Məhkəmə qərarları › İş №e-2(009)-2292/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-2292/2023

30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-2292/2023 30.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin ("Azərovçu" İctimai Birliyinin) sədri Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin ("Azərovçu" İctimai Birliyinin) cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı "pul" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin ("Azərovçu" İctimai Birliyinin) cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azərovçu" İctimai Birliyinin xeyrinə icarəçisi olduğu ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin təmirinə çəkdiyi 20.000 manat və ödənilmiş dövlət rüsumu 150 manat cəmi 20.150 manat məbləğin cavabdeh X1 və "xxxx" ASC-dən müştərək qaydada tutulması, 20.150 manat məbləğin ödənilməsi ilə "Azərovçu" İctimai Birliyinin icarədə olduğu ünvan 1 ünvanında yerləşən qeyri-sahəsindən çıxarılmasının eyni vaxtda icra edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin ("Azərovçu" İctimai Birliyinin) sədri Nümayəndə işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 mülki işin aidiyyəti üzrə ümumi məhkəmədə baxılmalı olmasını, ona görə də Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etdiyini bildirmişdir. Məhkəmə iddia ərizəsini iş materialları əsasında araşdıraraq hesab edir ki, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, işdə olan 12 Noyabr 2015-ci il tarixli icarə müqaviləsindən görünür ki, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyi” (“Azər Ovçu” İB) arasında Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə məxsus olan, ünvan 2 ünvandakı qeyri-yaşayış daşınmaz əmlak kompleksində, ikinci mərtəbəsində 100 kv.m. və Xaqani küçəsi tərəfində birinci mərtəbədən 120 kv.m, cəmi 220 kv.m. sahənin İcarəçi “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyi”nə (“Azər Ovçu” İB) icarəyə verilməsi, İcarəçinin həmin sahənin müqavilə üzrə şərtləşdirilmiş qaydada, binanın ikinci mərtəbəsində yerləşən sahəni ofis, birinci mərtəbədə yerləşən sahəni isə ovçu mağazası kimi işlətmək məqsədi ilə istifadəyə qəbul etməsi barədə müqavilə bağlanmışdır. Məhkəmə elektron informasiya sistemindən “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyi”nin vergi məlumatları barədə çıxarışdan görünür ki, “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyi” vergi ödəyicisi kimi (VÖEN **********) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən əsas fəaliyyət istiqaməti morj və suitiləri kimi dəniz məməlilərinin tutulması; ovçuluq və vəhşi heyvanların yetişdirilməsi sahəsində xidmətlərin göstərilməsi; vəhşi hevanların ovlanması və yetişdirilməsi; kommersiya məqsədləri üçün vəhşi heyvanların ovlanması və yetişdirilməsi olmaqla qeydiyyata alınmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə nəticə etibarilə kommersiya mübahisəsidir. Belə olan halda isə mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. İşdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. (32.2) Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. (32.3) Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. (32.4) Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. (32.5) Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 24.2, 26.1, 32, 170, 263264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin ("Azərovçu" İctimai Birliyinin) cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı "pul" tələbinə dair 2(009)-2292/2023 saylı mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar