Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2265/2024 09.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Abbasova Gülnarə Güləli qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “X3 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X3 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı dəymiş maddi zərər qismində 15000 manat və mənəvi zərər qismində 15000 manat məbləğində pul vəsaitinin X3 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən tutularaq iddiaçının hesabına ödənilməsinə, həmçinin ödənilmiş 180 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi şəxs İddiaçı “İİ dərəcə (Orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş) müddətsiz əlilliyi olan və xüsusi qayğıya ehtiyacı olan Azərbaycan Respublikası vətəndaşıdır. İddiaçı ünvan 1 ünvanında 1993-cü ilin oktyabr ayından həmin ünvanda yerləşən evə gəlin gələrək, bugünə qədər qeydiyyatda olmaqla daimi yaşayır və 2004-cü ildə iddiaçının nikahına xitam verildikdən sonra əmlak bölgüsü zamanı həmin ev iddiaçıya verilmişdir. İddiaçı uzun illərdir həyətində bağçılıqla məşğul olmuş, bəhrəsini götürdüyü məhsullardan qış azuqələri hazırlayaraq satıb özünün yaşayış xərclərini, müalicə xərclərini, kommunal ödənişlərini ödəmişdir. xx.xx.2023-cü il tarixində evinin təxminən 50-70 metriliyində fəaliyyət göstərən “X3 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin qaz istehsalı zamanı qaz püskürməsi nəticəsində iddiaçının sağlamlığına ciddi zərər dəymiş, ona məxsus olan bağ-bağça məhv olmuşdur. İddiaçı 1993-cü ildən həyətində yaşıllıq təmizlik yaratmışdır. Həm öz gücünü, həm də maddi gücünü sərf edərək həyətin abadlaşdırılması üçün çox miqdarda vəsait xərcləmişdir (fəhlə üçün ödəniş, torpağa peyin, gübrə alınmışdır). Ən əsası çox vəsaiti isə su alınması üçün istifadə etmişdir. 2019-cu ilə qədər qeyd edilən ünvanda su xəttləri olmadığından su maşınlarla alınmışdır. Həmin dövr üçün bir maşın suyun qiyməti təxminən 30-40 manat miqdarında olmuşdur. Bu qədər xərclər ödədikdən sonra iddiaçı həyətindəki meyvə və tərəvəzlərdən həm özü üçün, həm də satış üçün qışlıq azuqələr hazırlayıb illik 2000-2500 manat gəlir götürürdü. xx.xx.2023-cü il tarixində baş verən məlum hadisədən sonra iddiaçının sağlamlığında ciddi problemlər yaranmışdır. Bu da iddiaçının həyat tərzini çətinləşdirməklə yanaşı əmək qabiliyyətini də zəiflətmişdir. İddiaçı dövlətdən aldığı pensiyadan başqa gəliri yoxdur və illərdir həm müalicəsi, həm də gündəİik yaşayış xərclərini hazırladığı qış azuqələrindən qazandığı gəlir hesabına ödəyirdi. İddiaçı dəfələrlə baş verən qaz püsgürməsindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, “SOCAR” şirkətinə, “X3 Kompani SA”, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə ərizə və şəxsi qəbulla müraciət etmişdir. Yuxarıda adları çəkilən aidiyyəti qurumlarının hər birinin nümayəndələri ünvana gəlib canlı baxış keçirdərək vəziyyətin yaşayış və sağlamlıq üçün acınacaqlı olduğunu təsdiqlədilər və bunula yanaşı iddiaçının müayinədə olduğu həkimlər də İddiaçı “İİ dərəcə (Orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş) müddətsiz əlil olaraq belə rütubətli ərazidə yaşamasının onun sağlamlığına mənfi təsir etdiyini və xəstəliyinin dərəcəsinin kəskinləşməsini təsdiq edir. xx.xx.2023-cü il tarixində baş verən hadisə dəfələrlə təkrarlanmışdır və püsgürmə 30-40 metr yüksəkliyə gəlib çatır. Bildirmək istəyir ki, İddiaçı ilk öncə sağlamlığı və 30 illik həyətində çəkdiyi əziyyəti hesab edir ki, “X4 Kompani S.A.”nin məsuliyyətsizliyi səbəbindən hədər olmuşdur və çox ciddi şəkildə ziyan çəkmişdir. Bundan əlavə cavabdehin iddiaçının həyətinə, onun yaşadığı evi və bağçasını, ağaclarını məhv etməsi iddiaçının öz evinə, öz həyətinə dair qurduğu planların alt-üst olmasına səbəb olmuşdur və İddiaçı baş verən hadisələr nəticəsində dəfələrlə dövlət orqanlarında olmuş, bütün bunların səbəbilə mənəvi sarsıntı keşirmişdir və bununla da ona böyük mənəvi zərər yetirilmişdir. İddiaçı hər bir vətəndaş kimi özünə yetirilən mənəvi zərərin qiymətini yüksək hesab etsə də, həmin məbləği ağlabatan dərəcədə, yəni 15.000 manat hesablamağı məqsədəuyğun hesab etmişdir. Beləliklə iddiaçı hesab edir ki, ona vurulmuş maddi zərər qismində 15.000 manat və mənəvi zərər qismində 15.000 nanat məbləğində pul vəsaiti “X3 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındaki Nümayəndəliyindən tutularaq iddiaçının tesabına ödənilməlidir. İddiaçı və onun nümayəndə və vəkili Qanuni nümayəndə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, iddiaçının nümayəndə və vəkili məhkəməyə ərizə ünvanlayaraq səhhətində yaranmış problemlə əlaqədar olaraq məhkəmə baxış iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək onun təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, “X3 Kompani S.A.” Şirkəti “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış 16 avqust 2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2005-ci il tarixli 875 saylı Sərəncamına əsasən ARDNŞə Suraxanı blokunun mülkiyyətçisi və əməliyyatçısı kimi həmin Sazişin hazırlanması və Azərbaycan Respublikası adından imzalanması, həmçinin tərəf müqabil qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən qeyd olunan Saziş qanun statusu əldə etmişdir. Həmin Qanunun 4-cü bəndinə əsasən Saziş qanun statusu alır və qüvvədə olan və eləcə də, gələcəkdə qəbul olunacaq istənilən qanunlar, sərəncamlar və inzibati göstərişlərdən üstündür. “X3 Kompani S.A.” şirkəti Azərbaycan Respublikasında fəaliyyətini həyata keçirmək məqsədilə Nümayəndəlik yaratmışdır. Nümayəndəlik şirkət tərəfindən verilmiş etibarnamə əsasında fəaliyyət göstərir. Sazişin 10-cu maddəsinə əsasən ARDNŞ Saziş müddəti ərzində neft-qaz əməliyyatlarının aparılması üçün zəruri olan, qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün “X3 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin sərəncamına verir. Həmin Sazişin 2.1-ci maddəsinə əsasən ARDNŞ “X3 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüquq verir. Kontrakt sahəsi dedikdə, Sazişə 2-ci Əlavədə verilmiş coğrafi koordinatlar perimetri daxilində qalan sahə başa düşülür. Yuxarıda qeyd olunanlardan görünür ki, “X3 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin istifadəsində olan torpaq sahəsinin hüdudları Sazişə 2 saylı Əlavədə göstərilən xəritə ilə müəyyən edilmişdir. Hal-hazırda həmin torpaq sahəsi üzərində cavabdehin mülkiyyət hüququnun bir növü olan istifadə hüququ mövcuddur. Belə ki, iddiaçının vaxtılə məskunlaşdığı torpaq sahəsi 40.438221; 50.004125 koordinatlar üzrə yerləşməklə nümayəndəliyin istifadəsində olan kontrakt sahəsinin hüdudları daxilində yerləşir, həmin torpaq sahəsində yerləşən iddiaçının yaşadığı ev isə, nümayəndəliyin balansında olan işlək 1639 saylı neft quyusundan 27,7 metr aralıda yerləşməklə quyunun mühafizə zonasına daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 fevral 2017-ci il tarixli qərarına əsasən quyular, separatorlar, qızdırıcı avadanlıqlar, neft rezervuarları və nasos avadanlıqları üçün mühafizə zonası minimum 300 metr müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanuna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Odur ki, İddiaçı şərh edilən qanunların və digər normativ hüquqi aktların tələblərini nəzərə almalı, dövlətin, əməliyyat şirkətinin qanunla qorunan mənafelərinə hörmətlə yanaşmalı və riayət etməli olduğu halda bunları etməyərək, əsassız və qanunsuz olaraq iddia qaldırmişdir. O cümlədən iddiaçının məhkəməyə mülkiyyət hüququnu təsdiq edən rəsmi sənəd təqdim etməməsi, iddia ərizəsində göstərdiyi kimi ona məxsus ağacların məhv olunmaması, özgəsinə məxsus torpaq sahəsində qanunsuz olaraq məskunlaşması və xx.xx.2023-cü il tarixdə baş vermiş hadisənin əməliyyat şirkətinin məqsədyönlü fəaliyyəti nəticəsində deyil, təbii proseslər nəticəsində yaranması xüsusatları iddiaçının iddiasının qanunsuz və əsassız olmasını şərtləndirən hallardır. Yuxarıda qeyd olunanlara əsasən iddia əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə işə baxb, cavabdehin nümayəndəsinin izahatını dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan “Bakı Baş Səhiyyə Mərkəzi” X5 24 nömrəli Şəhər Poliklinikasının xx.xx.2024-cü il tarixli, 357 saylı məktubundan görünür ki, Bül-Bülə qəsəbəsi, S.Əliyev küçəsi, ev 60 ünvanında yaşayan xx.xx.1971-ci il təvəllüdlü İddiaçı xx.xx.2004-cü ildən Revmatoid artrid Poleatritik forma, Seropozitiv İİİ dərəcə avtivlik, Rentgenoloji İİİ dərəcə, M95,8-Oynaqların funksional çatışmamazlığı İİİ dərəcə, İ10-Hepertaniya xəstəliyi İİ dərəcə diaqnozları ilə dispanser qeydiyyatındadır. Hər ay dövlət hesabına hormonal preparatlarla təmin olunur. Yaşadığı qeyri-qənaətbəxş, rütubətli mənzil-məişət şəraiti ilə əlaqədar olaraq xəstədə tez-tez xəstəliyin gedişinin kəskin ağırlaşması baş verir. Xəstə fasiləsiz olaraq dərman preparatları qəbul edir, mütamadi stasionar müalicə alır, lakin müalicənin heç bir terapevtik effekti alınmır. Təqdim olunmuş X1 və İşlənməsi Departamentinin arayışından görünür ki, İddiaçı istifadəsində olan yaşayış evin sahəsi “Suraxanı oyl OK SA”əməliyyat şirkətinin ərazisi daxilindədir. Təqdim olunmuş koordinat əsasında vətəndaşın istifadəsində olan torpaq sahəsindən 65.1 metr məsafədə 2000-ci ildə ləğv olunmuş 978 saylı quyu, 164 metr məsafədə 1955-ci ildə ləğv olunmuş 72103 saylı quyu, 27,7 metr məsafədə işlək 1639 saylı quyu mövcuddur. Bu ərazi karbohidrogenlərin geoloji ehtiyatlarına malikdir və yatagın gələcək işlənməsi üçün kommersiya marağı kəsb edir. Koordinatlar (VVCS-84). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərər vuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Məhkəmə iclasında cavabdeh tərəfindən iddiaçının hər hansı hüquqlarının pozulması halı müəyyən olunmadı. Məhkəmə iclasında iddiaçı cavabdeh tərəfindən onun hüquqlarının pozulmasını təsdiq edən hər hansı sübutları təqdim etmədi. Məhkəmə hazırkı mübahisəyə də məhz sübutetmə aspektindən yanaşaraq qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının cavabdeh tərəfindən ona maddi ziyanın ödənilməli olduğuna dair tələbinin qanuni əsasının (Mülki Məcəllənin 1096-cı maddəsinin) dispozisiya şərtləri mövcud olmadığına görə həmin əsasın hüquqi nəticəsi də, yəni tələb etmək hüququ da yaranmamışdır. Belə ki, cavabdeh iddiaçıya birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd hərəkətə və ya hərəkətsizliyə yol verməmişdir və beləliklə də, hazırki iddia tələbi üzrə iddiaçı müvafiq subyekti hüquqa malik deyildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib haiların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfı psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması, həmçinin onun şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi hallarında özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfındən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnsan Hüquqlarının və X2 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. "Mahmudov Rusiyaya qarşı" iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq affmnanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə nəzərə alır ki, mənəvi zərərin ödənilməsi üçün cavabdehin qanunsuz hərəkətinin, eləcə də həmin hərəkətlə iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi arasında səbəbli əlaqənin sübut edilməsi yükü mülki-prosessual qanunvericiliyin tələbinə əsasən məhz iddiaçının üzərinə düşür. İddiaçı iddia tələbində cavabdehin əsassız və qanunsuz hərəkətləri səbəbindən mənəvi sarsıntı keçirməsi, sağlamlığının pozulması, mənfi psixi reaksiyaya səbəb olması nəticəsində fiziki əzab çəkdiyini göstərsə də, keçirdiyi fiziki və mənəvi sarsıntılarla bağlı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə əsasən qeyd edilən halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, İddiaçı cavabdeh “X3 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdeh “X3 Kompani A.S” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili Qanuni nümayəndə hüquqlarını məhkəmədə müdafiə etməsinə sərf etdiyi 70 saat üçün 420 (dörd yüz iyirmi) manat haqq dövlət hesabından tutularaq Bakı şəhəri 03 saylı vəkil bürosunun hesabına ("xxxx" ASC Səbail rayon filialı, kod 200059, Müxbir hesab: AZ37NABZ********************, SWİFT BİK: AİİBAZ2X, 3 saylı vəkil bürosunun H/hesabı AZ75AİİB********************, VÖEN **********) köçürülsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-2265/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2265/2024
09.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver