Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2529/2021 21.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı MMC-nin - Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC - Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 iyun 2018-ci il tarixli, XQDK02077 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehdən müqavilə üzrə 2006 (iki min altı) manat qalıq borcu və 6639.97 (altı min altı yüz otuz doqquz manat doxsan yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 8645.97 (səkkiz min altı yüz qırx beş manat doxsan yeddi qəpik) manat borcun, həmçinin ərizə verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 15.06.2018-ci il tarixli, XQDK02077 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, borcluya 2460 manat (borclu tərəfindən edilmiş ilkin ödəniş məbləği daxil olmaqla) dəyərində məişət məhsulu nisyə satılmışdır və məhsul cavabdehə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yertirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçı qarşısında müqavilə üzrə qalıq borcu 2006.64, manat təşkil edir. Müqavilənin 5.6-cı bəndinə əsasən, borcun ödənişi gecikdirildikdə, hər gecikdiriimiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3%-i həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Cavabdehin kreditor qarşısında müqavilə üzrə cərimə borcu 6639.97 manat təşkil edir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, belə hesab edir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış XQDK02077 saylı, 15 iyun 2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən aylıq 192 manat ödəmək şərtilə 12 ay müddətinə 2460 manat məbləğində məişət texnikası almışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş 22.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh XQDK02077 saylı, 15 iyun 2018-ci il tarixli nisyə alqısatqı müqaviləsi üzrə 22.08.2021-ci il tarixə 2006 (iki min altı) manat qalıq borcu və 6639.97 (altı min altı yüz otuz doqquz manat doxsan yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 8645.97 (səkkiz min altı yüz qırx beş manat doxsan yeddi qəpik) manat məbləğində borcu qalmışdır. İş materiallarında olan İddiaçı MMC-nin cavabdehə ünvanladığı 26.08.2021-ci il tarixli bildirişdən müəyyən olur ki, müqavilə üzrə bu günə olan 3998.63 manat məbləğində borcunu 3 (üç) gün müddətində ödəməyi və ya ödəməməyinin səbəblərinin araşdırılması məqsədilə İddiaçı MMC-nin inzibati binasına müraciət etməyi tələb olunmuş, əks təqdirdə İddiaçı MMC müqaviləyə vaxtından əvvəl xitam verərək, girov predmeti olan məhsulu geri tələb edə və ya qalıq borcunu və gecikməyə görə hesablanmış cərimə məbləğini məcburi qaydada ondan almaq üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarına əlavə olunmuş 21 sentyabr 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilənlərə əsasən məhkəmə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin ödənişin hissə-hissə ödənilməsi şərti ilə bağlandığı müqavilə (kreditlə alqı-satqı) olaraq təfsir edir və cavabdehin həmin müqavilə əsasında yaranmış öhdəliyini bu konteksdə müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh İddiaçı MMC ilə nisyə alqı-satqı müqaviləsinə əsasən üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən MMC qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda MMC-nin məhkəmə qaydasında Cavabdeh 2006 (iki min altı) manat qalıq borcunun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia ərizəsinin “6639.97 (altı min altı yüz otuz doqquz manat doxsan yeddi qəpik) manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, alqı-satqı müqaviləsindən irəli gələn 2006 (iki min altı) manat əsas borcunun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış 6639.97 (altı min altı yüz otuz doqquz manat doxsan yeddi qəpik) manat cərimə (dəbbə) məbləğini tənasübsüz hesab edir və həmin dəbbə pulunun azaldılaraq 60 (altmış) manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 10 (on) manat hissəsi Cavabdeh tutularaq iddiaçıya ödənilməli, 20 (iyirmi) manat hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış XQDK02077 saylı, 15 iyun 2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi ləğv edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 15 iyun 2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 22.08.2021-ci il tarixinə 2006 (iki min altı) manat əsas borc və 60 (altmış) manat məbləğində cərimə borcu olmaqla, cəmi 2066 (iki min altmış altı) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 10 (on) manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməli, dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış XQDK02077 saylı 15 iyun 2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi ləğv edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 15 iyun 2018-ci il tarixli nisyə alqısatqı müqaviləsi üzrə 22.08.2021-ci il tarixinə 2006 (iki min altı) manat əsas borc və 60 (altmış) manat məbləğində cərimə borcu olmaqla, cəmi 2066 (iki min altmış altı) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 10 (on) manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-2529/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2529/2021
21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver