Məhkəmə qərarları › İş №e-2(009)-245/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-245/2023

31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-245/2023 31.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi S.İ.Seyidbalayevin iştirakı ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/00125-01İP No-li kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 82.500 manat məbləğində kredit verilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair sifarişinin surətindən də göründüyü kimi, müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Kredit müqaviləsinin təminatı olaraq cavabdehlər Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yerləşən 220R saylı evi (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışı: 121003163, tarix: xx.xx.2021) və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yerləşən 220 R saylı evi (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışı: 120108497, tarix: xx.xx.2020) ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə xx.xx.2022-ci il tarixli, 2022/00125-01İP No-li ipoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2022-ci il tarixdə qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın qeydiyyat No **********). İpoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri tərəflərin razılığına əsasən 500.000 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişlər. Bu səbəbdən İddiaçı BOKT ASC tərəfindən cavabdehlərə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Məktubun çatdırılmasına dair qaimələrdən də göründüyü kimi, cavabdehlər sözügedən məktubu qəbul etmişlər. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. xx.xx.2022-ci il tarixinə kreditin əsas borcu üzrə 81.400 manat məbləğində qalıq, ona hesablanmış 9803,49 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 11.220 manat məbləğində dəbbə pulu, cəmi 102.423,49 manat məbləğində borc yaranmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/00125-01İP No-li kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 kreditin əsas borcu üzrə 81.400 manat məbləğində qalıq, ona hesablanmış 9803,49 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 11.220 manat məbləğində dəbbə pulu, cəmi 102.423,49 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 392,42 manat məbləğində pulun tutulması, tələbin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 220R saylı evə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 500.000 manat müəyyən olunmaqla açıq hərracda satılması və onun satışdan əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 81.400 manat məbləğində qalıq, ona hesablanmış 9803,49 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 11.220 manat məbləğində dəbbə pulu, cəmi 102.423,49 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 392,42 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki,ipoteka predmetinin qiyməti ipoteka qoyanlarla razılaşdırılmış likvid dəyərdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş üzrə «Borcverən» qismində İddiaçı BOKT ASC ilə digər tərəfdən «Borcalan» qismində Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2022/00125-01 No-li kredit müqaviləsinə əsasən İddiaçı BOKT ASC tərəfindən Cavabdeh2 36 ay müddətinə, illik 30%-lə, 82.500 manat məbləğində kredit verilmişdir. Kredit borcalana xx.xx.2021-ci il tarixli 2021/00022-01 saylı və xx.xx.2021-ci il tarixli 2021/00130-01 saylı kreditlərin restrukturizasiyası üçün verilmişdir. İş üzrə “İpoteka saxlayan” qismində İddiaçı BOKT ASC ilə “İpoteka qoyan” qismində Cavabdeh1 və “İpoteka qoyan - Borcalan” qismində Cavabdeh2 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 2022/00125-01İP saylı sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka saxlayanla «Borcalan» arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2022/00125-01 saylı Kredit Müqaviləsinin təminatı kimi Cavabdeh2 və Cavabdeh1 mülkiyyətlərində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yerləşən 0,0304 ha torpaq sahəsi və üzərində yerləşən 316,80 kv.m. ümumi sahədən ibarət 220R nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri “ipoteka qoyan”ın və “ipoteka saxlayan”ın razılığına əsasən 500.000 manat məbləğində müəyyən edilmişdir. İş üzrə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 0,0304 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 316,80 kv.m. olan 220 R nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında Cavabdeh2 (ev 168,7 kv.m. və 0,0204 ha torpaq sahəsi) və Cavabdeh1 (ev 148,1 kv.m. və 0,01 ha torpaq sahəsi) adına qeydiyyata alınmışdır. İş üzrə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 mülkiyyət hüquqları əsasında mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yerləşən 0,0304 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 316,80 kv.m. olan 220 R nömrəli fərdi yaşayış evi xx.xx.2022-ci il tarixli, 2022/00125-01 nömrəli kredit müqaviləsinə əsasən 36 ay müddətinə, xx.xx.2025-ci il tarixədək ipoteka müqaviləsi üzrə İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş üzrə İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC tərəfindən Cavabdeh2 və Cavabdeh1 xx.xx.2022-ci tarixdə ünvanlanmış bildirişin surətindən görünür ki, Cavabdeh2 kredit müqaviləsinə əsasən öhdəlik icra edilmədiyi təqdirdə tutmanın öhdəliyin icrasının təminatı kimi Banka ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yerləşən 0,0304 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 316,80 kv.m. olan 220 R nömrəli fərdi yaşayış evinə yönəldilməsi barədə Bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş üzrə İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yerləşən 0,0304 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 316,80 kv.m. olan 220 R nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsini xahiş etmişdir. İş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı BOKT ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 və Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 220R saylı fərdi yaşayış evin və torpaq sahəsinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş üzrə İddiaçı BOKT ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hesabdan çıxarışından görünür ki, İddiaçı BOKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2022/00125-01 saylı kredit müqaviləsinə əsasən illik 30% dərəcəsi ilə 82.500 manat məbləğində kredit verilmişdir. Verilmiş kredit üzrə Cavabdeh2 xx.xx.2022-ci il tarixdə 1400 manat, xx.xx.2022-ci il tarixdə 1.100 manat, cəmi 2500 manat ödəniş etmişdir. İş üzrə İddiaçı BOKT ASC tərəfindən verilmiş borc haqqında arayışına əsasən Cavabdeh2 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 81400 manat əsas borcu, 9.803,49 manat faiz borcu, 11.220 manat cərimə, cəmi 102.423,49 manat borcu var. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı BOKT ASC tərəfindən cavabdehə 36 ay müddətinə, illik 30% dərəcəsi ilə 82.500 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi tərəflər arasında xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən cavabdehlərin mülkiyyətlərində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yerləşən 0,0304 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 316,80 kv.m. olan 220 R nömrəli fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliyi lazımınca icra etməmiş və bununla da onun banka borcu yaranmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, bank kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən kredit müqaviləsi üzrə yaranmış 81.400 manat əsas, 9803,49 manat faiz, 11.200 manat cərimə, cəmi 102.423,49 manatın tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. AR Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən мüqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən тərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə qeyd edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün, bu hal müqavilənin cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulması kimi qiymətlənir. Məhkəmə qeyd edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsini ləğv edilməsi, yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh2 bağlanılmış kredit müqaviləsi üzrə bankdan kredit vəsaiti almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə borc məbləğini və müəyyən edilmiş faizləri Banka qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısıdır. Lakin Cavabdeh2 kredit vəsaitinin və kreditdən yaranan faiz borclarını ödəməli olmasına aid vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi kredit müqaviləsinin ləğv edilməsi, 81.400 manat əsas və 9803,49 manat faiz borcunun tutulması hissələrində təmin edilməlidir. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış 11.220 manat dəbbə pulunun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kredit müqaviləsi üzrə götürülmüş kredit məbləğinin və ödənilməmiş qalmış əsas və faiz borcunun miqdarını, həmçinin tələb olunan dəbbə pulun həmin məbləğlərə münasibətdə tənasübsüz olmasını və işin diqqətə layiq hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının xeyrinə tutulacaq dəbbə borcunun (cərimə borcu) miqdarı 1000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin tutulacaq borcun kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Bu Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Göstərilən Məcəllənin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləq borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh2 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər pozulduğundan, iddiaçının tələbin ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır və bu barədə müvafiq bildiriş daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. «İpoteka haqqında» AR Qanunun 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Məhkəmə yuxarıda göstərilən qanunvericilik aktlarına və iş materiallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh2 tutulmalı olan borc məbləği ipoteka ilə yüklü edilmiş torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak ixtisaslaşdırılmış müəssisəsi vasitəsi ilə satılmalı, bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməli və borc ödənildikdən sonra artıq qalan məbləğ müvafiq olaraq ipoteka qoyanlara qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, “İpoteka haqqında” AR Qanununun tələblərinə görə ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə qətnaməsində müvafiq olaraq göstərilməlidir. Belə ki, «İpoteka haqqında» AR Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Tərəflər arasında bağlanılmış ipoteka müqaviləsinin şərtinə əsasən tərəflərin razılığına əsasən ipoteka predmetinin dəyəri (likvid) 500.000 manat kimi müəyyən edildiyindən, “İpoteka haqqında” AR Qanununa əsasən isə ipoteka predmetinin ilkin satış qiyməti deyəndə onun bazar dəyəri deyil, likvid dəyəri nəzərdə tutulduğundan, lakin tərəflər arasında razılaşmış qeyd edilən qiymətlə bağlı mübahisənin olması məhkəmə tərəfindən müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti tərəflər arasında razılaşdırılmış qiymət - 500.000 manat (likvid dəyər) nəzərə alınmaqla hərraca çıxarılmalıdır. Məhkəmə iddia tələbinin ipoteka qoyulmuş torpaq sahəsi və fərdi yaşayış evi satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması hissəsində də təmin edilməlidir. “İpoteka haqqında” AR Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Göstərilən Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini əsas tutalaraq hesab edir ki, ipoteka ilə yüklü edilmiş torpaq sahəsinə və fərdi yaşayış evinə tutma yönəldildikdən sonra həmin daşınmaz əmlakının 1 ay ərzində cavabdehlər Cavabdeh2 və Cavabdeh1, onlarla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tərəfindən boşaldılmalı, əks təqdirdə onlar məcburi qaydada torpaq sahəsindən və fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmalıdılar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün, məhkəmə xərci ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (366,51 manat) Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə…. QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 2022/00125-01İP nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh2 İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyətinin xeyrinə 2022/00125-01 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə yaranmış 81.400 manat əsas borc, 9.803.49 manat faiz borcu, 1000 manat cərimə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 366,51 manat, cəmi 92570 (doxsan iki min beş yüz yetmiş) manat məbləğində pul tutulsun. Həmin tutma cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yerləşən 0,0304 ha torpaq sahəsinə və üzərində yerləşən ümumi sahəsi 316,80 kv.m. olan 220 R nömrəli fərdi yaşayış evinə yönəldilsin, həmin daşınmaz əmlak ilkin satış qiyməti (likvid dəyəri) 500.000 (beş yüz min) manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın və İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilsin. Borc ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq ipoteka qoyanlar Cavabdeh2 və Cavabdeh1 qaytarılsın. İpoteka predmeti olan əmlak açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılsın, cavabdehlər Cavabdeh2 və Cavabdeh1, onlarla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər həmin torpaq sahəsindən və fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılsınlar. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar