Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2371/2024 27.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 51000 manat əsas borcun, 2550 manat gecikmə faizi məbləğinin, mənəvi zərərə görə 5000 manat və 273 manat ödənilmiş dövlət rüsumunun, cəmi 58823 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: o, cavabdeh ilə xeyli müddətdir ki, qonşudur.Təxminən 2023-cü ilin ortalarında cavabdeh ona bildirmişdir ki, öz biznesini genişləndirmək istəyir və yaxşı gəlir əldə edə bilər və bu məqsədlə ondan borc pul istədi. O, cavabdehə borc verməyə razılaşmışdır. Onlar 29 avqust 2023-cü il tarixdə 53 saylı DNK-da borc müqaviləsi bağlamış və o, cavabdehə 29 noyabr 2023-cü-cü il tarixdə qaytarmaq şərti ilə 51000 (əlli bir min) manat borc pul vermişdir. Lakin, uzun müddət keçməsinə baxmayaraq cavabdeh borcu qaytarmamışdır. Müxtəlif bəhanələrlə bundan imtina edir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Mülki Məcəllənin müddəaları baxımından tərəflər arasında borc müqaviləsi bağlanılmış, həmin müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış və onun iddia tələbi də məhz həmin müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin pozulması kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq mənzili razılaşdırılmış müddətdə ona verməli olduğu halda, öhdəliyi icra etməmişdir. Mülki Məcəllənin 449.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, əsas borc məbləğinə (51000) manata bank uçot dərəcəsi ilə hesablanmalı olan 2550 manat faiz məbləği cavabdehdən tutularaq ona ödənilməlidir. Qeyd etməyi zəruri hesab edir ki, MM-nin 1096-cı maddəsinə əsasən qanuna zidd hüquq pozuntusu, o cümlədən əməl tərəflər arasındakı razılaşmadan irəli gələn vəzifələr pozulduğu halda da mövcud olur. Bu iş üzrə də belə vəziyyət yaranıb, çünki cavabdeh götürdüyü pulu ödəməməklə götürmüş olduğu öhdəliyi pozmuşdur. Qanunvericiliyin tələbinə əsasən mülki hüquq pozuntusu ilə bağlı məsuliyyətin yaranması üçün zərərçəkən şəxsə ziyan vurulması, həmin ziyanın üzərinə məsuliyyət qoyulan şəxs tərəfindən yetirilməsi, yetirilmiş ziyanla üzərinə məsuliyyət qoyulan şəxsin hərəkəti arasında səbəbli əlaqənin olması və vurulmuş ziyanla bağlı şəxsin təqsirinin olması ilə bağlıdır. Hazırki iş üzrə qeyd olunan xüsusatlar tamamilə təsdiq olunur. Bu isə mülki hüquq pozuntusu ilə bağlı məsuliyyətin yaranmasını göstərir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iclasın iştirakları olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş 29 avqust 2023-cü il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 51000 manat məbləğində pul borc verir, borc alan krediti xx.xx.2023 tarixinədək borc verənə notariusun depozit hesabı vasitəsilə qaytarmağı öhdəsinə götürür. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında 29 avqust 2023-cü il tarixdə borc müqaviləsinə əsasən 51000 manat məbləğində borcun xx.xx.2023cü il tarixədək qaytarılmasını öz öhdəsinə götürmüş, lakin icra müddəti başa çatmasına baxmayaraq öhdəliyini icra etməmişdir. Hazırda iddiaçı ödənilməli borc məbləğinin ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. (MM 427.2.) - (münasibətlər yaranan vaxt qüvvədə olan) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, tərəflər arasında borc haqqında müqavilə bağlanmaqla Cavabdeh iddiaçıdan borc aldığı 51000 manat məbləğində pulu xx.xx.2023-cü il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürməsi, lakin öhdəliyini lazımı qaydada icra etməməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlar və iş materialları ilə öz təsdiqini tapır. Qeyd olunan maddi hüquq normalarına və işin hallarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh yerinə yetirməli olduğu öhdəliyi icra etmədiyi üçün, yəni onun tərəfindən imzalanmış müqaviləyə əsasən qaytarmalı olduğu borcu vaxtında qaytarmadığı üçün İddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır və 51000 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə, iddianın “gecikdirilmiş vaxt üçün hesablanmış 2550 manat ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış 29 avqust 2023-cü il tarixli borc müqaviləsində 51000 manat məbləğində borcun xx.xx.2023-cü il tarixədək qaytarılmasını cavabdeh öz öhdəsinə götürsə də, öhdəliyini hazıradək icra etməmişdir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkə hazırki tələbin qanuni əsasının qanunvericilikdə nəzərdə tutulduğunu nəzərə alaraq, iddianı bu hissədə də əsaslı hesab edir və belə nəticəyə gəlir ki, 2550 manat (51000x5/100) Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə, iddianın mənəvi zərərin vurulması ilə bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Azərbaycan Respublikası qanunvericiliyi, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Məhkəmə vurğulayır ki, mənəvi zərər məhz bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda da kompensasiya edilir. Məhkəmə hesab edir ki, hazırki işdə iddiaçı cavabdehin hərəkətlərinin onun şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 51000 (əlli bir min) manat məbləğində pul vəsaiti, gecikdirilmiş vaxt üçün hesablanmış 2550 (iki min beş yüz əlli) manat pul və 250.50 (iki yüz əlli manat əlli qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 51000 (əlli bir min) manat məbləğində pul vəsaiti, gecikdirilmiş vaxt üçün hesablanan 2550 (iki min beş yüz əlli) manat və 250.50 (iki yüz əlli manat əlli qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-2371/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2371/2024
27.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver