Məhkəmə qərarları › İş №e-2(009)-2114/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2114/2025

24.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2114/2025 24.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X11 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X6 və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" X3 cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh1 qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X7 cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh1 qarşı «dəymiş zərər görə sığorta haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada ona məxsus əmlaka dəymiş 1389 manat zərərin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 idarə etdiyi «Khazar» markalı, **- PU-***dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2022-ci il tarixdə Nərimanov rayonu, Ziya Bünyadov prospektində idarə etməni itirərək yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X5 məxsus işıq dirəyi zərərə uğrayaraq sıradan çıxmışdır. Hadisə nəticəsində müəssisəmizə 1389 (bir min üç yüz səksən doqquz) manat məbləğində maddi ziyan vurulmuşdur. Yol nəqliyyat hadisəsi ilə bağlı qəbul edilmiş, Nizami RPİ-nin Təhqiqat Şöbəsinin 30 aprel 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına və Sabunçu rayon DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* saylı İnzibati xəta haqqında protokola əsasən yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli şəxs «Khazar» markalı, **-PU-***dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 tanınmışdır. Hadisə zamanı **-PU-***dövlət qeydiyyat nişanlı «Khazar» markalı minik” nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası, Cavabdeh2 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində sığortalanmışdır. Qeyd edirik ki, hadisə nəticəsində zərər dəymiş işıq dirəyi dövlət mülkiyyətidir, istismarı və texniki xidmətinin təşkili məqsədi ilə əvəzsiz olaraq "xxxx" X3 balansına verilmişdir. Aşağıda göstərilənlərə əsasən, iddiamızı qanuni və əsaslı sayaraq hesab edirik ki, müəssisəmizə vurulmuş 1389 (bir min üç yüz səksən doqquz) manat məbləğində maddi ziyan müştərək qaydada cavabdehlər Cavabdeh2 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən vəCavabdeh1 tutularaq "xxxx" X5 ödənilməlidir. Cavabdeh "xxxx" ASC tərəfindən daxil olmuş etirazda qeyd edilmişdir ki, Cavabdeh2 SŞ ASC-də sığortalanmış "xxxx" MMC-yə məxsus “Khazar” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin törətdiyi yol- nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus işıq dirəyinə və R.Q.Qasımova məxsus “Mercedes Benz 190” markalı, ** OD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan deymişdir. Bildirirəm ki, yol-nəqliyyat hadisəsi zamanı, iddiaçıya məxsus işıq dirəyinə dəyən zərər 972,30 AZN müəyyən edilmişdir. Hadisənin digər iştirakçısına məxsus nəqliyyat vasitəsinə dəyən zərər isə 5000 AZN müəyyən edilmişdir. Göründüyü kimi baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində hər iki əmlaka dəymiş zərərin ümumi məbləği 5972,3 AZN təşkil etmişdir. Qanuna uyğun olaraq hər iki əmlaka dəyən ümumi zərər məbləği, yəni 5972,3 AZN, 5000 AZN sığorta məbləğinə mütənasib qaydada bölünərək hər iki zərərçəkənin payına düşən sığorta ödənişi müəyyən olunmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən, iddiaçıya veriləcək sığorta ödənişinin məbləği 814 manat, R.Q.Qasımova veriləcək sığorta ödənişinin məbləği isə 4186 AZN təşkil etmişdir. “Mercedes Benz 190” markalı, ** OD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər üzrə 4186 azn sığorta ödənişi, tərəfimizdən xx.xx.2022-ci il tarixli. PRP**********271 nömrəli ödəniş tapşırığına əsasən, R.Q.Qasımovun bank hesabına köçürülmüşdür. Göründüyü kimi, qanunvericilikdə bir hadisə üzrə üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə sığortaçının öhdəliyinin son həddi 5000 manat sığorta məbləği müyyən olunmuş, bu məbləğin 4186 AZN məbləği tərəfimizdən ödənilmişdir. Baxılan halda bir hadisə üzrə sığortaçının öhdəliyinin yerdə qalan həddi 814 AZN təşkil edir. Qanunvericiliyə əsasən, sığorta ödənişi zərər məbləği razılaşdırıldıqdan sonra verilir. Bu halda isə İddiaçı zərər məbləği ilə razılaşmadığına görə, 814 AZN sığorta ödənişinin verilməsi mümkün olmamışdır. Hesab edirik ki, hazırkı iddia ilə iddiaçı cavabdehdən sığorta ödənişi miqdarından artıq məbləğin ödənilməsini tələb edir ki, bu da yolverilməzdir. Qanunvericiliyə əsasən, mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə düşən sığorta ödənişi məbləğindən çox ola bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək, iddianın "xxxx" ASC-yə münasibətdə 814 manat məbləğində təmin olunmasını xahiş etmişdir. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin üzrlü səbəb olmadan o, məhkəmə iclasında iştirak etməmiş və məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılması mümkün saymışdır. Məhkəmə tərəflərin izahatlarını nəzərdən keçirib, təqdim olunmuş sübutları məcmu halında qiymətləndirilməklə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İşdə olan: İXP ******* nömrəli İnzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh1 İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinmişdir. 30 aprel 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarda qeyd edilir ki, xx.xx.2022-ci il tarixə keçən gecə saat 00:15-də Cavabdeh1 müddəti bitmiş etibarnamə ilə, yəni etibarnaməsi olmadan idarə etdiyi “Khazar” maraklı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobillə 20 yanvar metrosu istiqamətindən Bakı şəhəri, Nizami rayonu, Z.Bünyadov prospekti ilə Koroğlu istiqamətinə doğru 80 km/saat sürətlə soldan üçüncü hərəkət zolağı ilə hərəkətdə olarkən yolun Koroğlu metrosuna uzanan körpüyə çatmamış hissəsində digər hərəkət iştirakçılarına təhlükəli şərait yaradıb idarəetməni itirərək soldan birinci zolağa keçmiş və onunla eyni istiqamətdə soldan birinci zolaqla 60 km/saat sürətlə düzünə hərəkət edən X2 idarə etdiyi “Mercedes” markalı, ** OD *** dövlət qeydiyyat nişanlı avtomobillə soldan birinci zolaqda toqquşma baş vermişdir. 28 mart 2022-ci il tarixli aktda qeyd edilir ki, xx.xx.2022-ci il tarixdə Xəzər markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" EŞM-ə məxsus qalvaniz toz boyalı dayağa zərər vurmuşdur. Smeta vərəqəsindən görünür ki, 1 ədəd H-12 m toz boyalı işıq dirəyinin dayaq hissəsinin qiyməti 575 manat, 2 ədəd 400 w Siteco SQ 200 işıqlandırıcının qiyməti isə 814 manat təşkil edir. 105847 nömrəli sığorta aktından görünür ki, “Khazar” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" tərəfindən sığortalanmışdır. 17 iyun 2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, 4186 manat məbləğində sığorta ödənişi "xxxx" ASC tərəfindən X2 hesabına köçürülmüşdür. İşin hallarından aşkar göründüyü kimi, sığorta hadisəsinin mövcudluğu, iddiaçıya məxsus əmlaka zərər dəyməsi mübahisəsizdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun: 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. 7-ci maddəsinə əsasən, mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. 15.3-cü maddəsinə əsasən zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclər və s. əmlaka dəyən zərərin məbləğinə aiddir. 20.2-ci maddəsinə əsasən, həmin Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. 20.4-cü maddəsinə əsasən mülki məsuliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətinin məbləği müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir. 56.1-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat, üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilmişdir. Göründüyü kimi, qanunverici təqsirinin dərəcəsindən asılı olmayaraq mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsi ilə hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini ödəməsi vəzifəsini müəyyən etmişdir. Məhkəmə iddia tələbinin zərərin "xxxx" ASC-dən tutulması hissəsinə münasibətdə bildirir ki, iddia tələbi bu hissədə 814 manat məbləğində əsaslıdır. Belə ki, sığorta olunanın təqsiri nəticəsində bir sığorta hadisəsi nəticəsində iddiaçıya məxsus əmlakla yanaşı eyni zamanda Mercedes markalı üçüncü şəxsin avtomobilinə zərər dəydiyindən zərər məbləği sığorta məbləğini aşmış və sığorta ödənişi üçüncü şəxsə dəymiş zərərə mütənasib həcmdə (4186 manat məbləğində) sığortaçı tərəfindən verilmişdir. Sığorta şirkətinin sığortalanmış risklər üzrə öhdəliyinin son həddi 5000 manat müəyyən edildiyindən, üçüncü şəxs R.Qasımova ödənilmiş 4186 manat məbləğində vəsait çıxılmaqla 814 manat məbləğində sığorta ödənişi sığorta şirkətindən tutulmalıdır. Məhkəmə iddia tələbinin dəymiş zərərin Cavabdeh1 tutulması hissəsinə münasibətdə bildirir ki, iddia tələbi bu hissədə də qismən əsaslıdır. Mülki Məcəllənin: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə göstərilənlərə istinad edərək qeyd edir ki, Cavabdeh1 iddiaçıya və üçüncü şəxs X4 vurmuş olduğu zərərə görə təqsirli bilinmişdir və bu zərərə görə məsuliyyət daşıyır. Bu səbəbdən 1389 manat zərərin "xxxx" ASC-dən tutulmuş 814 manat hissəsi çıxılmaqla 575 manat hissəsi Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 814 manat məbləğində pul vəsaiti "xxxx" ASC-dən, 575 manat məbləğində pul vəsaiti isə Cavabdeh1 tutularaq "xxxx" X5 ödənilsin. 20,89 manat dövlət rüsumun əvəzi "xxxx" ASC-dən, 13 manat dövlət rüsumun əvəzi isə Cavabdeh1 dövlət büdcəsinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar