Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-241/2021 11.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Cavabdeh2 MMC-nin nümayəndə və vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçı cvabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlər "X1” Xəstəxanasından və həkim anestezioloq-reanimatoloq Cavabdeh1 müştərək qaydada 5000 manat maddi ziyanın və hüquqlarının kobud surətdə və davamlı pozulması nəticəsində vurulmuş mənəvi zərərin əvəzi kimi 100 000 manat pul vəsaitinin, dövlət rüsumunun əvəzi qismində 30 manat pul məbləğinin, ümumillikdə 105000 manat və 30 manat pul məbləğinin cavabdehlərdən alınaraq birdəfəlik qaydada ona ödənilməsini, həmçinin onun davamlı olaraq müalicə xərclərini Cavabdeh2 xəstəxanasının qarşılayacağına dair öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini, cavabdehlərin əməllərinə cinayət qanunvericiliyinə uyğun olaraq qiymət verilməsi üçün istintaq orqanına göndərilməsi barədə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, X6 ilə 04.09.2017-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Bir müddət sonra o, hamilə qaldı. Hamiləliyi doğuşa qədər tam normal şəkildə keçmiş və heç bir şikayəti olmamışdır. Belə ki, vaxtlı-vaxtında həkimginekoloqa müraciət etmiş və daim həkimin nəzarəti altında olmuşdur. Hamiləlik müddətində bir nəçə dəfə həkimin göstərişi ilə USM müayinəsi və qan analizləri vermişdir. Normalda o, təbii doğuşa hazırlaşmışdır. Sonuncu günədək, hamiləliyini təbii doğuşla başa vuracağını planlaşdırırdı. Həmin gün sancı çəkərək təbii doğuşa görə “X2” xəstəxanasına getmişdir və ginekoloq həkim ona çanağın dar olmasını və uşağın başının çevrəsinin böyük olmasını bildirirək, təbii doğuşun onun və uşağının üçün təhlükəli olmasını bildirdi. Həkim ginekoloq Tatyana Jdanovnanın məsləhəti ilə onda təbii doğuşun mümkün olmayacağını, yalnız qeysəriyyə əməliyyatı olunmağını bildirmişdir. Elə oradaca o da məcbur olub razılaşdı. Qeysəriyyə əməliyyatı üçün 06.05.2018-ci il tarixdə “X2” Xəstəxanasına 1500 manat ödəniş etdi. Doğuş həkimi də Tatyana Jdanovna təyin olunmuşdur. Həmin gün, yəni 06.05.2018-ci il tarixdə, qeysəriyyə əməliyyatı ilə oğlu Rafiq Əhmədov dünyaya gəldi. O da, Qeysəriyyə əməliyyatının icra olunması üçün onurğasına Spinal Anesteziya yeridilərk əməliyyat edilmişdir. Belə ki, Cavabdeh2 MMC tərəfindən ona verilən cavab məktubunda göstərilmişdir ki, 06 may 2018-ci il tarixdə onun barəsində qeysəriyyə əməliyyatı ilə cərrahi doğuş icra olunarkən spinal anesteziya aparılmasına qərar verilmiş və həkim anestezioloq-reanimotoloq Cavabdeh1 tərəfindən onurğa sütununun L3-L4 səviyyəsində penkan-pensil point tipli spinal iynə ilə spinal boşluq punksiya olunmuş və bupivacaine heavy 05.faiz 3 ml yeridilmişdir. Qeysəriyyə əməliyyat zamanı ona spinal anesteziya edilmiş, əməliyyatdan sonra palataya yerləşdirilmişdir. Palatada qaldığı ilk gecə otağın kondisioneri qoşulu qalmış, gecədən səhərə qədər işləmiş, otaq soyuq olmuş, bununla o da soyuqlamışdır. Əməliyyatdan yeni çıxdığı üçün uca səslə çağıra bilməsə də, çarpayıda olan düyməni dəfələrlə sıxmaqla, asta səslə dəfələrlə çağırmaqla, heç bir tibb işçisi yaxınlaşmamışdır və o, səhərə qədər soyuq palatada ağrıdan qıvranmışdır. Elə o soyuq gecənin nəticəsidir ki, boynunda, kürəyində, çiynində qəfil-dözülməz ağrılar başladı, hər dəfə o ağrıları xəstəxanın tibb personalı mazla ovuşduraraq, ağrıkəsici iynələr vuraraq ötüşdürürdülər. O, palatada yatdığı günlər ərzində yeni doğuş etmiş bir ana da palataya gətirildi. Onlar ikisi də əməliyyat yarası ilə hərəkət etməkdə çətinlik çəkdikləri üçün həm də onun o soyuqdəymədən yaranan qəfil dözülməz ağrıları tutduğu üçün nə qədər çarpayıda olan düyməni sıxsalar da, telefon ilə zəng etsələr də, xəstəxanın növbədə olan əməkdaşları (tibb personalı) onlara məhəl qoymurdu. Sanki palatada imdad diləyən insan deyil də, cansız yorğan-yastıqdır. Onlar əvvəl düşündülər ki, ya koridorda ümumi resepşn deyilən yerdə heç kəs yoxdur, ya da ki onların çarpayısının düyməsi işləmir. Birtəhər özündə güc toplayıb yavaş-yavaş resepşn tərəfə getdi (həmin vaxt digər ana o düyməni palatadan sıxırdı), yaxınlaşanda gördü ki, tibb personalı qırmızı yanıb-sönən işığı görür, öz qeybət-söhbətlərinə davam edir və öz aralarında mızıldanırlar ki, “əşi bunlar da lap bezdirib e”. Xəstəxanadan tamamilə narazı çıxdı. Əməliyyatdan sonra onda bel ağrıları yarandı. Düşündü ki, yeni əməliyyatdan çıxmışdır, ana olmuşdur, keçib gedər. Amma bu ağrılar getdikcə artdı və nəticədə ayağa qalxa bilməməyinə səbəb oldu. Həmin vaxt onlar "mrt' müayinəsi etdirdilər və bel nahiyyəsində 5 mm yırtıq, protruziyanın olduğu aşkarlandı. Belində əmələ gəlmiş yırtığın yaranmasında yaxud da ömrünün hər zaman bel ağrıları ilə keçməsində xəstəxanada işləyən anestezoloqun və tibb personalının təqsiri vardır. Doğuşdan sonra o çoxlu sayda həkimlərə müraciət etmişdir. Həkimlər bildirmişdirlər ki, “X2” xəstəxanası əvvəlcə ona hansı narkozu təyin edilməsini, yəni ona spinal yoxsa ümumi anesteziya vuracaqlarını və yaxud ona anesteziyanın icra olunmasını bildirməlidirlər. Çoxlu sayda həkimlər ona ümumi narkozun verilməsini məqsədə müvafiq olduğunu bildirdilər. Ona beldən anestiziya olunmağının qətiyyətlə düzgün olmadığını bildirdilər. Bundan başqa, 06.05.2018-ci il tarixdə, onun onurğasına yeridilən ağrıkəsicinin dozasının çox olduğunu da bildirmişlər. Həmçinin həkimlər ona Türkiyədə ağır əməliyyat olunmağı məsləhət bilmişlər. Əslində əməliyyat olunmalıdır, lakin əməliyyatın nəticəsinin uğurlu olub-olmayacağını və şikəst olma ehtimalını da bildirmişlər. Bu həm risklidir, həm də bahalı əməliyyatdır. Buna isə onun maddi imkanı çatmır. “X2” xəstəxanasının səhlənkarlığı nəticəsində onun uşağı (körpə olduğuna görə ondan ayrı qalmır) və o çox əziyyət çəkir. İki ildir ki, onların bütün günü xəstəxanalarda, həkim yanında keçir. İki ildir ki, ona iynə, davadərman edilir. Bunun hamısı maddiyyat tələb edir. Demək olar ki, bugünədək o, özəl xəstəxanalara getmişdir, həkimlərin yazdığı dərmanları almışdır, Rentgen və MRT (X3), Elektroforez, Maqnit terapiyası, Ultrasəs terapiyası müayinələri etdirmişdir. Həkimlərin göstərişi əsasında müxtəlif adda qan analizləri vermişdir. Həkimlərin reseptlərdə yazdıqları dərmanları almışdır. Artıq madiyyat baxımından çatdıra bilmədiyindən müalicələrini dayandırmışdır. Ağrıları isə dayamnayıb. Belində əmələ gəlmiş yırtığdan sonra bir qadın kimi çox əziyyət çəkir. Qadın kimi, ev işləri görməkdə çətinlik çəkir, övladını qucağına ala bilmir, bu həm də ailəsində həyat yoldaşı ilə aralarında problemlərin yaranmasına səbəb olur. “X2” xəstəxanasının səhlankarlığı nəticəsində düzgün müayinə olunmamışdır və çıxardıqları səhv qərar nəticəsində onu həyatda sağlam yaşamaqdan məhrum etmişlər. Belində yırtığın olması (hər gün şiddətli ağrıların olması) onda həyatda yaşamaq eşqini sıfıra endirib. Hər gün bel yırtığından şiddətli ağrıları olur. Həkimlər mənə il ərzində ən azı 4 dəfə fizioterapiya və massaj olunmağı məsləhət bilirlər. Buna isə onun artıq nə taqəti, nə də, maddi imkanı çatmır. O, müalicələri üçün müəyyən şəxslərdən borc pul almışdır. Odur ki, Cavabdeh2 Xəstəxanasının səhlənkarlığı nəticəsində ona maddi ziyan olaraq 5000 manat məbləğində maddi ziyan dəymişdir və hələ də maddi ziyan dəyməkdə davam edir. Hesab edir ki, maddi ziyanın davam etməsinə görə “X2” onun bütün xərclərini qarşılamalıdır. Ona görə də, hesab edir ki, ona vurulmuş 5000 manat maddi ziyan cavabdehlərdən müştərək qaydada tutulmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 03 noyabr 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeləri nəzərə alaraq cavabdehdən onun xeyrinə mənəvi zərərin əvəzi olaraq 100 000 manat pul tutulmalıdır. Belə ki, belində olan yırtığın şiddətli ağrılarından, uşağının gözünün qabağında belə vəziyyətdə olmağından (uşağını qucağına ala bilmir, ağrılardan onunla gün keçirdə bilmir) o və ailəsi mənəvi sarsıntılar, iztirablar, stresslər keçirir. Xəstələyinə görə o, məcburiyyət qarşısında qalıb evində dəyərli olan əşyalarını, toy vaxtı ona hədiyyə olunan qızıllarını dəyərindən dəfələrlə ucuz satmışdır, bir çox kənar şəxslərdən borc pul almışdır. Onun belə vəziyyətdə olmağı onda ağır bərpa olunmaz izlər buraxır. Hazırda ona vurulan zərər hər keçən gün artmaqda davam edir. Bir vətəndaş kimi gələcəyinə yaxşı ümid bəsləmir. Ona görə də, cavabdehlər Cavabdeh2 Xəstəxanasından və həkim anestezioloq-reanimatoloq Cavabdeh1 müştərək qaydada 5000 manat maddi ziyanın və hüquqlarının kobud surətdə və davamlı pozulması nəticəsində vurulmuş mənəvi zərərin əvəzi kimi 100 000 manat pul vəsaitinin, dövlət rüsumunun əvəzi qismində 30 manat pul məbləğinin, ümumillikdə 105000 manat və 30 manat pul məbləğinin cavabdehlərdən alınaraq birdəfəlik qaydada ona ödənilməsini, həmçinin onun davamlı olaraq müalicə xərclərini Cavabdeh2 xəstəxanasının qarşılayacağına dair öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini, cavabdehlərin əməllərinə cinayət qanunvericiliyinə uyğun olaraq qiymət verilməsi üçün istintaq orqanına göndərilməsi barədə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.7-ci maddəsinə görə isə, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Cavabdeh tərəfindən işə iddiaçının iştirakı olmadan baxılması tələb edildiyindən məhkəmə, mübahisəyə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Cavabdeh1 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndə və vəkili Vəkil oğlu iddia tələbini qəbul etməyərək bildirdi ki, onlar tərəfindən heç bir səhvə yol verilməyib, iynə vurmaqla qrija əmələ gələ bilməz, iddia tələbi əsassızdır, məhkəmədən ekspertin rəyini nəzərə alınmasını və iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh2 MMC tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, 06.05.2018-ci il tarixdə onun barəsində qeysəriyyə əməliyyatı ilə cərrahi doğuş icra olunarkən spinal anesteziya aparılmasına qərar verilmiş və həkim anestezioloqreanimatoloq Cavabdeh1 tərəfindən onurğa sütununun L3-L4 səviyyəsində penkan-pensil point tipli spinal iynə ilə spinal boşluq punksiya olunmuş və bupivacaine heavuy 0.5 faiz 3 ml yeridilmişdir. İş materiallarında olan çek fakturalarından və hesab-fakturalarından görünür ki, İddiaçı Soevt qızı tərəfindən Cavabdeh2 MMC-ə ödənişlər olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X5» Publik Hüquqi şəxsin 01.09.2021-ci i l tarixli, 646 KES saylı rəyindən görünür ki, 1. tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı 06.05.2018-ci il tarixdə «Caspia Hospital» klinikasına daxil olmuşdur. Aparılmış müvafiq müayinələrdən sonra ona «40-41 həftəlik hamiləlik. Baş gəlişi. Doğuşun İ dövrü. Döl qişaların vaxtından əvvəl cırılması. Kliniki dar çanaq» diaqnozu təyin edilmiş və üzərində spinal anesteziya altında «Qeysərriyə kəsiyi» cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatın spinal anesteziya altında aparılmasına hər hansı bir əks göstərişin olduğu qeyd edilməmişdir. 2. Anestezioloji vərəqəsində qeyd olunanlara əsasən, İddiaçı seçilmiş anesteziya növü və anesteziyanın icrası texniki cəhətdən düzgün yerinə yetirilmişdir. 3. İddiaçı 16.05.2019-cu il tarixdə «N.Tusi» adına klinikasında onurğanın bel-oma nahiyəsində aparılmış MRT müayinəsi zamanı onda «L4-L5» intervertebral diskin dehidratasiyası və fibroz halqasının arxa qabarması, L5-S1 intervertebral diskin degenerasiyası və arxa mərkəzi protruziyası»nın olduğu qeyd edilmişdir. Qeyd olunan dəyişikliklərin spinal anesteziya nəticəsində yaranması istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, qanunun qeyd olunan normasına əsasən göstərilən hüquq münasibətləri üzrə delikt məsuliyyətinin yaranması üçün ziyanın baş verməsi və ziyan vuranın qanunazidd hərəkətləri arasında səbəbli əlaqənin olması, eləcə də həmin hadisədə onun təqsirinin olması zəruridir. Sadalanan əsaslar göstərilən delikt öhdəliklərinin yaranması üçün məcburi xarakter daşıyır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, klinikada həyata keçirilmiş qeysəriyyə əməliyyatı ilə cərrahi doğuş icra olunarkən spinal anesteziya aparılmasına qərar verilmiş və həkim anestezioloq-reanimatoloq Cavabdeh1 tərəfindən onurğa sütununun L3-L4 səviyyəsində penkan-pensil point tipli spinal iynə ilə spinal boşluq punksiya olunmuş və bupivacaine heavuy 0.5 faiz 3 ml yeridilmişdir. Nəticəyə görə ona vurulmuş maddi ziyanın həcmini 5000 manat, mənəvi ziyanın həcmini 100000 manat məbləğində dəyərləndirir. Bununla bağlı tərəfindən müvafiq tibb müəssisəsinə yazılı formada müraciət edilərək ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələb olunmuşdur. Lakin cavabdehlər vurulmuş ziyanı ödəməkdən imtina etmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iş üzrə obyektiv araşdırma aparımlası ilə əlaqədar məhkəmətibbi ekspertizası təyin edilmişdir və ekspertizanın 646/KEŞ nömrəli, 01.09.2021-ci il tarixli rəyindən görünür ki, 1. tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı 06.05.2018-ci il tarixdə «Caspia Hospital» klinikasına daxil olmuşdur. Aparılmış müvafiq müayinələrdən sonra ona «40-41 həftəlik hamiləlik. Baş gəlişi. Doğuşun İ dövrü. Döl qişaların vaxtından əvvəl cırılması. Kliniki dar çanaq» diaqnozu təyin edilmiş və üzərində spinal anesteziya altında «Qeysərriyə kəsiyi» cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatın spinal anesteziya altında aparılmasına hər hansı bir əks göstərişin olduğu qeyd edilməmişdir. 2. Anestezioloji vərəqəsində qeyd olunanlara əsasən, İddiaçı seçilmiş anesteziya növü və anesteziyanın icrası texniki cəhətdən düzgün yerinə yetirilmişdir. 3. İddiaçı 16.05.2019-cu il tarixdə «N.Tusi» adına klinikasında onurğanın bel-oma nahiyəsində aparılmış MRT müayinəsi zamanı onda «L4-L5» intervertebral diskin dehidratasiyası və fibroz halqasının arxa qabarması, L5-S1 intervertebral diskin degenerasiyası və arxa mərkəzi protruziyası»nın olduğu qeyd edilmişdir. Qeyd olunan dəyişikliklərin spinal anesteziya nəticəsində yaranması istisna edilir. Göründüyü kimi eksprert rəyi ilə iddiaçı üzərində aparılmış «Qeysərriyə kəsiyi» cərrahiyyə əməliyyatının hər hansı pozuntu olmadan həyata keçirilməsi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə iddiaçıya göstərilmiş tibbi xidmətlərin cavabdeh tərəfindən qüsurlu yerinə yetirilməsi ilə bağlı halların ekspert rəyi ilə təsdiq olunmamasını, eyni zamanda iddiaçı tərəfindən bununla bağlı başqa sübutların təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən maddi ziyanın tutulması ilə bağlı irəli sürülmüş tələb əsaslı hesab edilə bilməz. Belə ki, qanunvericiliyin tələblərinə əsasən ziyanın tələb edilməsi üçün ilk növbədə zərərvuran qismində göstərilən şəxsin hərəkətlərində zərərçəkmiş şəxsə qarşı yönəlmiş hüquqi zidd hərəkətləri sübut olunmalı və vurulmuş ziyanın məhz həmin hərəkətlər nəticəsində əmələ gəlməsi təsdiq olunmalıdır. İddiaçı isə cavabdehin hərəkətləri nəticəsində ona 5000 manat maddi ziyan, 100000 manat mənəvi ziyan vurulması ilə bağlı hər hansı mötəbər sübutlar təqdim edə bilməmişdir. Məhkəmə hazırkı mübahisəyə də məhz sübutetmə aspektindən yanaşaraq qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının cavabdeh tərəfindən ona maddi ziyanın ödənilməli olduğuna dair tələbinin qanuni əsasının (Mülki Məcəllənin 1096-cı maddəsinin) dispozisiya şərtləri mövcud olmadığına görə həmin əsasın hüquqi nəticəsi də, yəni tələb etmək hüququ da yaranmamışdır. Belə ki, cavabdeh iddiaçıya birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd hərəkətə və ya hərəkətsizliyə yol verməmişdir və beləliklə də, hazırki iddia tələbi üzrə iddiaçı müvafiq subyekti hüquqa malik deyildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib haiların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfı psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması, həmçinin onun şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi hallarında özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfındən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnsan Hüquqlarının və X4 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. "Mahmudov Rusiyaya qarşı" iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq affmnanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə nəzərə alır ki, mənəvi zərərin ödənilməsi üçün cavabdehin qanunsuz hərəkətinin, eləcə də həmin hərəkətlə iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi arasında səbəbli əlaqənin sübut edilməsi yükü mülki-prosessual qanunvericiliyin tələbinə əsasən məhz iddiaçının üzərinə düşür. İddiaçı iddia tələbində cavabdehin əsassız və qanunsuz hərəkətləri səbəbindən mənəvi sarsıntı keçirməsi, sağlamlığının pozulması, mənfi psixi reaksiyaya səbəb olması nəticəsində fiziki əzab çəkdiyini göstərsə də, keçirdiyi fiziki və mənəvi sarsıntılarla bağlı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə əsasən qeyd edilən halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, İddiaçı cvabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cvabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin . Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-241/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-241/2021
11.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver