Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2234/2025 28.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Cavabdeh2 nümayəndəsi N.Cavabdeh2, Cavabdeh1 iştirakları ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında 001309 nömrəli Bank Xidmətləri Müqaviləsi bağlanmışdır. KM021T09170051 nömrəli, xx.xx.2017-ci il tarixli 5 saylı Əlavə üzrə cavabdehə 60 ay süddətiinə illik 29% dərəcəsi ilə 15.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında ZM1/021T09170051 nömrəli xx.xx.2017-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclarının öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavbadehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulmasını Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar. Bank öz fəali yyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixdə Cavabdeh2 kredit üzrə cəmi borcu 35.174 manat təşkil edir. Bundan 11.957,24 manat əsas, 16.170,13 manat faiz, 5.336,83 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.709,80 manat faiz borcu təşkil edir. Göstərilənləri nəzərə alaraq iddiaçı cəmi 35.174 manat borcun, bundan 11.957,24 manat əsas, 16.170,13 manat faiz, 5.336,83 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.709,80 manat faiz borcu və iş üzrə ödənilmiş 195,52 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçının nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh2 nümayəndəsi Allahverdiyev Nurəddin Asif oğlu iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 745.4-cü maddələrinin tələblərinə riayət olunmadığı və müddət ötürüldüyü üçün rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, zamin kimi ona qarşı tələb irəli sürmək üçün qanunda nəzərdə tutulmuş müddət ötürülmüşdür, müddəti tətbiq edib ona qarşı olan tələbi rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehlərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə “Bank” qismində İddiaçı ASC ilə “Müştəri” qismində Cavabdeh2 arasında bağlanılmış xx.xx.2017-ci il tarixli, 001309 saylı kredit müqaviləsinə və həmin müqaviləyə KM021T09170051 nömrəli, xx.xx.2017-ci il tarixli 5 saylı Əlavəyə əsasən Bank Cavabdeh2 şəxsi ehtiyac məqsədilə 60 ay müddətinə qaytarmaq şərti ilə, illik 29% ödəmək şərti ilə 15.000 manat məbləğində kredit vermişdir. İş üzrə “Kreditor” qismində İddiaçı ASC ilə “Zamin” qismində Cavabdeh1 və “Borcalan” qismində Cavabdeh2 arasında bağlanılmış ZM1/021T09170051 nömrəli, xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin bankla Cavabdeh2 arasında bağlanılmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş üzrə ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh2 və zamin Cavabdeh1 ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixdə kredit verilməsi haqqında KM021T09170051S01 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən ona illik 29% ödənilməsi şərti ilə 60 ay müddətinə ilkin məbləğ 15.000 manat məbləğində kredit verilmişdir. Kredit təminatı olaraq Cavabdeh1 ilə xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. Lakin qeyd olunan kredit müqaviləsinin tələbləri pozulmuş, kredit ödənişləri qrafikə uyğun həyata keçirilməmiş, bununla da kredit öhdəlikləri lazımınca icra edilməmişdir. Nəzərinə çatdırmaq istəyirlər ki, bunun nəticəsində onun xx.xx.2025-ci il tarixə LPO Banka 11.957,24 manat məbləğində əsasə borc, 16.170,13 manat məbləğində faiz borcu, 5336,83 manat məbləğində cərimə borcu, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 1709.80 manat faiz məbləği, ümumilikdə iisə 35.174 manat məbləğində borcu qalmışdır. Eyni zamanda nəzərinə çatdırırlar ki, kreditor borclarını ödəməkdən qəsdən yayınmaları son dərəcədə onların cinayət məsuliyyətinə cəlb edilməsi ilə nəticələnə bilər. Göstərilənlərə əsasən və tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədilə 3 gün ərzində 35.174 manat məbləğində borcun ödənilməsinin təmin edilməsini tələb olunur. Əks təqdirdə bank öz hüquqlarının müdafiəsi məqsədi ilə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalacaqdır. İş üzrə ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 11.957,24 manat əsas, müqavilə müddəti üçün hesablanmış 16.170,13 manat faiz, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış 5.336,83 manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan 1709,80 manat borc, cəmi 35.174 manat borcu var. Məhkəmə ilk növbədə Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 745.4-cü maddəsinə istinad edərək iddia müddətinin tətbiq edilməsi ilə bağlı dəlilləri üzrə qeyd edir ki, həmin dəlillər əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 745.4-cü maddəsinə əsasən borcverənin kredit müqaviləsindən irəli gələn tələbləri üzrə iddia müddəti bir ildir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 745.4-cü maddəsi xx.xx.2023-cü il tarixdə Mülki Məcəlləsində edilmiş dəyişkənliklə Məcəlləyə əlavə edilmiş, qüvvəyə minmə tarixi xx.xx.2023-cü il olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında müqavilə münasibəti qanunvericiliyə qeyd edilən dəyişkənlikdən əvvəl yarandığı və həmin dəyişkənliyin geriyə qüvvəsi olmadığı üçün həmin müqavilə münasibətləri ilə bağlı mübahisə zamanı tətbiq edilməli iddia müddəti 3 illik iddia müddəti kimi qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 03 iyun tarixli Plenum Qərarında göstərmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-cü maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış kredit müqaviləsinin bitmə tarixi xx.xx.2022-ci il olmuş, iddiaçı tərəfindən isə qaldırılan iddia məhkəmə icraatına xx.xx.2025-ci ildə daxil olmuşdur, yəni iddiaçı 3 illik iddia müddəti ötürülmədən məhkəməyə müraciət etmişdir. Bu səbəbdən məhkəmə Cavabdeh2 iddianın iddia müddəti ötürülməsi ilə əlaqədar təmin edilməməsi barədə dəlillərini əsaslı hesab etmir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 60 ay müddətinə, illik 29%-lə 15.000 manat məbləğində kredit verilmiş və həmin kredit müqaviləsinin təminatı kimi digər Cavabdeh1 bank qarşısında zamin kimi çıxış etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş və onun banka 11957,24 manat əsas, 16.170,13 manat faiz, 1709,80 manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan 5.336,83 manat borc, cəmi 35.174 manat borcu yaranmışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə götürdüyü pulun və ona hesablanmış faizləri xx.xx.2022-ci il tarixədək qaytarılması barədə öhdəlik götürsə də, həmin öhdəliyin pozmuş və yerinə yetirməmişdir. Nəticədə onun kredit müqaviləsi üzrə 11.957,24 manat əsas və müqavilə müddəti bitən tarixə (xx.xx.2022-ci il tarixə) 16.170,13 manat faiz borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən, iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə yaranmış 11.957,24 manat əsas və 16.170,13 manat faiz borcunun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış 5.336,83 manat cərimənin tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kredit müqaviləsi üzrə götürülmüş kredit məbləğinin və ödənilməmiş qalmış əsas və faiz borcunun miqdarını, həmçinin tələb olunan dəbbə pulun həmin məbləğlərə münasibətdə tənasübsüz olmasını və işin diqqətə layiq hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının xeyrinə tutulacaq dəbbə borcunun (cərimə borcu) miqdarı 872,63 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün 5% illik faiz dərəcəsi olmaqla 1709,80 manat məbləğində borcun tutulması hissəsində də əsaslıdır. AR Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsinin müddəti keçdikdən sonra borcun ödənilməsi gecikdirildiyindən və tərəflər arasında bağlanılmış müqavilənin müddəti bitdikdən sonra əlavə faizlərin hesablanması müqavilədə nəzərdə tutulmadığından, iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz hesabı ilə pul tələb etməyə haqlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün 5% illik faiz dərəcəsi nəzərə alınmaqla 1709,80 manat məbləğində pulun tutulması hissəsində də təmin edilməlidir. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcun eyni zamanda cavabdeh olan zamindən də müştərək qaydada tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəməyə təqdim edilmiş iddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsinin 6.3-cü bəndinə əsasən müqavilə tərəflərin imzalandığı gündən qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarının 1-ci hissəsinin 2-ci bəndinə əsasən hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəflərin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarından göründüyü kimi tərəflər arasında müqavilə bağlanılarkən müqavilənin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfləri kənar yardım olmadan müqavilə üzrə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilsinlər. Məhkəmə qeyd edir ki, kredit müqaviləsində zaminliyin qüvvədə olma müddətinin kreditorun kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etdiyi vaxtadək göstərilməsi, müddəti təyin edilməyən müqavilə kimi hesab edilməlidir. Yəni zaminlik müqaviləsində kredit müqaviləsi üzrə borcalanın bütün öhdəlikləri tam yerinə yetirilənədək qüvvədə qalması kimi müəyyən edilməsi, müqavilənin müddəti kimi şərh edilə bilməz. Belə olan halda qanunvericilik kredit müqaviləsi üzrə öhdəliyin icra vaxtının çatdığı gündən kreditorun zaminə qarşı bir il müddətində iddia qaldırmaq üçün vaxt müəyyən etmişdir. Lakin öhdəliyin icrası vaxtının çatdığı gündən, xx.xx.2022-ci il tarixdən bir ildən artıq vaxt keçməsinə baxmayaraq kreditor zaminə qarşı iddia irəli sürmədiyi üçün (kredit müqaviləsi üzrə borcun tutulması barədə iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə verilmişdir), hazırda zaminə qarşı iddia qaldırmaqda haqlı olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi zaminə qarşı münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün, məhkəmə xərcləri - ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (182,20 manat) Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə yaranmış 11.957,24 manat əsas borc, 16.170,13 manat faiz borcu, 872,63 manat cərimə, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün əsas borca hesablanmış 5% illik faiz dərəcəsi alınmaqla 1709,80 faiz borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 182,20 manat, cəmi 30.892 (otuz min səkkiz yüz doxsan iki) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə və Cavabdeh1 qarşı münasibətdə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-2234/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2234/2025
28.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver