Məhkəmə qərarları › İş №e-2(009)-2566/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2566/2024

28.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2566/2024 28.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə iddiaçının birgə nikahlarından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X2 üçün, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin miqdarı artırılaraq hər ay cavabdehin əmək haqqısından (qazancından) və ya başqa gəlirindən ¼ hissəsi tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)- 1683/2024 nömrəli qətnaməsi ilə Cavabdeh ilə aralarında xx.xx.2004-cü il tarixdə rəsmi bağlanmış nikahın pozulması, bu nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X3 iddiaçının himayəsində saxlanılması, Nərminin yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 235 manat məbləğində aliment iddiaçının xeyrinə tutulmuşdur. Səbail Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşağın təlim-tərbiyəsi və tədrisi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçı üçün çox çətindir. Eyni zamanda, yaxın vaxtlarda əldə olunmuş məlumatlara əsasən cavabdehin rəsmi iş yeri mövcuddur. Belə ki, onlarda olan məlumata görə o hal hazırda Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Arxiv şöbəsində işləyir və təxminən 550 manat əmək haqqı alır, həmçinin cavabdeh keçmiş hərbi qulluqçu kimi təxminən 1.314 manat faktiki pensiya da alır. Buna görə də, iddiaçı aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, o, iddiaya etiraz edir. xx.xx.2024-cü il tarixdə qətnamə çıxarılmış, şikayət verilməmişdir. 5 ay ödəniş etmişdir. Alimentdən əlavə 20-30 manat gündəlik ödəniş etmişdir. Bu ay 237 manat ödəmişdir. İddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2(009)-1683/2024 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 31 iyul 2004-cü il tarixdə Salyan rayon Qeydiyyat şöbəsində bağlanmış və 273 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 20 avqust 2007-ci il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılması, Cavabdeh, 29 iyul 2024-cü il tarixdən başlayaraq, 20 avqust 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh 950 saylı Hərbi Hissədə arxivçi vəzifəsində işləyir və əmək haqqı 548.6 manatdır. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh YG pensiya növü üzrə pensiya məbləği 1314.10 manatdır. Əsaslandırıcı hissə: Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə nikahdan olan övladları 20 avqust 2007-ci il təvəllüdlü X4 iddiaçının (anasının) himayəsindədir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1683/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 31 iyul 2004-cü il tarixdə Salyan rayon Qeydiyyat şöbəsində bağlanmış və 273 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 20 avqust 2007ci il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılması, Cavabdeh, 29 iyul 2024-cü il tarixdən başlayaraq, 20 avqust 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. Hazırda iddiaçı uşağı X2 üçün, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin miqdarı artırılaraq hər ay cavabdehin əmək haqqısından (qazancından) və ya başqa gəlirindən ¼ hissəsi tutularaq iddiaçıya ödənilməsi xahiş edir. Məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, isə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: -56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. -75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. -75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. -76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. (76.2) - 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. - 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 05 dekabr 2023-cü il tarixli Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.” Həmin Qərarın 8.13-cü bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə, alimentin miqdarını müəyyən edərkən uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının əsas meyar olması ilə yanaşı, yalnız bir tərəfin deyil, hər iki tərəfin də ailə və maddi vəziyyətinin öyrənilməli olmasını nəzərə alır. Alimentin miqdarının dəyişdirilməsini müəyyən edərkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliyi, uşağın mənafeyini, alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini, onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının zəruriliyini, eyni zamanda hər iki tərəfin ailə və maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, tərəflərin uşağı 20 avqust 2007-ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay onun qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında alimentin tutulması uşağın mənafeyi baxımından məqsədəuyğundur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iddianın təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, cavabdehdən 100 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməli, eyni zamanda ödənilmiş 60 (altmış) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1683/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında Cavabdeh aylıq 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində tutulan alimentin məbləği dəyişdirilməli, 20 avqust 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutularaq 28 noyabr 2024-cü il tarixdən hesablanmaqla (uşaq yetkinlik yaşına çatanadək) İddiaçı ödənilməli, Cavabdeh 60 (altmış) manat mediasiya xərci tutularaq İddiaçı ödənilməli, Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1683/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında Cavabdeh aylıq 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində tutulan alimentin məbləği dəyişdirilsin. 28 noyabr 2024-cü il tarixdən hesablanmaqla 20 avqust 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 60 (altmış) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar