Məhkəmə qərarları › İş №e-2(009)-246/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-246/2022

17.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-246/2022 17.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi ilə, Cavabdeh1 nümayəndəsi Babaşov Vurğun Sitam oğlunun iştirakı ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 1276.42 manat əsas, 207.93 manat cərimə borcun və 34.84 manat məbləğində odənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə İddiaçı MMC arasında bağlanmış 27.05.2019-cu il tarixli BNK06437 saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, aldığı 3068 manat dəyərində (ilkin ödəniş məbləği daxil olmaqla) məişət məhsuluna görə 18 ay ödəniş cədvəli üzrə hər ay 159 manat olmaqla cəmi 3068 manat ödəməli idi. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, 27.05.2019-cu il tarixli BNK06437 saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə qalıq qalmış 1276.42 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Babaşov Vurğun Sitam oğlu iddianı qəbul etməyərək bildirmişdir ki, iki televizor olub, bir dənə də soyuducu. Televizorun birini deyiblər ki usta gəlib sonra özü quraşdırmalıdır. Usta gəlib quraşdıranda deyiblər ki, televizorun birinin yuxarı hissəsində nöqtə boyda çatlar vardır. Sonra zəng ediblər deyiblər ki, gətirin qaytarın televizoru. Aparıb qaytarıblar televizoru. Rəhbərliyin adına ərizə də yazıblar. Bir neçə gündən sonra zəng ediblər ki, rəhbərlik razılıq vermədi, gəlib televizoru götürün. Bu mübahisə belə uzanıb. İki aydan sonra çağırıblar, gəlib görüblər ki, televizor bir neçə yerdən sınıb. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə digər tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş üzrə İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanılmış 27.05.2019-cu il tarixli BNK06437 saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh1 Televizor SONY KDL-48WD653/MRU3 dəyəri 1176 manat, Soyuducu VESTEL SD240A+ dəyəri 716 manat və Televizor SONY KDL-48WD653/MRU3 dəyəri 1176 manat məişət avadanlıqlarını 18 ay müddətinə, aylıq 159 manat ödəmək şərti ilə nisyə satılmışdır. İş materiallarında olan 27.05.2019-cu il tarixli BNK06437-Z saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 27.05.2019-cu il tarixli BNK06437 saylı nisyə alğısatqı müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinə görə birgə məsuliyyət daşımağı qəbul edib. İş materiallarında olan 27.05.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, alıcı tərəfindən satılmış malların texniki göstəricilərinə və yararlığına dair iradlar bildirilmədən imzalanmışdır. İş üzrə İddiaçı MMC tərəfindən verilmiş 22.10.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 27.05.2019-cu il tarixli BNK06437 saylı müqavilə üzrə 1276.42 manat ödənilməmiş əsas borcu və 207.93 manat cərimə məbləği, cəmi 1484.35 manat borcu vardır. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, cavabdeh tərəfindən İddiaçı MMC-yə 1891.94 manat ödəniş edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Göstərilən Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında 27.05.2019-cu il tarixli BNK06437 saylı nisyə alğı-satqı müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən cavabdeh aldığı məişət avadanlıqlarına görə 18 ay ərzində hər ay 159 manat pulu iddiaçıya ödənilməsi barədə öhdəlik götürmüşdür. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilmiş, lakin cavabdeh təhvil-təslim aktına satılmış malların texniki göstəricilərinə və yararlığına dair iradlar bildirilmədən imza etməklə malı qəbul etməsinə baxmayaraq üzərinə düşən öhdəliyi, yəni hər ay ödəməli olduğu pulu vaxtında iddiaçıya ödəməmişdir. Nəticədə cavabdehin 1176.06 manat (min yüz yetmiş altı manat altı qəpik) borcu yaranmışdır. (3068 manat-1891.94manat) Məhkəmə iddia tələbinin borcun ödənilməsinin gecikdirilməsinə görə 207.93 manat cərimənin tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsaslı hesab edilə bilməz. Belə ki, tərəflər arasında bağlanılmış müqavilənin 5.6-cı bəndinə əsasən borcun gecikdirilmiş hər gün üçün gecikdirilmiş borc məbləğinin 0,3% həcmində dəbbə pulu ödəyir. Məhkəmə qeyd edir ki, müqavilə üzrə ödəniş o halda gecikdirilmiş hesab edilə bilər ki, cavabdeh bunu qəsdən etsin və müqavilə üzrə üzərinə götürmüş öhdəliyi icra etməkdən heç bir əsas olmadan imtina etsin. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında cavabdeh tərəfindən alınmış məişət avadanlıqlarından biri ilə bağlı mübahisə yaranmışdır və öhdəliyin icra edilməsindən imtina yaranmış mübahisə ilə bağlı ödənilməmişdir. Məhkəmə 27.05.2019-cu il tarixli BNK06437 saylı müqavilə üzrə borcun cavabdehlərdən, yəni zamindən də tutulması tələbi üzrə qeyd edir ki, həmin hissədə də tələb qismən təmin edilməli, yəni tutulmalı olan borc yalnız nisyə alğı-satqı müqaviləsi üzrə məişət avadanlıqlarını alan Cavabdeh1 tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Belə olan halda qanunvericilik müqavilə üzrə öhdəliyin icra vaxtının çatdığı gündən zaminə qarşı bir il müddətində iddia qaldırmaq üçün vaxt müəyyən etmişdir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində zaminə qarşı iddia qaldırmaq üçün vaxt müəyyən etmişdir. Lakin öhdəliyin icrası vaxtının çatdığı gündən və zaminlik müqaviləsinin bağlandığı gündən artıq vaxt keçməsinə baxmayaraq zaminə qarşı iddia irəli sürmədiyi üçün (nisyə alğı-satqı müqaviləsi üzrə borcun tutulması barədə iddia ərizəsi 03.12.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur), zaminə qarşı iddia qaldırmaqda haqlı olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi zamin Cavabdeh2 qarşı münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 34.84 manat dövlət rüsumunun 27 manatı cavabdehə aid edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 İddiaçı MMC-nin xeyrinə 1176.06 manat (min yüz yetmiş altı manat altı qəpik) əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 27 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı MMC-nin xeyrinə 1176.06 manat (min yüz yetmiş altı manat altı qəpik) əsas borc, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 27 manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar