Məhkəmə qərarları › İş №e-2(009)-2397/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2397/2024

17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2397/2024 17.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi S.S.Nəcəfovanın iştirakı ilə İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, "xxxx" MMC-yə və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" ASC cavabdehlər Cavabdeh3, "xxxx" MMC-yə və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli DEN-00111-05/21A saylı kredit müqaviləsinə əsasən bank tərəfindən 120 ay müddətinə maksimal faiz dərəcəsi 35% ödəmək şərti ilə 500.000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilə bilməsi nəzərdə tutulmuşdur. İddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli DEN-A-0111-05/21A saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə daşınmaz əmlakın alınması və tikintisi məqsədilə 36 ay müddətinə illik 18% ödəmək şərti ilə 300.000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. İddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci tarixli DEN-B0111- 05/21A saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə yaşayış təyinatlı əmlakın tikintisi məqsədilə 36 ay müddətinə illik 18 faiz ödəmək şərti ilə 100.000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində Cavabdeh2 xx.xx.2021-ci il tarixli DENG-00111-05/21A saylı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ üzrə özünə məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka saxlayana ipotekaya qoymuşdur. Cavabdeh "xxxx" MMC xx.xx.2022-ci il tarixdə iddiaçı ilə DENZ-00111- 00/22A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh3 xx.xx.2021-ci il tarixli, DEN-00111-05/21A saylı kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdeh2 məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış sahəsinin "xxxx" MMC tərəfindən qiymətləndirilmiş və 2021-ci il tarixinə bazar dəyəri 1.000.000 manat, likvid dəyəri 800.000 manat müəyyən edilmişdir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 5-ci və ipoteka müqaviləsinin 3-cü bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin xx.xx.2021-ci il tarixli DEN- A0111-05/21A saylı kredit müqaviləsi xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 152.777,76 manat, faiz borcu 9.880,64 manat, dəbbə borcu 6.584,05 manat təşkil edir. Beləliklə cavabdehin xx.xx.2021-ci il tarixli DEN-A0111-05/21A saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə ümumi borcu 169.242,45 manat təşkil edir. Cavabdehin xx.xx.2022-ci il tarixli DEN-B0111-05/21A saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 39.433,26 manat, faiz borcu 2.681,41 manat, dəbbə borcu 1971,66 manat təşkil edir. Beləliklə cavabdehin xx.xx.2022-ci il tarixli DEN-B0111-05/21A saylı kredit müqaviləsi xx.xx.2024-cü il tarixinə ümumi borcu 44.086,33 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli DEN-A0111-05/21A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2024-cü il tarixinə olan 152.777,76 manat əsas borc, faiz borcu 9.880,64 manat, dəbbə borcu 6.584,05 manat, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli DEN-B0111-05/21A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2024-cü il tarixinə olan 39.433,26 manat əsas borc, faiz borcu 2.681,41 manat, dəbbə borcu 1.971,66 manat məbləğində borc olmaqla, ümumilikdə 213.328,78 manat borcun, iddia qaldırılması üçün ödənilmiş 504 manat dövlət rüsumunun və 0,76 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh3 və "xxxx" MMC-dən müştərək qaydada iddiaçının xeyrinə tutulması, Cavabdeh2 ilə bağlanan xx.xx.2021-ci il tarixli DENG-00111-05/21A saylı ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin yaşayış sahəsinin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehlər Cavabdeh3 və "xxxx" MMC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər Cavabdeh3, "xxxx" MMC-nin nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş üzrə «Borcverən» qismində Bank "xxxx" ASC-nin “Promo” filialı ilə digər tərəfdən «Borcalan» qismində Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli DEN-00111-05/21A No-li əsas kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh3 120 ay müddətinə, maksimal faiz dərəcəsi 35% ödəmək şərtilə, 500.000 manat məbləğində kredit verilə bilməsi nəzərdə tutulmuşdur. İş üzrə «Borcverən» qismində Bank "xxxx" ASC-nin “Promo” filialı ilə digər tərəfdən «Borcalan» qismində Cavabdeh3 arasında bağlanmış DEN-00111-05/21A saylı, xx.xx.2021-ci il tarixli əsas kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli DEN-A0111- 05/21A saylı əlavə razılaşmasına əsasən bank tərəfindən Cavabdeh3 36 ay müddətinə, illik 18% ödəmək şərtilə, 300.000 manat məbləğində kredit verilmişdir. İş üzrə “İpoteka saxlayan” qismində Bank "xxxx" ASC-nin “Promo” filialı ilə “İpoteka qoyan” qismində Cavabdeh2 və “Borcalan” qismində Cavabdeh3 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli DENG-00111-05/21A saylı ipoteka müqaviləsinə əsasən ipoteka saxlayanla «Borcalan» arasında bağlanmış xx.xx.2021-ci il tarixli DEN-00111-05/21A saylı əsas kredit müqaviləsinin və Əlavə müqavilələrinin təminatı kimi Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, S.Məmmədov küçəsində yerləşən 2 saylı evi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 1.3-cü bəndinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmetinin ilkin satış qiyməti "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********) müstəqil qiymətləndiricilər tərəfindən müəyyən olunacaq. İş üzrə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2014-cü il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, S.Məmmədov küçəsi, 0.0339 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 494,2 kv.m. olan 2 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş üzrə Bank "xxxx" ASC-nin sifarişi ilə "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qiymətləndirmə rəyinə əsasən Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, S.Məmmədov küçəsində yerləşən ümumi sahəsi 494,2 kv.m. olan 6 otaqlı fərdi yaşayış evinin real bazar dəyəri 1.000.000 manat, likvid dəyəri – 800.000 manat müəyyən edilmişdir. İş üzrə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Cavabdeh2 mülkiyyət hüququ əsasında mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 0,0339 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 494,2 kv.m. olan 2 nömrəli fərdi yaşayış evi xx.xx.2021-ci il tarixli, 1DEN-00111-05/21A saylı kredit müqaviləsinə əsasən xx.xx.2031-ci il tarixədək ipoteka müqaviləsi üzrə Bank "xxxx" ASC-nin Promo filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş üzrə «Borcverən» qismində Bank "xxxx" ASC-nin “Promo” filialı ilə digər tərəfdən «Borcalan» qismində Cavabdeh3 arasında bağlanmış DEN-00111-05/21A saylı, xx.xx.2021-ci il tarixli əsas kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2022-ci il tarixli DEN-B0111- 05/22A saylı əlavə razılaşmasına əsasən bank tərəfindən DEN-00111-05/21A saylı, xx.xx.2021-ci il tarixli əsas kredit müqaviləsi çərçivəsində Cavabdeh3 36 ay müddətinə, illik 18% ödəmək şərtilə, 100.000 manat məbləğində kredit verilmişdir. İş üzrə «Bank» qismində Bank "xxxx" ASC ilə “Zamin” qismində "xxxx" MMC və “Borc alan” qismində Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli DENZ-00111-00/22A nömrəli zaminlik müqaviləsinə əsasən zamin "xxxx" MMC borc alan Cavabdeh3 bankla bağladığı DEN- 00111-05/21A saylı, xx.xx.2021-ci il tarixli əsas kredit müqaviləsi üzrə irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş üzrə «Borcverən» qismində Bank "xxxx" ASC ilə «Borcalan» qismində Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli DEN-00111-05/21A saylı kredit müqaviləsinə xx.xx.2023-cü il tarixli 2 saylı Əlavə Sazişinə əsasən tərəflər müqavilə müddəti ərzində borcalana kreditin ödənilməsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla 3 ay güzəşt müddətinin müəyyən edilməsi və güzəşt müddəti ərzində yalnız müqavilə üzrə hesablanacaq faiz məbləğinin ödənilməsi (bənd 1), Əlavənin 1-ci bəndinə müvafiq olaraq yeni ödəniş cədvəlin tərtib olunması və müqavilə üzrə ödənişlər bu Əlavə imzalandıqdan sonra yeni ödəniş cədvəlinə əsasən aparılması, xx.xx.2021-ci il tarixli DEN-00111-05/21A saylı kredit müqaviləsi Əlavə Saziş No1 ödəniş cədvəli bu əlavənin imzalandığı tarixdən sonrakı hissədə qüvvədən düşmüş hesab edilməsi (bənd 2), müqavilə ilə kreditin qaytarılması üçün müəyyən olunmuş müddətin dəyişilməz olaraq xx.xx.2024-cü ilin hesab edilməsi (bənd 3), DEN-00111-05/21A No-li, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin bu Əlavə ilə ziddiyyət təşkil edən bütün müddəalarının qüvvədən düşmüş hesab edilməsi və bu Əlavənin müddəaları tərəflər arasında olan münasibətlərə tətbiq edilməsi (bənd 3) barədə razılığa gəlmişlər. İş üzrə Bank "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Bank "xxxx" ASC ilə fiziki şəxs Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli DEN-A0111-05/21A saylı kredit müqaviləsinə əsasən həmin şəxsə 300.000 manat məbləğində kredit verilmişdir. Borc alan tərəfindən kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliklər yerinə yetirilmir. xx.xx.2024-cü il tarixə Cavabdeh3 banka əsas borc məbləği 152.777,76 manat, ümumi faiz borcu 9.880,64 manat, dəbbə borcu 6.584,05 manat, cəmi borc 169.242,45 manat təşkil edir. İş üzrə Bank "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Bank "xxxx" ASC ilə fiziki şəxs Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli DEN-B0111-05/22A saylı kredit müqaviləsinə əsasən həmin şəxsə 100.000 manat məbləğində kredit verilmişdir. Borc alan tərəfindən kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliklər yerinə yetirilmir. xx.xx.2024-cü il tarixə Cavabdeh3 banka əsas borc məbləği 39.433,26 manat, ümumi faiz borcu 2.681,41 manat, dəbbə borcu 1.971,66 manat, cəmi borc 44.086,33 manat təşkil edir. İş üzrə Bank "xxxx" ASC tərəfindən borcalan Cavabdeh3, ipoteka qoyan Cavabdeh2 və zamin "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, Bank "xxxx" ASC ilə borcalan Cavabdeh3 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli DEN-00111-05/21A saylı əsas kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli, DEN-F0111-05/22A saylı əlavə razılaşmaya əsasən Cavabdeh3 36 ay müddətinə, illik 18% hesablanmaqla, 300.000 manat məbləğində kredit verilmişdir. Hal-hazırda kredit müqaviləsi üzrə öhdəliklər icra olunmur. Bu öhdəliyin təminatı olaraq bağladıqları xx.xx.2021-ci il tarixli DENG-00111-05/21A saylı “İpoteka müqaviləsi”nə əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir (Çıxarış: reyestr nömrəsi:**********07- 10301,qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2014). Qeyd edilən kredit müqaviləsinin bəndinə əsasən borc alan tam və vaxtında kredit üzrə hesablanmış faizləri və əsas borc məbləğini, həmçinin borc verən tərəfindən hesablanmış peniya faizlərini ödəmək vəzifəsini daşıyır. xx.xx.2021-ci il tarixli DEN-F0111-05/22A saylı əlavə razılaşma üzrə onların banka olan məbləği 152.777,76 manat, ümumi faiz borcu 9.880,64 manat, dəbbə borcu 6.584,05 manat, cəmi borc 169.242,45 manat təşkil edir. Yuxarıdakıları rəhbər tutaraq onlardan əsas borc, hesablanmış faizləri və cərimə məbləğini təcili 2 gün müddətində ödəməyi tələb edirlər. əks təqdirdə aralarında bağlanmış kredit müqaviləsi ləğv olunacaq və ödənişin həyata keçirilməsi üçün tutmanın ipoteka ilə yüklü edilmiş əmlaklara (Bakı şəhəri, ünvan 1) yönəldilməsi ilə əlaqədar olaraq ipoteka predmetinə məhkəmə və ya notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə müraciət edəcəklər. Bu halda məhkəmə və nümayəndəlik xərclərinin ödənilməsi də onların üzərlərin yönəldiləcəkdir. Məhkəmənin müvafiq qətnaməsi qüvvəyə mindikdən sonra kredit müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməsələr, Azərbaycan Respublikası CM-nin 178-ci (Dələdüzlüq), 196-cı (Kreditor borclarını ödəməkdən qəsdən yayınma) və 306-cı (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilə bilərlər. İş üzrə Bank "xxxx" ASC tərəfindən borcalan Cavabdeh3, ipoteka qoyan Cavabdeh2 və zamin "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, Bank "xxxx" ASC ilə borcalan Cavabdeh3 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli DEN-00111-05/21A saylı əsas kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2022-ci il tarixli, DEN-B0111-05/22A saylı əlavə razılaşmaya əsasən Cavabdeh3 36 ay müddətinə, illik 18% hesablanmaqla, 100.000 manat məbləğində kredit verilmişdir. Hal-hazırda kredit müqaviləsi üzrə öhdəliklər icra olunmur. Bu öhdəliyin təminatı olaraq bağladıqları xx.xx.2021-ci il tarixli DENG-00111-05/21A saylı “İpoteka müqaviləsi”nə əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir (Çıxarış: reyestr nömrəsi:**********07- 10301,qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2014). Qeyd edilən kredit müqaviləsinin bəndinə əsasən borc alan tam və vaxtında kredit üzrə hesablanmış faizləri və əsas borc məbləğini, həmçinin borc verən tərəfindən hesablanmış peniya faizlərini ödəmək vəzifəsini daşıyır. xx.xx.2022-ci il tarixli DEN-B0111-05/22A saylı əlavə razılaşma üzrə onların banka olan məbləği 39.433,26 manat, ümumi faiz borcu 2.681,41 manat, dəbbə borcu 1.971,66 manat, cəmi borc 44.086,33 manat təşkil edir. Yuxarıdakıları rəhbər tutaraq onlardan əsas borc, hesablanmış faizləri və cərimə məbləğini təcili 2 gün müddətində ödəməyi tələb edirlər. əks təqdirdə aralarında bağlanmış kredit müqaviləsi ləğv olunacaq və ödənişin həyata keçirilməsi üçün tutmanın ipoteka ilə yüklü edilmiş əmlaklara (Bakı şəhəri, ünvan 1) yönəldilməsi ilə əlaqədar olaraq ipoteka predmetinə məhkəmə və ya notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə müraciət edəcəklər. Bu halda məhkəmə və nümayəndəlik xərclərinin ödənilməsi də onların üzərlərin yönəldiləcəkdir. Məhkəmənin müvafiq qətnaməsi qüvvəyə mindikdən sonra kredit müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməsələr, Azərbaycan Respublikası CM-nin 178-ci (Dələdüzlüq), 196-cı (Kreditor borclarını ödəməkdən qəsdən yayınma) və 306-cı (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilə bilərlər. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh3 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli DEN-00111-05/21A saylı əsas kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 120 ay müddətinə xx.xx.2031-ci il tarixədək maksimal faiz dərəcəsi 35% ödəmək şərti ilə 500.000 manat məbləğində kredit verilə bilməsi nəzərdə tutulmuşdur. Həmin kredit müqaviləsi çərçivəsində iddiaçı ilə Cavabdeh3 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli DEN-A0111-05/21A saylı Əlavə Razılaşmasına əsasən bank tərəfindən Cavabdeh3 36 ay müddətinə, illik 18% dərəcəsi ilə 300.000 manat məbləğində kredit verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli DEN-00111-05/21A saylı əsas kredit müqaviləsinin təminatı kimi tərəflər arasında xx.xx.2021-ci il tarixli DENG-00111- 05/21A saylı ipoteka müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 0,0339 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 494,2 kv.m. olan 2 nömrəli fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmçinin xx.xx.2021-ci il tarixli DEN-00111-05/21A saylı əsas kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilmə üsulu kimi digər cavabdeh "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə zaminlik müqaviləsi bağlanılmışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli DEN-00111- 05/21A saylı əsas kredit müqaviləsi çərçivəsində iddiaçı ilə Cavabdeh3 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli DEN-B0111-05/21A saylı Əlavə Razılaşmasına əsasən bank tərəfindən Cavabdeh3 36 ay müddətinə, illik 18% dərəcəsi ilə 100.000 manat məbləğində kredit verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh3 kredit müqaviləsi və əlavə razılışmaları üzrə bank qarşısında götürdüyü öhdəlikləri lazımınca icra etməmiş və bununla da onun banka borcu yaranmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, bank cavabdehlərdən kredit müqaviləsi çərçivəsində xx.xx.2021-ci il tarixli əlavə razılaşması üzrə yaranmış 152.777,76 manat əsas, 9.880,64 manat faiz, 6.584,05 manat cərimə, xx.xx.2022-ci il tarixli əlavə razılaşması üzrə yaranmış 39.433,26 manat əsas, 2.681,41 manat faiz, 1.971,66 manat cərimə, cəmi 213.328,78 manatın tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh3 kredit müqaviləsi və əlavə razılaşmaları üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün, bu hal müqavilənin cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulması kimi qiymətlənir. Məhkəmə qeyd edir ki, cavabdeh kredit müqaviləsi və əlavə razılaşmaları üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh3 bağlanılmış kredit müqaviləsi və əlavə razılaşmaları üzrə bankdan kredit vəsaitləri almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə borc məbləğini və müəyyən edilmiş faizləri Banka qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısıdır. Lakin Cavabdeh3 kredit vəsaitlərin və kreditdən yaranan faiz borclarını ödəməli olmasına aid vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi kredit müqaviləsi çərçivəsində xx.xx.2021-ci il tarixli əlavə razılaşması üzrə yaranmış 152.777,76 manat əsas, 9.880,64 manat faiz, xx.xx.2022-ci il tarixli əlavə razılaşması üzrə yaranmış 39.433,26 manat əsas, 2.681,41 manat faiz borcunun tutulması hissələrində təmin edilməlidir. Məhkəmə iddia tələbinin kredit müqaviləsi çərçivəsində xx.xx.2021-ci il tarixli əlavə razılaşması üzrə yaranmış 6.584,05 manat dəbbə pulunun, xx.xx.2022-ci il tarixli əlavə razılaşması üzrə yaranmış 1.971,66 manat dəbbə pulunun tutulması hissələri üzrə qeyd edir ki, həmin hissələrdə tələb qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kredit müqaviləsi və əlavə razılaşmaları üzrə götürülmüş kredit məbləğinin və ödənilməmiş qalmış əsas və faiz borcunun miqdarını, həmçinin tələb olunan dəbbə pulun həmin məbləğlərə münasibətdə tənasübsüz olmasını və işin diqqətə layiq hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının xeyrinə xx.xx.2021-ci il tarixli əlavə razılaşması üzrə tutulacaq dəbbə borcunun (cərimə borcu) miqdarı 1000 manat məbləğində, xx.xx.2022-ci il tarixli əlavə razılaşması üzrə tutulacaq dəbbə borcunun (cərimə borcu) miqdarı 300 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə kredit müqaviləsi və əlavə razılaşmaları üzrə borcların cavabdehlərdən müştərək qaydada tutulması tələbi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.(maddə 472.2). Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar(maddə 472.3). Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, cavabdeh Qurbanova Xaliq Haqverdi oğlu kredit müqaviləsi və əlavə razılaşmaları üzrə üzərinə düşən öhdəlikləri tam icra etmədiyindən və digər cavabdeh "xxxx" MMC onun öhdəliklərinin yerinə yetirilməsinə zamin durduğundan, iddia tələbi həmin hissədə təmin edilməli və yaranmış borc cavabdehlər Cavabdeh3 və "xxxx" MMC-dən müştərək qaydada tutulmalıdır. Məhkəmə iddia tələbinin tutulacaq borcun kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Bu Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Göstərilən Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardan biridir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh3 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər pozulduğundan, iddiaçının tələbin ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. «İpoteka haqqında» AR Qanunun 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Məhkəmə yuxarıda göstərilən qanunvericilik aktlarına və iş materiallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh3 tutulmalı olan borc məbləği ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak ixtisaslaşdırılmış müəssisəsi vasitəsi ilə satılmalı, bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməli və borc ödənildikdən sonra artıq qalan məbləğ müvafiq olaraq ipoteka qoyana qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, “İpoteka haqqında” AR Qanununun tələblərinə görə ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə qətnaməsində müvafiq olaraq göstərilməlidir. Belə ki, «İpoteka haqqında» AR Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Tərəflər arasında bağlanılmış ipoteka müqaviləsinin şərtinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmetinin ilkin satış qiyməti "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC müstəqil qiymətləndiricilərdən birinin rəyi əsasında müəyyən edilməsi nəzərdə tutulduğundan Bank "xxxx" ASC-nin sifarişi əsasında "xxxx" MMC tərəfindən tərtib edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı rəyinə əsasən ipoteka predmetinin bazar dəyəri 1.000.000 manat, likvid dəyəri 800.000 manat kimi müəyyən edildiyindən, “İpoteka haqqında” AR Qanununa əsasən isə ipoteka predmetinin ilkin satış qiyməti deyəndə onun bazar dəyəri deyil, likvid dəyəri nəzərdə tutulduğundan məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti (likvid dəyər) 800.000 manat nəzərə alınmaqla hərraca çıxarılmalıdır. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh3 və "xxxx" MMC-dən tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Belə ki, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli 4№-li qərarının 6.8-ci maddəsin əsasən qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsində tutulmalı olan pul məbləği konkret göstərilməli olduğundan, ipoteka ilə yüklü edilmiş əmlakın satışından isə əldə edilən pulun borcun ödənilməsinə yetərli olmaması və yerdə qalan borcun hansı məbləğ təşkil etməsi məhkəmə tərəfindən müəyyən edilə bilmədiyindən, həmçinin yaranmış ümumi borc qətnamə ilə tutulduğundan və ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş pul vəsaitinin borcun ödənilməsi üçün kifayət etmədiyi halda yerdə qalan borcun yenidən tutulması cavabdehlərdən tutulacaq borcun təkrar tutulması ilə nəticələndiyindən və bu hal qanunvericiliyin tələblərinə zidd olduğundan, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün, məhkəmə xərci ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq 496,07 manat və 0,76 manat bank xidməti haqqı Cavabdeh3 və "xxxx" MMC-dən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə…. QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 və "xxxx" MMC-dən müştərək qaydada iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə DEN-00111-05/21A saylı, xx.xx.2021-ci il tarixli Əsas Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan DEN-A0111-05/21A saylı xx.xx.2021-ci il tarixli Əlavə Razılaşma üzrə xx.xx.2024-cü il tarixə yaranmış 152.777,76 manat əsas borc, 9.880,64 manat faiz borcu, 1000 manat dəbbə, DEN-00111-05/21A saylı, xx.xx.2021-ci il tarixli Əsas Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan DEN-B0111-05/21A saylı xx.xx.2022-ci il tarixli Əlavə Razılaşma üzrə xx.xx.2024-cü il tarixə yaranmış 39.433,26 manat əsas borc, 2.681,41 manat faiz borcu, 300 manat dəbbə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 496,07 manat və 0,76 manat bank xidmət haqqı, cəmi 206.569,90 (iki yüz altı min beş yüz altmış doqquz manat, doxsan qəpik) manat məbləğində pul tutulsun. Həmin tutma Cavabdeh2 mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 0,0339 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 494,2 kv.m. olan 2 nömrəli fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak ilkin satış qiyməti (likvid dəyəri) 800.000 (səkkiz yüz min) manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın və bankın tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilsin. Borc ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq ipoteka qoyan Cavabdeh2 qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar