Məhkəmə qərarları › İş №e-2(009)-2099/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2099/2024

25.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2099/2024 25.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Cavabdehlər Cavabdeh4 və Cavabdeh3 iştirakları ilə , İddiaçı QSC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh4 İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı müqaviləyə əsasən Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən Cavabdeh4 aylıq faiz dərəcəsi 1,25% olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 40.000 manat məbləğində kredit götürmüşdür. Tərəfərin imzaladıqları xx.xx.2023-cü il tarixli 004A**********S saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 13.428,62 manat ödəniş etmiş və onun banka 26.571,38 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Cavabdeh kredit borcunu və faiz borcunu banka qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 102 gün üçün hesablanmış faiz borcu 1.475,54 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,02% məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 102 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 420,04 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtında əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtlərinin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. Kredit müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh4 ilə birgə məsuliyyət daşıyır və uzumüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 26.571,38 manat kredit borcu, 1.475,54 manat faiz borcu və 420,04 manat məbləğində cərimə olmaqla, cəmi 28.466,96 manat məbləğində borcun və ödənilmiş 175,40 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçının nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh4 öz izahatında göstərmişdir ki, o, İddiaçı QSCnin etibarlı müştərisi olmuş, ona görə də ona böyük məbləğdə kredit verilmişdir. Krediti vaxtında ödəsə də, sonradan 2 dəfə avtoqəza hadisəsi ilə bağlı və ailəsində yaranan problem anasının xəstəliyi ilə bağlı ödənişləri vaxtında edə bilməmiş, sonra baş ofisə getmiş, orada ona 3.000 manat veriləcəyi təqdirdə qrafik üzrə ödənişlərin ediləcəyini desələr də, həmin pulu əsas borcdan çıxmış və məhkəməyə müraciət etmişlər. O, hesab edir ki, krediti o, götürdüyü üçün qaytarılmasına da o, məsuldur. Zaminlərdən pulun tutulmamasını istəyir. Vaxt verilsə, o, bu məsələni həll edə bilər. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh3 öz izahatında göstərmişdir ki, krediti Elçin götürmüş, dost kimi ona zamin durmuşdur, lakin onun yaranmış borcu ödəməyə maddi imkanı yoxdur. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehlərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna danışığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən Cavabdeh4 aylıq faiz dərəcəsi 1,25% olmaqla 48 ay müddətinə 40.000 manat məbləğində kredit verilmişdir. İş üzrə “Bank” qismində İddiaçı QSC ilə “Zamin” qismində Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 004G**********01 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh3 borc alan Cavabdeh4 bankla bağladığı xx.xx.2022-ci il tarixli 004A********** saylı kredit müqaviləsi üzrə irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş üzrə “Bank” qismində İddiaçı QSC ilə “Zamin” qismində Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 004G**********02 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 borc alan Cavabdeh4 bankla bağladığı xx.xx.2022-ci il tarixli 004A********** saylı kredit müqaviləsi üzrə irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş üzrə “Bank” qismində İddiaçı QSC ilə “Zamin” qismində Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 004G**********03 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 borc alan Cavabdeh4 bankla bağladığı xx.xx.2022-ci il tarixli 004A********** saylı kredit müqaviləsi üzrə irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş üzrə “Bank” qismində İddiaçı QSC ilə “Kredit Alan” qismində Cavabdeh4 arasında bağlanılmış kredit müqaviləsi və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2023-cü il tarixli 004A222919516S saylı sazişinə əsasən bank ilə kredit alan arasında xx.xx.2022-ci il tarixli 004A222919516 saylı kredit müqaviləsi əsasında Kredit Alan, götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan xx.xx.2023-cü il tarixli ödəniş planına uyğun Banka ödəməsi (bənd 1), xarici valyutada verilmiş kredit üzrə ödənişləri Kredit Alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da banka etməsi (bənd 2), əgər kredit üzrə aylıq ödənişlər yeni ödəniş qrafikinə uyğun olaraq plan üzrə 1 ay ərzində həyata keçirilməsə, Bank birtərəfli qaydada ödənişğ qrafikini ilkin vəziyyətinə qaytarması və ödənişlərin əvvəlki ödəniş planına uyğun olaraq həyata keçirilməsi (bənd 3) barədə razılığa gəlmişlər. İş üzrə “Bank” qismində İddiaçı QSC ilə “Zamin” qismində Cavabdeh3 arasında bağlanılmış zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında xx.xx.2023-cü il tarixli 004G**********01S saylı sazişinə əsasən tərəflər bank ilə zamin arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 004G**********01 saylı zaminlik müqaviləsinin preambulasuna dəyişiklik edilərək kredit müddətinin 42 ay təşkil etməsi barədə razılığa gəlmişlər. İş üzrə “Bank” qismində İddiaçı QSC ilə “Zamin” qismində Cavabdeh1 arasında bağlanılmış zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında xx.xx.2023-cü il tarixli 004G**********02S saylı sazişinə əsasən tərəflər bank ilə zamin arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 004G**********02 saylı zaminlik müqaviləsinin preambulasuna dəyişiklik edilərək kredit müddətinin 42 ay təşkil etməsi barədə razılığa gəlmişlər. İş üzrə “Bank” qismində İddiaçı QSC ilə “Zamin” qismində Cavabdeh2 arasında bağlanılmış zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında xx.xx.2023-cü il tarixli 004G**********03S saylı sazişinə əsasən tərəflər bank ilə zamin arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 004G**********03 saylı zaminlik müqaviləsinin preambulasına dəyişiklik edilərək kredit müddətinin 42 ay təşkil etməsi barədə razılığa gəlmişlər. İş üzrə İddiaçı QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh4 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 26.571,38 manat əsas, 1.475,54 manat faiz, 420,04 manat cərimə, cəmi 28.466,96 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh4 arasında bağlanmış 18 oktyabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh4 48 ay müddətinə, aylıq 1,25%-lə 40.000 manat məbləğində kredit verilmiş və həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilmə üsulu kimi digər cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh4 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş və onun banka 26.571,38 manat əsas, 1.475,54 manat faiz, 420,04 manat cərimə, cəmi 28.466,96 manat borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh4 kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirmədiyindən, bank yaranmış borcun cavabdehlərdən müştərək qaydada tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh4 bağlanılmış kredit müqaviləsi üzrə bankdan kredit vəsaiti almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə borc məbləğini və müəyyən edilmiş faizləri Banka qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısıdır. Lakin Cavabdeh4 kredit vəsaitinin və kreditdən yaranan faiz borclarını ödəməli olmasına aid vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi kredit müqaviləsi üzrə yaranmış əsas, faiz və cərimə borcunun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə kredit müqaviləsi üzrə borcun cavabdehlərdən müştərək qaydada tutulması tələbi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslı hesab edilməlidir. AR Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.(maddə 472.2). Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar(maddə 472.3). Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh4 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etmədiyindən və digər cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 onun öhdəliklərinin yerinə yetirilməsinə zamin durduqlarından, iddia tələbi həmin hissədə də təmin edilməli və yaranmış borc cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehlərdən müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə 175,40 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə xx.xx.2022-ci il tarixli 004A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə yaranmış 26.571,38 manat əsas borc, 1.475,54 manat faiz borcu, 420,04 manat cərimə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 175,40 manat, cəmi 28.642,36 (iyirmi səkkiz min altı yüz qırx iki manat, otuz altı qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar