun olan “İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunan qaydada tənzimlənir və dövlət əmlakına dəymiş zərərin qiymətləndirilməsinin Sığortaçı tərəfindən həyata keçirilməsini imperativ norma kimi müəyyən edir. Yəni sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı öz və ya müstəqil sığorta eksperti vasitəsilə müəyyən edir. İddiaçı tələbində videomüşahidə nöqtəsinin sökülməsi, bərpası üçün 2068,48 (iki min altmış səkkiz manat, 48 qəpik) manat vəsaitə ehtiyac olduğunu bildirir. Lakin eyni işlərin görülməsi üçün xx.xx.2023cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda 7043,60 (yeddi min qırx üç manat, 60 qəpik) manat, Cəmiyyətə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda isə 5969,15 (beş min doqquz yüz altmış doqquz manat, 15 qəpik) manat məbləğ lazım olduğu qeyd edilmişdir. Göründüyü kimi, qeyd edilən müxtəlif sənəd və yazışmalarda müxtəlif zərər məbləğləri iddiaçı tərəfindən müəyyən edilmişdir. Həmçinin digər Cavabdeh2 da verdiyi izahatda yalnız fiber optik kabellərə zərər vurduğunu, videomüşahidə nöqtəsinə hər hansı zərər dəymədiyini vurğulamışdır. Əlavə olaraq Cəmiyyətə məlumat verildikdən dərhal sonra Cəmiyyətin əməkdaşı hadisə yerinə yollanmış, sürücünü dinləmiş, bu barədə raport tərtib etmiş və hadisə yerinin şəkillərini çəkmişdir. Həmin raportda da sürücü eyni məzmunlu izahat verərək, yalnız fiber optik kabellərə zərər vurduğunu qeyd etmişdir. Hadisə yerinin şəkillərindən də qeyd edilən izahatın həqiqətə uyğun olması aydın olur. Odur ki, iddiaçının təqdim etdiyi ziddiyyətli zərər aktları, zərərvuran şəxsin izahatı və digər sübutları iddiaçının tələbinin əsassız olduğuna, Cəmiyyət tərəfindən yerində müayinə və araşdırma aparmaqla müəyyən edilmiş zərər məbləğinin əmlaka dəymiş zərərin bərpası üçün ağlabatan məbləğdə hesablandığına dəlalət edir. Yuxarıda göstərilənlərə əsasən iddiaçının sığorta ödənişinin ödənilməsi tələbinə dair iddiasının 300 manat məbləğində qismən təmin edilməsi, qalan hissədə iddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq, maddi imkanı olmadığından məhkəmə prosesində iştirak edə bilmədiyini nəzərə alaraq onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. İş materiallarında olan Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı polis baş leytenantı Nicat Həsənlinin 26 fevral 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsinə bilavasitə tabe olan Texniki xidmət mərkəzinin kiçik inspektor-operatoru tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 02.:30 radələrində Abşeron rayonu, Saray qəsəbəsində, Novxanı-Saray yolunun kənarında yerləşən DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsinə məxsus fiber optik kabellərin ** RC *** dövlət qeydiyyat nişanlı Kamaz narkalı yük avtomobili tərəfindən zədələnərək maddi ziyan vurulduğu barədə DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsinə bilavasitə tabe olan Texniki xidmət mərkəzinin kiçik inspektor-operatoru tərəfindən tərtib edilmiş raport əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surətinin RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Abşeron DYP-nin xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, 16 fevral 2023-cü il tarixdə, saat 02:30 radələrində, X3 idarə etdiyi “Kamaz 53229 yük” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobillə AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Cavabdeh2 tərəfindən Abşeron RPİ-nin rəisi Musa Musayevə ünvanladığı izahatdan görünür ki, **-RC-*** dövlət qeydiyyat nişanlı Kamaz markalı yük avtomobili qohumu X4 məxsusdur və o həmin yük avtomobilini etibarnamə əsasında idarə edirdi. O, xx.xx.2023-cü İİ tarixdə, saat 02:30 radələrində idarə etdiyi həmin yük avtomobili ilə Saray qəsəbəsi yeni Saray yolu ilə Novxanı qəsəbəsinə hərəkət edirdi. Avtomobilində olan yükü yolun sol tərəfində tikinti aparılan əraziyə boşaltmaq üçün sola ehtiyyat hissədə olan cığır istiqamətində hərəkət etdi. Girişin səhv olması səbəbindən geriyə hərəkət etdi və bu zaman güzgüdən avtomobilin yük hissəsinin aşağı tərəfinə hava naqilinin ilişdiyini gördü. Lakin naqilin istifadəsiz olduğunu düşünüb əhəmiyyət vermədi. Yükü lazım olan yerə boşaldan zaman yük hissəsində naqil qabıqları gördü. Geri qayıtdıqda isə yerdə yolun kənarında naqillərin olduğunu gördü. xx.xx.2023-cü il tarixdə, səhər saat 11 radələrində, yenidən həmin ünvana yük gətirdikdə bir neçə nəfər şəxsin naqillərin qırıldığı yerdə iş apardığını görüb avtomobili saxlayıb onlara yaxınlaşdı və hadisə barəsində məlumat verdi. Bundan sonra isə sığorta şirkətinə zəng edib hadisə baş verdiyini bildirdi. Bu zaman o, naqillərin istifadəyə yararsız olduğunu düşünüb heç bir quruma məlumat vermədi, hadisəni qəsdən törətmədiyini, hava şəraiti qaranlıq olduğundan naqilləri görmədiyini və belə bir hadisənin baş verdiyini dedi. Bundan sonra barəsində şikayət edilmişdir. O, hadisəni qəsdən törətməmişdir. Hadisə baş verən zaman ayıq vəziyyətdə olmuş və spirtli içki qəbul etməmişdir. Hadisə baş verən zaman tək olmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli aktından görünür ki, "xxxx" MMC şirkətinin layihə nəzarət rəhbəri Nəhmətov Ramal və baş mühəndisi Əmirli Azər bu aktı ona göroə tərtib etdilər ki, Abşeron rayonu, Saray qəsəbəsindəki “Duz gölü” yaxınlığında yerləşən ATŞ-012 nöqtəsi xx.xx.2023-cü il tarixində yol nəqliyyat hadisəsi zamanı zərər görmüşdür. Hadisə zamanı TŞ nöqtəsinə dəyən ziyan aşağıdakı kimidir: Dirəyin təmin edilməsi üçün sökülməsi, təkrar quraşdırılması və nəqliyyat xərci 2068,48 manat. Ümumilikdə hadisə zamanı TŞ nöqtəsinə dəyən maddi zərərin məbləği - 2068,48 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli Qüsur Aktından görünür ki, Masazır-Novxana yolunda ATŞ-012 nöqtəsinə dəymiş ziyanın ümumi məbləği 300 manat müəyyən olunmuşdur. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizsıa Mərkəzinin 9/763 nömrəli, xx.xx.2024-üi il tarixli ekspert rəyindən görünür ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli aktlarına əsasən, qərardadda göstərilən Təhlükəsiz Şəhər Xidmətinin ATŞ-012 nömrəli video müşahidə nöqtəsinə dəymiş zərərin məbləği təxminən 2068,48 manat müəyyən edilir. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta əsasən, qərardadda göstərilən Təhlükəsiz Şəhər Xidmətinin ATŞ-012 nömrəli video müşahidə nöqtəsinə dəymiş zərərin məbləği təxsinin 300,00 manat müəyyən edilir. Yuxarıda göstərildiyi kimi, hazırki iş üzrə tərəflərin hüquq münasibətləri 16 fevral 2023-cü il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı yaranmışdır. Mülki qanunvericilikdə sığorta hadisəsinin anlayışı verilməklə yanaşı, həmçinin sığorta hadisəsi baş verdiyi təqdirdə sığortalı və sığortaçının vəzifələri, habelə sığorta ödənişlərinin verilməsindən imtina əsasları da göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. Həmin Məcəllənin 925.5-ci maddəsinə əsasən əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir. Həmin Məcəllənin 935.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda sığortaçı sığorta ödəməkdən imtina edir. Qanunvericiliyin qeyd edilən normalarından aydın olur ki, sığorta hadisəsi barədə sığortalı və digər şəxslər tərəfindən sığortaçıya dərhal və mümkün olan ən qısa müddət ərzində məlumat verilməməsi nəticəsində sığortaçı, hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar onun mənafeyi əhəmiyyətli dərəcədə pozulduqda sığorta ödəməkdən imtina edə bilər. Qeyd edilən hal onu təsdiq edir ki, məhz göstərilən hallar müəyyən edildikdə, sığortaçı tərəfindən sığorta ödənişindən imtina edilə bilər. Qanunun 935.1.1-ci maddəsinin məzmunundan aydın olur ki, sığorta ödənişindən imtina əsası kimi müəyyən edilmiş şərtlərin sübut edilməsini məhz sığorta ödəməkdən imtina edən sığortaçının üzərinə düşür. Lakin sığortaçı tərəfindən məhkəməyə sığorta hadisəsinin səbəbini və dəyən zərərin həcminin müəyyənləşdirmək imkanından məhrum olması ilə əlaqədar onların mənafeylərinin əhəmiyyətli dərəcədə pozulmasını təsdiq edən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla yanaşı, məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə, saat 02:30 radələrində, etibarnamə əsasında idarə etdiyi və "Atəşgah" Sığorta şirkətində xx.xx.2022-ci tarixli PSS********** №-li "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə sığorta şəhadətnaməsinə əsasən sığortalanmış “Kamaz” markalı yük avtomobili ilə Saray qəsəbəsindən yeni Saray yolu ilə Novxanı qəsəbəsi istiqamətində hətəkətdə olan zaman boş sahəyə avtomobilində olan yükü boşaltmaq istədikdə avtomobilin yük yeri DİN-in Baş İnformasiya və Komunikasiya idarəsinə məxsus fiber optik kabellərinə maddi zərər vurmuşdur. Cavabdeh2 barəsində yol-hərəkəti qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş və 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/763 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli aktlarına əsasən, qərardadda göstərilən Təhlükəsiz Şəhər Xidmətinin ATŞ-012 nömrəli video müşahidə nöqtəsinə dəymiş zərərin məbləği təxminən 2068,48 manat müəyyən edilir. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta əsasən, qərardadda göstərilən Təhlükəsiz Şəhər Xidmətinin ATŞ-012 nömrəli video müşahidə nöqtəsinə dəymiş zərərin məbləği təxsinin 300,00 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, ekspertin rəyi nəzərə alınmaqla dəymiş maddi ziyanla bağlı iddia tələbi təmin edilməli və cavabdehlər Cavabdeh2 və "xxxx" Açıq Səhmdar Cəmiyyətindən müştərək qaydada dəymiş ziyana görə 2068,48 manat tutularaq iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və "xxxx" Açıq Səhmdar Cəmiyyətindən dəymiş ziyana görə 2068,48 (iki min altmış səkkiz manat qırx səkkiz qəpik) manat tutularaq iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən tutularaq tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X1, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar