Məhkəmə qərarları › İş №e-2(009)-2347/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2347/2023

12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2347/2023 12.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 07 iyul 2022 il tariхli, 105804-452331/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 18% dərəcəsi ilə 7000 manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o, banka olan borcunu ödəməmişdir. 14 noyabr 2023-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 5243,41 manat məbləğində əsas bоrc və 676.07 manat faiz borcu оlmaqla, ümumilikdə 5919,48 manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit borcu yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit borcu yaranmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh 5243,41 manat məbləğində əsas borc və 676,07 manat faiz borcu olmaqla, cəmi 5919,48 manat borcun və 79,6 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək işlərin çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh faktiki yaşayış yeri məlum olmadığından onu məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə onun qeydiyyat ünvanı üzrə göndərilmiş məhkəmə bildirişləri müvafiq qeydlərlə (“bu ünvanda yaşamır”) məhkəməyə geri qaytarıldıqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə «Bank» qismində kredit təşkilatı olan İddiaçı ASC ilə «Borc alan» qismində Cavabdeh arasında bağlanmış 07 iyul 2022 il tariхli, 105804-452331/1 nömrəli kredit müqaviləsinə əsasən bank şəxsi istehlak məqsədi üçün 36 ay müddətinə, illik faiz dərəcəsi 18% olmaqla 7.000 manat məbləğində pul vermiş, borcalan isə kreditin vaxtında, tamamilə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. İş üzrə İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlığa əsasən həmin tarixə Cavabdeh bank qarşısında olan öhdəliyi - əsas borc üzrə 5584,55 manat, faiz borcu üzrə 220,4 manat təşkil etmiş, bank tərəfə 7 günü müddətində həmin öhdəliyi icra etməyi, əks təqdirdə müqavilənin ləğv edilib məhkəmədə iddia qaldırılacağı barədə məlumat vermişdir. İş üzrə İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2023-cü il tarixə banka 5243,41 manat əsas, 676,07 manat faiz, cəmi 5919,48 manat borcu yaranmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə illik 18% dərəcəsi tətbiq edilməklə, 36 ay müddətinə 7.000 manat məbləğində kredit verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və banka 5243,41 manat əsas, 676,07 manat faiz, cəmi 5919,48 manat cərimə borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank yaranmış borcun cavabdehdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Lakin məhkəmə hesab edir ki, cavabdehdən faiz borcu iddia tələbində qeyd edilən həddə deyil, müqavilənin ləğv edildiyi tarixinə hesablanmış həddə tutulmalıdır. Belə ki, İddiaçı ASC xx.xx.2023-cü il tarixdə Cavabdeh xəbərdarlıq məktubu ünvanlayaraq həmin tarixə yaranmış 5584,55 manat əsas borc, 220,4 manat faiz borcu olmaqla, ümumi 5804,95 manat məbləğində borcun banka ödənilməsini tələb etmiş, bununla da müqavilənin birtərəfli qaydada ləğv edilməsi ilə bağlı iradə ifadəsini cavabdehə bildirmişdir. AR Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair“ xx.xx.2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. X1 göstərilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (pul vəsaitindən istifadə haqqını (faizləri)) ödənilməsini tələb edə bilər. Qeyd edilən Konstitusiya Məhkəməsi Plenum Qərarında formalaşan hüquqi mövqeyə görə müqavilənin ləğv edilməsi bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi (ona bildirişin göndərilməsi) ilə həyata keçirilir və müqavilə üzrə pul vəsaitindən istifadə haqqı – faiz, həmin tarixə (müqavilənin birtərəfli qaydada ləğv olunduğu tarix) hesablanmalıdır. Həmin tarixdən sonra bank yalnız zərərin - pul vəsaitindən istifadə haqqının (faizləri - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin) ödənilməsini tələb edə bilər. Məhkəmə Plenum Qərarında formalaşan hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı olan faiz borcu maliyyə arayışında qeyd edilən tarixə xx.xx.2023-cü il tarixə yaranmış borc (676,07 manat) deyil, bildirişin göndərildiyi, müqavilənin birtərəfli qaydada ləğv edildiyi tarixə - xx.xx.2023-cü il tarixə yaranmış faiz borcu həddində (220,4 manat) olması nəzərə alınmalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli və cavabdehdən müqavilə üzrə ödənilməmiş qalmış 5243,41 manat əsas, 220,4 manat faiz borcu olmaqla, cəmi 5463,81 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün, məhkəmə xərcləri - ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (74,64 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli 105804-452331/1 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə yaranmış 5243,41 manat əsas borc, xx.xx.2023-cü il tarixə yaranmış 220,4 manat faiz borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 74,64 manat, cəmi 5538,45 (beş min beş yüz otuz səkkiz manat, qırx beş qəpik) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar