Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2523/2025 13.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında “İçərişəhər” Qoruq və Memarlıq İdarəsi Publik Hüquqi Şəxsi və “Azəriqaz” İB 3-cü şəxs kimi cəlb edilməklə) ümumi istifadədə olan otaqdan istifadə hüququnun tanınması və s. tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında “İçərişəhər” Qoruq və Memarlıq İdarəsi Publik Hüquqi Şəxsi və “Azəriqaz” İB 3-cü şəxs kimi cəlb edilməklə) ümumi istifadədə olan otaqdan istifadə hüququnun tanınması və s. tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 2016-cı ildə "İÇƏRİŞƏHƏR”-də faktiki ünvanlı 9A, (köhnə 13 saylı) mənzili əldə etmişdir. Sonra Qoruq İdarəsi müxtəlif dövrlərdə onun iştirakı olmadan 2016, 2017, 2021-ci illərdə (qoşma) akt tərtib etmiş bu qərəzli yanaşma onun hüquqlarına toxunub. 2016-cı və 2021-ci illərdə DƏDRX-ti ona 9A mənzili ünvanlı texniki pasportlar təqdim etmişdir. Bundan öncə 94 binasının texniki pasportu olmuşdur. Bu texniki pasportda 9A mənzili 13 saylı mənzil olaraq qeyd olunmuşdur. 13 saylı mənzildə T işarəli mətbəxt kranı olan 8 kv.metr sahəli 3 saylı mətbəxt otağı qeydi var. Bundan başqa binanın köhnə şəkillərində 9A mənzili istifadəsində çuqun 100-lük sanitar kommunikasiya xətləri əks olunmuşdur. 9A saylı mənzilin rəsmi 1997-ci ildən Su Kanal idarəsi ilə müqaviləsi vardır. Beləliklə, maneçiliklər müxtəlif vəzifəlilərin qərəzliliyi və etinadsızlığı nəticəsində şəxsi mənzilində elementar məişət istifadə hüququndan məhrum olmuşdur. İlk olaraq 720 saylı qətnamə qəbul olunmuş, bu qətnamə əsasında 9A mənzili daxilində sanitar qovşaq və xətləri sökülmüşdür. Həmin 720 saylı qətnaməyə xx.xx.2025-ci il tarixli izah verilmiş, bu qərardad əsasında 9A mənzili daxilndə bütün kommunikasiya xətləri sökülməsi qərara alınmışdır. Öncə o, Bakı İnzibati Məhkəməsinə cavabdehin inzibati işi üzrə üçüncü şəxs olaraq cəlb olunmağını xahiş etsə də, (cavabdehin özgələşdirdiyi ümumi 12 kv.metr mətbəxin mübahisəsinə dair) ərizəsi təmin olunmamışdır. Səbail rayon Məhkəməsində ümumi istifadə sahələrinin müəyyən olunmasına dair iddia irəli sürmüşdür, bu iddia üzrə mətbəxt istifadə sahəsinə dair cavabdehin təklifi ilə azaltma etmişdir. Daha sonra İnzibati Məhkəməyə 9A mənzil daxili mətbəxt istifadə sahəsinin qeyd olunmasına dair müstəqil iddia sürsə də, cavabdehin sonuncu razılaşmanı pozub etiraz etməsi iddianın rədd olunmasına səbəb olmuşdur. İstifadə sahələrinin bölünməsinə- paltaryuyan köçürülməsinə dair iddiasına Səbail rayon Məhkəməsində baxılmış, barışıq sazişi bağlanmış, buraya mətbəxt moykası, 4 kvadrat otağın döşəməsinin və xətlərinin dəyişməsinə 1000 manat sərf etmişdir, lakin cavabdeh qohumu Hüseynzadə Lətafətin paltaryuyandan istifadəsinə maneə olub dava salması bu razılaşmanı defakto pozmuşdur. 94 həyətindəki köhnə ümumi hamam otağı 7,5 kv.metr sahəli otağı cavabdeh ümumi razılıq olmadan gözəllik salonu kimi istifadə edir. Cavabdehin hərəkətlərində cinayət tərkibi vardır, bu səbəbdən barəsində 2 dəfə xüsusi icraat başlansa da, vəzifədə olan həmfikirləri tərəfindən müdafiə olunur. Bu 4 kv.metr, 2 paltaryuyan yerləşdirilən və qab-qacaq yuyulan otağın hamam kimi istifadə olunması, bu kiçik həcmli sahədə “pitiminutka” işlədilməsi antisanitar və texniki cəhətdən təhlükəlidir. Cavabdehə məxsus 94 həyətində 3 mənzil, bu mənzillərdə 3 paltaryuyan (4-cüsü 4 kvadrat otaqda yerləşdirilib), 3 sanitar qovşağı, ümumi həyətdə əlavə 1.2 kvadrat tualet xidmətindədir. Bu 1.2 kv.m sahəli otağa duş kabinəsini köçürtmək olar, bu ona yardımçı olar.Göstərilənləri nəzərə alaraq Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi ev 94 həyətində yerləşən 9A mənzil sakinlərinin 4 kv.metr sahəli otaqdan mətbəxt- çamaşırxana sahəsi olaraq istifadə hüququnun tanınması, həmin otaqda duş avadanlığı və qanunsuz “pitiminutka”nın ləğv olunması, Cavabdeh bu işə maneçiliyinin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 94 həyətində istifadə təsərrüfatında olan 4kv.metr sahəli çamaşırxana-mətbəxt otağına dair Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi ev 94 həyətində yerləşən 9A mənzil sakinlərinin 4 kv.metr sahəli otaqdan mətbəxt-çamaşırxana sahəsi olaraq istifadə hüququnun tanınması, həmin otaqda duş avadanlığı və qanunsuz "pitiminutka"nın ləğv olunması, Cavabdeh bu işə maneçiliyinin aradan qaldırılması barədə iddia ilə müraciət etmiş, iddiası icraata götürüldükdən sonra Cavabdeh bu 4 kv.metr sahəli otağa yerləşdirdiyi qabyuyan tülpanı yerindən çıxardaraq qonşuluqda istifadəsində olan gözəllik salonuna özbaşına yerləşdirmişdir. Cavabdehin maneçiliyi nəticəsində 9A mənzili daxilində olan məişət istifadə moykasının (qabyuyanından) kanalizasiya xətti xx.xx.2025-ci il tarixdə mərkəzi xətdindən ayrılmış, bütün kommunikasiya xətləri sökülmüşdür. Bu səbəbdəndir ki, hazırki iddianın predmeti üzrə qabyuyan sahəsinə aktiv zərurət yaranmışdır. Göstərilənləri nəzərə alaraq Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi ev 94 həyətində yerləşən 9A mənzil sakinlərinin 4 kv.metr sahəli otaqdan mətbəxt-çamaşırxana sahəsi olaraq istifadə hüququnun tanınması, həmin otaqda duş avadanlığı və qanunsuz "pitiminutka"nın ləğv olunması, 9A saylı mənzil sakinlərin istifadəsi üçün eyni bina 94-ün eyvanında qabyuyan çanağın kommunikasiya xətlərin qonşu 9 və 12 saylı mənzillərin 2-ci mərtəbədə eyvanda kommunikasiya xətlərinə birləşdirilməsi, Cavabdeh yuxarıda qeyd olunan iddia tələblərinə törətdiyi maneçiliyin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, birinci tələb üzrə bildirir ki, mənzil mülkiyyətçilərin ümumi istifadəsində olan 4 kv.m. sahəli qeyri-yaşayış sahəsi Qoruq İdarəsi tərəfindən verilən sənədə əsasən hamamdır, oradan iddiaçının qeyd etdiyi kimi mətbəx-camaşirxana kimi istifadə edilməsi yolverilməzdir, ona görə də ilkin iddianı əsassız hesab edir. Hamam otağı olduğundan həmin sahədə duş avadanlığı və su qızdırıcısı olmalıdır. Cavabdeh məhkəməyə mütəxəssis rəyi təqdim edib, rəydə layihələndirmə normalarının tələblərinə əsasən qaz plitəsinin yerləşdirilməsi üçün otağın həcmi nəzərə alınmalıdır. Ən aşağı həcmli otaq 8 kv.m. olmalıdır. Mübahisələndirilən 4 kv.m. ümumi hündürlüyü də nəzərə alınmaqla həcmi 12 kv.m-dir. Təqdim olunan aktda nəzərdə tutulan iradlar onun tərəfindən aradan qaldırılmış, yəni giriş qapısının aşağıdakı hissəsində dəliklər açılmış və havaçəkən quraşdırılmışdır. Digər tərəfdən təhlükəsizlik nöqteyi nəzərdən “Azəriqaz” İB-nin işçiləri həmin “pitiminutka”nın mövcudluğu ilə bağlı qərar qəbul edə bilərlər. Ona görə də həmin hissədə də tələbi əsaslı hesab etmir. Eyvanda çanaqla bağlı isə bildirir ki, məhkəmə qərarı mövcuddur, priyudisial əhəmiyyət daşıyır. Həmin yerdə çanağın quraşdırılması və kommunikasiya xətlərinin birləşdirilməsi üçün bütün mülkiyyətçilərin razılığı lazımdır. Həmin sahə ümumi istifadədə olan sahədir. Müvəqqəti təmin tədbiri barədə Apellyasiya Məhkəməsinin qərarı ilə razı deyil. Göstərilənləri nəzərə alaraq cavabdeh iddianın tam rədd olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddiaya dair yazılı etiraz göndərilmiş və etirazında göstərmişdir ki, iddiaçı, İddiaçı xx.xx.2025-ci il tarixlı, əsassız, qərəzlı, tələbləri formal olan, əsaslandırılması və sübutları, ümumiyyətcə olmayan və təzyiq vasitəsi kimi verilmiş iddia ərizəsinə, aşağıdakı əsaslarla tam etiraz edir. Möhtərəm məhkəmə, şəxsiyyətini səciyyələndirmək istəmədiyi, İddiaçı son beş il ərzində vermiş olduğu və məhkəmə yüklüyünə əhəmiyyətli dərəcədə təsir edən, əsassız və şər-böhtanla dolu olan iddia tələblərinin kökündə duran səbəblərdən də biri, məhz anarxist təbiyyətli və adekvat düşüncəsi olmayan tərəfin və ümumiyyətcə bu kimi mənasız və vicdansızcasına əsassız iddia vermiş subyektlərin, MPM-nin 120-ci maddəsilə cərimələnməməsidir. Həmçinin, iddia ərizəsində işə baxan hakimlərə olan münasibətə də, qərəzli və qəbuledilməz olaraq, tənqidi yanaşır və tərəfin cərimələnməsinin vacib olduğunu bir daha vurğulayır və bildirir ki, bununla iddiaçı tərəf, məhkəmələrə və hakimlərə təzyiq vasitəsi kimi istifadə edir. Belə ki, iddiaçı ona məxsus 9a saylı, 37 kv.metr sahəli mənzili, gündəlik kirayə verməklə məşğuldur və özü isə bu ünvanda yaşamır, ünvan 1ə quraşdırdığı və etdiyi qanunsuz hərəkətlərə, qonşuluq və birgə yaşayış qaydalarını nəzərə alaraq, maneəçilik etməmişdir. Lakin, iddiaçıya məxsus 9a saylı mənzildən, birinci mərtəbədə yerləşən, bizə məxsus mənzilə mütəmadi olaraq çirkli suyun axıdılması baş vermiş və bu hala, iddiaçı tərəfindən, etinasız münasibət göstərilmiş və onlar tərəfindən məhkəmədə iddia qaldırılmağa vadar edilmişdir. Beləliklə, Səbail Rayon Məhkəməsinin 2(009)- 720/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qət edilmişdir. Bu ərəfədən başlayaraq, indiki iddiaçı tərəfindən ardıcıl olaraq, məhkəmə cavabdehliyinə məruz qalırıq (xx.xx.2021 qətnamə əlavə edilir. Onu da qeyd etməyi vacib bilir ki, eyni vəziyyət yenə də iddiaçı tərəfindən bilərəkdən təkrarlanır, yəni, 9a saylı mənzildən, aşağıda yerləşən 14a saylı mənzilə çirkli suyun axıdılması mütəmadi xarakter almışdır ki, bununla da sonuncu, bizə qarşı təzyiq vasitəsi kimi istifadə etməklə, şantaj edir və 9a saylı mənzilin baha qiymətə satın alınmasına vadar edilirik ( xx.xx.2025-ci il tarixli Akt əlavə edilir.). Daha sonra iddia ərizəsində yenə də, yalan, şər-böhtan və həqiqəti əks etdirməyən subyektiv mülahizələr yer alır. İddia ərizəsində deyilir ki, guya o, 9a saylı mənzilin kirayəşinini razılaşdırılmış qayda üzrə paltaryuyandan istifadə etməsinə qoymamışdır və bununla da, xx.xx.2024-cü il tarixli, 2(009)-2091/2024 saylı qərardadın tələblərini pozmuşdur. İddiaçının özünün məhkəməyə təqdim etdiyi 1(009)-304/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardanda görünür ki, bu heç də belə deyil və iddiaçı yenə də məhkəməyə yalan danışır. Belə ki, qərarın təsviri hissəsində, şikayətçinin öz sözləri ilə qeyd edilmişdir ki, “xx.xx.20255-ci il tarixində səhər saat 05.40-da ümumi hamamda çimərkən ittiham olunan şəxs tərəfindən ona hücum edildi.” Yəni razılaşma üzrə həmin hamamda qoyulan paltaryuyandan istifadə üzrə yox, 9a saylı mənzilə məxsus digər hamam otağının oldugu halda, öz kommunikasiyasını ona məxsus 12 saylı mənzildən götürən hamamda çimilməsi, başqa sözlə desək işıqdan, sudan və qazdan, özbaşına istifadə etmək və bu halın mütəmadi olması baxımından oğurluq edilməsidir ki, bununla da xx.xx.2024-cü il tarixli qərardada istinad edilə bilməz (xx.xx.2024-cü il tarixli qərardad əlavə edilir. İddia ərizəsində daha sonra 7.5 kv.metr sahəli otaqdan bəhs edilir ki, bu sahədə 14a saylı mənzilin ayrılmaz tərkib hissəsidir və ümumi sahəyə heç bir aidiyyəti yoxdur (14a saylı mənzilin tex.pasportu əlavə edilir. Daha sonra iddia ərizəsində, yenə də binanın ümumi sahələrindən, təyinatdan kənar, istifadə qaydalarının tətbiqi və həmin hamam otağında qənayətli su qızdırıcısının ləğvi tələb edilir. Bununla əlaqədar bildirir ki, 94 saylı binanın ümumi istifadə sahələri üzrə, iddiaçı tərəfindən, dəfələrlə məhkəməyə eyni və ya oxşar sözlərdən istifadə etməklə, iddialar qaldırılmış heç biri təmin edilməmiş və qəbul edilmiş məhkəmə aktları yuxarı məhkəmələrdə yoxlanılmaqla öz qanuni qüvvələrini almışdır. Dediklərinin sübutu kimi aşağıdakıları göstərə bildiyini qeyd etmişdir: Səbail Rayon Məhkəməsinin 2(009)-857/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi, hakim M.Bağırova... Səbail Rayon Məhkəməsinin 2(009)-1557/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi, hakim İ.Rüstəmli... Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5598/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi, hakim F. Abdiyev... Səbail Rayon Məhkəməsinin 2(009)- 1890/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı, hakim M.Bağırova... Səbail Rayon Məhkəməsinin 2(009)-2091/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı, hakim Ş.Abdullayev. Eləcədə, qaz avadanlığının ləğvi barədə tələb üzrə də bildirir ki, eyni tələblə iddiaçı bir dəfə çıxış etmiş (baxmayaraq ki, bu, subyektiv hüquq baxımından yolverilməzdir) və Səbail Rayon Məhkəməsinin 2(009)-338/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi qəbul edilmişdir. Həmçinin sözügedən qətnamədə tərəfə hüquqları izah edilmiş və qaz idarəsinə müraciət etməsi tövsiyyə edilmişdir. Sonda, bir daha bildirir ki, onun iddiaçı tərəfə bu və ya başqa şəkildə heç bir maneəçiliyi yoxdur və heç vaxt da olmamışdır, əksinə tərəfin orqanızmın psixoloji və bundan irəli fizioloji vəziyyəti olaraq parlaq subyektiv ifadələrə malik, bütün hiss və yaşantılarını əhatə edən, emosiyanal durumuna, həmişə dözümlü yanaşmışdır və bu və ya başqa şəkildə razılığa gəlməyə çalışmışdır. Beləliklə, iddia ərizəsindəki bütün məqamlara aydınlıq gətirməklə, birmənalı olaraq o qənaətə gəlinir ki, məlum absurd iddia ərizəsi, yalnız onun qanuni tələblərinə qarşı təzyiq vasitəsi kimi irəli sürülmüş, əksər hallarda qərəz dolu şər-böhtan, bəzi məqamlarda isə faktların təhrif edilməsi, ona aid olmayan hüquqlarla müşayiət edilməkdədir. İddiaçı olan İddiaçı ona qarşı çox saylı və əsassız məhkəmə iddiaları qaldırmaqla, ümumi həyətdə birgəyaşayış qaydalarına hörmətsizlik edir və bununla da digər qonşularında qanunla qorunan hüquqlarına, müdaxilə etmiş olur. Ümumiyyətcə bu kimi mənasız və vicdansızcasına əsassız iddia vermiş tərəf, MPM-nin 120-ci maddəsilə cərimələnməlidir. MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir və mən hesab edirəm ki, etiraz ərizəsində, iddia ərizəsi üzrə qoyulan bütün suallar əsaslı şəkildə cavablandırılmışdır və bunun əksini sübut etmək qarşı tərəfin üzərinə düşən vəzifədir. Yuxarıda göstərdiklərini və işin hallarını, eləcə də etiraz ərizəsinin işə əlavə etdiyindən sənədləri, sübutlar kimi qəbul etməklə, xx.xx.2025-ci il tarixli iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə 3-cü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında “İçərişəhər” Qoruq və Memarlıq İdarəsi Publik Hüquqi Şəxsinin və “Azəriqaz” İB-nin nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsində yerləşən 94 saylı evin, ümumi sahəsi 38,3 kv.m. olan 9a saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Mirzə Mansur küçəsində yerləşən 94 saylı evin, ümumi sahəsi 31,4 kv.m. olan 9 saylı, sahəsi 133,2 kv.m olan 14 A saylı, sahəsi 36,4 kv.m olan 12 saylı mənzillərin tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. İş üzrə “İçərişəhər” X2 İdarəsinin Mənzil Kommunnal və Təmir Xidməti Təmir-bərpa işlərinə nəzarət şöbəsinin müdiri və mühəndisi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktın surətinə əsasən Mirzə Mənsur küçəsi, ev 94 ünvanına baxış keçirən zaman sözügedən ünvanın 2-ci mərtəbə 9 A nömrəli mənzildən 1-ci mərtəbədəki 14 A nömrəli mənzilə su sızması aşkar edilmişdir. Eləcə də 9 A nömrəli mənzilə aid olan kanalizasiya xəttinin həyətdən keçən hissəsi məhkəmə qərarı ilə söküldüyündən evdən çölə çıxan hissədə kanalizasiya xəttinin altına vedrə qoyulduğu aşkarlanmışdır. Mətbəxdə əl-üz yuyandan istifadə edildiyi zaman vedrənin dolub daşması nəticəsində 14 A nömrəli mənzilə su sızması baş vermişdir. Bu da normativ qaydaların pozulması deməkdir. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-720/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı tərəfindən Bakı şəhəri, Mirzə Mənsur küçəsi, 94 saylı evin 9a saylı mənzilində özbaşına tikilmiş sanitar qovşağının sökülməsi və mənzildə texniki sənədlərdə olmayan kommunikasiya xətlərinin ləğv edilməsi, cavabdeh İddiaçı dəymiş mddi ziyanın əvəzi olaraq 333 manat tutularaq iddiaçı Cavabdeh ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi, İddiaçı Cavabdeh qarşı cavabdehə məxsus mənzilin əvvəlki vəziyyətinə qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. İş üzrə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil Kommunnal və Təmir Xidmətinin direktoru M.Rüstəmov tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan belə məlum olur ki, mübahisəli ünvanda araşdırılma işləri aparılmış, binanın ümumi istifadə sahələrinə aid edilən girişdən sağda işlək vəziyyətdə olan sanitar-qovşaq (hamam) işlək vəziyyətdə olan 1 ədəd sanitar-qovşaq (tualet) işlək vəziyyətdə olmayan 1 ədəd sanitar-qovşağın sahə ölçülərinin binanın arxiv sənədlərindən çıxarışın surətindəki sahə ölçüləri ilə uyğunluğu müəyyən edilmişdir. İş üzrə Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X1 Agentliyinin Bakı filialının aparıcı müfəttişi T.Z.İsmayılovun xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən suqızdırıcıların, istilik qazanlarının və istilik aparatlarının qoyulması, bunların yerləşdirilməsi üçün ayrılan və bu normaların 8.45. və 8.46. bəndlərinin tələblərinə cavab verən mətbəxlərdə və qeyriyaşayış otaqlarında nəzərdə tutulmalıdır. Göstərilən cihazların vanna otaqlarında qoyulmasına yol verilmir. Əvəllər qüvvədə olan normalara uyğun olaraq vanna otaqlarında yerləşdirilmiş suqızdırıcıların, evdə və ya qaz təchizatı sistemində yenidənqurma işləri aparılarkən vanna otaqlarından çıxarılıb, mətbəxlərdə və ya qeyriyaşayış otaqlarında yerləşdirilməsi, hər bir konkret halda, yerli qaz təsərrüfatı istismarı müəssisələrinin razılığı ilə layihə təşkilatı tərəfindən həll edilməlidir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.2.12-ci bəndinə əsasən qazdan istifadə edən istehlakçılar tikinti obyektlərinin daxilində qaz sızmasını və dəm qazını müəyyən edən detektor quraşdırmalı və onu işlək vəziyyətdə saxlamalıdır. Göstərilənlərə əsasən qeyd edir ki, ünvan 2 ünvanında ümumi istifadədə olan yer hamam otağı kimi istifadə olunduğu təqdirdə AzDTN 2.13-1-in 8.39-cu bəndinə əsasən suqızdırıcının qoyulmasına yol verilmir. Suqızdırıcının vanna otağından çıxarılaraq quraşdırılma yeri qaz təsərrüfatı istismarı müəssisələrinin razılığı ilə layihə təşkilatı tərəfindən həll edilməlidir. Həmçinin, qaz qurğularının quraşdırıldığı yerlərə dair yuxarıda göstərilən tələblər və digər normalar nəzərə alınmalıdır. Məhkəmə verilmiş iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsində yerləşən 94 saylı evin 9a saylı mənzili iddiaçının, həmin evin 9, 14 A və 12 saylı mənzilləri cavabdehin mülkiyyətindədir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, mülkiyyətçilərin ümumi istifadəsində olan mübahisələndirilən 4 kv.m sahəli sanitar qovşağı hamam kimi istifadə olunur, həmin sahədə duş avadanlığı, su qızdırıcısı və əlüzyuyan mövcuddur. Bu hal məhkəmə tərəfindən yerli baxış zamanı da təsdiq olunmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə onun mənzilində mövcud olmuş bütün kommunikasiya, sanitar qovşaq və xətlərinin sökülməsi qərar alınmış, qətnamə icraya yönələrək icra olunmuşdur, nəticədə o, elementar məişət istifadə hüquqlarından məhrum olunmuşdur. Ümumi istifadə də olan 4 kv.m sahədən cavabdeh hamam kimi istifadə edir, “pitiminutka” quraşdırılmışdır, hansı ki, onun işlədilməsi anti-sanitar və texniki cəhətdən təhlükəlidir. Bu səbəbdən iddiaçı Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi ev 94 həyətində yerləşən 9A mənzil sakinlərinin 4 kv.metr sahəli otaqdan mətbəx-çamaşırxana sahəsi olaraq istifadə hüququnun tanınması, həmin otaqda duş avadanlığı və qanunsuz "pitiminutka"nın ləğv olunması, 9A saylı mənzil sakinlərin istifadəsi üçün eyni bina 94-ün eyvanında qabyuyan çanağın kommunikasiya xətlərin qonşu 9 və 12 saylı mənzillərin 2-ci mərtəbədə eyvanda kommunikasiya xətlərinə birləşdirilməsi, Cavabdeh yuxarıda qeyd olunan iddia tələblərinə törətdiyi maneçiliyin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsində yerləşən 94 saylı evin bir girəcəyi olmaqla orada yerləşən mənzillər üzərində bir neçə şəxsin, eyni zamanda iddiaçı və cavabdehin mülkiyyət hüquqları mövcuddur. Məhkəmə araşdırılması zamanı eyni zamanda müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsində yerləşən 94 saylı evin həyətində mülkiyyətçilərin ümumi istifadəsi üçün nəzərdə tutulmuş, sahəsi 4 kv.m olan sanitar qovşaq mövcuddur və hamam kimi istifadə olunur. Məhkəmə iddiaçının həmin sanitar qovşağın əsassız olaraq hamam kimi istifadə olunmasına dair dəlilləri üzrə qeyd edir ki, İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin arxiv sənədlərində həmin sahənin məhz hamam kimi istifadə olunması öz əksini tapmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, ümumi istafadədə olan həmin sahədən əsaslı olaraq hamam otağı kimi istifadə olunur. Buna görə də məhkəmə iddia tələbinin mübahisələndirilən 4 kv.m sahəli sanitar qovşaqdan iddiaçının mətbəx-çamaşırxana sahəsi olaraq istifadə hüququnun tanınması barədə tələbini əsaslı hesab etmir və hesab edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Məhkəmə iddia tələbinə həmin otaqdan qanunsuz su qızdırıcısının ləğv edilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin olunmamalıdır. Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X1 Agentliyinin Bakı filialının aparıcı müfəttişi tərəfindən tərtib edilmiş mütəxəssis rəyi ilə müəyyən edilir ki, ünvan 2 ünvanında ümumi istifadədə olan yer hamam otağı kimi istifadə olunduğu təqdirdə AzDTN 2.13-1-in 8.39-cu bəndinə əsasən suqızdırıcının qoyulmasına yol verilmir. Suqızdırıcının vanna otağından çıxarılaraq quraşdırılma yeri qaz təsərrüfatı istismarı müəssisələrinin razılığı ilə layihə təşkilatı tərəfindən həll edilməlidir. Həmçinin, qaz qurğularının quraşdırıldığı yerlərə dair yuxarıda göstərilən tələblər və digər normalar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” 3.2.12-ci bəndinə əsasən qazdan istifadə edən istehlakçılar tikinti obyektlərinin daxilində qaz sızmasını və dəm qazını müəyyən edən detektor quraşdırmalı və onu işlək vəziyyətdə saxlamalıdır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 02. 03. 09. tarixli 17 №-li əmri ilə təsdiq edilmiş və 01. 04.2009-cu ildən qüvvəyə minmiş, “Qaz təchizatı Layihələndirmə normalarının” 8.39-cu bəndinə əsasən suqızdırıcıların, istilik qazanlarının və istilik aparatlarının qoyulması, bunların yerləşdirilməsi üçün ayrılan və bu normaların 8.45. və 8.46. bəndlərinin tələblərinə cavab verən mətbəxlərdə və qeyri-yaşayış otaqlarında nəzərdə tutulmalıdır. Göstərilən cihazların vanna otaqlarında qoyulmasına yol verilmir. Əvəllər qüvvədə olan normalara uyğun olaraq vanna otaqlarında yerləşdirilmiş suqızdırıcıların, evdə və ya qaz təchizatı sistemində yenidənqurma işləri aparılarkən vanna otaqlarından çıxarılıb, mətbəxlərdə və ya qeyri-yaşayış otaqlarında yerləşdirilməsi, hər bir konkret halda, yerli qaz təsərrüfatı istismarı müəssisələrinin razılığı ilə layihə təşkilatı tərəfindən həll edilməlidir. Məhkəmə araşdırması zamanı mübahisələndirilən sahədə su qızdırıcısının mövcud olunduğu təsdiq olunduğundan və digər məhkəmə araşdırması zamanı aşkara çıxarılan qüsurlar Cavabdeh tərəfindən aradan qaldırıldığından, yəni həmin qızdırıcıdan istifadə edilməsi ilə bağlı tələb olunan hallar cavabdeh tərəfindən təmin edildiyindən, eyni zamanda hər hansı bir sahədə su qızdırıcısının mövcudluğunun təhlükəsizlik nöqteyi nəzərdən istismarına qadağa məhz “Azəriqaz” İB-nin mütəxəssislərinin qəbul etdiyi qərarla həyata keçirilə bilər. Belə bir qadağanın mövcudluğunu təsdiq edən sübut isə iş materiallarında yoxdur. Ona görə də məhkəmə həmin hissədə də tələbi əsaslı hesab etmir. Məhkəmə iddia tələbinin mübahisələndirilən sahədə duş avadanlığının ləğv edilməsi hissəsi üzrə qeyd edir ki, yuxarıda göstərildiyi kimi mübahisələndirilən sanitar qovşağın hamam kimi istifadə olunması nəzərdə tutulduğundan (arxiv sənədlərinə uyğun) hamam otağından duş avadanlığının çıxarılması barədə tələb əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin 9A saylı mənzil sakinlərin istifadəsi üçün eyni bina 94-ün eyvanında qabyuyan çanağın kommunikasiya xətlərin qonşu 9 və 12 saylı mənzillərin 2-ci mərtəbədə eyvanda kommunikasiya xətlərinə birləşdirilməsi hissəsi üzrə aşağıdakıları qeyd edir. İddiaçı həmin hissədə tələbini onunla əsaslandırmışdır ki, onun mənzilinin daxilində olan kommunikasiya xətləri məhkəmə qərarı ilə söküldüyündən, o, elementar məişət istifadə hüququndan məhrum olunmuşdur. Bu səbəbdən 2-ci mərtəbənin eyvanında yerləşdiriləcək qabyuyan çanağın kommunikasiya xəttinin həmin eyvanda mövcud olan cavabdehin mənzillərinə gedən kommunikasiya xəttlərinə birləşdirilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçı AR MPM-nin 53-cü maddəsinə uyğun iddia tələbinin həcmini qeyd edilən tələb göstərilməklə artırması ilə bərabər müvəqqəti təminat tədbirinə dair də ərizə vermiş, məhkəmə müvəqqəti təminat tədbirində qeyd edilən tədbirin tələblə eynilik təşkil etmə səbəbi ilə təmin etməsə də, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadı ilə təminat tədbirinin təmin olunması qərara alınmışdır. Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qərardadındakı mövqeyi də nəzərə alaraq hesab edir ki, həmin hissədə tələb təmin edilməlidir. Məhkəmə həmçinin mübahisəli evin eyvanının mülkiyyətçilərin ümumi istifadədə olan sahəsi olsa da, həmin sahədə yerləşdirilən “qabyuyan çanağın” mövcudluğu şəraitində eyvandan sərbəst hərəkətin məhdudlaşdırılmayacağını da nəzərə alır. Belə ki, eyvanın eni kifayət qədər böyükdür. Digər tərəfdən məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mənzili mübahisəli evin 2-ci mərtəbəsində yerləşməklə, evin daxilində olan bütün kommunikasiya xəttləri qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə sökülmüş və iddiaçı gündəlik məişət ehtiyaclarını ödənilməsindən məhrum olmuşdur. Eyni zamanda həmin “qabyuyan çanağın” kommunikasiya xəttlərinə qoşulmaması halında ondan istifadə edilməsi də çətinlik törədə bilər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 94 saylı evin eyvanında “qabyuyan çanağın” evin 2-ci mərtəbəsində mövcud kommunikasiya xəttinə birləşdirilməsi və bu hallarla bağlı cavabdehin törətdiyi maneənin aradan qaldırılması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Həmin Məcəllənin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Göstərilən Məcəllənin 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyekti və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır. Qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. AR MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir (maddə 119.4). Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun təmin olunmuş tələbə mütənasib olaraq 50 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qalan hissəsi iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və AR Mülki-Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İdda qismən təmin edilsin. Bakı şəhəri Səbail rayonu, Mirzə Mənsur küçəsində yerləşən 94 saylı evin eyvanında iddiaçı tərəfindən yerləşdirilmiş “qabyuyan çanağın” kommunikasiya xətləri həmin evin 2-ci mərtəbəsinin eyvanında mövcud olan kommunikasiya xəttinə birləşdirilsin və Cavabdeh bununla bağlı iddiaçıya törətdiyi maneə aradan qaldırılsın. İddia tələbləri qalan hissələrdə təmin edilməsin. Cavabdeh İddiaçı xeyrinə ödənilmiş dövlət rüsumunun 50 (əlli) manatı tutulsun. Məhkəmə xərclərinin qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-2523/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2523/2025
13.02.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver