Məhkəmə qərarları › İş №e-2(009)-2373/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2373/2024

11.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2373/2024 11.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə ümumilikdə 6479,39 manat əsas borc, 337.45 manat faiz borcu, 232.28 manat cərimə borcu olmaqla, cəmi 7 049.12 manat kredit borcun və 91.40 manat ödənilmiş rüsumunun əvəzinin tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, “TBC Kredit Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında 20 fevral 2024-cü il tarixdə bağlanan GARA- 37119-4814 saylı Kredit müqaviləsinə əsasən illik 23% faizlə 36 ay müddətinə 7000.00 manat kredit verilmiş və kreditin aylıq 273.00 manat olmaqla ödənilməsi müəyyən edilmişdir. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün "xxxx" MMC məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh 29 oktyabr 2024-cü il tarixinədək verilmiş kredit üzrə 6479,39 manat əsas, 337,45 manat faiz borcu və 232,28 manat dəbbə borcu olmaqla, cəmi 7049,12 manat məbləğində borcu yaranmış və ödənilməmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd olunanlara uyğun izahat verdi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında 20 fevral 2024-cü il tarixdə bağlanan GARA-37119-4814 saylı Kredit müqaviləsinə əsasən illik 23% faizlə 36 ay müddətinə 7 000.00 manat kredit verilmiş və kreditin aylıq 273.00 manat olmaqla ödənilməsi müəyyən edilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh borcun ödənilməsinə 20 fevral 2024-cü il tarixdən başlamalı, hər ay 273,00 manat ödəməklə, 01 mart 2027-ci il tarixdə bitməli idi. İş materiallarındanolan maliyyə arayışından görünür ki, Cavabdeh 6479.39 (altı min dörd yüz yetmiş doqquz manat otuz doqquz qəpik) manat əsas, 337.45 (üç yüz otuz yeddi manat qırx beş qəpik) manat faiz, 232.28 (iki yüz otuz iki manat iyirmi səkkiz qəpik) manat cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, “TBC Kredit Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında 20 fevral 2024-cü il tarixdə bağlanan GARA-37119-4814 saylı Kredit müqaviləsinə əsasən illik 23% faizlə 36 ay müddətinə 7000.00 manat kredit verilmiş və kreditin aylıq 273.00 manat olmaqla ödənilməsi müəyyən edilmişdir. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyindən nəticədə Cavabdeh tərəfindən banka cəmi 7049,12 manat ziyan vurulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 20 fevral 2024-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün iddiaçı ondan 6 479,39 manat əsas, 337.45 manat faiz borcu və 232.28 manat cərimə borcu ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün "xxxx"Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən ümumilikdə 91.40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 91.40 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 6479,39 (altı min dörd yüz yetmiş doqquz manat otuz doqquz qəpik) manat əsas, 337,45 (üç yüz otuz yeddi manat qırx beş qəpik) manat faiz, 232,28 (iki yüz otuz iki manat iyirmi səkkiz qəpik) manat cərimə borcu və iddia ərizənin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 91,40 (doxsan bir manat qırx qəpik) manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar