Məhkəmə qərarları › İş №e-2(009)-2367/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2367/2024

06.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2367/2024 06.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi Hüseynova Mələk Bəxtiyar qızının katibliyi İddiaçının nümayəndəsi X1, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, iddiaçı "xxxx" ASC-nin – cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 qarşı «pul» tələbi barədə mülki işə 06 dekabr 2024-cü il tarixdə Bakı şəhərində Səbail rayon Məhkəməsinin binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC - cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 qarşı «pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 1780,89 manat məbləğində əsas, 645,57 manat məbləğində faiz borcu, 336,14 manat məbləğində müqavilə müddətindən sonra ödənilməmiş faiz borcu, ödənilmiş 47,63 manat dövlət rüsum və 0,8 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Qaradağ filialı ilə Mirzoyev Tofiq Rza oğlu arasında bağlanmış BPM**********39 nömrəli xx.xx.2019-ci il tarixli kredit müqaviləsinə əsasən müştəriyə 23 ay müddətinə 2500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Əldə edilən məlumata əsasən, Mirzoyev Tofiq Rza oğlu xx.xx.2019-ci il tarixdə vəfat etmişdir. Notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, Mirzoyev Tofiq Rza oğlunun mirası qəbul etmiş vərəsələri Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 notariat ofisinə müraciət etmiş, ərizə əsasında vərəsəlik işi açılmışdır. Təqdim edilmiş maliyyə arayışına əsasən, Mirzoyev Tofiq Rza oğlunun xx.xx.2024-cü ilədək Banka ödənilməmiş 1780.89 manat əsas, 645.57 manat müqavilə müddətində ödənilməmiş faiz, 336.14 manat müqavilə müddətindən sonra ödənilməmiş faiz borcu olmaqla, cəmi 2762.6 manat borcu qalmışdır. Cavabdehlər mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehlərə 6-2-22/2-36229/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməmişdir. O, eyni zamanda bildirmişdir ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Tofiq Mirzoyev borcu xəstəliyi ilə əlaqədar götürmüşdür və bundan ailə üzvlərinin də məlumatı olmamışdır. Tofiq Mirzoyev vəfat etdikdən sonrakı müddətdə o özü də kredit götürmək üçün iddiaçıya müraciət etmiş və bank ona kredit vermişdir.Həmin zaman iddiaçı onu hazırki borc barəsində məlumatlandıra bilərdi, lakin bunu etməmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməmişdir. O, eyni zamanda bildirmişdir ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Az. Resp. MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. İş üzrə təqdim olunmuş sübutlar sırasına daxil olan: Mirzoyev Tofiq Rza oğlu ilə "xxxx" ASC arasında xx.xx.2019-cu il tarixdə imzalanmış Kredit müqaviləsinin surətindən görünür ki, həmin sazişə uyğun olaraq illik 29 % ödəniş olmaqla bank tərəfindən 23 ay müddətinə 2500 manat məbləğində Mirzoyev Tofiq Rza oğluna kredit ayrılmışdır. AZ-İİ № 046707 Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Mirzoyev Tofiq Rza oğlu xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. 8 saylı Bakı ASAN Xidmət Notariat Ofisinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Mirzoyev Tofiq Rza oğlunun vəfatından sonra Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 xx.xx.2020-ci il tarixdə mirasın qəbulu barədə ərizə ilə müraciət etmiş, 61/2020 nömrəli vərəsəlik işi açılmışdır. "xxxx" ASC-nin maliyyə arayışlarından görünür ki, hazırda cavabdehlərin bank qarşısında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1780,89 manat əsas, 645,57 manat faiz borcu, müqavilə müddətindən sonra ödənilməmiş 336,14 manat faiz borcu vardır. Beləliklə işin halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada Kredit Müqaviləsi bağlanılmış, həmin Müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə Müqavilə yalnız digər tərəf Müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya Müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin Müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, Müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.2-ci maddəsinə görə bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 449.3-cü maddəsinə əsasən, əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, “Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir.” Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarına əsasən, “Pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən MM-in 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.” Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarına əsasən, “Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.” İşin faktiki hallarına qiymət verib və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, borclu Kredit Sazişi üzrə yaranmış borcunu qanunla nəzərdə tutulmuş qaydada qaytarmamış, bununla da həmin Sazişdən irəli gələn öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə eyni zamanda hazırki iş üzrə cavabdehlərin hazırki iddia tələbinə cavab verməsi, yəni ki T.Mirzoyevin hüquqi varisi olduğuna münasibətdə qeyd edir ki, T.Mirzoyev vəfat etdikdən sonra cavabdehlər miras əmlakın qəbulu ilə bağlı ərizə ilə notariat ofisinə müraciət etmiş və artıq hüquqi varis statusu qazanmışdırlar. Mülki Məcəllənin: 1133.1-ci maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (Mülki Məcəllənin 1133.2-ci maddəsi). 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə eyni zamanda cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibətdə qeyd edir ki, iddiaçı həmin cavabdehlərə qarşı hazırki tələblə iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Belə ki, iş materiallarında olan 8 saylı Bakı ASAN Xidmət Notariat Ofisinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçı ən geci xx.xx.2023-cü il tarixdə artıq borclunun vərəsələri barədə məlumatlı olmuşdur. Bundan başqa müqavilə 23 ay müddətinə olmaqla 2020-ci ilin dekabr ayına kimi bağlanmışdır. Borclu isə 2019-cu ilin oktyabr ayında vəfat etmişdir. Bank ən geci müqavilənin müddətinin bitdiyi tarixdə yəni 2020-ci ilin dekabr ayında müqavilə üzrə öhdəliyin borclu tərəfindən yerinə yetirilmədiyindən məlumatlı olmuşdur. Notariat ofisinin məktubundan isə bəlli olur ki, hazırki cavabdehlər vərəsə qismində xx.xx.2020-ci il tarixdə mirasın qəbulu barədə ərizə ilə müraciət etmişdirlər. Bank 2021, 2022-ci illər ərzində vəfat etmiş etmiş borclunun vərəsələri barədə məlumat əldə etmək imkanına malik olmasına baxmayaraq,bunu yalnız 2023-cü il tarixdə etmişdir. Həmin tarixdə isə vərəsələr barəsində məlumata malik olmasına baxmayaraq məhkəməyə kredit müqaviləsinin bitdiyi tarixdən (xx.xx.2020) 3 ildən artıq müddət keçdikdən sonra xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki tələblə iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən, tələb Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 münasibətdə təmin edilməməlidir. Məhkəmə göstərilənlərə əsasən yekun olaraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, 1780,89 manat məbləğində əsas, 645,57 manat məbləğində faiz borcu, 336,14 manat məbləğində müqavilə müddətindən sonra ödənilməmiş faiz borclu Cavabdeh3 iddiaçının xeyrinə tutulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia tələbi qismən təmin olunduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 131,53 manat dövlət rüsumunun 70 manat hissəsi Cavabdeh3 iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1780,89 manat məbləğində əsas, 645,57 manat məbləğində faiz borcu, 336,14 manat məbləğində müqavilə müddətindən sonra ödənilməmiş faiz borcu olmaqla cəmi 2762,6 manat məbləğində pul vəsaiti Cavabdeh3 "xxxx" ASC-nin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 70 manat hissəsi Cavabdeh3 iddiaçının xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar