Məhkəmə qərarları › İş №e-2(009)-2139/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2139/2025

17.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2139/2025 17.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onunla Cavabdeh arasında xx.xx.2025-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən “Ravon R3” minik markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh avtomobili götürdüyü qısa müddət ərzində təqsirli hərəkətləri nəticəsində nəqliyyat vasitəsinə zərər vurmuşdur. Avtomobil xx.xx.2025-ci il tarixdə sürücüsü tərəfindən avtoservisə gətirilmişdir. Avtoservisdə sürücünün iştirakı ilə avtomobilə baxış keçirilən zaman müxtəlif zədə və nöqsanlar müəyyən edilmişdir. Sürücünün şifahi məlumatına əsasən “Koroğlu” metrostansiyası istiqamətində hərəkət etdiyi zaman ara məsafəsini düzgün saxlamadığı üçün “Kamaz” markalı yük avtomobilindən düşmüş mişar daşının (kubik) üstünə çıxmışdır. Nəticədə avtomobilə ciddi ziyan dəymişdir. Belə ki, avtomobilin peredok, xodovoy, rulevoy,motorxana hissələrində, hmçinin ön bufer və sol farası ciddi zədələr almışdır. Kapot və panel deformasiyaya uyramışdır. Qeyd olunan nöqsanlar və dəymiş maddi zərərin 2000 manat ətrafında olacağı və bundan əlavə mülkiyyətçiyə 60 manat icarə haqqı borcu qaldığı sürücüyə çatdırıldı. Lakin sürücü zərəri ödəmədi və aktı imzalamaqdan imtina etdi. Aktda bu barədə qeyd aparılmışdır. Eyni zamanda bildirirlər ki, cavabdeh heç bir əsas olmadan aktı imzalamaqdan imtina etdiyinə görə həmin aktın surəti ona rəsmi poçt vasitəsi ilə xx.xx.2025-ci il tarixdə göndərilmişdir. Avtomobil təmir olunması üçün avtoservisə verilmiş və avtoservis tərəfindən verilən xx.xx.2025-ci ildə tərtib edilmiş qüsur aktına əsasən avtomaşının bərpası üçün 1910 manat tələb olunmuşdur. Qüsur aktına əsasən aşağıdakı ehtiyat hissələrinin dəyişdirilməsi göstərilmişdir: motorun üst krışa salniki, pompa, natyajitelğ, antifriz G-11 (5 litr), arxa stupiçalar sağ-sol, amortizator ön sol, saffa ön sol, stupiça sol ön, nikoneçnik sağ-sol, çaşka sol, razvalli balaca sağ, sırğa sol, çöl qranat sol,fiyans ön sol, remen böyük, fara sol, bufer ön, razval-balans, rulevoy (sükan idarəetmə mexanizmi). Qüsur aktına əsasən aşağıdakı usta xidmətləri göstərilmişdir: Dəmirçi: radiator alt hissəsinin və panelin dartılması, ön kapotun təmiri, bütün qəzalı və zədələnmiş hissələrin döyülüb düzəldilməsi. Rəngsaz: buferin, ön panelin, kapotun iç-çöl hissələrinin rənglənməsi və polirovkası. Plastmasçıarmarturçu: bufer və fara dəyişilməsi, ön hissənin tam sökülməsi, kapot altı çexolun, pılnikzaşitnikin sökülməsi və təmirdən sonra yığılması. Çilingər: peredok və xodovoyun nasaz detallarının dəyişdirilməsi, su soyutma sisteminin təmiri və yenilənməsi, mühərrikdəki salnik, natyajitel və remenin dəyişdirilməsi, nizamlanması. Ehtiyyat hissələrinin cəmi məbləği 1170 manat, usta xidməti 740 manat təşkil etmişdir. Cavabdeh bu barədə məlumat verilsə də, Cavabdeh qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. O, öz avtomobilini təmir etdirmək məcburiyyətində qaldığından xx.xx.2025-ci il tarixdə avtomobilin təmirinə görə 1910 manat ödəmişdir. Bundan sonra avtomobil təmir olunmuşdur. Dəymiş ziyanın ödənilməsi üçün xx.xx.2025-ci il tarixində cavabdehə pretenziya göndərilmişdir. Lakin cavabdeh yenə də həmin məbləği ödəməkdən boyun qaçırmışdır. Cavabdeh maddi ziyanın alınması mümkün olmadığından məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehlə iddiaçı arasında bağlanmış xx.xx.2025-ci il tarixli icarə müqaviləsinin 2.1.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsinin qorunub saxlanmasını və təhlükəsizliyini təmin etməyə; 2.1.5-ci bəndinə əsasən nəqliyyat vasitəsinin sıradan çıxmış hissələrini (təkər, akkumulyator və s.) rəsmi servisdə öz hesabına yenisi ilə əvəz etməyə; 2.1.8-ci bəndinə əsasən nəqliyyat vasitəsini hər hansı bir səbəbdən icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrin dəyərini ödəməyə borcludur. İcarə müqaviləsinin 4.11-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini, o cümlədən detallarını məhv edərsə və zədələyərsə (sındırarsa, qırarsa, sökərsə, dəyişərsə və s) Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə öhdəlik daşıyır. Göründüyü kimi, cavabdeh öz üzərinə götürdüyü öhdəliklərin icrasından müxtəlif üsullarla yayınaraq dolaysıyla bundan imtina edir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh 1910 manat maddi ziyan, etibarnamə alınması üçün 17,25 manat notariat qaydasında çəkilmiş xərclər, ödənilmiş 39,10 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh faktiki yaşayış yeri məlum olmadığından onu məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə onun qeydiyyat ünvanı üzrə göndərilmiş məhkəmə bildirişləri müvafiq qeydlərlə (“Bu ünvanda yaşamır”) məhkəməyə geri qaytarıldıqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş üzrə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ravon Nexia R3” minik markalı, ** XA *** dövlət qeydiyyat nişanlı avtomaşın İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə “İcarəyə verən” qismində X1 (İddiaçı tərəfindən verilmiş etibarnaməyə əsasən) ilə “İcarəyə götürən” qismində Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, ST- 16.01.25/XA45 saylı icarə müqaviləsinin surətindən görünür ki, müqavilə bağlandığı zaman “Ravon R3” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “İcarəyə götürən” şəxs 450 manat depozit məbləği nəqliyyat vasitəsini “İcarəyə verən” şəxsə ödəməlidir (bənd 3.1). “Ravon R3” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “İcarəyə götürən” müvafiq sənədləri təqdim etdikdən sonra nəqliyyat vasitəsini “İcarəyə verən” şəxs öhdəliyində olan nəqliyyat vasitəsini həftədə 7 günə görə günlük 20 manat icarə haqqı verir (bənd 3.2). Müqavilənin 2.1-ci bəndinə əsasən “Ravon R3” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “İcarəyə götürən” fiziki şəxs ona etibar edilmiş nəqliyyat vasitəsini istifadəetmə məsuliyyətini öz üzərinə götürməklə aşağıdakılara etməyə borcludur: ona etibar edilmiş nəqliyyat vasitəsini qorunub saxlanması və təhlükəsizliyini təmin etməyə (bənd 2.1.1), nəqliyyat vasitəsinin sıradan çıxmış hissələrini (təkər, akkumlyator və s.) “İcarəyə verən”in tərəfindən şifahi müəyyənləşdirdiyi servisdə öz hesabına yenisi ilə əvəz etməyə (bənd 2.1.5), nəqliyyat vasitəsini hər hansı hər hansı bir səbəbdən icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrin dəyərini ödəməyə borcludur (bənd 2.1.8). Müqavilənin 4.11-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini, o cümlədən detallarını məhv edərsə və zədələyərsə (sındırarsa, qırarsa, sökərsə, dəyişərsə və s.) Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə öhdəlik daşıyır, həm də Cinayət Məcəlləsinin 186-cı və 187-ci maddələrinə görə cinayət məsuliyyəti daşıyır. İş üzrə xx.xx.2025-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, X1 (İddiaçı tərəfindən verilmiş etibarnaməyə əsasən) tərəfindən icarəyə verilən “Ravon R3” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh təhvil vermiş, təkərin 80%, arxa 80%, qabaq 80%, qabaq sağ krıloda əziy.,qabaq buferdə xromda girin olması qeyd edilmişdir. İş üzrə fiziki şəxs X3, avtomobilin mülkiyyətçisi İddiaçı, həmin avtomobilin sürücüsü Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2025-cü il tarixli aktın surətindən görünür ki, “Ravon Nexia R 3” minik markalı, **-XA-*** nömrəli avtomobil sürücü Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə avtoservisə gətirilmişdir. Avtoservisdə sürücünün iştirakı ilə avtomobilə baxış keçirilən zaman avtomobilin qəzalı olduğu müəyyən edilmişdir. Sürücünün şifahi məlumatına əsasən “Koroğlu” metrostansiyası istiqamətində hərəkət etdiyi zaman ara məsafəsini düzgün saxlamadığı üçün “Kamaz” markalı yük avtomobilindən düşmüş mişar daşının (kubik) üstünə çıxmışdır. Nəticədə avtomobilin peredok, xodovoy, rulevoy, motorxana hissələrində, həmçinin ön bufer və sol farası ciddi zədələr almışdır. Kapot və panel deformasiya uğramışdır. Ciddi təmir işləri vardır. Qeyd olunan nöqsanlar və dəymiş maddi zərərin təxminən 2000 manat ətrafında olacağı, mülkiyyətçiyə 60 manat icarə haqqı borcu qaldığı sürücüyə çatdırıldı, lakin o, zərərləri ödəmədi, aktı imzalamadı. İş üzrə fiziki şəxs X3 (VÖEN: **********) tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli qüsur aktının surətindən görünür ki, «Ravon Nexia R3» markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün cəmi 740 manat və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün cəmi 1170 manat, ümumilikdə 1910 manat vəsait hesablanmışdır. İş üzrə RS Avtoservis (fiziki şəxs X3 - VÖEN: **********) tərəfindən verilmiş arayışın surətindən görünür ki, İddiaçı tərəfindən “Ravon Nexia R3” minik markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə ehtiyat hissələrinin qiyməti 1170 manat, təmir-usta xidmətlərinin qiyməti 740 manat olmaqla, cəmi 1.910 manat məbləğ xx.xx.2025-ci il tarixdə Avtoservisə ödənilmişdir. İş üzrə İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən Cavabdeh ünvanlanmış məktubun surətindən görünür ki, “Ravon Nexia R3” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci il tarixdə bağlanmış icarə müqaviləsi əsasında etibarnamə ilə idarə olunması üçün Cavabdeh istifadəsinə verilmişdir. Avtomobili icarəyə götürdüyü qısa müddət ərzində təqsirli hərəkətləri nəticəsində nəqliyyat vasitəsinə 1910 manat məbləğində zərər dəymişdir. Qeyd olunanları nəzərə alaraq göstərilən hərəkətləri təqsirli nəticəsində “Ravon Nexia R3” markalı, **- XA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 1910 manat məbləğində zərərin pretenziyanı aldıqdan sonra 3 gün ərzində İddiaçı ödənilməsini xahiş edir. Əks təqdirdə dəymiş zərərin, vəkil tərəfindən göstərilən hüquqi yardıma görə ödənilmiş xərcin, pulun qaytarılmadığı müddətdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada faizlərin, dövlət rüsumunun və s. məhkəmə xərclərinin alınması tələbi barədə məhkəməyə müraciət ediləcəkdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə icarə müqaviləsinə əsasən iddiaçıya məxsus “Ravon Nexia R3” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehin istifadəsinə verilmişdir. Həmin müqavilə şərtinə əsasən icarəyə götürən şəxs avtomobili qorunub saxlanması və təhlükəsizliyini təmin etməsi, avtomobilin sıradan çıxmış hissələrini (təkər, akkumulyator və s.) rəsmi servisdə öz hesabına yenisi ilə əvəz etməsi, avtomobili təhvil verərkən nasaz hala salınmış hissələrin dəyərini ödəməsi barədə öhdəlik götürmüşdür. Müqavilə şərtinin 3-cü bəndinə əsasən cavabdeh tərəfindən iddiaçının depozit hesabına 450 manat pul məbləğində ödəniş həyata keçirilir, həmçinin cavabdeh avtomobilin idarəsi zamanı avtomaşına zərər vurulacağı təqdirdə zərərin depozit qoyduğu pulun 50%-ni təşkil edən 225 manat hesabına ödənilməsi barədə də öhdəlik götürmüşdür. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə cavabdeh icarəyə götürdüyü avtomobili avtoservisə gətirmiş və avtoservisdə avtomobilə baxış keçirilən zaman avtomobilin qəzalı olduğu müəyyən edilmiş, avtomobilin həmin vəziyyətdə qəbulu ilə bağlı akt tərtib edilmiş, lakin cavabdeh həmin aktı imzalamaqdan imtina etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçının mülkiyyətində olan “Ravon Nexia R3” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomaşına maddi ziyan dəymiş, zərər aktına əsasən həmin ziyan 1910 manat təşkil etmiş və iddiaçı tərəfindən həmin avtoservisə 1910 manat məbləğində pul ödənilmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh İftiar oğlu iddiaçı ilə bağladığı xx.xx.2025-ci il tarixdə icarə müqaviləsinin şərtinə əsasən icarəyə götürdüyü nəqliyyat vasitəsini texniki cəhətdən saz vəziyyətdə iddiaçıya təhvil verilməsinə dair öhdəlik götürdüyündən, lakin həmin öhdəliyi yerinə yetirmədiyindən, iddiaçı avtomaşına vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir (maddə 14.2.1) . Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə qeyd edir ki, müqavilə mülki hüquq və vəzifələrin yaranmasının hüquqi əsaslarından biridir. Əqd – mülki hüquq subyektinin mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönələn iradə ifadəsidir. Müqavilə əqdin əsas forması kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Göründüyü kimi, mülki hüquqların və vəzifələrin yaranmasında aparıcı rol oynayan müqavilələr və əqdlər mülki hüququn subyektlərinin iradəsinə əsaslanır. Yəni müqavilə mülki hüquq subyektlərinin iradəsinə əsaslanan hərəkətlərdən əmələ gəlir ki, bu hərəkətlər hüquqa uyğun olmalı və hüquqa zidd olmamalıdır. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi). Göstərilən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Mülki Məcəllənin 417.1-ci maddəsinə görə müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Müqavilənin standart şərtləri aşağıdakı tələblərə cavab verməlidir: - tərəflər arasındakı münasibətlərin tənzimlənməsi, onlara öhdəlik xarakterinin verilməsi; - öhdəliklərin ardıcıl yerinə yetirilməsi üçün qayda və üsulların müəyyənləşdirilməsi; - öhdəliyi yerinə yetirməyən tərəflər barədə tətbiq olunacaq tədbirlərin həyata keçirilmə qaydası. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-ci maddəsinə (Mülki Hüquq pozuntuları (deliktlər) anlayışı) əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən Məcəllənin 1097-ci maddəsinə (mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları) əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işguzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Qeyd edilən Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi yuxarıda göstərilən mülki qanunvericiliyin, həm də Konstitusiya Məhkəməsinin qərarında zərər vuranın üzərinə vurulmuş real ziyanın ödənilməsi öhdəliyi qoyula bilər. Məhkəmə qeyd edir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının mülkiyyətində olan avtomaşına 1.910 manat məbləğində ziyan dəyməsi təsdiq olunduğundan, cavabdeh tərəfindən isə iddiaçı ilə bağlanılan icarə müqaviləsinin şərtlərinə əsasən dəymiş ziyan aradan qaldırılmadığından, avtomaşın nasaz və zədələnmiş vəziyyətdə iddiaçıya qaytarıldığından, məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya vurulan ziyanla bağlı mülki hüquq məsuliyyəti daşıyır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi avtomaşına vurulmuş maddi ziyanın əvəzini ödəməlidir. Lakin məhkəmə hesab edir ki, iddiaçıdan tutulmalı olan pul məbləği ümumi ziyan məbləğindən (1910 manat) depozitə qoyulmuş pulun 50%-ni təşkil edən 225 manat pul vəsaiti çıxılmaqla, 1685 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün, təmin olunmuş tələbə mütənasib olaraq dövlət rüsumunun əvəzi kimi 36,85 manat və etibarnamənin notariat qaydasında təsdiq edilməsi üçün ödənilmiş 17,25 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə vurulmuş maddi ziyanın əvəzi kimi 1.685 manat, həmçinin etibarnamənin notariat qaydasında təsdiq edilməsi üçün 17,25 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 36,85 manat, cəmi 1.739,10 (bir min yeddi yüz otuz doqquz manat, on qəpik) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar