Məhkəmə qərarları › İş №e-2(009)-2254/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2254/2023

01.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2254/2023 01.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi T.Ə.Həmidlinin iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" ASC ilə X12 arasında xx.xx.2020-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Mercedes Benz 200” markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2020-ci il tarixdə “Mercedes Benz 200” markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə X4 yüngül xəsarət yetirmiş və “Kia Picanto” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan sığorta hadisəsi ilə bağlı "xxxx" ASC tərəfindən X4 yüngül xəsarət almasına görə 750 manat, “Kia Picanto” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 5000 manat, cəmi 5.750 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sumqayıt ŞPİ DYPŞ-nin qərarında Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4-cü maddələri ilə təqsirli bilinərək barəsində inzibati tənbeh görülməsi qərara alınmışdır. Sumqayıt ŞPİ DYPŞ-nin "xxxx" ASC-yə təqdim etdiyi arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan arayışda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Mercedes Benz 200” markalı, 90XU132 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmadığı qeyd olunmuşdur. Qeyd olunana əsasən iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 5750 manat sığorta ödənişi məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Cəmiyyət tərəfindən Cavabdeh ünvanına xx.xx.2023-cü il tarixli AS-23/172 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də, müvafiq sığorta ödənişi məbləği bu günədək Cəmiyyətə ödənilməmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı 5.750 manat sığorta ödənişi məbləğinin və 77,50 manat dövlət rüsumunun, cəmi 5.827,50 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X11 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh faktiki yaşayış yeri məlum olmadığından onu məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə onun qeydiyyat ünvanı üzrə göndərilmiş məhkəmə bildirişləri müvafiq qeydlərlə (“köçüb”) məhkəməyə geri qaytarıldıqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə AR DİN-nin BDYPİ QİŞ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən «Mercedes Benz 200» minik markalı, **-XU-*** dövlət nömrə nişanlı avtomaşın X2 adına qeydiyyata alınmışdır. İş üzrə xx.xx.2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, X7 özünə məxsus «Mercedes Benz 200» markalı, **-XU-*** dövlət nömrə minik avtomaşının sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək və digər hərəkətlərə dair X8 bir il müddətinə xx.xx.2021-ci il tarixədək səlahiyyət verilmişdir. İş üzrə Sumqayıt RQİ və TBŞ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətinə əsasən «Kia Picanto» minik markalı ** VH *** dövlət nömrə nişanlı avtomaşın X3 adına qeydiyyata alınmışdır. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, PAA********** saylı elektron sənəd formasında rəsmiləşdirilmiş avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin xarici təqdim formasına əsasən sığortalı X6 istifadəsində olan «Mercedes Benz 200» markalı ** XU *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də xx.xx.2020-ci ildən xx.xx.2021ci ilədək icbari sığorta növündə sığortalanmışdır. Sığorta məbləği 5000 manat təşkil etmişdir. İş üzrə Sumqayıt şəhər Polis İdarəsinin DYPŞ tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2020-ci il tarixli arayışın surətindən görünür ki, yol-nəqliyyat hadisəsində təqsirli olan şəxs sürücü Cavabdeh, zərərçəkmiş şəxs X9 müəyyən olunmuş, Cavabdeh yolnəqliyyat hadisəsi baş verdiyi vaxt «Mercedes Benz 200» markalı ** XU *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququn olmadığı qeyd olunmuşdur. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2020-ci il hesablama aktının surətinə əsasən X5 məxsus «Kia Picanto» minik markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün 8.298 manat vəsait hesablanmışdır. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 20-05179/10/AA-4134/20 saylı sığorta aktından görünür ki, PAA ********** saylı sığorta müqaviləsi üzrə sığortaçı qismində "xxxx" ASC sığortalı X6 istifadəsində olan «Mercedes Benz 200» markalı ** XU *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək – 1 il müddətinə sığorta olunmuş, sığorta məbləği 5.000 manat müəyyən olunmuş, xx.xx.2020-ci il tarixdə sığortalanmış avtomobil X5 məxsus “Kia Picanto” markalı ** VH *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, həmin avtomobilə 8.298 manat ziyan dəymiş, bununla bağlı 5.000 manat sığorta ödənişi həyata keçirilmişdir. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 20-05174/10/AA-4134/20/1 saylı sığorta aktından görünür ki, PAA ********** saylı sığorta müqaviləsi üzrə sığortaçı qismində "xxxx" ASC sığortalı X6 istifadəsində olan «Mercedes Benz 200» markalı ** XU *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək – 1 il müddətinə sığorta olunmuş, sığorta məbləği 5.000 manat müəyyən olunmuş, xx.xx.2020-ci il tarixdə sığortalanmış avtomobil X5 məxsus “Kia Picanto” markalı ** VH *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, F.Əlifxanovanın sağlamlığına yüngül xəsarət yetirilmiş və bununla bağlı 750 manat sığorta ödənişi həyata keçirilmişdir. İş üzrə Sumqayıt şəhər Polis İdarəsinin TŞ-nin təhqiqatçısı tərəfindən qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarından görünür ki, sürücü Cavabdeh sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etdiyi “Mercedes-Benz” minik markalı **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2020-ci il tarixdə saat təxminən 16.30 radələrində Sumqayıt şəhəri “Çerkassi” küçəsi ilə üzü “Niyazi” küçəsi istiqamətində hərəkətdə olub həmin küçələrinin kəsişməsindən hərəkətini “Koroğlu” prospekti istiqamətində davam etdirərkən qəfildən idarəetməni itirərək qarşı hərəkət zolağına çıxıb əks istiqaməti yolu ilə üzü “Çerkassi” küçəsi istiqamətində hərəkətdə olan X3 idarə etdiyi “Kia Picanto” minik markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sonuncunun “yüngül” dərəcəli bədən xəsarəti alması ilə nəticələnən YNH törətmişdir. YNH nəticəsində X10 “yüngül” dərəcəli bədən xəsarəti aldığından toplanmış materialda cinayət tərkibinin olmadığı müəyyən edilmişdir. Cavabdeh sürücülük vəsiqəsi olmadan və etibarnamə olmadan avtomobili idarə edərək qarşı hərəkət zolağına çıxıb YNH törətdiyi üçün və bunun nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına “yüngül” dərəcəli bədən xəsarəti yetirildiyi üçün onun əməlində inzibati qayda pozuntusu olduğundan aparılmış araşdırmanın nəticəsi üzrə cinayət işinin başlanılması rədd edilmiş, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci və 332.4-cü maddələrinə əsasən inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti icra edilməsi məqsədi ilə Sumqayıt şəhər Pİ-nin DYPŞnə göndərilmişdir. İş üzrə xx.xx.2020-ci il tarixli ödəniş tapşırıqların surətindən görünür ki, "xxxx" ASC tərəfindən X5 PAA********** saylı sığorta aktına əsasən cəmi 5.750 manat sığorta ödənişi ödənilmişdir. İş üzrə "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli, AS-23/172 saylı geriyə tələb (subroqasiya) məktubun surətindən görünür ki, “Mercedes Benz 200” markalı, 90XU132 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə PAA**********7 saylı müqavilə ilə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta olunmuşdur. Cavabdeh xx.xx.2020-ci il tarixdə “Mercedes Benz 200” markalı, 90XU132 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Sumqayıt şəhəri, Niyazi küçəsində yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində X10 yüngül bədən xəsarətləri almış, “Kia Picanto” markalı, 90VH281 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Qeyd olunan sığorta hadisəsi nəticəsində "xxxx" ASC tərəfindən “Kia Picanto” markalı, 90VH281 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər görə 5000 manat, X1 vurulmuş zərərə görə 750 manat, cəmi 5.750 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hadisə ilə bağlı Sumqayıt ŞPİ DYPŞ-nin təqdim etdiyi xx.xx.2020-ci il tarixli qərara əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində zərər vuran tərəf qismində iştirak etmişdir. Həmçinin qeyd olunan qərarda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Mercedes Benz 200” markalı, 90XU132 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd edilmişdir. Bildirmək istəyirlər ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununu 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortasının mülki məsuliyyətinin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsində qeyd olunur ki, “bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır”. Odur ki, yuxarıda qeyd olunanlara əsasən "xxxx" ASC sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 5.750 manat sığorta ödənişi məbləğində pul vəsaitini Cavabdeh tələb etmək hüququna malikdir. Bu səbəbdən göstərilən məbləği 10 gün müddətində "xxxx" ASC-yə ödəməsi xahiş olunur. Ödəmədiyi təqdirdə "xxxx" ASC tərəfindən müvafiq məhkəməyə Cavabdeh 5.750 manat sığorta ödənişi məbləğinin, 500 manat işlərin görülməsi xərcinin, cəmi 6.250 manat məbləğində pul vəsaitinin tutuması tələbi ilə müraciət olunacaq və bu bu məbləğlə yanaşı məhkəmə icraatının başlanmasına sərf olunan dövlət rüsumunun və digər məsrəflərin də ödənilməsi öhdəliyi Cavabdeh üzərinə düşəcəkdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh sürücülük vəsiqəsi və müvafiq etibarnamə olmadan idarə etdiyi və icbari sığorta üzrə "xxxx" Sığorta Şirkəti ASC-də sığortalanmış «Mercedes Benz 200» markalı ** XU *** dövlət nömrə nişanlı avtomaşınla xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində X10 yüngül bədən xəsarətləri almış, ona məxsus “Kia Picanto” markalı, ** VH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəymişdir. İddiaçı sığorta təşkilatı tərəfindən “Kia Picanto” markalı, ** VH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 5000 manat, X1 vurulmuş zərərə görə 750 manat, cəmi 5.750 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, Sumqayıt şəhər Polis İdarəsinin TŞnin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarına əsasən Cavabdeh sürücülük vəsiqəsi olmadan və etibarnamə olmadan avtomobili idarə edərək qarşı hərəkət zolağına çıxıb yol-nəqliyyat hadisəsi törətdiyi üçün və bunun nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına “yüngül” dərəcəli bədən xəsarəti yetirildiyi üçün onun əməlində inzibati qayda pozuntusu olduğundan aparılmış araşdırmanın nəticəsi üzrə cinayət işinin başlanılması rədd edilmiş, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci və 332.4-cü maddələrinə əsasən inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti icra edilməsi məqsədi ilə Sumqayıt şəhər Pİ-nin DYPŞ-nə göndərilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “Kia Picanto” markalı, ** VH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 5000 manat, X1 vurulmuş zərərə görə 750 manat, cəmi 5.750 manat məbləğində ziyan sığortaçı tərəfindən ödənildiyindən, yol-nəqliyyat hadisəsi törətmiş sürücü isə hadisə zamanı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyindən, iddiaçının sürücü Cavabdeh qarşı subroqasiya hüququ yaranmışdır. Bu səbəbdən iddiaçı ödənilmiş cəmi 5.750 manat sığorta haqqının tutulmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan sənədlərdən məlum olur ki, Sumqayıt şəhər Polis İdarəsinin DYPŞ-nin arayışına və Sumqayıt şəhər Polis İdarəsinin TŞ-nin qərarına əsasən Cavabdeh törətdiyi yolnəqilyyat hadisəsində təqsirli olması və avtomaşını sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etməsi tam təsdiq olunmuşdur. Sürücü Cavabdeh təhqiqat orqanında verdiyi izahatında da bu halları təsdiq etmişdir. “İcbari Sığortalar haqqında” Azərbayan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman müvafiq əmlak buna hüquq olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatları olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə qeyd edir ki, sürücü Cavabdeh yol-nəqliyyat hadisəsi törədərkən avtomaşını sürücülük hüququ olmadan (sürücülük vəsiqəsi və etibarnamə) idarə etdiyindən, sığortaçının icbari sığorta müqaviləsi üzrə verdiyi sığorta ödənişi məbləğində cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən sığorta hadisəsi ilə əlaqədar zərərçəkmişə sığorta ödənişi ödənildiyindən, sığortaçının ödənilmiş ziyanın əvəzi miqdarında geriyə tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortaçıya ödəmiş olsun. Əgər sığortalı üçüncü şəxs barəsində tələbindən və ya tələbinin yerinə yetirilməsi hüququndan imtina edərsə, sığortaçı öz xərclərinin əvəzinin ödənilməsi hüququnun həyata keçirilməsi nəticəsində və ya tələbin irəli sürülməsi ilə əlaqədar əldə edə biləcəyi həcmdə zərərin əvəzini ödəmək vəzifəsindən azad edilir. Beləliklə məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusu törətmiş cavabdehin baş vermiş hadisədə təqsirli olması, nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etməsi iş materiallarında olan sübutlarla tam təsdiq olunduğundan, iddiaçı baş vermiş sığorta hadisəsi nəticəsində vurulmuş ziyanın subroqasiya qaydasında zərər vuran cavabdehdən tələb edilməsi ilə bağlı iddia qaldırmaqda tam haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, vurulmuş ziyan iddiaçı təşkilat tərəfindən ödənildiyindən, belə olan halda isə iddiaçının vurulmuş ziyanı subroqasiya qaydasında tələb etmək hüququ olduğundan və həmin ziyanın ödənilməsinin cavabdehin üzərinə qoyulması qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından yol verildiyindən, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunduğundan, iş üzrə ödənilmiş 77,50 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin xeyrinə ödənilmiş sığorta ödənişin əvəzi kimi 5.750 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 77,50 manat, cəmi 5.827,50 (beş min səkkiz yüz iyirmi yeddi manat, əlli qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar