Məhkəmə qərarları › İş №e-2(009)-216/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-216/2025

17.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-216/2025 17.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona borcu olduğu 17500 manat pulun və dövlət rüsumu ödədiyi 144 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: Rasim Nəbiyev oğludur, cavbdeh onun oğluyla əvvəllər tanış olmuşdur. Tanşlıqları isə ona məxsus olan Tovuz rayonu, Dönük Qırıqlı kənd ərazisində yerləşən "Yurd yeri" adlı Oteli işlədən zaman baş vermişdir. Belə ki, cavabdeh ona məxsus olan həmin oteldə bir neçə dəfə qalmışdır. 2022-ci ilin may ayında həmin otelə gələn şəxsiyyəti onlara sonradan məlum olan Cavabdeh və X1 ona məxsus oteldə müştəri olaraq qalmışdır. Bir neçə gecə həmin oteldə gecələmişlər. Həmin vaxtdan münasibətlər yarandığı üçün ona inanmışlar. Cavabdeh onlarla guya iş birliyi yaratma, alver etməyi təklif etmişdir. Bu məqsədlə yatırım etmək üçün pula ehtiyac olmasını bildirmişdir. Bundan sonra onun tərəfindən cavabdehə müxtəlif vaxtlarda pullar verilmişdir. Ümumilikdə pulların verilməsi ardıcıllığı isə belə olmuşdur. 6000, 2000, 3000, 3000, 1000, 2500 manat cəmi 17500 manat. Bu pulları o, kredit götürərək və qohumlardan borc alaraq vermişdir. Əvvəldən niyyəti onu aldatmaq olan Cavabdeh onunla guya iş birliyi qurmalı idi. sonradan cavabdehin onu aldatmasını bildikdə o, hüquq mühafizə orqanlarına müraciət etmişdir. Bunun nəticəsi olaraq Cavabdeh barəsində bir neçə dəfə cinayət işi başlansa da sonradan cinayət işi üzrə icraata xitam verilmişdir. Bundan sonra o, məhkəməyə müraciət etmiş və məhkəmə həmin xitamın qərarını ləğv etmişdir. Lakin sonuncu dəfə o, yəni 15 oktyabr 2024-cü il tarixdə cinayət işi üzrə icraata cinayət hadisəsi müəyyən olmadığından xitam verilmişdir. O, məcbur olaraq mülki mühakimə icraatı qaydasında pulunu tələb etməyə məcbur qalmışdır. İstintaq dindirilməsi zamanı da Cavabdeh ona olan borcunu etiraf etmişdir. Buna baxmayaraq ibtidai istintaq orqanı heç bir tədbir görməmişdir. Cavabdeh ona ümumilikdə 17500 manat pulunu alıb qaytarmır. Cavabdehdən borcunu ödəməyi tələb etsə də buna heç bir məhəl qoymur. Bununla bağlı cavabdehin atası söz versə də heç bir ödəmə olunmamışdır. O isə məcbur qalıb məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə baxış iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş 15 oktyabr 2024-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraata cinayət hadisəsi müəyyən olunmadığından xitam verilmişdir. Cavabdeh ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə “Yurd Yeri” otelində İddiaçı sonuncunun oğlu Rasim Nəbiyev və tanışı Şahin Aslanovun iştirakı ilə əlbəəl, nağd şəkildə 6000 (altı min) manat məbləğində pul almışdır. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı 07 iyun 2022-ci il tarixdə tərəflər arasında olan razılaşmaya əsasən Cavabdeh iddiaçıdan borc pul götürmüşdür. İddiaçı cavabdehə 17500 manat borc verməsini iddia etsə də, cavabdeh ondan 6000 manat məbləğində borc götürməsini etiraf etmişdir. Hazırda iddiaçı ödənilməli borc məbləğinin ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. (MM 427.2.) - (münasibətlər yaranan vaxt qüvvədə olan) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, tərəflər arasındakı razılaşmaya əsasən, Cavabdeh iddiaçıdan borc aldığı 6000 manat məbləğində pulu iddiaçıya qaytarmağı öhdəsinə götürməsi, lakin öhdəliyini lazımı qaydada icra etməməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlar və iş materialları ilə öz təsdiqini tapır. Qeyd olunan maddi hüquq normalarına və işin hallarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh yerinə yetirməli olduğu öhdəliyi icra etmədiyi üçün, qaytarmalı olduğu borcu vaxtında qaytarmadığı üçün İddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır və 6000 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə 17500 manat pul verməsini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 6000 (altı min) manat məbləğində pul vəsaiti və 80 (səksən) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 6000 (altı min) manat məbləğində pul vəsaiti və 80 (səksən) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar