Məhkəmə qərarları › İş №e-2(009)-2466/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2466/2022

15.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2466/2022 15.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail rayon məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızı, İddiaçı BOKT ASC ilə Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat üzrə mülki işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında 10 iyun 2021-ci il tarixli 2021/00001ET-008822-1 nömrəli İstehlak Kredit Müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı BOKT ASCnin xeyrinə kredit müqaviləsi üzrə 1642.72 manat əsas, 601.91 manat faiz, 682 manat penya olmaqla cəmi 2926.63 manat və dövlət rüsumu olaraq ödənilmiş 49.27 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, "xxxx" BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 2021/00001ET-008822-1 saylı, xx.xx.2021-ci il tarixli kredit limiti müqaviləsinə əsasən Cavabdeh1 18 ay müddətinə illik 36% olmaqla kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 2000 manat məbləğində nağd pul şəklində kredit verilmişdir. Bank ilə Cavabdeh2 arasında bağlanmış 2021/00001ET-008822-1 saylı, xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsinə əsasən cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidir. Lakin Cavabdeh1 Banka 1642.72 manat əsas, 601.91 manat faiz borcu, 682 manat penya, cəmi 2926.63 manat borcu qalmaqdadır. Cavabdehlərə edilən müraciətlərə baxmayaraq onlar kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğu üçün hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin maddənin tələblərinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh1 və Cavabdeh2 məhkəmə bildirişi və ona əlavə edilmiş sənədlər lazımı qaydada göndərilmiş, lakin Cavabdeh1 zərfi geri qaytarılmışdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş üzrə təqdim olunmuş sübutlar sırasına daxil olan iddiaçı "xxxx" BOKT ASC ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli, 2021/00001ET-008822-1 saylı kredit limiti müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixli, 2021/00001ET-008822-1 saylı kredit limiti müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinə görə bank qarşısında birgə məsuliyyət daşımağı qəbul edib. İş materiallarından görünür ki, cavabdehlərə Banka olan borcunun ödənilməsi, əks halda həmin borcun məcburi qaydada ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 borcu 2021/00001ET-008822-1 saylı kredit müqaviləsi üzrə 1642.72 manat əsas, 601.91 manat faiz, 682 manat cərimə olmaqla cəmi 2926.63 manat təşkil edir. İş materiallarında olan ********** № mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 49.27 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında Kredit Müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin Müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada Kredit Müqaviləsi bağlanılmış, həmin Müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Eyni Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə 682 manat cərimə borcunun tutulması ilə bağlı qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməli və hesablanmış cərimə azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdeh tərəfindən götürülmüş kredit məbləğinin miqdarını, onun hazırda kredit müqaviləsi üzrə ödənilməmiş əsas və faiz borcunun məbləğini, hesablanmış cərimənin götürülmüş kreditə, ödənilməmiş qalıq və faiz borcuna münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin kreditorun əmlak və digər əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, tutulacaq dəbbə (cərimə) borcunun miqdarı 115 manat manat məbləğində müəyyən edilməlidir. Məhkəmə kredit müqaviləsi üzrə borcun cavabdehlərdən müştərək qaydada tutulması tələbi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.(maddə 472.2). Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar(maddə 472.3). Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etmədiyindən və digər Cavabdeh2 onun öhdəliklərinin yerinə yetirilməsinə zamin durduğundan, iddia tələbi həmin hissədə təmin edilməli və yaranmış borc cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 43.60 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1642.72 manat əsas, 601.91 manat faiz, 115 manat cərimə, cəmi 2926.63 manat məbləğində pul və 43.60 manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq "xxxx" BOKT ASC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1642.72 manat (min altı yüz qırx iki manat, yetmiş iki qəpik) əsas, 601.91 manat (altı yüz bir manat, doxsan bir qəpik) faiz, 115 manat (bir yüz on beş) cərimə borcu və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 43.60 manat (qırx üç manat, altmış qəpik) dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar