Məhkəmə qərarları › İş №e-2(009)-2475/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-2475/2024

19.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-2475/2024 19.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Cavabdeh2 qarşı ekspert rəyinin əsassız hesab edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Cavabdeh2 qarşı ekspert rəyinin əsassız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından iddia ərizəsi iddianın yolverilməzliyinə görə geri qaytarılmalıdır. Hakim ilk növbədə qeyd edir ki, iddiaçı Mülki Prosessual qanunvericiliyin tələblərinə uyğun iddia ərizəsini tərtib etməmişdir. Belə ki, AR MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilir. İddiaçı iddia ərizəsində nə özünün, nə də cavabdehin ünvanı barədə məlumatları qeyd etməmişdir. İddiaçı tələbində ekspert tərəfindən verilən rəyin əsassız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Hakim bununla bağlı aşağıdakıları qeyd edir: AR CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2.2-ci maddəsinə əsasən ekspertin rəyi cinayət prosesində sübut kimi qəbul olunur. Qeyd edilən Məcəllənin 127.1-ci maddəsinə əsasən ekspertin rəyi onun tərəfindən yazılı şəkildə ifadə edilmiş elm, texnika, incəsənət və ya peşə sahəsində xüsusi biliklərə əsaslanmış: 127.1.1. cinayət prosesini həyata keçirən orqanın və ya cinayət prosesi tərəflərinin ekspert qarşısında qoyduğu suallara, habelə iş materiallarının tədqiqi zamanı ortaya çıxan onun səlahiyyətlərinə aid digər halların araşdırılmasına dair nəticələridir; 127.1.2. bu nəticələri əsaslandıran ekspertin apardığı tədqiqatın təsviridir. 127.2. Ekspert tərəfindən aparılan tədqiqatın üsulları, qoyulmuş sualların cavablarının əsaslandırılması, habelə ekspertin öz təşəbbüsü ilə müəyyən etdiyi cinayət təqibi üzrə əhəmiyyət kəsb edən digər hallar ekspertin rəyində öz əksini tapmalıdır. 127.3. Ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. İddia ərizəsindən belə məlum olur ki, cinayət işinin istintaqı zamanı sənədlərdəki imzanın, imzanı icra edən şəxsə məxsusluğunu müəyyən edilməsi məqsədilə məhkəmə xətşünaslıq ekspertizaları təyin edilmiş, ekspert tədqiqati nəticəsində rəylər tərtib edilmiş və iddiaçı ekspert Cavabdeh2 xx.xx.2024-cü il tarixli rəyi ilə razılaşmayaraq onun əsassız hesab edilməsini tələb edir. Hakim qanunvericiliyin yuxarıda göstərilən normalarının tələbləri baxımından qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılır və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılır. Zərurət yarandığı halda cinayət işi üzrə təkrar ekspertizalar təyin edilə bilər. Belə ki, AR CPM-nin 267.2-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. Hakim digər tərəfdən qeyd edir ki, işdə iştirak edən şəxslər ekspert rəyi ilə razı olmadıqda, iş üzrə təkrar və ya əlavə ekspertizanın keçirilməsi ilə bağlı vəsatət də verə bilərlər. Vəsatətlərinin təmin olunmadığı təqdirdə şəxsin məhkəmə nəzarəti qaydasında şikayət vermək hüquqları da vardır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq hakim hesab edir ki, ekspert rəyinin mülki mühakimə icraatı qaydasında mübahisələndirilməsinə yol verilmədiyindən, iddiaçı tərəfindən verilmiş tələbin məhkəmə qaydasında baxılması yolverilməzdir və bu səbəbdən iddia ərizəsi iddianın yolverilməzliyinə görə geri qaytarılmalıdır. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraata qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Hakim həmçinin izah edir ki, iddiaçı ekspert rəyi ilə razılaşmadığı üçün cinayət işinin istintaqını aparan orqan qarşısında iş üzrə təkrar ekspertizanın keçirilməsinə dair vəsatət verə bilər. Beləliklə hakim hesab edir ki, hazırki tələbə məhkəmədə baxılması yolverilməz olduğundan, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. AR MPM-nin 151.1-ci madəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 149, 151, 153-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Cavabdeh2 qarşı ekspert rəyinin əsassız hesab edilməsi tələbi barədə iddia ərizəsinin məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yolverilməz hesab olunsun və iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya ekspert rəyi ilə razılaşmadığı üçün cinayət işinin istintaqını aparan orqan qarşısında iş üzrə təkrar ekspertizanın keçirilməsinə dair vəsatət verilməsi hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar