Məhkəmə qərarları › İş №e-2(009)-2596/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2596/2024

27.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2596/2024 27.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X4 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi İddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə 27 dekabr 2024-cü il tarixdə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «pul» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2018-ci il tarixdən Kredit müqaviləsi üzrə əsas borc məbləğinin tam şəkildə ödənildiyi xx.xx.2021-ci il tarixə qədər illik 10 % faiz dərəcəsi ilə hesablanmış 17 518,87 (on yeddi min beş yüz on səkkiz manat 87 qəpik) manat məbləğində əldən çıxmış faydanın əvəzinin və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 142.56 manat məbləğində çəkilmiş xərcin iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı (kreditor) ASC «Xalq» Bankı ilə Cavabdeh (Borc alan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********25514 №-li Kredit müqaviləsinə (bundan sonra «Kredit müqaviləsi» adlandırılacaq) əsasən iddiaçı tərəfindən Borc alana 300 (üç yüz) ay müddətinə, illik 10 % (on faiz) ödənilmək şərti ilə mənzilin alınması üçün 56 000 (əlli altı min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçıASC “Xalq” Bankı ilə Cavabdeh arasındasonuncuya məxsus ünvan 1 ünvanında yerləşən 16.0 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı, 47 saylı mənzilin (bundan sonra «İpoteka predmeti» adlandırılacaq) ipoteka qoyulması barədə xx.xx.2014cü il tarixli **********25514/1 №-li Alqı-satqı və İpoteka müqaviləsi (bundan sonra birlikdə - “İpoteka müqaviləsi”) bağlanmışdır. Cavabdeh tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməməsinə görə iddiaçı ASC “Xalq” Bankı «Kredit müqaviləsi üzrə İddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında» iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(009)-794/2018 №-li qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş və Cavabdeh Kredit müqaviləsi üzrə 53584.18 manat əsas, 3241.31 manat faiz və 0.55 manat cərimə borcu, ödənilmiş 60 manat dövlət rüsumu, 22 manat xidmət haqqı olmaqla cəmi 56908.04 manat məbləğində borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 77500 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına Cavabdeh 56908.04 manat borcun ASC “Xalq” Bankına ödənilməsi,ipoteka predmetinə tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay müddətində Cavabdeh, X2 və Sultanov Sənan Əmirbəy oğlunun həmin mənzildən çıxarılmaları, ASC “Xalq” Bankına borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh qaytarılması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş,Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 may 2019-cu il tarixli, 2(103)-6101/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(009)-794/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş,Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 iyun 2020-ci il tarixli qərarı (qərar əlavə edilir) ilə şikayət təmin edilməmiş, BakıApellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 may 2019-cu il tarixli, 2(103)-6101/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qəbul edildikdən sonra Cavabdeh tərəfindən Qətnamə üzrə Bankın xeyrinə tutulması qət edilmiş borc məbləği tam şəkildə ödənilmişdir. Buna baxmayaraq, Cavabdehin Kredit müqaviləsi üzrə İddiaçı qarşısında borcu qalmışdır. Təqdim edilmiş arayışdan göründüyü kimi, əmlak alınması məqsədləri üçün Bank hesabına (iddiaçı) verilmiş ipoteka kreditləri üzrə orta faiz dərəcəsinin miqdarı illik 10 % faiz təşkil edir. Qeyd olunana əsasən Bank xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixədək əldən çıxmış faydanın hesablanmasında yuxarıda göstərilmiş faiz dərəcəsini əldə rəhbər tutmağı əsaslı hesab edir. Müvafiq hesablanma aparıldıqdan sonra həmin dövr üçün müvafiq məbləğ 17 518,87 (on yeddimin beş yüz on səkkiz manat 87 qəpik) manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdiyini qeyd etmiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş üzrə təqdim olunmuş sübutlar sırasına daxil olan Səbail rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(009)-794/2018 saylı qətnaməsinin surətindən görünür ki, 02 may 2014-cü il tarixli kredit müqaviləsi üzrə 53584.18 manat əsas, 3241.31 manat faiz və 0.55 manat cərimə borcu, ödənilmiş 60 manat dövlət rüsumu, 22 manat xidmət haqqı olmaqla cəmi 56908.04 manat məbləğində borcun Cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə illik 10 % hesablanmaqla 17518,87 manat borcu mövcuddur. Məhkəmə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Az. Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin Müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bundan sonra məhkəmə qətnaməsi ilə 53584,18 manat əsas, 3241,3 manat faiz və 0,55 manat cərimə borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir.Hazırda iddiaçı məhkəməyə müraciət edərək, illik 10 % hesablanmaqla 17518,87 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən tutulmasını xahiş edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.2-ci maddəsinə görə bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 449.3-cü maddəsinə əsasən, əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, “Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir.” Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarına əsasən, “Pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən MM-in 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.” Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarına əsasən, “Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.” Mülki Məcəllənin 445.7 və 449.1-cu maddəsinə və Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarına əsaslanaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 8759,43 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin tələbin iddia qaldırılması ilə bağlı ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia qismən təmin olunduğu halda isə məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumunun 70 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 8759,43 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 70 manat hissəsi Cavabdeh tutulub "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar