Məhkəmə qərarları › İş №e-2(009)-2168/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2168/2024

25.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2168/2024 25.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(009)-458/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər bir uşaq üçün 235 manat, ümumilikdə 470 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(009)-458/2018 saylı qətnaməsinə əsasən cavabdehlə birgə nikahları pozulmuş və birgə nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək onun yanında saxlanılması və cavabdehdən xx.xx.2017-ci il tarixdən başalayaraq xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 154 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qeyd edir ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(009)-458/2018 saylı qətnaməsi ilə qət edilmiş alimentin məbləği uşaqların maddi ehtiyaclarının ödənilməsi üçün kifayət etmir. Belə ki, cavabdeh uşaqların saxlanılmasında və digər ehtiyaclarının qarşılanmasında qətnamə ilə müyyən edilmiş alimentdən savayı heç bir köməklik göstərmir. Bu səbəbdən də Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin miqdarının artırılması hesab edir ki, məqsədə müvafiqdir. Həmçinin, 2024-cü ildə ölkədə uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. Odur ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(009)-458/2018 saylı qətnaməsi ilə qət edilmiş alimentin məbləğinin artırılaraq hər bir uşağa 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi zərurət təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin teleqram ünvanlayaraq məhkəmə iclasında xidməti ezamiyyətilə bağlı iştirak edə bilməyəcəyini, məhkəmə iclasının başqa tarixə keçirilməsini xahiş etmişdir. Lakin, qeyd edilənlərlə bağlı hər hansı bir sübut təqdim etmədiyindəm məhkəmə MPM-ə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 iyun 2018ci il tarixli, 2(009)-458/2018 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə X7 arasında 31 oktyabr 2006-cı il tarixdə Səadət Sarayında bağlanmış və 3353 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından olan 14 oktyabr 2009-cu il təvəllüdlü X3 və 07 fevral 2012-ci il təvəllüdlü X4 iddiaçı X5 yanında saxlanılmaları, Cavabdeh 07 noyabr 2017-ci il tarixdən başlayaraq 14 oktyabr 2009-cu il təvəllüdlü X3 və 07 fevral 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 154 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 verilməsi qət edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, X7 "xxxx" MMC-də operator vəzifəsində işləyir və əmək haqqı 749 manatdır. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, X2 Nazirliyinin Mənzil İstismar Xidmətində sürücü vəzifəsində işləyir və əmək haqqı 520 manatdır. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli, 2(009)-458/2018 saylı qətnaməsi ilə Cavabdeh 07 noyabr 2017-ci il tarixdən başlayaraq 14 oktyabr 2009-cu il təvəllüdlü X3 və 07 fevral 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 154 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 verilməsi qət edilmişdir. Hazırda İddiaçı 14 oktyabr 2009-cu il təvəllüdlü X3 və 07 fevral 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün ödənilən alimentin məbləğinin artırılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, isə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. (AM-in 78.2.) Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 05 dekabr 2023-cü il tarixli Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, hal-hazırda yetkinlik yaşına çatmayan uşaqların iddiaçının himayəsində olmasını, tərəflərin ailə və maddi vəziyyətini, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal səviyyədə saxlanılması zəruriliyini, 2024-cü il üçün uşaqlar üçün yaşayış minimumunun məbləğini nəzərə alaraq hər ay hər uşaq üçün 200 (iki yüz) manat, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin cavabdehdən tutulmasını məqsədə müvafiq hesab edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iddianın qismən təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, həmçinin aliment məbləğinin artan hissəsinə uyğun olaraq cavabdehdən (200-154=46*2*12=1104 manat) 31.04 (otuz bir manat dörd qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməli, eyni zamanda ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin 40 (qırx) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli, 2(009)-458/2018 saylı qətnaməsi əsasında Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində tutulan 154 (bir yüz əlli dörd) manat alimentin həcmi artırılaraq hər ay hər uşaq üçün 200 (iki yüz) manat, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində müəyyən edilməli, 14 oktyabr 2009-cu il təvəllüdlü X3 və 07 fevral 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 200 (iki yüz) manat, ümumilikdə 400 (dörd yüz) manat aliment bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq İddiaçı ödənilməli, Cavabdeh 50 (əlli) manat mediasiya xərcinin 40 (qırx) manat hissəsi tutularaq İddiaçı ödənilməli, Cavabdeh 31.04 (otuz bir manat dörd qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli, 2(009)-458/2018 saylı qətnaməsi əsasında Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində tutulan 154 (bir yüz əlli dörd) manat alimentin həcmi artırılaraq hər ay hər uşaq üçün 200 (iki yüz) manat, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində müəyyən edilsin. 14 oktyabr 2009-cu il təvəllüdlü X3 və 07 fevral 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 200 (iki yüz) manat, ümumilikdə 400 (dörd yüz) manat aliment bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq İddiaçı ödənilsin. Cavabdeh 50 (əlli) manat mediasiya xərcinin 40 (qırx) manat hissəsi tutularaq İddiaçı ödənilsin. Cavabdeh 31.04 (otuz bir manat dörd qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar