Məhkəmə qərarları › İş №e-2(009)-2291/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2291/2023

12.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2291/2023 12.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi S.H,Hüseynzadənin, Cavabdeh iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-9065/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icrası zamanı tələbkar – hazırki iş üzrə Cavabdeh “yaşayış sahəsindən çıxarma” tələbi polis əməkdaşları tərəfindən məcburi icra edilərkən, Cavabdeh şirkətin “Çağrı Mərkəzi”nə müraciət edərək, yaşayış sahəsindən çıxarılan əşyaların yük maşınları ilə Bakı şəhər Nərimanov rayonu ərazisinə daşınılmasını sifariş etmişdir. Belə ki, avadanlıqlar nəqliyyat vasitələrinə yüklənərək təyinat nöqtəsinə çatdırılmasına baxmayaraq Cavabdeh daşınma haqqını ödəməyərək yükləri qəbul etməmiş və nəticədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada yüklərin bir hissəsi tərəflərindən saxlanc anbarına götürülmüşdür. Daha sonra borc tələbi ilə bağlı tərəflərindən Cavabdeh qarşı məhkəməyə müraciət edilmiş və iddia tələbləri Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-395/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş və Cavabdeh İddiaçı MMC-nin xeyrinə yük daşıma ilə əlaqədar 1830 manat əsas, 500 manat anbar haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 2360 manat məbləğində pul vəsaitinin şirkətinə ödənilməsi qət edilmiş və sonradan sözügedən icra sənədi üzrə borclu tərəfindən şirkətinə 2000 manat məbləğində (anbar üzrə 170 manat) pul vəsaiti ödənilmişdir. Yükün təyinat ünvanına çatdırılmasına dair 004341, 003127, 002240, 001851, 003484 seriyalı təhvil-təslim aktına əsasən sifarişçi Cavabdeh sifariş etdiyi yüklər İddiaçı MMC tərəfindən xx.xx.2019-cu il tarixdə təhvil alınmış və xx.xx.2019-cu il tarixdə bütün yüklər boşaldılaraq Cavabdeh təhvil verilmişdir. Anbara yüklərin təhvil-təsliminə dair xx.xx.2019-cu il tarixli akta əsasən 50 adda olan müxtəlif növ əşyalar İddiaçı MMC-nin anbarına təhvil verilmişdir. Əşyaların xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixdən anbar haqqı üçün müəyyən edilmiş saxlama haqqının aylıq 500 manat təşkil etdiyi Bakı şəhəri Səbail rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(009)-395/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsində öz əksini tapmışdır. xx.xx.2019cu il tarixdən etibarən Cavabdeh malları şirkətinə məxsus anbardan götürmədiyindən xx.xx.2023cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh şirkətinə olan borcu 24.330 manat təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(009)- 395/2020 saylı qətnaməsində qeyd edilən halları, həmçinin iddia ərizəsinə qoşma olaraq əlavə edilmiş sübutları nəzərə alaraq hesab edirlər ki, anbarda saxlama haqqı üzrə Cavabdeh borcu 24.330 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh xx.xx.2023-cü il tarixinə hesablanmış borcu 24.330 manat məbləğində borcun, qətnamə icra olunan günə kimi hər ay 500 manat məbləğində saxlama haqqının və ödənilmiş 163 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borcun Cavabdeh tutulması, borc tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq İddiaçı MMCyə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi Hüseynzadə Süleyman şahin oğlu iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, əmlak ona məxsus deyil. O, əmlakların daşınması ilə bağlı sifariş də verməmişdir. Əsassız olaraq iddiaçı daşıma xərclərini ondan tələb etmiş, məhkəmə qətnamə qəbul etmişdir. Hazırda məcburiyyət qarşısında qalıb, həmin pulu ödəmişdir. İddiaçı indi ondan əsassız olaraq başqasına məxsus saxladığı əmlaklara görə pul tələb edir. Əmlaklar onun deyil. Sifariş də həmin əmlakların hər hansı bir ünvana çatdırılması üçün verilmişdir. İddiaçı əsassız və qanunsuz olaraq o əmlaklarından bir hissəsini öz anbarında saxlayır. Bütün əmlaklar çatdırılma yerinə təhvil verilməlidir. Ona aid olmayan əmlaka görə ondan pul tələb edilməsi əsassızdır. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-395/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı MMC-nin xeyrinə yük daşıma ilə əlaqədar 1830 manat əsas, 500 manat dəymiş əlavə ziyan xərci və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 2360 manat məbləğində pulun tutulması qət edilmişdir. İş üzrə Səbail rayon İcra şöbəsinin icra məmuru T.Aşurovun xx.xx.2023-cü il tarixli qərarına əsasən Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-395/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə tələb borclu Cavabdeh tərəfindən tam şəkildə təmin olunduğundan xitam verilmişdir. İş üzrə İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, “Sifarişçi” Cavabdeh xx.xx.2019-cu il tarixdə ünvan 1 ünvanında yerləşən yüklərin mənzildən boşaldılaraq, Nərimanov rayonu ərazisində yerləşən əraziyə daşınılmasını sifariş etmiş, lakin sonradan malları qəbul etmədiyindən “Sifarişçi”yə məxsus mallar xx.xx.2019-cu il tarixdə İddiaçı MMC-yə məxsus anbara yerləşdirilmişdir. “Sifarişçi”yə məxsus malların aylıq saxlama haqqı 500 manat olaraq hesablanmışdır. Mallar anbara yerləşdirildiyi gündən bu günə qədər Cavabdeh tərəfindən saxlama haqqı olaraq Şirkətə 170 manat məbləğində ödəniş edilmişdir. Sistem üzərindən çıxarışdan göründüyü kimi, “Sifarişçi” Cavabdeh xx.xx.2023-cü il tarixə 49 ay gecikməsi mövcuddur və bu əsasla saxlama haqqı hər ay 500 manat hesablanmaqla İddiaçı MMC-yə olan borcu 24.330 manat təşkil edir. İş üzrə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-9065/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən iddiaçı Cavabdehlər X5, X1, X2 və X3 qarşı “mənzildən çıxarılma tələbinə dair” iddiasının təmin edilməsi, cavabdehlər X7, X4 və ailə üzvləri ünvan 1 ünvanında yerləşən mənzildən məcburi qaydada çıxarılması və həmin mənzilin cavabdehlərin öz hesabına boşaldılaraq iddiaçı Cavabdeh təhvil verilməsi, cavabdeh X6 və ailə üzvləri ünvan 5 ünvanında yerləşən mənzildən məcburi qaydada çıxarılması və həmin mənzilin cavabdehin öz hesabına boşaldılaraq iddiaçı Cavabdeh təhvil verilməsi qət edilmişdir. Həmin icra sənədi xx.xx.2017-ci il tarixdə icraata daxil olmuş, icra sənədi üzrə icraata başlanılmış və bu barədə “Tələbin könüllü icrası haqqında” Bildiriş üzrə borclu tərəfə göndərilmişdir. İcra sənədinin icrası iş üzrə borclular tərəfindən könüllü qaydada icra edilmədiyi üçün tərəflərdən icra hərəkətləri xx.xx.2019-cu il tarixə təyin edilmiş və həmin tarixdə aparılan icra hərəkətləri zamanı mübahisə predmeti olan mənzillərdən iş üzrə borclular Hüseyn Məmmədov, Nigar Məmmədova və digərləri onlara məxsus ev əşyaları ilə birlikdə çıxarılmış və mənzillər boş vəziyyətdə Cavabdeh təhvil verilməklə akt tərtib edilmişdir. Əlavə olaraq bildirirlər ki, həmin mənzillərdə Cavabdeh məxsus ümumiyyətlə heç bir əşya olmamış və tərəflərdən çıxarılmış bütün ev əşyaları iş üzrə borclular X5 və X2 məxsus olduğu üçün, icra zamanı həmin əşyaların bir qismi yük xidməti tərəfindən onların kirayə yaşadıqları ünvana göndərilmiş, digər qismini isə borclular götürməkdən imtina etdikləri üçün yük xidmətinin saxlancında qalmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Binəqədi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən cavabdehlər X7, X4 və ailə üzvləri ünvan 1 ünvanında yerləşən mənzildən məcburi qaydada çıxarılması və həmin mənzilin cavabdehlərin öz hesabına boşaldılaraq iddiaçı Cavabdeh təhvil verilməsi, cavabdeh X6 və ailə üzvləri ünvan 5 ünvanında yerləşən mənzildən məcburi qaydada çıxarılması və həmin mənzilin cavabdehin öz hesabına boşaldılaraq iddiaçı Cavabdeh təhvil verilməsi qət edilmişdir. xx.xx.2019-cu il tarixdə aparılan icra hərəkətləri zamanı mübahisə predmeti olan mənzillərdən borclular ev əşyaları ilə birlikdə çıxarılmış və mənzillər boş vəziyyətdə Cavabdeh təhvil verilmişdir. İcra zamanı borclulara məxsus əşyalar qeyd edilən icra sənədi üzrə tələbkar, hazırki tələb üzrə Cavabdeh sifarişi əsasında ”Yük Taksisi.Az” MMC tərəfindən borcluların ünvanına daşınmış, daşınma xərci onu sifariş edən Cavabdeh tərəfindən ödənilmədiyi üçün əmlakların bir qismi anbarda saxlanılmışdır. Tərəflər arasında razılığa əsasən tarif cədvəlinə uyğun olaraq ”Yük Taksisi.Az” MMC tərəfindən Cavabdeh sifarişinə əsasən 1830 manat məbləğində yükdaşıma xidməti göstərilmişdir. Cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə ”Yük Taksisi.Az” MMC məhkəməyə müraciət etmiş, Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Cavabdeh İddiaçı MMC-nin xeyrinə yük daşıma ilə əlaqədar 1830 manat əsas, 500 manat dəymiş əlavə ziyan xərci (1 ay müddətində anbarda əmlakların saxlanılması ilə əlaqədar) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 2360 manat məbləğində pulun tutulması qət edilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə icraata borclu Cavabdeh tərəfindən tələb tam təmin olunduğu üçün xitam verilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, anbara yüklərin təhvil-təsliminə dair xx.xx.2019-cu il tarixli akta əsasən 50 adda olan müxtəlif növ əşyalar İddiaçı MMC-nin anbarında saxlanılır, qanuni qüvvəyə minmiş məhkəmənin qətnaməsi ilə anbar haqqı üçün müəyyən edilmiş saxlama haqqının aylıq 500 manat təşkil etdiyindən və xx.xx.2019-cu il tarixdən etibarən cavabdeh malları iddiaçıya məxsus anbardan götürmədiyindən xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh şirkətinə olan borcu 24.330 manat təşkil etmişdir. Bu səbəbdən iddiaçı cavabdehdən xx.xx.2023-cü il tarixinə hesablanmış 24.330 manat məbləğində borcun, qətnamə icra olunan günə kimi hər ay 500 manat məbləğində saxlama haqqının və ödənilmiş 163 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borcun Cavabdeh tutulması, borc tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq İddiaçı MMC-yə təhil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə ilk növbədə qeyd edir ki, Cavabdeh hazırki tələb üzrə cavab verməli olan şəxs hesab edilə bilib-bilməməsinə qiymət verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırda iddiaçının anbarında saxlanılan əmlaklar Binəqədi rayon Məhkəməsinin 2(001)-9065/2016 saylı,xx.xx.2016-cı il tarixli icra sənədi üzrə borclu olan X5 və X2 məxsus əmlaklardır. Həmin icra sənədi üzrə tələbkar olan hazırki tələb üzrə Cavabdeh tərəfindən Bakı şəhəri, Mir Cəlal küçəsində yerləşən 49 saylı evin 7 və 9 saylı mənzillərində H.Məmmədov və N.Məmmədovaya məxsus əmlakların Nərimanov rayonu ərazisində yerləşən həmin şəxslərə yaşadığı mənzilə daşınması barədə hazırki tələb üzrə iddiaçıya sifariş verilmiş, onun sifarişi təmin edilmiş, lakin daşınma xərcləri Cavabdeh tərəfindən ödənilmədiyindən daşıyıcı şirkət İddiaçı MMC daşıdığı əmlaklardan 50 adda əmlakı girov kimi öz anbarında saxlamışdır. İddiaçı MMC hazırki tələblə məhkəməyə müraciət edərək 50 adda əmlakın anbarda saxlama xərcini həmin əmlakların daşınmasını sifariş edən şəxsdən tələb edir. Halbuki əmlaklar hazırki cavabdehə məxsus deyil, eyni zamanda hazırki cavabdeh həmin əmlakların digər ünvana daşınması barədə sifariş vermiş, onların anbarda saxlanılmasına göstəriş verməmiş, iddiaçı özü heç bir göstəriş olmadan 50 adda əmlakı girov kimi öz anbarında saxlama qərarına gəlmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh anbarda saxlanılan əmlakların mülkiyyətçisi olmadığından, həmin əmlakların anbarda saxlanılmasına dair sifariş vermədiyindən, bununla iddiaçının hazırkı tələbi, tələbə cavab verməli olmayan şəxsə, yəni Cavabdeh qarşı yönəldiyindən, həmin şəxs hazırkı iddia üzrə cavabdeh kimi subyektiv vəzifələr daşıya bilməz. Мəhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu konteksdə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin oluna bilər. İddiaçının cavabdeh qismində göstərdiyi Cavabdeh isə məhkəmənin istinad etdiyi qanunvericilik normaları çərçivəsində hazırkı iddiaya cavab verməli olan subyekt olaraq qəbul edilə bilməz. Bu səbəbdən məhkəmə hazırki iddia tələbi üzrə cavabdehin cavabdehlik daşımamasını nəzərə alaraq hesab edir ki, ona qarşı irəli sürülmüş tələblər əsaslı hesab edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbləri təmin olunmadığından, məhkəmə xərcləri – 163 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı Cavabdeh xx.xx.2023-cü il tarixinə hesablanmış borcu - 24.330 manat məbləğində borcun, qətnamə icra olunan günə kimi hər ay 500 manat məbləğində saxlama haqqının və ödənilmiş 163 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borcun Cavabdeh tutulması, borc tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar