Məhkəmə qərarları › İş №e-2(009)-2389/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2389/2023

18.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2389/2023 18.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən Bakı şəhəri Səbail rayon məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» KB (Ləğv prosesindədir) Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, faiz borcunun və cərimə borcunun ödənilməsi” tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» KB (Ləğv prosesindədir) Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC «Bank Standard» KB (Ləğv prosesindədir) ilə Cavabdeh arasında bağlanmış 22 dekabr 2021-ci il tarixli LM122100210 saylı restrukturizasiya müqaviləsi üzrə 307.53 (üç yüz yeddi manat əlli üç qəpik) manat əsas borc, 3.23 (üç manat iyirmi üç qəpik) manat faiz borcu, 1.05 (bir manat 05 qəpik) manat məbləğində cərimə borcu, 6.08 (altı manat səkkiz qəpik) manat məbləğində gecikdirilmiş ümumilikdə 913,25 (doqquz yüz on üç manat, iyirmi beş qəpik) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin iki min manatdan az olduğu üçün hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin maddənin tələblərinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən qeyd olunan mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh Azərpoçt vasitəsi ilə məktub göndərilmiş, lakin Azərpoçt “evdə yox” qeyd edərək məktub geri qaytarmışdır. İddia tələbi belə əsaslandırılmışdır ki, QSC «Bank Standard» KB (Ləğv prosesindədir) ilə Cavabdeh arasında “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanına əsasən xx.xx.2021-ci il tarixli, LM122100210 saylı restrukturizasiya müqaviləsi bağlanmışdır.xx.xx.2015-ci il tarixli 1xx/xx/110692/15/1 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzart Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 337.22 manat restruktrizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Faizlər restruktrizasiya olunan tarixdən borc məbləği banka tam məbləğdə faktiki qaytarılan günədək restruktrizasiya müddəti ərzində illik 1% olmaqla hesablanır. Restruktrizasiya müqaviləsi 12 ay müddətinə bağlanmış, borcun ödənilməli olduğu son tarix xx.xx.2022-ci il müəyyən olunmuşdur. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdeh banka 307.53 manat m əbləğində əsas borc, 3.23 manat məbləğində faiz borcu, 1.05 manat məbləğində cərimə borcu, 6.08 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan 5% məbləği, cəmi 317.89 manat məbləğində borcu qalmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş üzrə təqdim olunmuş sübutlar sırasına daxil olan QSC «Bank Standard» KB (Ləğv prosesindədir) ilə Cavabdeh arasında “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanına əsasən xx.xx.2021-ci il tarixli, LM122100210 saylı restrukturizasiya müqaviləsi bağlanmışdır. İş materiallarından görünür ki, cavabdehə Banka olan borcunun ödənilməsi, əks halda həmin borcun məcburi qaydada ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq göndərilmişdir. İş materiallarında olan 30 may 2023-cü il tarixli **********665 nömrəli maliyyə arayışından görünür ki, 307.53 (üç yüz yeddi manat əlli üç qəpik) manat əsas borc, 3.23 (üç manat iyirmi üç qəpik) manat faiz borcu, 1.05 (bir manat 05 qəpik) manat məbləğində cərimə borcu, 6.08 (altı manat səkkiz qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan 5% məbləği, ümumilikdə 317,89 (üç yüz on yeddi manat səksən doqquz qəpik) manat borcu vardır. İş materiallarında olan 1 saylı ödəniş cədvəlindən görünür ki, cavabdeh borcunu xx.xx.2022-ci il tarixdən başlamalı, hər ay 2.97 manat ödəməklə, xx.xx.2022-cı il tarixdə bitməli idi. Məhkəmə hesab edir ki, tərəflər arasında Kredit Müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin Müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada Kredit Müqaviləsi bağlanılmış, həmin Müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommermiya bankının (ləğv prosesindədir) xeyrinə xx.xx.2021-ci il tarixli, LM122100210 saylı restrukturizasiya müqaviləsi üzrə 307.53 (üç yüz yeddi manat əlli üç qəpik) manat əsas borc, 3.23 (üç manat iyirmi üç qəpik) manat faiz borcu, 1.05 (bir manat 05 qəpik) manat məbləğində cərimə borcu, 6.08 (altı manat səkkiz qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan 5% məbləği, ümumilikdə 317,89 (üç yüz on yeddi manat səksən doqquz qəpik) manat borcu ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommermiya bankının (ləğv prosesindədir) xeyrinə xx.xx.2021-ci il tarixli, LM122100210 saylı restrukturizasiya müqaviləsi üzrə 307.53 (üç yüz yeddi manat əlli üç qəpik) manat əsas borc, 3.23 (üç manat iyirmi üç qəpik) manat faiz borcu, 1.05 (bir manat 05 qəpik) manat məbləğində cərimə borcu, 6.08 (altı manat səkkiz qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan 5% məbləği, ümumilikdə 317,89 (üç yüz on yeddi manat səksən doqquz qəpik) manat borc və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz manat) manat dövlət rüsumu tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova 2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar